20 Mart 2026 08:25
205
Mədəniyyət
A- A+
Novruz - bayramlar bayramı

Novruz - bayramlar bayramı


"Azərbaycan torpağında çox qədim köklərə malik Novruz bayramı ulu əcdadlarımızın indiki nəsillərə müqəddəs ərməğanıdır. Bu əziz bayram uzun əsrlərdən bəri milli təfəkkür tərzimizin ayrılmaz tərkib hissəsi olub, mədəni dəyərlərimizin təşəkkülünə xüsusi töhfə vermişdir. Novruz mərasimlərində xalqımızın nikbin dünyagörüşü, təbiətə sonsuz sevgisi, yüksək əxlaqi meyarları və gələcəklə bağlı ən işıqlı arzuları bütün zənginliyi ilə təcəssümünü tapır".

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti


Baharın gəlişini müjdələyən, təbiətin oyanışından soraq gətirən Novruz yenə ruhumuzu bayram ovqatına kökləyib. Həyatımızın ən xoş xatirələrini yada salanda onların mühüm qisminin məhz Novruz ilə bağlı olduğunu görürük. Bu, təsadüfi deyil: bizi böyüdən, kamilləşdirən, dünyanın rəngarəng mədəniyyətləri içində milli özünəməxsusluq qazandıran məhz milli-mənəvi dəyərlərimizdir və tarixi-etnoqrafik mahiyyəti etibarilə Novruz xalqımızın ən əhəmiyyətli dəyərləri sırasında xüsusi yer tutur. 

Bu bayram əsrlərin süzgəcindən keçərək bu günə qədər qorunub saxlanan nadir ənənələrdəndir. O, təkcə təbiətin oyanışını deyil, həm də xalqın dünyagörüşünü, həyat fəlsəfəsini, mənəvi dəyərlərini özündə əks etdirir və hər gəlişi ilə bu dəyərlərin həyatımızda nə qədər vacib yer tutduğunu, onların qorunmasının, gələcək nəsillərə ötürülməsinin həyati əhəmiyyətini bizlərə anladır.

Novruz bayramı xalqın kimliyini, tarixini, dünyagörüşünü formalaşdıran əsas sütunlardandır. O, tarixin sınaqlarından süzülüb gəlir, mədəni yaddaşımızı qoruyub saxlayır. Dil, din, adət-ənənələr, milli bayramlar, ədəbiyyat, incəsənət və s. kimi elementlər bu dəyərlərin əsas komponentləridir. Onlar yalnız keçmişin mirası deyil, həm də bu günün və gələcəyin ideoloji və mənəvi istiqamətvericisidir.

Novruz bayramı və digər milli-mənəvi dəyərlərimiz cəmiyyət daxilində birliyi, həmrəyliyi daha da gücləndirir. Bu dəyərlər ətrafında birləşən insanlar ortaq kimlik hissi formalaşdırır ki, o da sosial sabitliyin və davamlı inkişafın əsasını qoyur. Qloballaşma və sürətli texnoloji inkişaf dövründə milli dəyərlərin qorunması xüsusilə əhəmiyyət daşıyır. Çünki bu proseslər bəzən mədəni assimilyasiya riskini artırır və xalqların özünəməxsus xüsusiyyətlərinin zəifləməsinə səbəb ola bilir.

Artıq altıncı ildir ki, Novruzu insanlarımız böyük sevinc və yüksək ovqatla qarşılayırlar. Qarabağda və Şərqi Zəngəzurda bayram tonqalları çatılır. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin ordumuzun gücü ilə işğaldan azad etdiyi əzəli-əbədi torpaqlarımızda Novruz sevinci yaşanır. Düşmənin dağıdıb viran qoyduğu, bu gün isə bərpa olunan və yenidən qurulan yurd yerlərimiz növbəti cəlalını yaşayır. Novruz evlərdə, ailələrdə bir başqa büsatla, yüksək ovqatla qeyd edilir.


Novruzun yüksək səviyyədə keçirilməsi Heydər Əliyevin adı ilə bağlıdır


Milli-mənəvi dəyərlərin qorunması, inkişaf etdirilməsi liderlərin xalq qarşısındakı ən böyük xidmətlərindəndir. Bu cəhətdən Ümummilli Lider Heydər Əliyevin strateji inkişaf kursunu əzmlə davam etdirərək dövlətimizi tarixinin ən qüdrətli mərhələsinə yetirmiş Azərbaycan Prezidenti İlham Əliyevin milli dəyərlərimizə münasibətilə hər zaman qürur duyuruq. 

