07 Aprel 2026 09:05
163
Mədəniyyət
A- A+
Azərbaycan satirik mətbuatının zirvəsi 

Azərbaycan satirik mətbuatının zirvəsi 


Vaxt vardı mətbuat orqanları yalnız informasiya daşıyıcısı deyildi. Qəzet və jurnallar həm də öz dövrünün ictimai, siyasi, sosial və mədəni hadisələrini özündə əks etdirir, ictimai şüurun formalaşmasına və milli düşüncə tərzinə əhəmiyyətli dərəcədə təsir göstərirdi. Bu səbəbdən hər mətbu orqanda nəşr olunduğu zamanın səsi, mənzərəsi vardı.

Çünki hər bir qəzet və jurnal mətbuat aləminə müəyyən amacla qədəm qoyurdu. İlk sayında məslək yolu, qarşısına qoyduğu vəzifə və məqsədi oxuculara açıqlanırdı. Elə mətbu orqanları var idi ki, yalnız öz üzərinə götürdüyü vəzifələri yerinə yetirmir, həm də başqa qəzet və jurnallar üçün böyük nümunəyə çevrilir, məktəb yaradırdı. 1906-cı il aprelin 7-də nəşrə başlayan "Molla Nəsrəddin" jurnalı belə nadir mətbuat nümunələrindən biridir. Azərbaycan satirik mətbuatının ilki olan bu jurnal yeni bir məktəbin əsasını qoymuşdur.

Birinci sayının işıq üzü görməsinin 120-ci ildönümündə onun Azərbaycan ictimai fikrindəki əvəzsiz rolunu bir daha xatırlayarkən, ilk növbədə, vurğulamalıyıq ki, "Molla Nəsrəddin" cəmiyyətin aynası, xalqın səsi, dövrün ağrılarını kəskin satira vasitəsilə ifadə edən güclü tribuna olmağı bacarmışdır.

"Molla Nəsrəddin"in uğurunun əsas səbəblərindən biri müdiri və baş redaktoru Cəlil Məmmədquluzadənin jurnalın ətrafına dövrün ən qabaqcıl, mütərəqqi fikirli ziyalılarını, istedadlı qələm sahiblərini toplaması idi. Jurnalın səhifələrində Cəlil Məmmədquluzadə başda olmaqla, Mirzə Ələkbər Sabir, Ömər Faiq Nemanzadə, Əliqulu Qəmküsar, Əli Nəzmi, Əbdürrəhim bəy Haqverdiyev və başqaları yalnız yazıçı, publisist, şair kimi deyil, həm də maarifçi və ictimai xadim kimi çıxış edərək "Molla Nəsrəddin"i güclü bir ideoloji və ədəbi platformaya çevirmişlər.

Jurnalın səhifələrində yer alan kəskin publisistik yazılar, felyetonlar və satirik şeirlərlə yanaşı, karikaturalar da dövrün sosial-siyasi problemlərinə toxunur, onun  təsir gücünü daha da artırırdı. Rəssamların yaratdığı satirik təsvirlər sözün gücünü tamamlayır, oxucuya daha təsirli mesaj ötürürdü. Bu karikaturalar bəzən bir məqalədən daha çox təsir gücünə malik olurdu və cəmiyyətin eyiblərini açıq-aydın göstərirdi.

Jurnalın ən mühüm xüsusiyyətlərindən biri onun cəsarəti idi. O dövr mövcud olan senzura, dini fanatizm və sosial basqılara baxmayaraq, "Molla Nəsrəddin" cəmiyyətin ən ağrılı problemlərini açıq şəkildə qabardırdı. Qadın hüquqları, təhsil məsələləri, din xadimlərinin cahilliyi məmur özbaşınalığı kimi mövzular jurnalın əsas tənqid hədəfləri idi. Bu baxımdan, jurnal yalnız ədəbi deyil, həm də ictimai-siyasi mübarizə vasitəsi kimi çıxış edirdi.

 "Molla Nəsrəddin" jurnalının əsas mövzusu cəmiyyətin sosial, mənəvi və təhsil problemlərinin satira və tənqid prizmasından işıqlandırılması idi. Jurnal gerilik, savadsızlıq, mövhumat, dini fanatizm, qadın hüquqsuzluğu, məmur özbaşınalığı və sosial ədalətsizlik kimi neqativləri kəskin ifşa edirdi. Xüsusilə xalqın maariflənməsi, dünyəvi təhsilin yayılması və azad düşüncənin formalaşdırılması jurnalın aparıcı ideya xəttini təşkil edirdi. "Molla Nəsrəddin" cəmiyyətdəki eyibləri satira hədəfinə çevirərək oxucunu düşündürür, onu dəyişməyə və yeniliyə açıq olmağa çağırırdı. Bu baxımdan, jurnal satiranı sadəcə ədəbi janr kimi deyil, ictimai islahatların mühüm vasitəsi kimi təqdim edirdi.

