Dünya maraqlar dünyasıdır!
Dünya maraqlarla idarə olunur!
Odur ki, hər bir dövlət öz maraqlarını yeritməyi və müdafiə etməyi bacarmalıdır!
Bunu edə bilməsə, onda özgə maraqlara xidmət edəcəkdir.
Öz maraqlarını təmin etməkdən ötrü güclü və uzaqgörən olmalısan!
Güclülər maraqlarını yeritməyi və digərlərinin də onlara xidmət göstərmələrini təmin etməyi bacarırlar.
Dövləti maraqlarını müdafiə və təmin etməyin bir yolu da müdrik və uzaqgörən siyasət yürütmək, fəal diplomatiya aparmaqla yaranmış situasiyadan faydalanmaqdır.
Bunun üçün bəzən illər, hətta on illər gərək ola bilər.
Lakin düşünülmüş, ardıcıl, konstruktiv siyasət yürüdə bilməsən, heç zaman öz istəyinə çatmazsan!
***
Azərbaycan dövlət müstəqilliyini bərpa edəndə artıq onunla bağlı münasibətlər çoxdan formalaşmışdı.
Ötən 70 ildə 15 müttəfiq respublikadan biri olaraq öz maraqlarına yox, mərkəzə xidmət göstərmiş, Moskvanın sözü ilə durub-oturmuşdu.
Burada da səmərəli yol öz maraqlarını mərkəzin maraqlarına uyğunlaşdırmaq, ümumittifaq büdcəsindən daha çox faydalanaraq xalqına müəyyən xeyir gətirmək idi.
Vəssalam!
Xarici siyasətdən, dövlətlərarası münasibətlərdən danışmaq isə mənasız və əhəmiyyətsiz idi.
Bütün bunlarla müttəfiq respublikalar deyil, birbaşa SSRİ rəhbərliyi, Kreml özü məşğul olurdu.
Müstəqil dövlət qurulduqdan sonra isə milli maraqlara əsaslanan daxili və xarici siyasət yeritmək nə A.Mütəllibovun, nə də AXC-Müsavat cütlüyü iqtidarının xörəyi idi.
A.Mütəllibov Azərbaycanı müstəqil dövlət kimi təsəvvür belə etmir, SSRİ-nin bərpası ilə bağlı referendum keçirirdi.
AXC-Müsavat cütlüyünün isə nəinki xarici siyasət, hətta ölkədaxili siyasət barədə adi təsəvvürləri belə yox idi, yalnız populist bəyanatlarla ölkələrarası münasibətləri korlamağı bacarırdılar.
Ortabab fizika müəllimini xarici işlər naziri təyin etməklə, əslində, bütün "bilik, səriştə və bacarıq"larını ortaya qoymuş oldular.
Yalnız xalqın arzu və tələbi ilə ölkə rəhbərliyinə qayıdan Ulu Öndər Heydər Əliyev Azərbaycanın maraqlarına xidmət edən, onun dünya birliyinə sürətli inteqrasiyasını təmin edən səmərəli, uzaqgörən və effektiv siyasi kurs müəyyənləşdirdi, digər dövlətlərlə bərabərhüquqlu və qarşılıqlı maraqları təmin edən xarici siyasət yeritməyə başladı.
***
Tanrı Azərbaycana hər şey verib: zəngin karbohidrogen ehtiyatları, digər yeraltı və yerüstü sərvətlər, əlverişli iqlim şəraiti, münbit torpaqlar, üstəlik, strateji coğrafi mövqe!
İki qitənin - Avropa ilə Asiyanın qovuşmasında yerləşməsi Azərbaycanın geosiyasi dəyərini daha da artırır.
Lakin imkanların mövcudluğu azdır, əsas məsələ onların reallaşdırılmasıdır.
Ulu Öndər Heydər Əliyevin müdrikliyi və uzaqgörənliyi sayəsində qısa zaman kəsiyində bu istiqamətdə çox əhəmiyyətli işlər görüldü, ən əsası daxili və xarici siyasət məsələləri çox uğurlu şəkildə əlaqələndirildi.
AXC-Müsavat cütlüyü çox qısa çəkən iqtidarı dövründə ölkə iqtisadiyyatını da çökdürdü, xalqın mənafeyinə xidmət edən neft sazişləri bağlaya bilmədi, hətta dövlət büdcəsini belə formalaşdırmağı bacarmadı.
Bazar iqtisadiyyatı prinsiplərinə keçid, iqtisadiyyatın dirçəldilməsi və qısa müddətdə xalqın güzəranının yaxşılaşdırılması üçün Ulu Öndər Heydər Əliyev gecə-gündüz bilmədən, yorulmadan çalışdı.
* Qısa müddətdə qazanılan ən böyük uğur "Əsrin müqaviləsi"nin imzalanması oldu.
