Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Diaqnostik qiymətləndirmədən keçən müəllimlərin əməkhaqqı artırılıb

05 Yanvar 2018
Bu il yanvarın 1-dən ötən ilin may-aprel aylarında diaqnostik qiymətləndirilmədən keçən 42 minə yaxın müəllimin əməkhaqqı artırılıb.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq mərkəzləşdirilmiş müsabiqə yolu ilə dövlət ümumi təhsil müəssisələrinə işə qəbul olunan müəllimlər diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərə bərabər tutulur. Bu sənədə əsasən 2017-ci ildə müəllimlərin işə qəbulu imtahanından uğurla keçən altı minədək müəllimin də əməkhaqqı artırılıb.

Azərbaycan Respublikası Prezidentinin “Dövlət ümumi təhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əməkhaqqının artırılması haqqında” 2015-ci il 16 yanvar tarixli Sərəncamında bu kateqoriyadan olan müəllimlərin həftəlik dərs yükü normasının 1,5 dəfə, aylıq vəzifə maaşının iki dəfə artırılması nəzərdə tutulub.

Qeyd edək ki, 2014-cü ildən etibarən ölkə üzrə ümumilikdə 140 minədək müəllim, o cümlədən ümumi saydan 41.360 nəfəri 2017-ci ildə diaqnostik qiymətləndirmədən keçib. Beləliklə də ölkənin ümumi təhsil müəssisələrində çalışan müəllimlərin diaqnostik qiymətləndirilməsinə yekun vurulub.