Türk dövlətləri arasında əməkdaşlığın güclənməsi son illər siyasi, iqtisadi və təhlükəsizlik sahələrində olduğu kimi, sosial istiqamətdə də birgə fəaliyyətə şərait formalaşdırıb. Dövlətləri bir araya gətirən ortaq tarix, dil və mədəni irs kimi təməl amillər sosial sahədə də həmrəylik üçün əsas yaradır. Bu baxımdan, türk dövlətlərinin sosial sahədə birliyi tarixi bağların davamıdır. Eyni zamanda bu birlik müasir çağırışlara birgə cavab vermək üçün strateji əhəmiyyət daşıyır.
Türk xalqları arasında sosial sahədə birlik ideyasının kökləri qədim dövrlərə uzanır. Orta əsrlərdə Mərkəzi Asiyada formalaşmış türk dövlətləri ictimai idarəçilik prinsipləri və həyat tərzi ilə də bir-birilərinə bağlı olmuşlar. Qonşu xalqlarla müqayisədə türk toplumlarının ailə institutuna, yardımlaşma ənənəsinə, icma strukturlarına və sosial həmrəyliyə verdiyi yüksək dəyər bu birliyin təməl elementləridir. XX əsrdə, xüsusilə Mərkəzi Asiya və Türkiyə kimi türk dövlətləri arasında mədəni və sosial yaxınlıq müstəqillikdən sonra daha sistemli əməkdaşlığa çevrilib. 2009-cu ildə imzalanmış Naxçıvan Sazişi nəticəsində Türk Dövlətləri Təşkilatı (TDT) yaradılıb və bu, sosial sahədə birgə fəaliyyətin yeni mərhələsinə təkan verib.
Hazırda TDT çərçivəsində üzv ölkələr arasında sosial sahədə əməkdaşlıq bir neçə əsas istiqamətdə inkişaf etdirilir. Əmək və sosial müdafiə sahəsində əməkdaşlıq önəmli istiqamətlərdəndir. Üzv ölkələr arasında işçi miqrasiyası, sosial sığorta və sosial təminat sistemlərinin uyğunlaşdırılması üzrə təcrübə mübadiləsi aparılır. Bu, yalnız sosial rifahın artırılmasına deyil, həm də regionda sabitliyin möhkəmlənməsinə stimul verir. Bu sahəyə yönəlmiş bir sıra layihələr türk dövlətləri arasında humanitar həmrəyliyi və idarəçilik sahəsində təcrübə mübadiləsini gücləndirir. Sosial xidmətlərin təkmilləşdirilməsi, uşaq və qadın siyasətinin koordinasiyası, həmçinin səhiyyə sahəsində təcrübə paylaşımı TDT-yə üzv dövlətlər arasında qarşılıqlı fəaliyyətin nümunələridir. Həmrəylik prinsipi təbii fəlakətlər zamanı birgə yardım və resurs paylaşımı ilə özünü göstərir. Fəlakət baş verdikdə TDT dövlətlərinin bir-birinə yardım göstərməsi təşkilatın sosial həmrəylik prinsiplərini daha da gücləndirir. Bu, türk dünyasında "birlikdə daha güclüyük" anlayışının real tətbiqidir.
Bu kontekstdə 2024-cü il oktyabrın 31-də Ankarada "Türk dövlətlərində sosial müdafiə, iş həyatı və sosial xidmətlər" mövzusunda keçirilən beynəlxalq konfrans böyük əhəmiyyət daşıyıb. Konfransın əsas məqsədi üzv dövlətlər arasında təcrübə mübadiləsini genişləndirmək, sosial müdafiə və əmək siyasətində ortaq yanaşmaların müəyyənləşdirilməsinə dəstək vermək idi. Tədbir çərçivəsində müxtəlif işçi qrupları yaradılıb, gələcək birgə layihələrin və əməkdaşlıq mexanizmlərinin planlaşdırılması ilə bağlı qərarlar qəbul edilib. Müzakirələrdə əmək bazarının inkişafı, sosial müdafiə sistemlərinin təkmilləşdirilməsi, sosial xidmətlərin koordinasiyası və ölkələr arasında işçi miqrasiyasının idarə olunması məsələlərinin ortaq yanaşma ilə həll edilməsinin vacibliyi vurğulanıb.