Bu, Azərbaycan neftinin Azərbaycan xalqının və dövlətinin maraqlarına xidmətini təmin edən ilk nəhəng layihə idi.
* Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəmərinin çəkilməsi isə irəliyə atılan inqilabi addım sayılırdı.
İlk dəfə idi ki, Azərbaycan öz neftini Rusiyadan yan keçməklə dünya bazarına çıxaracaqdı.
Bu kəmər indi də uğurla işləyir və xalqımıza böyük maddi mənfəət gətirir.
* Hər iki nəhəng layihə Azərbaycan-ABŞ münasibətlərinin yaranmasına və inkişafına da böyük töhfə verdi.
Ulu Öndər Heydər Əliyev ABŞ-yə səfərləri, dövlət başçıları ilə görüşləri zamanı bu əlaqələr daha da inkişaf etdirilərək möhkəmləndirildi.
Heydər Əliyevin ən müdrik addımlarından biri 11 sentyabr 2001-ci ildə ABŞ-də baş verən dəhşətli terror aktı zamanı dövlət rəhbərliyinə müraciət edərək bu terror əməlini qınaması və pisləməsi, Azərbaycanın daim ABŞ-nin yanında durduğunu bildirməsi oldu.
Azərbaycan Əfqanıstan məsələsində ABŞ-yə dəstək verərək öz hava məkanını onun üzünə açdı, sülhməramlı əməliyyatlarda fəal iştirak etdi.
Təəssüf ki, bu münasibətlərdə müəyyən xoşagəlməz hallar da baş verdi.
***
Erməni diasporu həmişə ABŞ-də güclü olub, hətta bu, super dövlətin daxili və xarici siyasətinə də müəyyən təsirlər göstərməyi bacarıb.
Yeni prezident seçilərkən "erməni səsi" ilə onu özlərinə borclu salmaları, rüşvət və korrupsiya yolu ilə senator və konqresmenləri ələ almaları diasporun zamanın sınağından çıxmış uğurları sayılır.
Təəssüf ki, bəzən pula susayanlar öz dövlətlərinin maraqlarına qarşı çıxdıqlarının da fərqində olmurlar.
ABŞ senatının xarici əlaqələr komitəsinin keçmiş sədri Menendezin əməlləri və aqibəti dediklərimizə əyani misaldır.
Belə ədalətsiz əməllər dəfələrlə baş verib.
İlk ən böyük ədalətsizlik 1993-cü ildə əraziləri Ermənistan tərəfindən işğal edilən Azərbaycana qarşı 907-ci düzəlişin tətbiqi oldu.
Qeyd etdiyimiz kimi, Əfqanıstanla bağlı Azərbaycana işi düşən ABŞ bir müddət onun təsirini dayandırdı.
Lakin Əfqanıstandan tez-tələsik çıxanda Bayden administrasiyası 907-ci düzəlişi yenidən qüvvəyə mindirdi.
Prezident Baydenin ürəyi bununla da soyumadı.
24 aprel çıxışlarından birində "erməni soyqırımı" ifadəsini işlətməklə hayların ən "müqəddəs" arzularını da yerinə yetirdi.
Lakin D.Trampın prezidentliyi dövründə bütün bu yanlışlıqlara və ədalətsizliklərə son qoyuldu.
Yaxınlarda Azərbaycanda rəsmi səfərdə olan ABŞ-nin vitse-prezidenti Cey.Di.Vens bu barədə yeni rəhbərliyin mövqeyini və baş verənlərə münasibətini açıq şəkildə bildirdi:
"Əfsuslar olsun ki, sonuncu administrasiya bir çox səhvlərə yol verdi. Onların yol verdikləri səhvlərdən biri Azərbaycana münasibətdə çox sərsəm siyasətin yürüdülməsi idi. Biz Prezidentin rəhbərliyi ilə bunu düzəltdik. Buna görə mən çox minnətdaram".
Cənab Vens həm də Azərbaycan-ABŞ münasibətlərində əvvəlki səhvlərdən xali olan yeni münasibətlərin başlandığını da bəyan etdi:
"Düşünürəm ki, bu, ABŞ üçün çox uzunmüddətli, çox mühüm tərəfdaşlıq və dostluqdur. Fikrimcə, bir çox amerikalılar bəlkə də bilmir. Məsələn, azərbaycanlılar Əfqanıstandan çıxan ən sonuncu tərəf oldular. Onlar dünya səviyyəsində terrorçuluğa qarşı aparılan mübarizəyə çox böyük dəstək verdilər. Onlar ABŞ-nin hərbi dənizçiləri ilə Əfqanıstanda çiyin-çiyinə vuruşublar və faktiki olaraq, dünyanın istənilən yerini götürsək belə, az sayda olan ən mübariz və cəsarətli qoşunlardan biri kimi nüfuz qazandılar. Bu gün biz bu dostluğa təşəkkür əlaməti olaraq buraya gəlmək istəyirdik, sözün əsl mənasında, səhifə çevirmək və növbəti fəslə keçmək istəyirdik".
