13 İyun 2026 09:05
229
SİYASƏT
A- A+
Azərbaycan-Türkiyə müttəfiqliyinin yeni dövrü

Azərbaycan-Türkiyə müttəfiqliyinin yeni dövrü


2021-ci il iyunun 15-də Azərbaycanın mədəniyyət paytaxtı, Qarabağın tacı olan Şuşa şəhərində imzalanan "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi" iki qardaş dövlət arasında münasibətlərin tarixində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanan bu sənəd təkcə iki ölkə arasındakı əlaqələrin hüquqi və siyasi bazasını gücləndirmədi, həm də regionun gələcək geosiyasi mənzərəsini müəyyən edən mühüm strateji sənəd kimi tarixə düşdü.

Şuşa Bəyannaməsinin imzalanması təsadüfi məkan və zaman seçimi deyildi. Azərbaycan xalqının tarixi yaddaşında xüsusi yer tutan Şuşa şəhərində imzalanan sənəd 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfərin siyasi nəticələrinin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyırdı. Bəyannamə Azərbaycan-Türkiyə münasibətlərini faktiki olaraq strateji tərəfdaşlıq səviyyəsindən müttəfiqlik səviyyəsinə yüksəltdi.

Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, sənədin ideoloji təməlində türk dünyasının böyük liderləri Mustafa Kamal Atatürk və Heydər Əliyevin siyasi irsi dayanır. Atatürkün "Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir", Ümummilli Lider Heydər Əliyevin isə "Bir millət, iki dövlət" kəlamları Şuşa Bəyannaməsinin mahiyyətini və fəlsəfəsini özündə əks etdirir. Bu baxımdan sənəd yalnız siyasi razılaşma deyil, həm də ortaq tarixə, mədəniyyətə və milli-mənəvi dəyərlərə əsaslanan strateji yol xəritəsidir.


Qardaşlıqdan müttəfiqliyə uzanan yol


Azərbaycan və Türkiyə münasibətləri uzun illər ərzində yüksək səviyyədə inkişaf etsə də, Şuşa Bəyannaməsi bu əlaqələri keyfiyyətcə yeni mərhələyə çıxardı. Sənəd iki ölkə arasında sarsılmaz müttəfiqlik münasibətlərinin hüquqi əsaslarını müəyyənləşdirdi və əməkdaşlığın bütün istiqamətlərini əhatə etdi. Bəyannamədə siyasi dialoq, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək, iqtisadi əməkdaşlıq, enerji təhlükəsizliyi, nəqliyyat-kommunikasiya layihələri, müdafiə sənayesi, təhsil, mədəniyyət, humanitar əlaqələr və digər strateji sahələr üzrə konkret hədəflər müəyyənləşdirilib. Bu baxımdan Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə münasibətlərini yalnız ikitərəfli çərçivədə deyil, həm də regional və qlobal səviyyədə yeni mərhələyə daşıyan sənəd kimi çıxış edir.

Şuşa Bəyannaməsinin əsas strateji xüsusiyyətlərindən biri onun regionda inteqrasiya proseslərinə verdiyi töhfədir. Sənəd Cənubi Qafqazda uzunmüddətli sülhün və əməkdaşlığın təmin olunmasına yönəlmiş yeni yanaşmanın formalaşdırılmasına xidmət edir. Azərbaycanın Vətən müharibəsində qazandığı qələbədən sonra yaranmış yeni geosiyasi reallıqlar fonunda bəyannamə bölgədə əməkdaşlıq imkanlarının genişlənməsinə, iqtisadi əlaqələrin inkişafına və nəqliyyat-kommunikasiya xətlərinin açılmasına mühüm dəstək verir. Bu kontekstdə sənəddə xüsusi yer tutan layihələrdən biri Zəngəzur dəhlizidir (TRIPP).

Dəhliz yalnız Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikasını birləşdirmir, eyni zamanda Türkiyə ilə Azərbaycan arasında birbaşa quru bağlantını təmin etməklə, Orta dəhlizin imkanlarını genişləndirir. Avropa ilə Asiyanı birləşdirən mühüm logistika marşrutu kimi nəzərdə tutulan bu layihə beynəlxalq ticarət dövriyyəsinin artmasına, regional iqtisadi inteqrasiyanın dərinləşməsinə və türk dünyasının nəqliyyat əlaqələrinin güclənməsinə xidmət edir. Qars-İğdır-Naxçıvan dəmir yolu layihəsinin həyata keçirilməsi də məhz bu strateji baxışın tərkib hissəsidir. Gələcəkdə Bakı-Tbilisi-Qars dəmir yolu ilə inteqrasiya olunacaq bu xətt regionun nəqliyyat potensialını daha da artıracaq.


