25 Sentyabr 2022 01:17
816
İDMAN
A- A+

"Shusha Chess-2022" beynəlxalq turniri başa çatdı

 

Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyası (AŞF) və Şuşa Şəhəri Dövlət Qoruğunun birgə təşkilatçılığı ilə ölkəmizin mədəniyyət paytaxtı Şuşada Qarabağ xanlığının sonuncu varisi, görkəmli şair və xeyriyyəçi Xurşidbanu Natəvanın 190 illiyinə həsr olunmuş "Shusha Chess-2022"  beynəlxalq turniri  başa catıb. 
Kişilər və qadınlar arasında 4 gün davam edən yarışlarda 9 ölkədən 20 tanınmış qrosmeyster təmsil olunurdu. 
Beynəlxalq şahmat turniri iki kateqoriyada - kişilər və qadınlar arasında keçirilib. Hər kateqoriya üzrə 10 şahmatçı rapid və blits üzrə mübarizə aparıblar.
Sentyabrın 21-23-də "Qarabağ" hotelində rapid üzrə yarışlar keçirilib. Yekunda 9 oyunda 15 xal toplayan azərbaycanlı beynəlxalq qrosmeyster Şəhriyar Məmmədyarov birinci olub. 2-3-cü yerləri hərəyə 13 xalla hindistanlı Santoş Vidit  və İran təmsilçisi Parhan Maqsudlu bölüşüblər.
Qadınların yarışında isə Nana Dzaqnidze liderliyini sonadək qoruyub və 15 xal qazanaraq qalib olub.  İkinci yeri 12 xalla türkiyəli Kübra Öztürk Güvənli tutub. 3-5-ci yerlərdə isə hərəyə 9 xalla ölkəmizin təmsilçiləri Xanım Balacayeva, Gövhər Beydullayeva, habelə gürcüstanlı Meri Arabidze qərarlaşıblar.
Dünən isə blits üzrə yarışlar keçirilib. Nəticədə həm rapid, həm də blitsdə qazanılan xalların cəminə əsasən turnirin qalibləri və mükafatçıları müəyyənləşiblər. Kişi şahmatçıların yarışında Şəhriyar Məmmədyarov 26 xalla "Shusha Chess-2022"nin qalibi olub. İkinci yeri 24,5 xal qazanan Parhan Maqsudlu tutub. Üçüncü yerə isə Santoş Vidit sahiblənib - 23,5 xal.
Qadınların yarışında isə Meri Arabidze hamıdan üstün olub- 24 xal. İkinci yerdə 23,5 xalla Nana Dzaqnidze qərarlaşıb. Üçüncü pillədə isə 20 xal toplayan Kübra Öztürk Güvənli yer alıb.
Xatırladaq ki, kişi şahmatçıların yarışında Azərbaycan milli komandasının üzvləri - üçqat Avropa çempionları Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Qədir Hüseynov, Rauf Məmmədov və 18 yaşa qədər şahmatçılar arasında Avropa çempionu Vasif Durarbəyli, həmçinin  Asiya çempionu Van Xao (Çin), 20 yaşa qədər şahmatçılar arasında dünya çempionu Santoş Qucrati Vidit (Hindistan), gənclər arasında dünya çempionatının qalibi Parham Maqsudlu (İran), FIDE dünya çempionu Rüstəm Qasımcanov (Özbəkistan) və Türkiyə çempionu, 2021-ci ildə ölkəsinin ən yaxşı şahmatçısı seçilən Mustafa Yılmaz iştirak ediblər.
Qadınların yarışında milli komandanın üzvləri - Avropa çempionatının mükafatçıları Günay Məmmədzadə, Ülviyyə Fətəliyeva, Gülnar Məmmədova, Xanım Balacayeva, Gövhər Beydullayeva, habelə Ümumdünya Şahmat Olimpiadasının qalibi, Avropa çempionu Nana Dzaqnidze (Gürcüstan), yeniyetmələr arasında dünya və Avropa çempionu, ölkəsinin ən reytinqli qadın şahmatçısı Marsel Efroimski (İsrail), 18 yaşlılar arasında dünya çempionu Yolanta Zavadska (Polşa), yeniyetmələr arasında dünya çempionu Meri Arabidze (Gürcüstan) və Türkiyə çempionu Kübra Öztürk Güvənli mübarizə aparıblar.
Təşkilatçılar "Shusha Chess-2022" turnirinin iştirakçıları üçün Şuşa şəhərinə ekskursiya təşkil edib. Şahmatçılar Şuşa qalası, Molla Pənah Vaqifin muzey-məqbərə kompleksi, Cıdır düzü kimi tarixi məkanları ziyarət ediblər.
Turnirin iştirakçısı, üçqat Avropa çempionu Rauf Məmmədov yarışla bağlı təəssüratlarını bölüşüb. İlk növbədə turnirin Şuşada keçirilməsinin önəmindən danışan şahmatçımız şəhərə ekskursiyanın onu valeh etdiyini bildirib: "Şuşada bütün tarixi məkanları görmək istəyirdim. Cıdır düzündə olmaq arzularımdan biri idi. Cıdır düzündə insan özünü fərqli hiss edir. 40-a yaxın ölkədə olmuşam, belə təbiət görməmişəm. Şuşa çox gözəldir, şəhər insanı valeh edir".
Şahmatçı Şuşa turnirinin ənənəvi olmasını arzuladığını deyib: "Şuşada şahmat turnirinin hər il keçirilməsi yaxşı olardı. Əlbəttə bu, təşkilatçılardan asılıdır. Amma şahmatçı kimi Şuşada yarışmaq çox gözəl hisslərdi. Növbəti illərdə tanınmış şahmatçıları Şuşada görmək istərdim. Dünya çempionu Maqnus Karlsenlə Şuşada eyni yarışda iştirak etmək maraqlı olardı".
Azərbaycan milli komandasının üzvü Gövhər Beydullayeva da yarışla bağlı fikirlərini açıqlayıb. Xanım şahmatçı ilk turnirin gərgin mübarizə şəraitində keçdiyini deyib: "Şuşa turnirində maraqlı mübarizə izlədik. Kifayət qədər məzmunlu oyunlar var idi.  Əminəm ki, Şuşada ilk beynəlxalq şahmat yarışı heç vaxt unudulmayacaq".
Təşkilatçılığı yüksək qiymətləndirən G.Beydullayeva Azərbaycan üçün yarışın böyük əhəmiyyət kəsb etdiyini bildirib: "Bu yarış Azərbaycana görə çox vacibdir. İlk dəfə olmasına baxmayaraq, təşkilatçılıqda problem görmədim. Şahmatçılara lazımi şərait yaradılıb. Əcnəbi şahmatçılar Şuşada təşkilatçılıqdan razıdırlar. Ümumiyyətlə, Şuşada insan təkcə şahmat barədə düşünmür. Şəhər hər birimizə çox maraqlıdır. Yarışın reallaşmasında əməyi olan bütün təşkilatçılara çox sağ ol deyirik. Şuşada şahmat turnirlərinin tez-tez olmasını arzulayırıq".
Qeyd edək ki, bu turnir nəinki Şuşada, ümumilikdə Qarabağda FİDE bayrağı altında keçiriləcək ilk rəsmi beynəlxalq şahmat yarışı olub.

Rizvan CƏFƏROV,
"Azərbaycan"
 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video