Qeyd edək ki, TDT çərçivəsində əmək və sosial müdafiə sahəsində yalnız fikir mübadiləsi deyil, həm də praktik əməkdaşlıq həyata keçirilir. Bu mənada Azərbaycanın DOST Agentliyi ilə Türkiyənin İŞKUR qurumu 2024-2025-ci illər üçün hazırlanan tədbirlər planı çərçivəsində təcrübə mübadiləsi aparır. 2025-ci ilin iyun ayında Ankarada bu əməkdaşlıq mexanizmləri ilə bağlı görüş keçirilib və birgə fəaliyyətin daha da genişləndirilməsi müzakirə olunub. Azərbaycan və Türkiyə arasında isə sosial müdafiə sahəsində ikitərəfli köklü əməkdaşlıq mövcuddur. 1998-ci ildə imzalanmış "Sosial müdafiə sahəsində əməkdaşlıq" sazişi və digər prosedur-müqavilələr bu sahədə hüquqi əsas yaradaraq, iki ölkə arasında davamlı və sistemli əməkdaşlığı təmin edir.
Bu istiqamətdə Mərkəzi Asiya dövlətləri arasında da mühüm əməkdaşlıq tədbirləri həyata keçirilir. Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Türkmənistan sosial müdafiə və məşğulluq sahələrində təcrübə mübadiləsi aparır, əmək bazarının inkişafı və sosial xidmətlərin keyfiyyətinin yüksəldilməsi üçün birgə layihələr həyata keçirirlər. Qazaxıstan və Qırğızıstan arasında əmək miqrasiyası ilə bağlı hazırlanmış ortaq proqramların sayəsində əmək hüquqları və sosial təminat sahəsində təcrübə paylaşımı sistemli şəkildə aparılır. Eyni zamanda Mərkəzi Asiya ölkələrinin sosial xidmət qurumları təlimlər, seminarlar və konfranslar vasitəsilə qarşılıqlı təcrübə mübadiləsi həyata keçirir ki, bu da regiondakı sosial stabilliyin möhkəmlənməsinə töhfə verir. Beləliklə, Azərbaycan, Türkiyə və Mərkəzi Asiya dövlətləri TDT çərçivəsində əmək və sosial müdafiə sahəsində birgə fəaliyyətləri gücləndirərək, sosial rifahın artırılması, eləcə də qarşılıqlı həmrəyliyin təmin olunmasına nail olurlar.
Qeyd etdiyimiz əməkdaşlığın növbəti mərhələsi kimi üzv ölkələr arasında birbaşa dialoq və təcrübə paylaşımını gücləndirmək üçün mühüm görüşlər keçirilir. Məhz bu çərçivədə bu gün Bakıda keçirilən TDT-yə üzv ölkələrin "Əmək, məşğulluq və sosial müdafiə nazirləri"nin birinci iclası region üçün önəmli hadisə kimi diqqət çəkir. Belə tədbirlər üzv dövlətlər arasında koordinasiyanı artırır, sosial siyasət, sosial müdafiə sistemləri və əmək bazarı ilə bağlı təcrübə və təklif mübadiləsinə zəmin yaradır. Üstəlik də məşğulluq xidmətlərinin təşkili, sosial ödənişlərin verilməsi mexanizmləri və sosial xidmətlərin rəqəmsallaşdırılması sahəsində üzv ölkələrə bir-birindən öyrənməyə imkan verir. Hər ölkə öz sosial siyasətini daha optimal və ölkə şərtlərinə uyğun qurmaq üçün nümunələr götürə bilir. Beləliklə, nazirlərin iclaslarının başlaması və nazirliklərarası birbaşa əməkdaşlıq strukturlarının yaradılması, ortaq yanaşmaların müəyyənləşdirilməsi, qarşılıqlı təcrübə mübadiləsinin təşkili və birgə sənədlərin (bəyannamə) imzalanması göstərir ki, bu sahə uzunmüddətli strateji prioritetdir.
Züleyxa ƏLİYEVA,
"Azərbaycan"