Cari ilin yanvar-oktyabr aylarında sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 4,05 faiz azalıb.
AZƏRTAC xəbər verir ki, cari ilin yanvar-oktyabr aylarında sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 42,6 milyard manat təşkil edib. Bu da 2024-cü ilin on ayının göstəricisi (44,4 milyard manat) ilə müqayisədə 4,05 faiz və ya 1,8 milyard manat azalma deməkdir.

Bu il sənaye məhsulunun 73 faizi mədənçıxarma, 23,5 faizi emal, 2,6 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,9 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 2,5 faiz, 2,1 faiz, 0,4 faiz çox, sonuncusu isə sabit qalıb. Həmçinin bu il sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 62,2 milyon manat məbləğində digər məhsullar da mövcud olub ki, bu da ötən ilin on ayındakı göstəricidən 67,7 faiz və ya 130,2 milyon manat azdır.
Bundan başqa, cari ilin yanvar-oktyabr aylarında tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin 85,9 faizini inşa, yenidənqurma və bərpa, 7,1 faizini əsaslı təmir, 4,1 faizini cari təmir, 2,9 faizini isə sair tikinti işləri təşkil edib. Bu da ötən illə müqayisədə müvafiq olaraq 0,2 faiz artım, 0,6 faiz azalma, 1 faiz artım, 0,6 faiz azalma deməkdir.
Qeyd edək ki, 2024-cü ilin eyni aylarında tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin 85,7 faizini tikinti, yenidənqurma və genişləndirmə, 7,7 faizini əsaslı təmir, 3,1 faizini cari təmir, 3,5 faizini isə sair tikinti işləri təşkil edib.