Dünyanın hər yerində liderlər yalnız siyasi idarəetməni həyata keçirən dövlət adamları deyil, eyni zamanda xalqın ideoloji və mənəvi istiqamətini müəyyən edən əsas şəxsiyyətlərdir. Onların çıxışları, qərarları, təşəbbüsləri milli dəyərlərin cəmiyyətdə necə qəbul olunmasına və yaşadılmasına birbaşa təsir göstərir. Bu cəhətdən Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqının milli-mənəvi dəyərlərini xalqın varlığının əsas elementi kimi qiymətləndirirdi. Böyük dövlət adamı hər zaman vurğulayırdı ki, müstəqil dövlət quruculuğu yalnız iqtisadi və siyasi güclə deyil, eyni zamanda milli kimliyin qorunması ilə mümkündür. Ulu Öndərin rəhbərliyi dövründə Azərbaycan dilinin inkişafı, adət-ənənələrimizin, inanclarımızın yaşadılması, mədəni irsin qorunması istiqamətində mühüm tarixi addımlar atılmışdır. Heydər Əliyev milli-mənəvi dəyərlərin təbliğini dövlət siyasətinin ayrılmaz hissəsinə çevirmişdi. Novruz bayramı kimi qədim ənənələrimizin dövlət səviyyəsində ən yüksək şəkildə qeyd olunmasına şərait yaratmış, milli-mədəni irsin qorunmasına böyük diqqət yetirmişdir. Bu yanaşma xalqın öz köklərinə bağlılığını daha da gücləndirmişdir. "Böyük mənəvi gücə malik olan Novruz bayramı ulu əcdadlarımızın bizə verdiyi ən gözəl yadigar olub, Azərbaycan xalqının milli ruhunu və yaddaşını, onun daxili aləmini bütün zənginliyi ilə yaşadır. Təbiətin oyanışının, varlığın yenidən canlanmasının müjdəsini verən Novruz bayramı ən qədim zamanlardan bəri həyat və məişətimizə daxil olmuş, insanlara aydın və işıqlı sabaha, xoşbəxt gələcəyə inam duyğusu bəxş etmişdir", - deyən Ulu Öndər bu bayramı milli ruhumuzu yaşadan, xalqın genetik yaddaşını qoruyan əsas amil kimi dəyərləndirmiş və onu əbədiləşdirmişdir. Bu, əslində Ümummilli Lider tərəfindən atılan möhtəşəm bir addım idi. 

Bu bayram müəyyən dövrlərdə təzyiqlərə məruz qalmışdır. Əvvəlcə imperiya ideoloqları müxtəlif yollarla Novruzu milli yaddaşımızdan silib ilhaq etdikləri ərazilərdə yeni bayramları dəbə gətirməklə onu gözdən salmağa, xalq içərisində unutdurmağa böyük cidd-cəhd göstərmişlər. Novruzun milli bayram kimi keçirilməsinə böyük qadağalar qoyulmuş, o, dini bayram hesab edilərək sovet dövləti tərəfindən yaddaşlardan silinməyə çalışılmışdır. Amma nə yaxşı ki, ötən əsrin 60-cı illərinin sonlarında ölkədə milli özünüdərkə böyük qayıdış başladığı zaman bu qadağalar da tədricən səngimişdir. 

Novruz bayramı ilk dəfə olaraq məhz Ulu Öndərin xeyir-duası ilə qeyd olunmuşdur. Ümumxalq bayramının yüksək səviyyədə keçirilməsi Azərbaycan xalqının milli ruhunu yüksəltmiş, milli irsə, tarixə böyük məhəbbət yaratmışdır. Novruz adət-ənənələri o dövrdə çəkilmiş filmlərdə də özünə yer tapmışdır. Hər dəfə "Dəli Kür" filminə baxarkən Novruzun necə təbliğ olunduğunu əyani şəkildə görürük. Məhz müdrik rəhbərin qayğısı ilə həmin illərdə qorunub saxlanılan milli-mənəvi dəyərlər sonralar Azərbaycan xalqının dövlət müstəqilliyinin bərpasında müstəsna rol oynamışdır.

