19 Mart 2024 09:00
577
Mədəniyyət
A- A+

Saz-söz bayramı

 

Xalqın bədii yaradıcılığının mühüm bir forması olan aşıq sənəti həm geniş mənalı, həm də dolğun sənətdir. Elin aşıq adına layiq gördüyü adamlar sözə və saza tükənməz bir xəzinə kimi baxmışlar, onun hörmətini daim uca tutmuşlar. Yüz illər, əsrlər gəlib keçmiş, bu sənət ölməmişdir, bədii təsir qüvvəsini daha da artırmışdır, indi də bizi heyran etməkdə, hər dəfə qəlbimizi saflaşdırmaqdadır.
Qədim zamanlardan başlayaraq bu gün də fəal şəkildə davam etməkdə olan zəngin ozan-aşıq sənətində yazın, baharın, Novruzun tərənnümü mühüm rol oynayır. El şairlərimizin və aşıqlarımızın əsərlərində bu mövzu daha çox öz əksini tapıb. XVI əsrin qüdrətli sənətkarı Qurbaninin, ustadnamələr və təcnislər müəllifi Xəstə Qasımın, şeirlərində "Qul", "Şikəstə", "Bikəs" təxəllüsü ilə daha çox tanınan Abbas Tufarqanlının, Qaracaoğlanın, el şairi Yəhya bəy Dilqəmin əsərlərində yaz, bahar mövzusu xüsusi yer tutur. Bu sənətkarlar el bayamlarında, xüsusilə Novruz günlərində sazlarını sinələrinə basıb oba-oba, kənd-kənd vətəninin hər bucağını dolaşmş, aranında, dağında olmuş,  duzlu söz-söhbətləri ilə xalqın ruhunu oxşamışlar. Təsadüfi deyil ki, əsrlər boyu Azərbaycanın aşıqsız keçən bir toyu-bayramı olmamışdır. Mövzusu xalq həyatından alındığı kimi, təşbehləri, obrazlı sözləri, ifadələri də anlaşıqlı el dilində olmuş, bu dilin qanunlarına və tələblərinə müvafiq işlənmişdir. Bu şeirlərdə hecanın ən oynaq, ən ifadəli vəznləri öz əksini tapmışdır. 
Azərbaycanın aşıq sənəti 2009-cu ildə UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilmişdir. Həmin hadisə aşıq sənətinin Azərbaycanın mədəni irsinin ən qədim nümunələrindən biri olduğunu beynəlxalq səviyyədə bir daha təsdiqləmişdir. 2009-cu ildə ulularımızdan bizə yadigar qalan, milli ruhumuzu və yaddaşımızı bütün zənginliyi ilə özündə əks etdirən, bolluğun, bərəkətin və xeyirxahlığın təcəssümü olan Novruz bayramı da UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısında yer almışdır. Bütün bunlar ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın milli-mənəvi dəyərlərimizin qorunması, inkişafı və təbliği istiqamətində fəaliyyəti sayəsində mümkün olmuşdur. Novruz mədəniyyətimizin, çoxəsrlik milli dəyərlərimizin əbədiyaşarlıq rəmzidir. Ona görə də aşıq poeziyasını onsuz təsəvvür etmək qeyri-mümkündür. 
XVI yüzilliyin qüdrətli sənətkarı, Dirili Qurbani adı ilə tanınan saz-söz ustadının poeziyasında baharın tərənnümü xüsusi yer tutur. Əsrarəngiz təbiətimizin gözoxşayan hüsnündən tutmuş el gözəllərinin vəsfi böyük ustadın qoşma və təcnislərində canlı boyalarla təsvir edilir. 
Abbas Tufarqanlı XVI yüzilliyin sonları, XVII yüzilliyin ortalarında yaşamış görkəmli şair-aşıqlardandır. Aşıqların dilində səslənən "Aşıqlığın padşahı Abbas, vəziri Qurbanidir" deyimi saz-söz aləmində ona böyük dəyər verildiyini göstərir. Şair-aşığın əsərlərində bahar motivli nümunələr çoxluq təşkil edir.
XVIII yüzillikdə yaşayan Xəstə Qasım, əsasən, dərinməzmunlu ustadnamələr və təcnislər müəllifi kimi tanınır. Onun qıfılbənd və müəmmaları xüsusilə məşhurdur. Adına bağlı neçə dastan da var. Təbiətin təsviri, yazın, payızın tərənnümü bu ustadın da yaradıcılığında mühüm yer tutur:
Payız dərdim, qış möhnətim, yaz qəmim,
Hicran tapdaq etdi yayılan məni.
Götür qələm, sərxəttimi yaz mənim,
Qoyma dərgahından yayılan məni.

