Sadıq Dadaşov daşdan milli naxışlar toxuyurdu
2026-cı ilin ölkəmizdə "Şəhərsalma və Memarlıq İli" elan olunması təkcə gələcəyin modern layihələrini təqdim etmək deyil, həm də milli memarlıq fəlsəfəmizin köklərinə - onun banilərinə ehtiram bəsləmək missiyası daşıyır. Bu mənada adı Azərbaycan memarlığı ilə qoşa çəkilən, qısa, lakin titanik fəaliyyəti ilə Bakının vizual pasportunu yaradan akademik Sadıq Dadaşovun irsi cari ilin əsas elmi-nəzəri dayaq nöqtəsidir. Təsadüfi deyil ki, "Şəhərsalma və Memarlıq İli" çərçivəsində keçirilən forum və seminarlarda gənc mütəxəssislər gələcəyin şəhərlərini məhz Dadaşovun klassik irsi ilə müasir trendlərin sintezi üzərində qururlar.
S.Dadaşov daşın soyuqluğuna milli ruh qatan, Bakının küçələrinə Şərqin füsunkar nağılını yazan bir sənətkar idi. Həmkarı və sadiq dostu Mikayıl Hüseynovla çiyin-çiyinə çalışan memar XX əsrin ortalarında sovet memarlığının boz və totalitar qəliblərini sındırmağı bacardı. Onlar Bakını sadəcə böyütmədilər, şəhərə bənzərsiz bir kimlik, milli bir sima qazandırdılar.
Görkəmli alimin yaradıcılıq irsi Şərq ornamentlərinin daş yaddaşını oyatmaqdan keçirdi. O, əsrlər boyu Şirvan-Abşeron memarlıq məktəbinin bəzəyi olmuş daşoyma sənətini, stalaktitlərin sirli həndəsəsini müasir binaların baş qapılarına - portal sistemlərinə köçürdü. Bu gün qarşısından heyranlıqla keçdiyimiz Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin fasadındakı o incə şəbəkələr, oxvari tağlar məhz bu arzunun məhsuludur. Memar Azərbaycan xalçalarının toxunuşunu, butaların və nəbati naxışların zərifliyini binaların divarlarına elə həkk edirdi ki, daşlar sanki dil açıb qədim bir nəğməni pıçıldayırdı.
Bu sənət həm də Şərqlə Qərbin möhtəşəm bir dialoqu idi. Sadıq Dadaşov dövrün sərt ideoloji tələbi olan "formaca milli, məzmunca sosialist" formulunu tamamilə estetik bir müstəviyə daşıdı. O, Avropa klassisizminin monumental, ağır və simmetrik sütunlarını Şərqin incə eyvanları, kölgəli lojaları ilə yüngülləşdirdi. Bu sintez təkcə gözəllik üçün deyildi, həm də Bakının qızmar günəşinə, xəzrisinə və gilavarına meydan oxumaq üçün yaradılmışdı. M.F.Axundzadə adına Milli Kitabxananın binasına diqqətlə baxanda nə görürük - Avropa memarlığının əzəmətli nizamı üzərində ucalan milli tağlar və dahi şəxsiyyətlərin heykəlləri üçün ayrılmış o incə taxçalar bu iki fərqli mədəniyyətin necə harmoniyada qovuşduğunun canlı sübutu olduğunu müşahidə edirik.
Sadıq Dadaşov bütün dünyaya sübut etdi ki, milli ornament sadəcə keçmişin muzey eksponatı deyil. Onun əlində qədim naxışlar müasir və modern şəhər arxitekturasının içində döyünən canlı bir ürəyə çevrilir.
