Mikayıl Hüseynovun çoxşaxəli memarlıq fəaliyyəti Azərbaycan arxitekturasının təkmilləşməsi və yüksəlişi məsələləri ilə birbaşa bağlıdır. O, müasir Bakı memarlığının ən yaxşı nümunələrinin müəllifi olmuşdur. Həmin nümunələrin ideyası və ifadə üslubu indi də paytaxtımız üçün öz aktuallığını qoruyub saxlamaqdadır.
Belə gözəl memarlıq abidələrindən biri də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasıdır. Dünya mütəxəssislərinin rəylərinə görə, kitabxananın hazırkı binası milli memarlığın ən möhtəşəm nümunələrindən biri hesab olunur. Mikayıl Hüseynov layihədə klassik memarlıq elementləri ilə milli memarlıq ənənələrini xüsusilə portal və eyvanlarda sintez etmişdir.
Binanın inşasına 1949-cu ildə başlanılmış və tikinti işləri 1959-cu ildə tamamlanmışdır. Kitabxana kollektivi yeni binaya 1960-cı ildə köçmüş və rəsmi açılış da həmin vaxt baş tutmuşdur. Mikayıl Hüseynov binanı layihələndirərkən Şərq elementlərini - tağları, sütunları, şəbəkələri modern strukturla birləşdirmişdir. Kitabxananın daxili planı isə elə qurulub ki, təbii işıq oxu zallarına maksimum dərəcədə daxil olsun. Bina tikilərkən o dövrün ən müasir ventilyasiya və yanğından mühafizə sistemləri ilə təchiz edilib. Mütəxəssislər tərəfindən binanın "Stalin ampiri" ilə Azərbaycan milli memarlığının sintezi olduğu xüsusi vurğulanır.
Binanın eyvanında yerləşən heykəllər Azərbaycanın mədəniyyət salnaməsini əks etdirir. Burada 9 dahi şəxsiyyətin - Nizami Gəncəvinin, Məhsəti Gəncəvinin,Üzeyir bəy Hacıbəylinin, Şota Rustavelinin, Aleksandr Puşkinin, Dmitri Mendeleyevin, Həsən bəy Zərdabinin, Səməd Vurğunun, Cəfər Cabbarlının heykəlləri var.
Milli Kitabxana binasının interyer dizaynı da binanın eksteryeri (xarici görünüşü) kimi məşhur memar Mikayıl Hüseynovun müəllifliyi və rəhbərliyi ilə hazırlanıb. O dövrdə memarlar binanın həm çöl görünüşünü, həm də daxili tərtibatını vahid bir ansambl şəklində layihələndirirdilər.
Mikayıl Hüseynov daxili məkanda Avropa klassisizmi ilə Azərbaycanın milli ornamentlərini birləşdirib. Tavanlarda və sütunların yuxarı hissələrində şəbəkə və nəbati naxışlardan geniş istifadə olunub. Əsas oxu zallarının daxili tərtibatı isə həm akustik rahatlığı, həm də estetik görünüşü təmin etmək üçün hündür tavanlar və geniş pəncərələrlə layihələndirilib. Zallardakı stollar və kitab rəfləri də xüsusi olaraq binanın üslubuna uyğun hazırlanıb.
İnteryerdə təbii daşlardan, mərmərdən və keyfiyyətli ağac materiallarından istifadə edilib. Bu, binaya həm möhkəmlik, həm də saray tipli möhtəşəmlik verir. Binanın daxilindəki bəzi divar rəsmləri və bəzək elementləri o dövrün ən yaxşı rəssam və ustaları tərəfindən Mikayıl Hüseynovun eskizləri əsasında işlənilib. Yeri gəlmişkən, qeyd edək ki, 2000-ci illərdən sonra aparılan təmir və bərpa işləri zamanı binanın ilkin memarlıq görkəmi və Mikayıl Hüseynovun müəllif ideyaları olduğu kimi qorunub saxlanılmışdır. Mirzə Fətəli Axundzadə adına Azərbaycan Milli Kitabxanası Azərbaycanda kitabxana işi sahəsində dövlət siyasətini həyata keçirən, milli nəşrləri, xarici ölkələrdə Azərbaycan haqqında nəşr olunmuş çap materiallarını və Azərbaycan müəlliflərinin əsərlərini, dünya əhəmiyyətli nəşrləri, o cümlədən xarici dillərdə çap olunmuş məlumat daşıyıcılarını toplayıb mühafizə edən kitabxana və dövlət kitabsaxlayıcısıdır. Bu məbəd Azərbaycanın ən möhtəşəm kitabxanası olmaqla yanaşı, Qafqazda və Avropada ən böyük milli kitabxanalardan biridir.
2024-cü ildə Milli Kitabxananın fonduna müxtəlif mənbələrdən 50 349 nüsxə ədəbiyyat daxil olub. Həmin ədəbiyyatın 43 354 nüsxəsi kitab, 6 995 nüsxəsi isə digər növ sənədlərdən ibarətdir. Bunun 21 265 nüsxəsi azərbaycan dilində, 16 296-sı rus dilində, 12 788-i isə digər dillərdə olmuşdur. Milli Kitabxananın Fondu 4 690 311 nüsxədən ibarətdir.
Kitabxananın ən dəyərli hissələrindən biri Nadir kitablar və kitabxana muzeyi şöbəsidir. Burada XV-XVI əsrlərə aid əlyazmalar, daşbasma üsulu ilə çap olunmuş qədim nəşrlər, dünyanın ən kiçik kitablarından sayılan miniatür nəşrlər saxlanılır.
2005-ci ildən Azərbaycan Milli Kitabxanası Avropa Milli Kitabxanaları Konfransına (CENL) üzv seçilib. Bu, kitabxananın rəqəmsal resurslarının Avropa elektron kitabxana şəbəkəsinə inteqrasiya olunması deməkdir.
Azərbaycan Xalq Maarif Komissarlığının 13 noyabr 1920-ci il tarixli qərarına əsasən yaradılan, rəsmi açılışı isə 1923-cü ilin may ayının 23-də olan kitabxanaya 1939-cu ildə mütəfəkkir, dramaturq və maarifçi Mirzə Fətəli Axundzadənin adı verilmişdir.
Mikayıl Hüseynov öz işlərində daim milliliyə, ənənəçiliyə üstünlük verirdi. O, hər zaman çıxışlarında deyirdi: "Milli memarlıq ilk növbədə milli formadır, ənənədir". Milli memarlığa sadiqliyinə görə SSRİ Memarlar İttifaqı tərəfindən qınaq olunan M.Hüseynov tənqid və şərhlərə əhəmiyyət vermir, əsərlərində bu düşüncələrini geniş əks etdirirdi. Bakının mərkəzində yerləşən M.F.Axundzadə adına Milli Kitabxana unikal görünüşünə görə tarixi-memarlıq abidəsidir.
İradə ƏLİYEVA,
İlham BABAYEV (foto),
"Azərbaycan"