İqtisadi əməkdaşlıq və investisiya imkanları


Şuşa Bəyannaməsi iqtisadi sahədə də yeni perspektivlər açıb. Sənəddə qarşılıqlı investisiyaların təşviqi, ticarət əlaqələrinin genişləndirilməsi, iqtisadiyyatın şaxələndirilməsi və yeni biznes imkanlarının yaradılması mühüm istiqamətlər kimi müəyyən edilib. Bu gün Azərbaycan və Türkiyə qarşılıqlı investisiyalar üzrə əsas tərəfdaşlar sırasında yer alır. Qarşılıqlı sərmayə qoyuluşları strateji sektorların inkişafına, yeni iş yerlərinin yaradılmasına və iqtisadi inteqrasiyanın dərinləşməsinə şərait yaradır. Eyni zamanda işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma layihələrində Türkiyə şirkətlərinin fəal iştirakı iki ölkə arasında iqtisadi əməkdaşlığın praktik nəticələrindən biridir. Qarabağ və Şərqi Zəngəzurda aparılan tikinti, infrastruktur, enerji və nəqliyyat layihələri bölgənin iqtisadi potensialının reallaşdırılmasına xidmət edir. Şuşanın və ətraf ərazilərin turizm imkanlarının inkişafı da yeni investisiya istiqamətləri yaradır və regionun beynəlxalq turizm xəritəsində mövqeyinin möhkəmlənməsinə şərait yaradır.


Müdafiə və təhlükəsizlik sahəsində tarixi əməkdaşlıq


Şuşa Bəyannaməsinin ən mühüm istiqamətlərindən biri müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın daha da dərinləşdirilməsidir. Sənədin bu hissəsi iki dövlət arasında hərbi müttəfiqliyin əsaslarını formalaşdırır. Bəyannaməyə əsasən, tərəflərdən birinin müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə və ya beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına qarşı təhdid və ya təcavüz olduğu halda birgə məsləhətləşmələr aparılacaq və qarşılıqlı dəstək mexanizmləri işə salınacaqdır. Müdafiə sənayesi sahəsində əməkdaşlığın genişləndirilməsi, müasir silah sistemlərinin istehsalı, pilotsuz uçuş aparatları texnologiyalarının inkişafı, hərbi təlimlərin keçirilməsi və Silahlı Qüvvələrin birgə fəaliyyət qabiliyyətinin artırılması da sənədin prioritet istiqamətləri sırasında yer alır. Bu baxımdan Şuşa Bəyannaməsi yalnız iki ölkənin təhlükəsizlik maraqlarını deyil, bütövlükdə regionda sabitliyin qorunmasını təmin edən mühüm faktor kimi çıxış edir.


Xarici siyasətdə koordinasiya və beynəlxalq nüfuz


Bəyannamədə xarici siyasət sahəsində koordinasiya məsələləri də xüsusi yer tutur. Tərəflər beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin davam etdirilməsini, regional və qlobal problemlərin həllində birgə fəaliyyət göstərilməsini vacib hesab edirlər. Azərbaycan və Türkiyənin milli maraqlara əsaslanan müstəqil xarici siyasət kursu beynəlxalq münasibətlər sistemində onların təsir imkanlarını daha da artırır. Müxtəlif beynəlxalq platformalarda nümayiş etdirilən həmrəylik iki ölkənin söz və nüfuz sahibi kimi mövqelərini möhkəmləndirir. 

Şuşa Bəyannaməsinin mühüm istiqamətlərindən biri də diaspor və media sahəsində əməkdaşlıqdır. Xaricdə yaşayan Azərbaycan və türk icmaları arasında əlaqələrin genişləndirilməsi, informasiya mübadiləsinin artırılması, ortaq media platformalarının formalaşdırılması və diplomatik fəaliyyətlərin əlaqələndirilməsi beynəlxalq informasiya məkanında daha effektiv fəaliyyət üçün mühüm əhəmiyyət daşıyır.


Revanşist qüvvələrə açıq mesaj


Şuşa Bəyannaməsinin siyasi və geosiyasi əhəmiyyəti onun verdiyi strateji mesajlarda da özünü göstərir. Sənəd Ermənistanda revanşist meyillərin gücləndiyi dövrlərdə bölgədə yeni reallıqların dəyişməz olduğunu nümayiş etdirən mühüm siyasi ismarışdır. Bəyannamə açıq şəkildə göstərir ki, Azərbaycan və Türkiyə bölgədə sülhün, təhlükəsizliyin və sabitliyin təmin olunması naminə birgə fəaliyyət göstərmək əzmindədirlər. Bu, eyni zamanda Azərbaycanın ərazi bütövlüyünə yönələn istənilən təhdidə qarşı qəti mövqeyin ifadəsi kimi qiymətləndirilir.