Daş yaddaşından gələcəyə
Sadıq Dadaşov sadəcə binalar ucaldan bir mühəndis deyildi, Azərbaycanın qədim memarlıq irsini elmi müstəviyə çıxaran ilk böyük tədqiqatçı idi. Onun hələ 1930-1940-cı illərdə Şirvanşahlar sarayı, bütövlükdə İçərişəhər və Azərbaycanın müxtəlif regionlarında apardığı ölçmə-tədqiqat işləri bu gün işğaldan azad edilmiş ərazilərin (Ağdam, Şuşa, Xankəndi) tarixi-memarlıq bərpasında əsas elmi mənbə kimi istifadə olunur. Nəticə olaraq, Şirvanşahlar sarayı Sadıq Dadaşov üçün sadəcə tarixi bir abidə yox, onun memarlıq dilinin əlifbası idi. O, bu əlifba ilə Bakının müasir küçələrində tamamilə yeni, modern və milli layihələr qura bildi. "Şəhərsalma və Memarlıq İli"ndə reallaşan elmi forumlar sübut edir ki, Dadaşovun elmi irsi olmadan müasir milli-estetik şəhərsalma konsepsiyasını tamamlamaq mümkün deyil.
Sadıq Dadaşov və onun yaradıcılıq dostu Mikayıl Hüseynovun Bakıya qazandırdığı memarlıq abidələri bu gün paytaxtın ən gözəl vizual brendləridir: Klassik elementlərlə modern strukturun möhtəşəm vəhdətini əks etdirən "Nizami" kinoteatrı (1937), Şərq memarlığı motivlərinin monumentallığı kimi qiymətləndirilən Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi, keçmiş Mərkəzi Komitənin binası və s. heyranlıq doğuran tikililər Bakının mərkəzinin memarlıq ansamblını tamamlayan layihələrdir.
S.Dadaşov və M.Hüseynov Bakıdakı Şirvanşahlar Sarayı Kompleksinin, Naxçıvandakı Möminə xatun türbəsi, Yusif Kuseyir oğlu türbəsinin və Qarabağlar türbəsi ilə yanındakı minarəli zəfər tağının, Bərdədəki "Nüşabə" türbəsinin, Ordubadın yaşayış binalarını və yüzlərlə digər Orta əsr memarlıq abidələrinin ilk tədqiqatçıları olublar. 1937-ci ildə "Nizami" kinoteatrının binası və onunla üz-üzə inşa olunmuş inzibati bina da memarlığımızın klassik əsərləri kimi bu gün də öz dəyərini saxlayır.
1938-ci ildə S.Dadaşov Bakı Musiqi Akademiyasının binasını layihələndirib burada dahi Azərbaycan bəstəkarı Ü.Hacıbəylinin heykəlini ucaltmaqla memarlıqla heykəltaraşlığın həm məzmun, həm də sənətkarlıq baxımından biri digərini tamamlayan bitkin bir kompozisiya həmahəngliyi yaradıb. Musiqinin daşlaşmış forması kimi xarakterizə olunan bu bina təhsil və sənət ocağının funksionallığını əks etdirir. Bina daxili planlaşdırılması baxımından akustik tələblərə tam cavab verən şəkildə simmetrik və relyefli fasadla layihələndirilmişdir. Tikilinin mərkəzi girişi klassik yunan-Roma sütunlu portiklərini xatırlatsa da, detallardakı və kapitellərdəki (sütun başlıqları) incə Şərq oyma naxışları bu monolitliyi yüngülləşdirir və ona milli kolorit qatır.
S.Dadaşovun memarlıq sənəti respublikamızdan kənarda da tanınıb və şöhrət qazanıb. Onun böyük yaradıcılıq nailiyyətlərindən biri də Moskvada tikilmiş Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisi (XTNS) kompleksinin Azərbaycan pavilyonu olub. Bu layihə milli memarlığın ittifaq miqyasında təsdiqi idi. Pavilyonun əsas fasadında tətbiq edilən nəhəng və incə şəbəkə pəncərələr sanki Şəki Xan Sarayının ənənələrini nümayiş etdirirdi. Daxili məkana süzülən rəngli işıq şüaları memarın interyerdə emosional mühit yaratmaq bacarığını əyani şəkildə göstərirdi. Stalaktitli tağtavanlar isə Şərq saraylarının lətafətini əks etdirirdi. 1941-ci ildə Moskvada XTNS-də Sadıq Dadaşov və Mikayıl Hüseynovun layihələndirdiyi Azərbaycan pavilyonu o qədər böyük əks-səda doğurur ki, memarlar SSRİ Dövlət mükafatına layiq görülürlər. Layihədəki milli şəbəkə və stalaktit elementləri sovet rəhbərliyini heyran qoyur.
