19 Mart 2024 09:25
254
DÜNYA
A- A+

Vladimir Putindən inamlı qələbə

 

Rusiya Federasiyasında 3 gün davam etmiş prezident seçkiləri başa çatıb. Mərkəzi Seçki Komissiyasının məlumatına görə, səslərin hamısı hesablandıqdan sonra Vladimir Putin 87,28 faiz səslə öndədir. Kommunistlərin namizədi Nikolay Xaritonov ikinci (4,31 faiz), "Yeni adamlar" partiyasının üzvü Vladislav Davankov (3,85 faiz) üçüncü,  liberal demokrat Leonid Slutski 3,20 faiz səslə sonuncu yerdə qərarlaşıb. 
Mərkəzi Seçki Komissiyasının sədri Ella Pamfilova bildirib ki, Rusiyada prezident seçkilərinin yekun nəticələri martın 21-də MSK-nın iclasından sonra açıqlanacaq. Seçicilərin fəallığı 77,44 faiz təşkil edib. Bu, müasir Rusiya tarixində rekord göstəricidir.
Vladimir Putinin prezident seçkilərində qələbəsi güclü və inamlı oldu. Bunu Federasiya Şurasının spikeri Valentina Matvienko deyib: "Seçkilər böyük ləyaqətlə keçdi və keçirildi. Seçkilərin əsas nəticəsi ondan ibarətdir ki, Rusiyanın müasir tarixində görünməmiş yüksək fəallıqla Vladimir Vladimiroviç Putin güclü inamlı qələbə qazandı və Rusiya vətəndaşlarından öz kursunu davam etdirmək üçün həqiqətən legitim mandat aldı".
Matvienko əlavə edib ki, seçkilərdən sonra Putin haqqında milli lider kimi danışmaq olar. O, seçkilərin şəffaf, açıq və demokratik keçirildiyini vurğulayıb. Spiker qeyd edib ki, "bir çox başqa dövlətlərdən" fərqli olaraq, Rusiyada seçkilər birbaşa keçirilir və hər bir vətəndaşın səsi vacib olur.
"Vladimir Putinin Rusiyada keçirilən prezident seçkilərində qələbəsi dövlət başçısına və onun seçdiyi kursa böyük inamın təzahürüdür". Bu fikirləri Putinin seçkilərdə etibarlı adamı, xizəksürmə üzrə üçqat olimpiya çempionu Yelena Vyalbe deyib: "Bu nəticə xalqın prezidentimizə olan böyük etimadı ilə izah olunur. Seçicilər birlik nümayiş etdirdi, çox böyük fəallıq oldu. Bu onu göstərir ki, xalq prezidentin müəyyən etdiyi kursa inanır. Bizim bəxtimiz gətirib ki, belə bir prezidentimiz var".
Martın 14-də keçirilən brifinqdə Aİ-nin diplomatik xidmətinin başçısı Cozep Borelin nümayəndəsi Peter Stano bildirib ki, Avropa İttifaqı Rusiya seçkiləri ilə bağlı vahid mövqe formalaşdırmayacaq, hər bir dövlət öz qərarını verəcək.
Seçkilərdən sonra qərargahında çıxış edən Putin seçki məntəqələrinə gələrək səs verən Rusiya vətəndaşlarına təşəkkür edib. Prezident xatırladıb ki, ölkədə hakimiyyətin mənbəyi Rusiya xalqıdır: "Əlbəttə, qarşıda bizi çoxlu problemlər gözləyir. Amma biz birləşəndə - və mən hesab edirəm ki, hamıya aydın oldu ki, bizi kim və necə qorxutmaq,  iradəmizi, şüurumuzu boğmaq istəməsindən asılı olmayaraq, bu tarixdə heç kim heç vaxt buna bənzər bir şeyə nail olmayıb. Bu, indi alınmadı və gələcəkdə də alınmayacaq". 
O, planların öz həllini tapacağını, hədəflərə çatacağını vurğulayıb. Qərbin reaksiyasını isə Rusiya lideri gözlənilən adlandırıb: "Onların alqışlamasını və ya başqa bir şey etmələrini istəyirdiniz? Onlar bizimlə döyüşürlər, özü də silah vasitəsilə.  Onlar bizim inkişafımızı dayandırmağı qarşılarına məqsəd qoyublar."
Putin istisna etməyib ki, nə vaxtsa Rusiya "hazırda Kiyev rejiminin nəzarətində olan ərazilərdə təhlükəsizlik zonası yaratmalı olacaq". 
Eyni zamanda o deyib ki, Rusiya sülh danışıqlarının tərəfdarıdır: "Əgər onlar həqiqətən, ciddi şəkildə, uzunmüddətli perspektivdə iki dövlət arasında dinc, mehriban qonşuluq münasibətləri qurmaq istəyirlərsə, bu mümkündür".
Prezidentin andiçmə mərasiminin mayın 7-də keçirilməsi planlaşdırılır.

Rizvan CƏFƏROV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video