"Molla Nəsrəddin" jurnalının uğurunu şərtləndirən əsas amillərdən biri də onun üslubu idi. Jurnal sadə, anlaşıqlı və xalq danışıq dilindən istifadə edərək geniş oxucu kütləsinə müraciət edirdi. Yazılarda satira və yumor əsas yer tutur, istehza, kinayə və kəskin tənqid vasitəsilə cəmiyyətin nöqsanları ifşa olunurdu. Publisistik ruhla qələmə alınan məqalələrdə obrazlılıq, canlı dil, xalq deyimləri və atalar sözlərindən geniş istifadə olunurdu ki, bu da mətni həm təsirli, həm də yaddaqalan edirdi. Jurnalın üslubu eyni zamanda cəsarətli və prinsipial idi - müəlliflər heç bir sosial təbəqədən və ya mövqedən çəkinmədən həqiqəti açıq şəkildə ifadə edirdilər. Bu üslub "Molla Nəsrəddin"i həm düşündürücü, həm də oxunaqlı edən əsas xüsusiyyətlərdən biri kimi mətbuat tarixində saxladı.

"Molla Nəsrəddin" məktəbi Azərbaycan mətbuatına, eləcə də ədəbiyyatına və publisistikasına yeni nəfəs gətirmişdi. Bu məktəbin yetirmələri satiranı sadəcə gülüş vasitəsi kimi deyil, ciddi ictimai silah kimi istifadə etmişlər. Jurnalın təsiri ilə formalaşan yazıçılar və publisistlər sonrakı dövrlərdə də Azərbaycan ədəbiyyatının inkişafında mühüm rol oynamışlar. Bu mənada, "Molla Nəsrəddin" yalnız bir dövrün deyil, bütöv bir ədəbi ənənənin başlanğıcı kimi qiymətləndirilməlidir.

Əhəmiyyətli məsələlərdən biri də "Molla Nəsrəddin"in bütün qadağalara baxmayaraq, Azərbaycanın, hətta Qafqazın hüdudlarını aşması idi. Bu mətbu orqan İran, Türkiyə, Misir, Hindistan, Mərakeş kimi ölkələrə də yayılır, böyük maraqla oxunurdu.

1931-ci ildə jurnalın fəaliyyətinə son qoyuldu. Onun yaratdığı məktəb isə uzun zaman davam etdi. Çünki 120 il öncə "Molla Nəsrəddin" jurnalı Azərbaycan mətbuatına xalqı milli oyanışa, ətalətdən, gerilikdən qurtulmağa, tərəqqiyə səsləmək üçün yola çıxmış və öz missiyasını layiqincə yerinə yetirmişdi.


Zöhrə FƏRƏCOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanın ilk satirik jurnalı “Molla Nəsrəddin”in nəşrindən 120 il ötür  

10:40
07 Aprel

Prezident İlham Əliyevin Gürcüstana səfəri iki ölkə arasındakı əlaqələrə yeni təkan verəcək  

10:39
07 Aprel

Aprelin 7-si Ümumdünya Sağlamlıq Günüdür

10:33
07 Aprel

Dünya bazarında qızıl və gümüş ucuzlaşıb

10:26
07 Aprel

Vyetnam Kommunist Partiyasının rəhbəri To Lam ölkə Prezidenti seçilib

10:14
07 Aprel

“Orion” kosmik gəmisi Aya uçuşunu başa vurub, Yerə qayıdır

10:09
07 Aprel

Küveyt hava bazasına hücum nəticəsində azı 15 amerikalı yaralanıb

10:01
07 Aprel

Xəzərdə zəlzələ olub

09:48
07 Aprel

İsfahanda neft anbarı bombalanıb

09:45
07 Aprel

ABŞ: 155-dən çox İran gəmisinə zərər vurulub və ya məhv edilib

09:43
07 Aprel

İsrail ordusu Tehrandakı SEPAH qərargahına zərbələr endirdiyini açıqlayıb

09:43
07 Aprel

Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığı yeni mərhələdə

09:37
07 Aprel

Küləklər şəhərində bağ salan, çiçək yetişdirən bağbanlar

09:20
07 Aprel

Əbədiyaşar musiqi, sınaqlarda keçən bəstəkar ömrü

09:15
07 Aprel

M.F.Axundzadə adına Milli Kitabxana həm bilik məbədimiz, həm də tarixi-memarlıq abidəmizdir

09:10
07 Aprel

Azərbaycan satirik mətbuatının zirvəsi 

09:05
07 Aprel

TDT hökumət başçılarının Bakı görüşü, EGYPS 2026-da əldə olunan razılaşmalar, "Rəqəmsal əkiz" layihəsinin təqdimatı

09:00
07 Aprel

Kənd təsərrüfatında rəqəmsallaşma və süni intellektin tətbiqi məsələləri müzakirə olunub

08:57
07 Aprel

Su bəşəriyyəti sınağa çəkir

08:55
07 Aprel

Sağlamlığını qorumaq hər kəsin hüququdur

08:50
07 Aprel

Zərgər dəqiqliyi, həkim ürəyi

08:45
07 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!