Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Fəxri xiyabanda Tofiq Quliyevin xatirəsi anılıb

07 Noyabr 2017
Noyabrın 7-də Fəxri xiyabanda görkəmli bəstəkar, Xalq Artisti, Dövlət mükafatı laureatı Tofiq Quliyevin xatirəsi anılıb. Tədbir sənətkarın doğum gününə, anadan olmasının 100 illiyinə həsr olunub.

AZƏRTAC xəbər verir ki, tanınmış incəsənət və mədəniyyət xadimləri, ictimaiyyətin nümayəndələri Fəxri xiyabana gələrək Tofiq Quliyevin məzarı önünə əklil qoyub, tər çiçəklər düzüblər.

Anım mərasimində mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, Xalq artistləri Firəngiz Əlizadə və Siyavuş Kərimi çıxış edərək görkəmli bəstəkarın həyat və yaradıcılığından danışıb, onunla bağlı xatirələrini bölüşüblər.

Vurğulanıb ki, Tofiq Quliyevin yaradıcılığı geniş və rəngarəng olmaqla həmişə diqqəti cəlb edir. Görkəmli bəstəkarın hələ ötən əsrin 30-cu illərində muğamlarımızın nota köçürülməsi sahəsində gördüyü işlər respublikamızın həyatında mədəni hadisə kimi qiymətləndirilib.

Qeyd olunub ki, Tofiq Quliyev müxtəlif illərdə 5 musiqili komediya bəstələyib, valslar, fortepiano üçün prelüd, variasiyalar yazıb. Həmçinin bir çox kino musiqilərinin müəllifidir. Bütün bunlarla yanaşı, Tofiq Quliyev estrada musiqisinin əvəzsiz sənətkarı kimi də tanınıb. Bəstəkarın lirik, şux, nikbin və oynaq çalarlı musiqiləri əbədiyaşardır.

Diqqətə çatdırıb ki, Tofiq Quliyev Azərbaycan xalqının qəlbinə təkcə sənəti və musiqisi ilə deyil, eyni zamanda, şəxsiyyəti ilə yol tapan görkəmli ziyalılardandır. Bu gün bəstəkarın övladları və qohumları onun mənəvi davamçılarıdırlar. Təkcə görkəmli rejissor Eldar Quliyevin adını çəkmək kifayətdir.

Azərbaycanın Xalq Artisti, kinorejissor və ssenarist Eldar Quliyev bəstəkarın həyat və yaradıcılığında şahid olduğu məqamlardan danışıb. Atasına göstərilən münasibətdən söhbət açan E.Quliyev deyib: “1997-ci ildə Tofiq Quliyevin 80 illiyinə həsr olunan yubiley mərasimində ulu öndər Heydər Əliyev bəstəkara xitabən bildirmişdi ki, vaxt gələcək hər şey dəyişəcək, yaddan çıxacaq, ancaq Tofiq Quliyev musiqisi yaşayacaq”.