Bu, Goranboyda keçən il əldə olunan uğurların rəqəmlə ifadəsidir
Keçən il Goranboyda ümumi məhsul buraxılışının dəyəri 494 milyon 752 min manat olmuşdur. Bunun 76,6 faizi məhsul istehsalının, 23,4 faizi xidmət sahələrinin payına düşmüşdür.
Kənd təsərrüfatında istehsal olunan ümumi məhsulun faktiki qiymətlərlə dəyəri 192 milyon 240 min manata çatmışdır. Onun 117 milyon 266 min manatı bitkiçilikdən, 74 milyon 973 min manatı heyvandarlıq məhsullarından əldə edilmişdir. Ötən il həmçinin rayonda 47 milyon 116 min manatlıq sənaye məhsulları istehsal olunmuşdur.
Bu faktlar Goranboyda 2025-ci ilin sosial-iqtisadi inkişafın yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağında səslənmişdir. Hesabat məruzəsi ilə çıxış edən rayon icra hakimiyyətinin başçısı Məhərrəm Quliyev bildirmişdir ki, 2024-2025-ci əkin ilində 19561 hektar payızlıq taxıl səpini aparılmışdır. 54 inzibati ərazi dairəsi üzrə nümayəndəliklərin ərazisində 18713 hektar sahədə taxıl biçini həyata keçirilmiş və ümumilikdə 62812,2 ton məhsul əldə olunmuşdur. Bu isə hər hektardan orta hesabla 33,6 sentner məhsuldarlıq deməkdir. 2025-ci ildə ötən illə müqayisədə 333 hektar çox, yəni 25050,50 hektar şumlama işləri aparılmışdır ki, onun da 14081,5 hektarı arpa, 5787,5 hektarı buğda olmuşdur. Aqrar sahədə fəaliyyət göstərən "Azərşəkər", "Azərpambıq ASK", "Prime Cotton" və "Goran Cotton" MMC-ləri ilə əməkdaşlıq çərçivəsində 371 mülkiyyətçi ilə ümumilikdə 1983,3 hektar sahəni əhatə edən müqavilələr bağlanmış, əkin və istehsal prosesinin səmərəli təşkili təmin edilmişdir. Pambıq istehsalı 6030 tona, məhsuldarlıq 30,4 sentnerə çatmışdır.
Sosial məsələlərə gəldikdə, məruzədən məlum oldu ki, ötən il Gəncə-Daşkəsən Regional Məşğulluq filialının Goranboy rayon xidmət şöbəsinə 4948 nəfər vətəndaş müraciət etmiş, onlardan 934 nəfər daimi işlə və ya özünüməşğulluq proqramı çərçivəsində əmlakla təmin edilmişdir. Ümumilikdə il ərzində 13480 nəfər mövsümi və günəmuzd işlərə, 49 nəfər peşəsi olmayan və ya əvvəlki peşəsi üzrə iş tapa bilməyən işsiz və ya işaxtaran vətəndaş peşə hazırlığı kurslarına cəlb olunmuşdur. Rayon icra hakimiyyəti və Gəncə-Daşkəsən Regional Məşğulluq filialının birgə təşkilatşılığı ilə 17 işəgötürənin təqdim etdiyi 202 vakansiya təqdim olunmaqla 300 nəfərdən artıq vətəndaşın iştirakı ilə əmək yarmarkası təşkil olunmuşdur.
Məlum olduğu kimi, Goranboy 2026-cı il üçün "Gənclər Paytaxtı" seçilmişdir. Bununla bağlı il ərzində silsilə tədbirlərin keçirilməsi üçün hazırlıq işlərinə başlanılmışdır.
Sonra rayon Ağsaqqallar Şurasının sədri Rəddin Məmmədov, Qərbi Azərbaycan İcmasının Goranboy nümayəndəsi Ürfət Həsənov, Su Meliorasiya Sistemləri İstismarı İdarəsinin rəisi Fuad Əliyev, Milli Qəhrəman Niyazi Aslanovun həyat yoldaşı Rübabə İsmayılova, Vətən müharibəsi qazisi Valeh Hüseynov, sahibkar Arzu Papırlı və başqaları çıxış edərək keçən il rayonda qazanılan uğurlardan və cari il qarşıda duran vəzifələrdən söz açmışlar.
S.ƏLİYEV,
"Azərbaycan"