6 ayda ölkə üzrə əsas kapitala 5,9 milyard manatdan çox investisiya yatırılıb
İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, iqtisadi tərəqqini təmin edən əsas amillərdən biri kapital qoyuluşudur. Sərmayə qoyuluşunda fasilələr yaranarkən bir müddət iqtisadi dinamikada da geriləmə müşahidə olunur. Buna görə hər bir hökumət iqtisadiyyatın fasiləsiz kapitallaşdırılmasında maraqlıdır.
Azərbaycan da dünyanın bu təcrübəsindən örnək götürərək hələ müstəqilliyimizin ilk illərindən sərmayə yatırımına xüsusi əhəmiyyət verir. Ölkə iqtisadiyyatını dirçəltmək məqsədilə həmin dövr neft sənayesinə xarici investisiya cəlb etmək üçün “Əsrin müqaviləsi”nin imzalanmasını xatırlatmaq kifayətdir. Həmin sazişin imzalanması ölkəmizin inkişafında müstəsna rol oynadı. Belə ki, müqavilə imzalanandan sonra neft sənayesi ilə yanaşı, bu sahəyə yaxın olan digər istehsal və xidmət sahələrinə də kapital qoyulmağa başlandı. Bu isə tədricən ölkə iqtisadiyyatının bütün sahələrinin canlanmasına imkan verdi. Çünki sonrakı mərhələdə neftdən əldə edilən gəlirlər, əsasən, iqtisadiyyatın digər sektorlarına yönəldilirdi. İlk növbədə, infrastruktur layihələrinin icrasına böyük miqdarda yatırımlar qoyulurdu. Nəticəsi göz qabağındadır. Bu gün Azərbaycan Asiya ilə Avropanı birləşdirən nəhəng tranzit ölkədir. “Şimal-Cənub” marşrutunda da açar ölkə bizik. Ələt Beynəlxalq Ticarət Limanı isə regionumuzda ən böyük yükötürücü qabiliyyəti olan nəqliyyat infrastrukturudur.
Azərbaycan beynəlxalq əhəmiyyətlik hava limanlarının sayına görə də regionda liderdir. Bu üzdən beynəlxalq maliyyə təşkilatları və Davos Ümumdünya İqtisadi Forumu Azərbaycanı dünyada mükəmməl nəqliyyat infrastrukturuna malik ölkə kimi dəyərləndirirlər.
Sərmayə qoyuluşunun bir istiqaməti də özəl sektordur. Məlumdur ki, ötən əsrin 90-cı illərində Azərbaycanda sahibkarlar sinfi yenicə formalaşırdı və məhsul istehsalında, xidmətlərin göstərilməsində onların payı çox az idi. Bazar iqtisadiyyatının başlıca tələbi isə özəl sektorun inkişafıdır. Odur ki, sahibkarlara güzəştli kreditlərin verilməsi və digər tədbirlər sayəsində yeni özəl istehsal və xidmət sahələrinin yaradılması üçün kapital qoyuluşu artırıldı. Bununla ölkədə özəl sektorda kiçik, orta, iri istehsal və xidmət sahələri canlanmağa başladı və nəticədə real sektorda sahibkarların payı dinamik şəkildə artdı.
İndi isə bu sahəyə aid son statistika: Dövlət Statistika Komitəsinin cari ilin yanvar-iyun ayları üzrə açıqladığı rəqəmlərə görə, sənayedə qeyri-dövlət sektorunun payı 81,9 faiz olub. Ümumi istehsalın 90,7 faizi sənaye məhsullarının istehsalı, 9,3 faizi isə sənaye xarakterli xidmətlərin göstərilməsi hesabına yaradılıb. Bu dövrdə ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 5 milyard 919,4 milyon manat vəsait yönəldilib. Ümumi sərmayənin 34,6 faizi dövlət, 65,4 faizi qeyri-dövlət sektorunun sərmayədarları tərəfindən qoyulub. Daxili mənbələrdən əsas kapitala yönəldilən vəsaitin dəyəri isə sərmayələrin 61 faizini təşkil edib.
Dünya iqtisadiyyatının koronavirus pandemiyası üzündən çətinlik çəkdiyi bir dövrdə Azərbaycan iqtisadiyyatına xarici sərmayə qoyuluşu da davam edir. Belə ki, hesabat dövründə xarici müəssisə və təşkilatlar tərəfindən əsas kapitala 2 milyard 309,1 milyon manat vəsait yönəldilib. Xarici ölkələr və beynəlxalq təşkilatların vəsaiti hesabına əsas kapitala qoyulan vəsaitin 2 milyard 37,3 milyon manatı Birləşmiş Krallıq, ABŞ, Türkiyə, Yaponiya, İsveçrə, Norveç, Virgin adaları, Malayziya, Fransa, Rusiya və İran sərmayədarlarına məxsus olub.
“Azərbaycan”