Tarixi Qars müqaviləsindən Şuşa Bəyannaməsinə


Prezident İlham Əliyevin vurğuladığı kimi, Şuşa Bəyannaməsində 1921-ci ildə imzalanmış Qars müqaviləsinə istinad edilməsi xüsusi rəmzi məna daşıyır. Tarixi Qars müqaviləsindən düz yüz il sonra azad Şuşada müttəfiqlik haqqında sənədin imzalanması keçmişlə gələcək arasında strateji körpü yaradır. Bu baxımdan Şuşa Bəyannaməsi yalnız bu günün deyil, gələcək onilliklərin də siyasi və iqtisadi inkişaf istiqamətlərini müəyyən edən mühüm sənəd kimi çıxış edir.

Şuşa Bəyannaməsinin imzalanmasından sonra hər il iyunun 15-də Şuşada keçirilən beynəlxalq konfranslar sənədin ideoloji və siyasi irsinin yaşadılmasına xidmət edir. 2022-ci ildə "Azərbaycan-Türkiyə strateji müttəfiqlik münasibətləri Qafqaz və region üçün sülh və sabitlik mənbəyidir", 2023-cü ildə "Qurtuluşdan Zəfərə", 2024-cü ildə "Türk Dövlətləri Təşkilatı: geosiyasi reallıqlar və qlobal kataklizmlər fonunda yeni strateji hədəflərə doğru", 2025-ci ildə isə "Yeni dünya nizamı: geosiyasi aspektlər və qlobal çağırışlar" mövzusunda keçirilən beynəlxalq konfranslar Şuşa Bəyannaməsinin yaratdığı siyasi platformanın genişlənməkdə olduğunu göstərir.

Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə münasibətlərinin zirvə nöqtələrindən biri olmaqla yanaşı, bütövlükdə türk dünyasının birliyini, regional əməkdaşlığı və strateji tərəfdaşlığı gücləndirən tarixi sənəddir. Bu sənəd iki qardaş dövlət arasında münasibətləri ən yüksək səviyyəyə qaldıraraq siyasi, iqtisadi, hərbi və humanitar sahələrdə uzunmüddətli əməkdaşlığın əsaslarını müəyyənləşdirib. Bütövlükdə, Şuşa Bəyannaməsi regionun gələcək inkişaf trayektoriyasını müəyyən edən əsas siyasi sənədlərdən biridir.


Sevil MİKAYILOVA,

Milli Məclisin deputatı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

TDT-yə üzv ölkələrin rəqabət orqanları arasında qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsi strateji əhəmiyyət kəsb edir  

11:10
13 İyun

Milli Qurtuluşla başlanan şərəfli tarix: güclü və qalib Azərbaycan

11:08
13 İyun

Elnur Bağırov: TDT-yə üzv ölkələrin əməkdaşlıq təşəbbüsləri Qarabağın və Şərqi Zəngəzurun dirçəlişinə töhfə verir  

11:07
13 İyun

AZAL Naxçıvana uçuşları bərpa edib

11:06
13 İyun

Azərbaycan məktəblərində “Son zəng” sədaları  

10:59
13 İyun

Dünyanın ən təhlükəli 7 vulkanı  

10:52
13 İyun

Konqo Demokratik Respublikasında “Ebola” virusundan ölənlərin sayı 139 nəfərə çatıb

10:38
13 İyun

Cəmşid Naxçıvanski adına Hərbi Liseyin 54-cü buraxılış mərasimi olub

10:36
13 İyun

Əməkdaşlığın möhkəmlənməsinə xidmət edən siyasi sənəd

10:20
13 İyun

Ulu Öndərin xilaskarlıq missiyası və müstəqil dövlət quruculuğu

10:18
13 İyun

Şuşada Türk Dövlətləri Rəqabət Forumu: Regional inteqrasiyada yeni mərhələ - YENİLƏNİB  

10:02
13 İyun

Bilmək istəyirəm

09:17
13 İyun

2026-cı il Dünya Kuboku haqqında nəyi bilməliyik

09:15
13 İyun

Azərbaycan regionda iqtisadi inteqrasiyanın və təhlükəsizliyin əsas təminatçısıdır

09:10
13 İyun

Azərbaycan-Türkiyə müttəfiqliyinin yeni dövrü

09:05
13 İyun

Müttəfiqliyin Şuşa Zirvəsi

09:00
13 İyun

Kənd təsərrüfatının inkişafında yeni mərhələ

08:57
13 İyun

Ulu Öndərin arzuladığı Azərbaycan 

08:55
13 İyun

Dövlətçiliyimizin 15 İyundan başlayan yüksəliş yolu 

08:53
13 İyun

Müasir tariximizin qürur səhifəsi

08:50
13 İyun

33 il öncə təməli qoyulmuş Zəfər və inkişaf

08:47
13 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!