Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Qadınların ömrü daha uzun, lakin problemli olur

01 İyul 2017
Hər bir ölkə əhalisi üçün xarakterik olan orta ömür müddətindən asılı olmayaraq dünyanın hər yerində qadınlar kişilərdən daha çox yaşayır. Orta fərq 5-7 ildir. İnkişaf etmiş ölkələrdə bu fərq daha az, inkişaf etməkdə olan ölkələrdə isə daha çoxdur.

AZƏRTAC “medportal.ru” saytına istinadla xəbər verir ki, bu vəziyyət sosioloq və demoqrafların diqqətini uzun illərdir cəlb edir. Onların fikrincə, fərq eyni vaxtda bir sıra sosial və genetik səbəblərlə bağlıdır.

Birincisi, qadınlardan fərqli olaraq oğlanlara və kişilərə riskli davranış daha çox xasdır. Bu, kişi və qadınların risk dərəcəsini fərqli qiymətləndirmələri ilə izah edilir (kişilər bu dərəcəni azaltmağa meyillidir), habelə kişi kimi davranış cəmiyyət tərəfindən təqdir olunur.

İkincisi, kişilərin çoxu səhhətinin qayğısına qalmır, yalnız xəstəlik şiddətləndiyi halda həkimə müraciət edirlər. Məhz kişilər öz səhhəti barədə faktları ört-basdır edərək həkimi aldatmağa meyillidirlər. Buna görə də onlar getdikcə ağırlaşan və ömrü qısaldan xroniki xəstəliklərdən daha çox əziyyət çəkirlər.

Üçüncüsü, kişilərdə siqaretçəkmə, alkoqolizm, narkomaniya kimi zərərli vərdişlər qadınlardan xeyli çoxdur.

Sosial faktorlarla yanaşı, qadınların və kişilərin ömrünə təsir edən genetik xüsusiyyətlər də mövcuddur.

Avstraliyanın Monaşa Universitetinin (Melburn) alimləri hesab edirlər ki, heyvanların dişisi (insanlar da daxil olmaqla) ana xətti ilə ötürülən, ömrün uzunluğuna və qocalmanın sürətinə təsir edən mitoxondrial DNT mutasiyaları səbəbindən erkəklərdən çox yaşayır.

Fərq immun sistemindədir. Qan hüceyrələrinin tərkibində dəyişiklik həm kişilərin, həm də qadınların qocalma prosesinə təsir göstərir. Qadınlarda immun sistemi funksiyalarının azalması daha zəif sürətlə gedir ki, bu da ömrün uzun olmasına gətirib çıxarır. Hər iki cinsdə ağ qan hüceyrələrinin miqdarı yaş artdıqca azalır. Cavan kişilərdə, bir qayda olaraq limfositlərin miqdarı eyni yaşda qadınlardan xeyli çoxdur, bu göstərici hər iki cinsin nümayəndələri yaşa dolduqdan sonra oxşar olur. Yaş artdıqca kişilərdə spesifik limfositlərin (B-limfositlər, T-limfosirlər, habelə T-killerlər) səviyyəsi qadınlarla müqayisədə daha tez azalır. Eritrositlərin səviyyəsinin azalması da kişilərdə onların qocalması ilə bağlı müşahidə olunur, qadınlarda isə yox.

Tədqiqat göstərib ki, baş ağrıları, boyun, çiyin, diz və kürək ağrıları qadınlara iki dəfə artıq əziyyət verir. Qadınlar miqrendən kişilərlə müqayisədə 2,5 dəfə artıq əziyyət çəkirlər. Həkimlər daha çox qadınlarda olan xroniki xəstəliklərlə bağlı digər pozulmalar sırasında fibromialgiyanı, bağırsağın qıcıqlanma sindromunu və revmatoid artriti qeyd edirlər.