Heydər Əliyevin milli-mənəvi dəyərlərə münasibəti, onların qorunması, inkişaf etdirilməsi və gələcək nəsillərə ötürülməsi üzərində qurulmuşdur. Bu siyasət bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın ictimai və mədəni həyatında öz əhəmiyyətini qoruyur, milli kimliyimizin əsas dayaqlarından biri kimi çıxış edir.

Azərbaycan Prezidentinin siyasi iradəsi, müəyyən etdiyi effektiv siyasət, qarşıya qoyduğu vəzifələrlə mədəni irsin mühafizəsi, milli bayramlarımızın təşviqi, ana dilimizin inkişafı, təhsildə milli dəyərlərin aşılanması, gənc nəslin bu dəyərlər ruhunda yetişdirilməsi üçün müxtəlif proqram və layihələr həyata keçirilir. 


Şəxsi nümunə


Liderlərin yaratdıqları şəxsi nümunələr də cəmiyyətin öz dəyərlərinə düzgün münasibətinin formalaşmasında mühüm rol oynayır. Əgər rəhbər şəxs milli dəyərlərə hörmətlə yanaşır, onları öz fəaliyyətində və çıxışlarında dönə-dönə vurğulayırsa, bu, cəmiyyət üçün bir model rolunu oynayır. İnsanlar bu davranışı təkrarlayır, nəticədə milli-mənəvi dəyərlər daha geniş şəkildə qorunaraq yaşadılır.

Ulu Öndər Heydər Əliyevin formalaşdırdığı müstəqil dövlətçilik ənənələrini uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev bu sahədə də xalqımızın hər bir təmsilçisi üçün parlaq örnəkdir. Dövlətimizin rəhbərinin Novruz bayramı mərasimlərində şəxsən iştirakı, bayram ərəfəsində xalqımıza ünvanladığı təbriklər, Novruz atributlarına münasibəti insanlarımız üçün, xüsusilə gənc nəslin təmsilçiləri üçün mükəmməl nümunə yaradır, onlarda dəyərlərimizə sevgini gücləndirir.    

Prezident İlham Əliyev ulularımızdan miras qalmış Novruz bayramı kimi dəyərlərimizə sayğılı münasibətilə həm də müasirliklə ənənələr arasında vəhdəti təmin edir. Hər birimizə öyrədir ki, milli dəyərlərin qorunması inkişafdan geri qalmaq demək deyil. Əksinə, bu dəyərlər müasir yanaşmalarla inteqrasiya olunaraq daha dayanıqlı və aktual hala gətirilə bilər. Bu balansın düzgün qurulması isə yalnız uzaqgörən və strateji düşüncə ilə mümkündür. Prezident İlham Əliyev çıxışlarında dəfələrlə bildirir ki, bu böyük el bayramı təbiətə məhəbbətin, ruhi paklıq və gözəlliyin, mərhəmət və xeyirxahlığın yüksək təntənəsidir. Ali ümumbəşəri dəyərlərin daşıyıcısı olduğu üçün o, dünya mədəni irsinin qiymətli nümunələri sırasında layiqli yer tutur. Azərbaycan Prezdentinin Novruz bayramı münasibətilə xalqa təbrikində oxuyuruq: "Novruz ənənələrini yad təsirlərdən qoruyaraq zamanın sınaqlarından uğurla çıxarması və dövrümüzədək yaşatması Azərbaycan xalqının öz şərəfli tarixi qarşısında xidmətlərindəndir. Ali bəşəri keyfiyyətlər və dərin mənəviyyat xəzinəsi olaraq dünya mədəni irsinin qiymətli nümunələri sırasında yer alan Novruz bayramı bu gün də Vətənimizin hər bir guşəsində yüzillərin yaddaşında iz qoymuş adətlərə uyğun el şənlikləri ilə qarşılanır".


Novruz dəyərlərinin təbliğində Heydər Əliyev Fondunun rolu


Bunun mükəmməl bir nümunəsi son illər beynəlxalq arenada milli-mənəvi  dəyərlərimizin təbliği istiqamətində görülən mühüm işlərdir. Bu, həm milli identikliyin möhkəmlənməsinə, həm də mədəniyyət diplomatiyası vasitəsilə ölkənin mədəni nüfuzunun artmasına xidmət edir.

