Yanvarın 30-da Riqa şəhərində yerləşən Barrikadalar Muzeyində Azərbaycan və Latviya tədqiqatçılarının 1990-cı ildə Azərbaycanda və 1991-ci ildə Latviyada baş vermiş 20 Yanvar faciələrinə həsr olunmuş “20 Yanvar” adlı nəşrin təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, “20 Yanvar” nəşri Azərbaycan və Latviyadan olan tədqiqatçılar tərəfindən hazırlanıb və 1990-cı ildə Azərbaycanda, 1991-ci ildə isə Latviyada 20 yanvar tarixində baş vermiş qanlı hadisələrdən bəhs edən məqalələr toplusudur. Müəlliflər sırasında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin şöbə müdiri Mətin Məmmədli, ADA Universitetinin tədris üzrə prorektorunun müşaviri Anar Vəliyev və latviyalı tarixçi Edqars Enqizers yer alıblar.
Tədbirin əvvəlində 20 Yanvar qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra Barrikadalar Muzeyinin direktoru Renars Zalais çıxış edərək 20 Yanvar faciəli tarixinin həm Latviyada, həm də Azərbaycanda qeyd olunduğunu və bu tarixin hər iki xalqın kollektiv yaddaşında qorunmasının vacibliyini vurğulayıb. R.Zalais “20 Yanvar” nəşrinin Azərbaycan və Latviyanın oxşar tarixi təcrübəsini əks etdirən əyani vəsait olduğunu bildirərək, nəşrin ərsəyə gəlməsində əməyi olan müəlliflərə və təşkilatçılara təşəkkür edib.
Azərbaycanın Latviyadakı səfiri Elnur Sultanov çıxışında 20 Yanvar faciəsinin müstəqilliyin bərpası yolunda Azərbaycan xalqının sarsılmaz iradəsini, mətinliyini və qətiyyətini nümayiş etdirdiyini, bu hadisənin ölkə tariximizə həm faciəvi, həm də qəhrəmanlıq səhifəsi kimi daxil olduğunu bildirib. Səfir 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə SSRİ rəhbərliyinin göstərişi ilə sovet ordusunun dinc əhaliyə qarşı törətdiyi amansız qırğınlar barədə tədbir iştirakçılarına məlumat verib.
O, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 20 Yanvar faciəsindən dərhal sonra ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələrək bu qətliamı kəskin şəkildə pislədiyini və günahkarların cəzalandırılmasını tələb etdiyini xatırladıb. E.Sultanov qeyd edib ki, 20 Yanvar hadisələrinə ilk dəfə 1994-cü ildə məhz Heydər Əliyevin təşəbbüsü ilə Milli Məclis tərəfindən hüquqi-siyasi qiymət verilib və şəhidlərin xatirəsi əbədiləşdirilib. Səfir nəşrin əhəmiyyətini vurğulayaraq, iki ölkənin alimlərinin iştirakı ilə Azərbaycan və Latviyanın oxşar tarixi səhifələrini tədqiq edən ilk birgə layihənin həyata keçirildiyini diqqətə çatdırıb.
Daha sonra Latviya Seyminin Azərbaycan Parlamenti ilə əməkdaşlığın təşviqi qrupunun sədri Oleqs Burovs çıxış edərək faciə qurbanlarının xatirəsinin daim qəlblərdə yaşayacağını bildirib. O, Azərbaycana səfərləri zamanı Şəhidlər xiyabanını ziyarət etdiyini və Azərbaycan xalqının öz qəhrəmanlarına böyük ehtiramla yanaşdığının şahidi olduğunu deyib. Deputat hər iki ölkənin oxşar tarixi keçmişə malik olduğunu, azadlıq uğrunda xalq hərəkatında fəal iştirak edən insanların qorxmadan sovet ordusunun qarşısına çıxdığını vurğulayıb. O.Burovs 1990-cı illərin əvvəlində hərbi işğalla üzləşmiş Azərbaycanın 30 ildən sonra öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsini tarixi hadisə kimi dəyərləndirib.
Tədbirdə həmçinin Latviyada “Barrikadalar Hərəkatı” zamanı Latviya Xalq Cəbhəsinin sədri olmuş, hazırda Riqa Şəhər Şurasının deputatı olan Romualds Rajuks çıxış edib. O, 1991-ci ilin yanvarında Riqada baş verən hadisələr və barrikadalarda göstərilən müqavimət barədə danışıb. R.Rajuks Bakıda baş vermiş qırğının sovet rejiminin qəddarlığını açıq şəkildə nümayiş etdirdiyini və bunun Latviyada sovet hakimiyyətinə qarşı etirazların güclənməsinə səbəb olduğunu bildirib. O, Bakıdan gələn xəbərləri diqqətlə izlədiklərini, sovet hakimiyyətinin vəhşiliyini qınadıqlarını və Azərbaycan xalqının mübarizəsinin latviyalılar üçün nümunə və ilham mənbəyi olduğunu vurğulayıb.
Nəşrin müəlliflərindən olan tarixçi Edqars Enqizers çıxışında hər iki ölkədə baş vermiş faciəvi hadisələrə akademik baxışını təqdim edib. O, sovet hakimiyyətinin son illərində hər iki ölkədə azadlıq uğrunda yaranmış hərəkatların müstəqil şəkildə fəaliyyət göstərməsinə baxmayaraq, ümumi məqsədə xidmət etdiklərini bildirib. Tarixçi alim Azərbaycan xalqının sovet rejiminə qarşı göstərdiyi mübarizlik və əyilməzliyin Latviyada azadlıq hərəkatını ruhlandırdığını, “Barrikadalar Hərəkatı”nın fəallaşmasında Azərbaycan xalqının azadlıq mübarizəsinin mühüm rol oynadığını qeyd edib.
Tədbirdə Latviya Xarici İşlər Nazirliyinin rəsmiləri, diplomatik korpusun üzvləri, akademik və ictimai dairələrin nümayəndələri, Latviyada yaşayan Azərbaycan icmasının üzvləri, eləcə də bu ölkədə təhsil alan azərbaycanlı tələbələr iştirak ediblər.