***
Heydər Əliyev siyasi kursunun layiqli davamçısı cənab İlham Əliyevin gərgin və çoxcəhətli fəaliyyəti sayəsində Azərbaycan xarici siyasət sahəsində bir sıra uğur və nailiyyətlərə imza atdı.
Bütün bunların sayəsində ölkəmiz dünya birliyinə inteqrasiya edərək onun nüfuzlu üzvlərindən birinə çevrildi.
Qarşıya qoyulan hədəflərə çatmaqdan ötrü çətinliklərlə dolu uzun bir məsafə qət edildi.
Dövlət başçısı İlham Əliyevin bir sıra transmilli layihələrə həyat vəsiqəsi verməsi, xüsusən, "Cənub qaz dəhlizi" layihəsi reallaşdırılaraq ölkəmizin Avropa üçün etibarlı qaz təchizatçılarından birinə çevrilməsi, "Şimal-Cənub", "Şərq-Qərb" nəqliyyat dəhlizlərinin işə salınması, Bakıda beynəlxalq logistika mərkəzinin fəaliyyətə başlaması xüsusi qeyd edilməlidir.
44 günlük Zəfər müharibəsində möhtəşəm qələbə qazanaraq torpaqlarını işğaldan azad etməsi, daha sonra ölkənin ərazi bütövlüyünə və dövlət suverenliyinə nail olması xarici siyasət sahəsində daha qətiyyətli addımlar atılmasına imkan yaratdı.
* Artıq bəzi dövlətlərin Azərbaycana "Qarabağ kartı" ilə təsir və təzyiq göstərmək cəhdləri puça çıxarılmışdır.
* Artıq Azərbaycan yalnız öz maraqlarına əsaslanan siyasət yeridir, onunla təzyiq üslubunda danışmaq istəyənləri dərhal yerində oturdur, yalnız bərabərhüquqlu əməkdaşlığa üstünlük verir.
Müharibədən qələbə ilə çıxmasına, düşmənin kapitulyasiya aktını imzalayaraq bütün şərtlərimizi qəbul etməsinə baxmayaraq, ölkəmiz birinci olaraq sülh müqaviləsi bağlanması təşəbbüsünü irəli sürdü.
Müzəffər Ali Baş Komandan İlham Əliyev ikitərəfli danışıqlara üstünlük verərək hərbi qarşıdurmadan əməkdaşlığa keçmək zamanının çatdığını, yeni reallıqlara uyğun davranmağın vacibliyini də göstərdi.
Hərbdən sülhə və əməkdaşlığa keçid mərhələsində 8 avqust 2025-ci ildə Vaşinqtonda ABŞ Prezidenti D.Trampın şahidliyi və iştirakı ilə keçirilən Azərbaycan-Ermənistan danışıqlarının mühüm rolu və əhəmiyyəti oldu.
Dünyanın birnömrəli dövlətinin ofisində Azərbaycan ilə Ermənistan arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsinə dair saziş layihəsi paraflandı, habelə ATƏT-in Minsk qrupunun və "Azadlığı Müdafiə Aktı"na 907-ci düzəlişin ləğvi ilə bağlı razılaşma oldu.
Eyni zamanda "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" (TRIPP) yaradılması qərara alındı.
Daha bir mühüm yenilik isə Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması üçün strateji işçi qrupunun yaradılması idi.
Adını çəkdiyimiz xartiya altı ay sonra - 10 fevral 2025-ci ildə Bakıda - Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti adından imzalandı.
Bu, həqiqətən də Azərbaycanla ABŞ arasında əməkdaşlığın yeni mərhələsinin başlanmasıdır!
***
İki dövlət arasında imzalanan Strateji Tərəfdaşlıq haqqında Xartiya Bakı-Vaşinqton əməkdaşlığının yeni, həm də daha yüksək mərhələyə yüksəlməsinin əsas göstəricisidir.
Mətnin mahiyyətindən aydın görünür ki, Cənubi Qafqazda sülhün bərqərar olunması Azərbaycanla bərabər ABŞ-nin də maraqlarına uyğundur.
Sənəddən irəli gələn ən mühüm nəticə budur ki, artıq Cənubi Qafqaz ABŞ-nin maraq dairəsinə daxil edilmişdir.