Novruz bayramı və digər milli-mənəvi dəyərlərimizin, ayrı-ayrı mədəni incilərimizin dünyada tanıdılmasında, beynəlxalq ictimaiyyətin Azərbaycan xalqını bu incilər işığında görüb yenidən kəşf etməsində ölkəmizin Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın müstəsna xidmətləri var. Mehriban xanımın irəli sürdüyü humanitar təşəbbüslər, onun rəhbərliyi ilə həyata keçirilən layihələr ölkəmizin zəngin mədəni irsinin həm qorunmasına, həm beynəlxalq səviyyədə tanıdılmasına böyük töhfə verməkdədir. 

Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu bu sahədə xüsusi rol oynayır. Fond tərəfindən həyata keçirilən layihələr çərçivəsində Azərbaycanın tarixi abidələrinin bərpası, milli musiqisinin və incəsənətinin inkişafı, eləcə də mədəni irsin gələcək nəsillərə çatdırılması istiqamətində geniş işlər görülür. 

UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 2009-cu il 28 sentyabr - 2 oktyabr tarixlərində keçirilmiş dördüncü sessiyası zamanı Novruzun çoxmillətli nominasiya kimi UNESCO-nun Bəşəriyyətin qeyri-maddi mədəni irsi üzrə Reprezentativ siyahısına daxil edilməsi də Mehriban xanımın tariximizdəki mühüm xidmətlərindəndir. 

Beynəlxalq səviyyədə Novruz dəyərinin belə yüksək qiymətləndirilməsi bu bayramın ümumbəşəri əhəmiyyətini təsdiqləyir, Novruzun yalnız milli deyil, həm də qlobal dəyər daşıyan mədəni fenomen olduğunu göstərir.


Elmi araşdırmalar mənbəyi


Novruz ruhu bu gün ərazi bütövlüyünü, suverenliyini təmin etmiş, keçmişin ağrı-acılarından, iztirablarından qurtulmuş, özünün mükəmməl sülh gündəliyi ilə Cənubi Qafqazda əmin-amanlığın, dayanıqlı inkişafın əsas təminatçısı missiyasını üzərinə götürmüş, ali hədəflərinə doğru addım-addım irəliləyən dövlətimizin yenilənmə və inkişaf ruhuna, gələcəklə bağlı strateji məqsədlərinə, arzu və ümidlərinə çox uyğun gəlir.  

 Novruzun mahiyyətində də yenilənmə, təmizlənmə və harmoniya ideyaları dayanır. Qədim inanclara görə, baharın gəlişi ilə birlikdə təbiət canlanır, həyat yenidən başlayır. Bu proses insan həyatına da simvolik şəkildə tətbiq olunur - insanlar köhnə ilin çətinliklərini arxada qoyaraq yeni ilə ümid və inamla qədəm qoyurlar. Bu baxımdan Novruz, sadəcə, mövsümi dəyişiklik deyil, mənəvi yenilənmə mərasimidir.

Azərbaycan xalqı üçün Novruz həm də ailə dəyərlərinin, birlik və paylaşmanın təcəssümüdür. Bayram günlərində insanlar bir araya gəlir, süfrələr açılır, qohumlar və dostlar ziyarət olunur. Küsülülərin barışması, ehtiyacı olanlara yardım edilməsi kimi ənənələr bu bayramın humanist mahiyyətini parlaq şəkildə ön plana çıxarır. Bu xüsusiyyətlər Novruzu yalnız mədəni deyil, həm də sosial baxımdan əhəmiyyətli edən amillərdəndir.

Novruz bayramı Azərbaycanda folklorşünaslıq, etnoqrafiya və fəlsəfə sahəsində ən çox tədqiq olunan mövzulardan biridir. Bu sahədə fundamental araşdırmalar aparmış əsas tədqiqatçılardan biri Məmmədhüseyn Təhmasib idi. O, Novruzun mifoloji köklərini və folklorla bağlılığını sistemli şəkildə araşdıran ilk alimlərdəndir. M.Təhmasib bayramın tərkibindəki oyun və tamaşaların (məsələn, "Kosa-kosa") qədim ritual köklərini üzə çıxarıb. Azərbaycan mifologiyasının görkəmli tədqiqatçısı olan Mirəli Seyidov Novruzu "Yaz bayramı" kontekstində araşdırıb. Onun tədqiqatlarında bayramın dörd ünsür (su, od, yel, torpaq) ilə bağlılığı və türk xalqlarının ortaq mədəniyyətindəki yeri xüsusi qeyd olunur.

