Azərbaycan xalqının müasir tarixində xüsusi əhəmiyyətə malik olan 15 İyun – Milli Qurtuluş Günü dövlətçilik salnaməmizin ən mühüm dönüş nöqtələrindən biridir. Məhz bu tarixdə xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev ölkəmizi parçalanmaq, müstəqilliyini itirmək və vətəndaş qarşıdurmasına sürüklənmək təhlükəsindən xilas edərək Azərbaycanın inkişaf yolunu müəyyənləşdirdi. Milli Qurtuluş təkcə həmin dövrün siyasi böhranından çıxış deyil, həm də müstəqil Azərbaycan dövlətinin gələcək taleyini müəyyən edən strateji seçim idi.
Müstəqilliyin ilk illərində Azərbaycan son dərəcə mürəkkəb vəziyyətlə üzləşmişdi. Ermənistanın hərbi təcavüzü nəticəsində torpaqlarımız işğal olunur, ölkə daxilində siyasi çəkişmələr dərinləşir, dövlət idarəetməsində ciddi böhran yaşanırdı. İqtisadiyyat tənəzzülə uğramış, sosial vəziyyət ağırlaşmış, qanunsuz silahlı birləşmələr müxtəlif bölgələrdə özbaşınalıq yaradırdı. Ayrı-ayrı qüvvələrin hakimiyyət uğrunda mübarizəsi dövlət institutlarını iflic vəziyyətinə salmış, ölkədə xaos və anarxiya mühiti formalaşdırmışdı. Bütün bunlar Azərbaycan dövlətinin gələcəyini ciddi təhlükə altına salmışdı.
1993-cü ilin iyun ayında Gəncədə baş verən hadisələr ölkədəki siyasi böhranı daha da kəskinləşdirdi. Respublikada vətəndaş müharibəsi təhlükəsi yaranmış, dövlət hakimiyyəti faktiki olaraq idarəetmə imkanlarını itirmişdi. Belə bir şəraitdə Azərbaycan xalqı öz xilasını böyük dövlət xadimi Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışında görürdü. Xalqın çağırışına cavab verən Heydər Əliyevin iyunun 9-da Bakıya gəlməsi ölkədə sabitliyə və gələcəyə olan ümidləri yenidən canlandırdı. Bu qayıdış təkcə siyasi liderin hakimiyyətə dönüşü deyil, dövlətçilik ideyasının və milli həmrəyliyin təntənəsi idi.
Heydər Əliyev ilk gündən siyasi müdrikliyi, qətiyyəti və zəngin dövlətçilik təcrübəsi ilə ölkədə qarşıdurmanın qarşısını almağa nail oldu. Ulu Öndərin 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin Sədri seçilməsi ilə ölkədə dövlət quruculuğunun yeni mərhələsi başlandı. Məhz bu tarix Milli Qurtuluş Günü kimi Azərbaycanın müasir tarixində və xalqımızın yaddaşında əbədi həkk olundu. Sonrakı dövrdə həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində ölkədə sabitlik bərpa edildi, qanunsuz silahlı dəstələr zərərsizləşdirildi, dövlət idarəçiliyində vahid prinsip və məsuliyyət sistemi formalaşdırıldı.
Heydər Əliyevin rəhbərliyi altında qısa müddətdə ictimai-siyasi sabitlik təmin edildi, dövlət institutları möhkəmləndirildi, qanunçuluq bərpa olundu. Ordu quruculuğuna xüsusi diqqət yetirildi, iqtisadi və hüquqi islahatlara başlanıldı. 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” Azərbaycanın iqtisadi inkişafının əsasını qoyaraq ölkəmizin beynəlxalq nüfuzunun artmasına mühüm töhfə verdi. Xarici sərmayələrin cəlb olunması, enerji strategiyasının uğurla həyata keçirilməsi, bazar iqtisadiyyatı prinsiplərinin tətbiqi ölkənin davamlı inkişafı üçün möhkəm zəmin yaratdı. 1995-ci ildə qəbul edilən Konstitusiya isə dövlət quruculuğunun hüquqi əsaslarını müəyyən etdi.
1993–2003-cü illərdə həyata keçirilən məqsədyönlü siyasət Azərbaycanın gələcək inkişafı üçün möhkəm təməl yaratdı. Ulu Öndərin müəyyən etdiyi strateji kurs nəticəsində ölkəmiz regional və beynəlxalq səviyyədə etibarlı tərəfdaş kimi tanındı, siyasi və iqtisadi sabitlik təmin edildi. Azərbaycanın beynəlxalq təşkilatlarla əməkdaşlığı genişləndi, milli maraqlara əsaslanan balanslaşdırılmış xarici siyasət kursu formalaşdı. Dövlətçilik ənənələrinin möhkəmləndirilməsi və milli həmrəyliyin gücləndirilməsi həmin dövrün ən mühüm nailiyyətlərindən biri oldu.
Heydər Əliyevin müəyyən etdiyi inkişaf siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Azərbaycanı tarixinin ən qüdrətli dövlətinə çevirib. Həyata keçirilən genişmiqyaslı islahatlar, müasir infrastrukturun qurulması, qeyri-neft sektorunun inkişafı, rəqəmsal transformasiya və sosial rifahın yüksəldilməsi istiqamətində görülən işlər ölkəmizin hərtərəfli tərəqqisini təmin edib. Bu gün Azərbaycan beynəlxalq aləmdə söz sahibi olan, böyük enerji, nəqliyyat və logistika layihələrinin təşəbbüskarı və fəal iştirakçısı kimi tanınır. Bakı-Tbilisi-Ceyhan, Cənub Qaz Dəhlizi, Orta Dəhliz kimi mühüm layihələr ölkəmizin geosiyasi və geoiqtisadi əhəmiyyətini daha da artırıb.
Ən mühüm tarixi nailiyyət isə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunmasıdır. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli və müdrik rəhbərliyi ilə qazandığımız tarixi Zəfər xalqımızın ədalət mübarizəsini uğurla başa çatdırdı. Hazırda işğaldan azad olunmuş torpaqlarımızda genişmiqyaslı bərpa və yenidənqurma işləri həyata keçirilir, Böyük Qayıdış Proqramı uğurla icra olunur. Qarabağ və Şərqi Zəngəzur yeni inkişaf mərhələsinə qədəm qoyaraq Azərbaycanın iqtisadi və sosial həyatına yenidən inteqrasiya olunur. Bununla da Ulu Öndər Heydər Əliyevin ən böyük arzularından biri gerçəkləşmiş oldu.
Bu gün Azərbaycan tarixinin şərəfli və qürurverici bir dövrünü yaşayır. Milli Qurtuluş Günü ilə başlanan xilas və inkişaf yolu Zəfər və qüdrət zirvəsinə yüksəlib. Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası nəticəsində qorunub saxlanılan müstəqil Azərbaycan dövləti Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni inkişaf mərhələsinə qədəm qoyub. Müstəqilliyimizin və dövlətçiliyimizin təməlləri sarsılmaz və əbədidir. Azərbaycan xalqı Milli Qurtuluşun yaratdığı möhkəm təməl üzərində daha güclü, daha qüdrətli və daha firavan gələcəyə doğru inamla irəliləyir. Qurtuluşdan başlanan bu yol Azərbaycanın müstəqil dövlət kimi əbədiyaşarlığının, xalqımızın birliyinin və milli iradəsinin parlaq təcəssümüdür.
Müşfiq MƏMMƏDLİ,
Milli Məclisin deputatı