Mütəxəssislər Nizami adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin binasını "Metropol"u muzeyə çevirən sehrli toxunuş" adlandırırlar. Bina, əslində, XIX əsrin sonunda mehmanxana ("Metropol" hoteli) kimi tikilmişdi. Sadıq Dadaşov binanı sıfırdan tikməyib, lakin onun üzərində elə bir möhtəşəm yenidənqurma işi aparıb ki, keçmiş hotel binası Şərq intibahı üslubunda əzəmətli bir saraya çevrilib. Ümumiyyətlə, yalnız 1944-1945-ci illərdə S.Dadaşov 8 böyük memarlıq əsəri layihələndirib.
Yer gəlmişkən, bir faktı da qeyd edək ki, Mikayıl Hüseynovla Sadıq Dadaşovun dostluğu sadəcə tələbəlik illərindən başlamayıb. Onlar uşaqlıqdan eyni məhəllədə böyümüş, eyni məktəbdə (Bakı Realnı Məktəbində) oxumuş, birlikdə institut bitirmiş və ömürlərinin sonuna qədər bütün binaları birgə layihələndirmişlər. Memarlıq tarixində iki müəllifin bu qədər uzunmüddətli və məhsuldar müştərək fəaliyyəti çox nadir hadisədir.
Memarın yaradıcılıq irsi yüksək qiymətləndirilib
S.Dadaşovun fəaliyyəti və ölkə qarşısındakı xidmətləri yüksək qiymətləndirilib. 1940-cı ildə ona "Azərbaycan SSR Əməkdar incəsənət xadimi" fəxri adı verilib və 1941-ci ildə SSRİ Dövlət mükafatı laureatı olub. O, "Lenin", "Qırmızı Əmək Bayrağı" ordenləri və medallarla təltif edilib. 1941-ci ildə SSRİ Memarlıq Akademiyasının müxbir üzvü, 1945-ci ildə yeni yaradılmış Azərbaycan SSR Elmlər Akademiyasının həqiqi üzvü seçilib. Sadıq Dadaşov Azərbaycan memarlıq tarixi və nəzəriyyəsi ilə bağlı bir sıra elmi əsərlər yazıb çap etdirib ki, bu gün də həmin əsərlər öz aktuallığını itirməyib və dəyərli, etibarlı mənbə kimi istifadə edilməkdədir.
İstedadlı memar 1946-cı ildə - yaradıcılığının və elmi fəaliyyətinin ən qızğın çağında - 41 yaşında bu dünyadan köçdü. Tale ona uzun bir ömür vermədi, lakin onun Bakının simasına vurduğu milli möhür əbədi yaşamaq haqqı qazandı. O, Şirvanşahlar sarayının qədim daş pıçıltılarını müasir şəhərin dinamik ritmi ilə birləşdirərək Azərbaycan memarlığında əsl bir intibah yaratdı. Onun memarlıq fəlsəfəsi bizə sadə bir həqiqəti deyir: modernləşmək keçmişi unutmaq və kor-koranə Qərbə bənzəmək deyil. Əsl böyüklük öz köklərinə sahib çıxaraq, dünyəvi dəyərlərlə qovuşa bilmək bacarığıdır. Sadıq Dadaşovun daşdan toxuduğu milli naxışlar, ucaltdığı əzəmətli tağlar və pəncərələrdən süzülən şəbəkə işıqları bu gün də Bakının bəzəyidir.
Görkəmli memarın vəfatından onilliklər keçsə də, paytaxtımızın mərkəzində ucalan hər bir şah əsəri onun canlı xatirəsidir. Biz hər gün o binaların yanından keçərkən, əslində, sadəcə daş divarlara deyil, Azərbaycan ruhunu daşlaşdıran, onu gələcək nəsillərə əmanət edən görkəmli memarın ölməz irsini seyr edirik. Çünki insan dünyadan köçür, amma onun xalqa, sənətə və vətənə sevgisindən ucaltdığı abidələr zamanın özünə belə meydan oxuyaraq əbədi yaşayır. Paytaxtımızın hər daşında Sadıq Dadaşovun estetik zövqü, milli irsə olan sonsuz ehtiramı hər zaman gözümüzün önündədir.
İradə ƏLİYEVA,
İlham BABAYEV (foto),
"Azərbaycan"