Mərhum professor Azad Nəbiyev isə Novruzu mərasim folkloru kimi geniş şəkildə tədqiq edib. O bu bayramın kənd təsərrüfatı təqvimi ilə əlaqəsini, eləcə də Novruz dastanlarını və nəğmələrini toplamaqla bu sahədə zəngin baza yaradıb. Folklorşünas alim Kamran Əliyev Novruz bayramının fəlsəfi və bədii strukturunu, onun ədəbi əsərlərdəki inikasını araşdırıb. Onun həmkarı Ağaverdi Xəlil müasir dövrdə Novruzun ritual-mifoloji strukturunu və onun türk xalqları arasındakı müqayisəli təhlilini aparan aparıcı mütəxəssislərdəndir. 

Alimlər Novruzu, əsasən, bir neçə istiqamətdən araşdırırlar: təqvim və astronomiya,  gecə ilə gündüzün bərabərləşməsi və yeni ilin başlanğıcı. "Dirilmə" və "təzələnmə" simvolikasının qədim inanclarla əlaqəsi. Süfrə mədəniyyəti ("yeddi sin"), çərşənbə adətləri və müxtəlif bölgələrdəki fərqli ayinlər. Klassik və müasir poeziyada Novruz mövzusunun işlənməsi (məsələn, Nizami Gəncəvi, Şəhriyar və b.). 

Azərbaycanın görkəmli yazıçısı, filologiya elmləri doktoru, professor Əzizə Cəfərzadə Novruz bayramının mahiyyətini, adət-ənənələrini və tarixi köklərini dərindən araşdıran mühüm tədqiqatçılardan biridir. O, Novruzu, sadəcə, bir bayram deyil, xalqın mənəviyyatı, məişəti və tarixi ilə sıx bağlı olan mürəkkəb bir sistem kimi tədqiq etmişdir. Professor Bakı Dövlət Universitetinin Folklor kafedrasının müdiri olduğu dövrlərdə Novruz çərşənbələri (xüsusilə Su çərşənbəsi), bayram ayinləri və bayatılar üzərində geniş tədqiqat işləri aparmışdır. "Novruz gəlir" məqaləsində onun bayramın milli kimliyimizdəki rolu və yad təsirlərdən qorunmasının vacibliyi vurğulanır. Yazıçının bədii əsərlərində - "Bakı-1501", "Aləmdə səsim var mənim", "Anamın nağılları" və s. romanlarında Novruz adətləri, səməni bitirmə, yumurta döyüşdürmə və ilaxır çərşənbələr böyük ustalıqla təsvir edilmişdir. Əzizə Cəfərzadə Novruzu Azərbaycan xalqının "yenidən doğuluş və ümid bayramı" kimi xarakterizə edərək, onu etnoqrafik və ədəbi baxımdan zənginləşdirmişdir. 

Bütün bunlar göstərir ki, Novruz bayramı milli kimliyin qorunmasında çox mühüm rol oynayır. Qloballaşma dövründə belə bu bayramın geniş şəkildə qeyd olunması Azərbaycan xalqının öz köklərinə bağlılığını nümayiş etdirir. Bu ənənələr milli-mənəvi dəyərlərin davamlılığını təmin edir.

Nəticə etibarilə Novruz bayramı Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin canlı ifadəsidir. O, keçmişlə bu günü birləşdirən, insanları bir araya gətirən və cəmiyyətin mənəvi əsaslarını möhkəmləndirən mühüm bir mədəni mirasdır. Novruzun yaşadılması və gələcək nəsillərə ötürülməsi isə bu dəyərlərin davamlılığının təmin olunması baxımından xüsusi əhəmiyyət daşıyır.

Novruzu da, digər milli-mənəvi dəyərlərimizi də yaşadaraq əsrlərdən-əsrlərə ötürmək hər bir dünya azərbaycanlısının mənəvi borcudur. Xalq olaraq biz o dəyərlərdə yaşayırıq.


İradə ƏLİYEVA,

"Azərbaycan"  

Digər Xəbərlər

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!