Birləşmiş Millətlər Təşkilatı (BMT) Yəməndə humanitar yardım səylərinə dəstəyin təcili şəkildə artırılmasına çağırıb. Bu çağırış aparılmış beynəlxalq təhlilin nəticələrinə əsasən səsləndirilib.
AZƏRTAC BMT-nin yaydığı bəyanata istinadla xəbər verir ki, Ərzaq Təhlükəsizliyi Mərhələlərinin İnteqrə Olunmuş Təsnifatının (IPC) son təhlili hazırda Yəməndə təxminən 5 milyon nəfərin böhran və ya daha ağır səviyyədə kəskin ərzaq çatışmazlığından əziyyət çəkdiyini göstərib. Onlardan təxminən 1 milyon 400 min nəfəri fövqəladə vəziyyət mərhələsindədir ki, bu da IPC təsnifatının dördüncü mərhələsinə uyğun gəlir.
Təhlildə bildirilir ki, əhalinin alıcılıq qabiliyyətinin zəif qalması, makroiqtisadi vəziyyətin davamlı pisləşməsi, kənd təsərrüfatı istehsalı üçün tələb olunan resursların bahalaşması, eləcə də maliyyə çatışmazlığı səbəbindən humanitar yardımın kəskin azalması ilin sonunadək ərzaq təhlükəsizliyi problemini daha da dərinləşdirə bilər.
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), Uşaq Fondu (UNICEF) və Dünya Ərzaq Proqramının (WFP) çərşənbə günü yaydığı birgə bəyanatda qeyd olunub ki, son IPC nəticələri ciddi xəbərdarlıq xarakteri daşıyır.
Bəyanatda vurğulanıb ki, Yəməndə ailələr münaqişələrin və iğtişaşların yaratdığı iqtisadi tənəzzülün, iqlim şoklarının, dolanışıq vasitələrinin pozulmasının və humanitar dəstəyin azalmasının ağır mənfi nəticələri ilə üzləşirlər.
BMT-nin üç qurumu beynəlxalq ictimaiyyəti humanitar ərzaq yardımını, qidalanma xidmətlərini, səhiyyə, kənd təsərrüfatı və dayanıqlılıq proqramlarının maliyyələşdirilməsini təcili şəkildə artırmağa çağırıb.
Qurumlar xəbərdarlıq ediblər ki, davamlı və genişmiqyaslı təcili tədbirlər görülmədiyi təqdirdə milyonlarla həssas insan daha dərin aclıq və qida çatışmazlığı təhlükəsi ilə üzləşə, həmçinin dolanışıq mənbələrini itirə bilər.