Aşıq şeirinin müxtəlif şəkillərində kamil sənət nümunələri yaradan Aşıq Hüseynin bahar güllərini vəsf edən "Sarı gül" rədifli şeiri dillər əzbəri olmuşdur:

Ağ gülü bənzətdim göydə laçına,
Sarı gülü düzdüm yarın saçına.
Hüseyn müştaq olub gülün üçünə -
Ağ gül, qırmızı gül, illah sarı gül.

Azərbaycanın aşıq-şeir sənətinin zirvəsini fəth etmiş Aşıq Ələsgərin əsərləri arasında baharla, yazla, birbaşa Novruzla bağlı nümunələri qədərincədir. Gözəlləmələrinin çoxunu doğma yurdunun təbiəti ilə bağlayan el ustadı yazın heyran qoyan gözəlliyini demək olar ki, bütün qoşma və təcnislərində vəsf edib. Aşıq Ələsgər Azərbaycanın təbiətini - başı qarlı dağlarını, ala yaylaqlarını, bahar fəsilli min rəngə boyanan çəmənlərini, əkin-biçin yerlərini, tarla və zəmilərini min bir dillə oxşayır, min bir çalarda tərənnüm edirdi. 
Çox gəzib, çox görüb, çox öyrənən Aşıq Ələsgərin dövrünün şeir, sənət, eləcə də Şərq fəlsəfəsi və islam dini ilə bağlı biliklərə dərindən yiyələnməsi onun yaradıcılığında aydın  görünür. Ətraflı məlumata və geniş təsəvvürə malik olması sayəsində Tufarqanlı Abbas, Xəstə Qasım kimi böyük sənətkarların yüz illər boyu kilidli qalan bir çox qıfılbənd və bağlamalarını məhz Aşıq Ələsgər aça bilmişdir. Özünün düzüb qoşduğu qıfılbəndlərdə,  divan və müxəmməslərdə əvəzsiz könül inciləri yaratmışdır. Ələsgər şeirində Azərbaycan torpağı, Azərbaycan ruhu kimi Azərbaycan dilinin incəlikləri də özünəməxsus gözəlliklə vəsf edilir:
 
Qışda dağlar ağ geyinər, yaz qara,
Sağ dəstinlə ağ kağıza yaz qara.
Əsər yellər, qəhr eyləyər yaz qara,
Daşar çaylar, gələr daşlar çataçat.
***
İnsan payız ölə, yazda dirilə,
Zimistanda boran-qarı çəkməyə.
Addadı zimistan, gəldi novbahar,
İnşallah, dağlarda ta lala çıxar... 
- deyən aşığın bu misralarında əzəli və əbədi bir vətən sevgisi öz əksini tapıb.
Novruzun, yazın, təbiətin tərənnümü Aşıq Musa, Aşıq Rəcəb, Aşıq Şəmşir, Bozalqanlı Aşıq Hüseyn, şair Vəli, Aşıq Şakir, Aşıq Pənah və digər ustad el sənətkarlarının yaradıcılığında da xüsusi yer tutur. Aşıq Şəmşirin "Dağların" rədifli gəraylısı bütövlükdə bir bahar lövhəsidir. 
Aşıq poeziyası Azərbaycan xalqının bədii təfəkkürünün parlaq və zəngin sahəsidir. Bu sənət xalqın şirin arzularından, romantik xəyallarından, odlu həsrətindən, sevinc və kədərindən yaranmışdır. Xalqın incə zövqü, təmiz məhəbbət duyğuları, ürəyinin nəcib hissləri və estetik idealı aşıq yaradıcılığında parlaq boyalarla əksini tapmışdır. 

İradə ƏLİYEVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video