Dialoq qurulması istiqamətdə etdiyimiz çoxsaylı müraciətlər BMT-nin ali orqanlarının, Baş Assambleyanın və Təhlükəsizlik Şurasının rəsmi sənədləri kimi yayılıb. Həmin sənədlərdə biz dünya ictimaiyyətini Ermənistan–Azərbaycan münaqişəsinin tarixi kökləri və mahiyyəti barədə məlumatlandıraraq bildirmişik ki, ermənilərin Qərbi Azərbaycanda soydaşlarımıza qarşı törətdikləri fərdi və kollektiv cinayətlərin tarixi 200 il əvvələ gedib çıxsa da, son 100 ildə bu cinayətlər daha da genişlənmiş və bütün hədləri aşıb.
AZƏRTAC xəbər verir ki, bu sözləri Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərov "Mədəni irs və qayıdış hüququ” mövzusunda keçirilən beynəlxalq konfransda söyləyib.
O bildirib ki, əvvəl 1905-ci ildə, sonra 1918-1921-ci illərdə, daha sonra 1948-1953-cü illərdə, ən sonda 1987-1991-ci illərdə xalqımıza qarşı saysız-hesabsız cinayətlər törədilib.
“Təkcə sonuncu deportasiya zamanı – 1987-1991-ci illərdə Ermənistanda 200 nəfərdən çox dinc azərbaycanlı sakin etnik və dini zəmində ermənilər tərəfindən qətlə yetirilib, 400-dən artıq soydaşımız bədən xəsarəti alıb. 300-ə yaxın yaşayış məntəqəsindən qovulan azərbaycanlılara fərdi təsərrüfatlar və ictimai təsərrüfatlar üzrə on milyardlarla ABŞ dolları həcmində maddi ziyan vurulub. Yeraltı-yerüstü sərvətləri, tarixi-mədəni abidələrə vurulan ziyanı da bura əlavə etsək, bu rəqəm bir neçə dəfə artar. Mənəvi ziyanı isə heç bir məbləğlə əvəz etmək mümkün deyil.
Lakin təəssüf ki, Ermənistan tərəfi bütün bu cinayətlərə görə nəinki hüquqi məsuliyyət daşımaq istəmir, üstəlik, ata-baba yurdundan qovulan insanların geriyə qayıdış hüququnu inkar edir”, - deyə Əziz Ələkbərov qeyd edib.