Bu onları psixoloji travmalardan qoruyacaq
Müasir dövrdə virtual aləm, sosial şəbəkələr təkcə böyüklərin deyil, uşaq və yeniyetmələrin də həyatının ayrılmaz hissəsinə çevrilib. Uşaqlar internet platformaları, sosial şəbəkələr vasitəsilə asudə vaxtlarını keçirir, müxtəlif insanlarla ünsiyyət qururlar. Lakin rəqəmsal platformalar müsbət tərəfləri ilə yanaşı, ciddi kiber-təhdidlər, psixoloji travmaları da özündə ehtiva edir.
Xüsusən son dönəmlərdə yeniyetmələr arasında sosial şəbəkələrdə təhqir, şantaj və təcrid olunma halları kütləviləşib. Bu, uşaqlarda depressiya, özünəqapanma meyillərini kəskin şəkildə artırır. Şiddət, narkotik maddələrin təbliği və başqa kontentlər uşaqların psixikasını ciddi şəkildə zədələyir. Alqoritmlər uşaqları saatlarla ekrana bağlamaq üçün proqramlaşdırılıb. Bu isə diqqət dağınıqlığına, yuxu pozğunluğuna, real dünyadan qopmaya səbəb olur.
Dünyanın bir çox inkişaf etmiş ölkəsi bu təhlükənin qarşısını almaq üçün hüquqi addımlar atmağa başlayıb. Çünki problemin yalnız valideyn nəzarəti ilə həll olunmadığı sübuta yetirilib. Avstraliya hökuməti 16 yaşdan kiçik şəxslərin sosial şəbəkələrdən istifadəsinə məhdudiyyətlər tətbiq edib. Sosial media platformaları ayda neçə uşağın sosial şəbəkə hesabını bağladıqları barədə məlumat təqdim etməlidirlər. Fransa “rəqəmsal yetkinlik” yaşını 15 olaraq müəyyənləşdirib.
Çin “gənclik rejimi” tətbiq edərək uşaqlar üçün oyun və sosial media vaxtını gündəlik 40 dəqiqə ilə məhdudlaşdırıb, gecə saatlarında isə giriş bağlanır. ABŞ-də 14 yaşdan aşağı uşaqların sosial media hesabı açmasını qadağan edən qanun qəbul edilib. Böyük Britaniya "Onlayn Təhlükəsizlik Aktı" vasitəsilə texnologiya şirkətlərinə uşaqları zərərli məzmundan qorumaq öhdəliyi qoyub, əks halda milyardlarla funt-sterlinq cərimə nəzərdə tutulur.
Avropa İttifaqı Rəqəmsal Xidmətlər Aktı (DSA) çərçivəsində yetkinlik yaşına çatmayanların şəxsi məlumatlarının hədəfli reklamlar üçün toplanmasını qadağan edib.
Azərbaycanda da uşaqların rəqəmsal təhlükəsizliyi məsələsi dövlətin diqqət mərkəzindədir. Bununla əlaqədar olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsi qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə təqdim olunub.
Layihəyə əsasən, 16 yaşı tamam olmamış şəxslərin platformada fərdi rəqəmsal hesablarının yaradılmasına yol verilməyəcək. Təklif olunan dəyişikliyə əsasən provayderlər bu Qanun qüvvəyə mindikdən sonra 16 yaşdan aşağı uşaqlara məxsus mövcud fərdi rəqəmsal hesablara girişin məhdudlaşdırılmasını, şəxsin 16 yaşının tamam olmasını təsdiq edən məlumat təqdim edilmədikdə həmin hesabların və fərdi məlumatlarının silinməsini təmin etməli və bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat verməlidirlər.
16-18 yaş arası uşaqların həyatına, sağlamlığına, cinsi toxunulmazlığına, şərəfinə, ləyaqətinə və qanunla qorunan digər hüquq və azadlıqlarına təhlükə yaradan zərərli məzmunların yayılmasının qarşısının alınması üçün provayder platformada fasiləsiz rejimdə fəaliyyət göstərən və operativ müdaxiləni təmin edən rəqəmsal həlləri tətbiq etməlidir. Belə halların qarşısının alınması üzrə provayderin texniki müdaxilə müddəti zərərli məzmunun aşkar edildiyi andan etibarən 24 saatdan artıq olmamalıdır.
Nəticə etibarı ilə sosial şəbəkələr idarə olunmadıqda uşaq və yeniyetmələrin həm mənəvi, həm də fiziki sağlamlığını təhdid edən rəqəmsal silaha çevrilir. Azərbaycanda bu məsələyə dair qanunvericilik bazasının beynəlxalq standartlara uyğun təkmilləşdirilməsi təqdirəlayiq və zəruri addımdır. Lakin unutmayaq ki, rəqəmsal gigiyenanın təmin edilməsi təkcə qanunların deyil, həm də cəmiyyətin, təhsil müəssisələrinin və valideynlərin birgə məsuliyyətidir.
İsmayıl QOCAYEV,
"Azərbaycan"