Uzun illər Rusiya bu bölgəni "arxa bağça"sı hesab etmiş, çar Rusiyasından miras qalan "parçala, hökm sür" siyasətini rəhbər tutaraq Qarabağ münaqişəsinin həllinə imkan verməmiş, əksinə, onu daim qaynar vəziyyətdə saxlayaraq hər iki dövlətə öz iradəsini qəbul etdirməyə çalışmışdır.
Ukrayna ilə müharibədə iflasa uğrayaraq gücdən və dünya birliyinin gözündən düşən Rusiya artıq Ermənistana da əvvəlki kimi təsir və təzyiq edə bilmir.
Daim imperiya ədası ilə davranması, özünü "böyük qardaş" kimi aparması onu keçmiş dostlarından və müttəfiqlərindən də ayrı salır.
Bəli, artıq yeni dünya nizamı formalaşır, kim güclüdürsə, o da haqlı sayılır!
Lakin güc təkcə hərbi imkanlarla ölçülmür, indi nəqliyyat dəhlizlərinə nəzarət də mühüm əhəmiyyət kəsb edir.
Üçtərəfli Bəyanatda Zəngəzur dəhlizinin Rusiyanın Federal Xidmətinin nəzarəti altında açılması göstərilmişdi.
Lakin Rusiya bu məqamdan da təzyiq vasitəsi kimi istifadə etmək niyyətilə onu gerçəkləşdirmədi.
ABŞ Prezidenti D.Tramp isə daha doğru mövqe tutub uzaqgörənlik göstərməklə ona öz adını (TRIPP) verdi və artıq dəhlizin tezliklə işə düşməsi kimsədə zərrə qədər də şübhə doğurmur.
Azərbaycanı dostları və tərəfdaşları üçün maraqlı və cəlbedici edən təkcə yeritdiyi müdrik və uzaqgörən siyasət deyil, həm də özünün yaratdığı və qurduğu, birgə faydalanmağa təklif etdiyi transmilli layihələrdir.
Ölkəmiz uzun müddətdir ki, müxtəlif dəhlizlərin yaradılmasının təşəbbüsçüsü və fəal icraçılarındandır.
* Əvvəl enerji layihələri reallaşdırıldı...
* Sonrakı dövrdə iş nəqliyyat dəhlizlərində davam etdi...
* Hazırda isə növbə elektrik və fiber-optik dəhlizlərinindir.
Müdrik və uzaqgörən siyasət mövcud dəyərlərə yeni dəyərlər əlavə edilməsinə imkan yaradır.
İllər öncə Azərbaycan Cənubi Qafqazın ən güclü dövləti titulunu qazanmışdır.
Bu gün isə bölgədə həm də yeni münasibətlərin yaradıcısıdır.
***
Bir vacib məqamı da qeyd etməliyik.
Cənubi Qafqaza yeni yanaşma bu məkanda yaranmış yeni vəziyyətlə bağlıdır.
Yeni reallıqların yaradıcısı isə Azərbaycan Prezidenti cənab İlham Əliyevdir.
Türkiyə dövlətinə xəyanət edərək müharibə şəraitində ona arxadan zərbə vurduğuna görə köçürülən erməniləri Çar Rusiyası Azərbaycana məxsus bu ərazidə yerləşdirməklə bir neçə niyyət güdürdü.
Belə ki, bu addım təkcə Türkiyəyə qarşı deyil, türk dünyasına qarşı idi və onların bir-biriləri ilə quru yolla əlaqələrini kəsərək ayrı salınmalarına, iqtisadi-mədəni əlaqələrini pozmağa yönəlmişdi.
Sonradan Ermənistan ərazisində 102 nömrəli hərbi bazanın yerləşdirilməsi də Türkiyəni nəzarətdə saxlamaq, daim haylara hərbi dəstək verməklə Azərbaycandan yeni ərazilər qoparılması kimi hərbi-siyasi məqsəd güdürdü.
Sovet hakimiyyətinin mövcudluğu və ondan sonrakı dövrdə Azərbaycanın
20 faiz ərazisinin işğalda qaldığı müddətdə bu siyasət davam etdirildi.
Cənab İlham Əliyevin 44 günlük müharibədə və sonrakı dövrdə qazandığı möhtəşəm hərbi qələbələr, qardaş Türkiyə ilə bərabər türk dövlətlərinin birliyinin möhkəmləndirilməsi, əlaqə və əməkdaşlıqlarının gücləndirilməsi, habelə bu sahədə əldə olunan razılaşmalar və imzalanan strateji tərəfdaşlıq müqavilələri Cənubi Qafqazda da yeni dövrün başlanmasından xəbər verir.
Bu dövrün əsas xüsusiyyətlərindən biri də Rusiya-Ukrayna müharibəsi səbəbindən "Şimal-Cənub" nəqliyyat dəhlizinin təhlükəli olması və sanksiyalar səbəbindən əlverişsizliyidir.
Orta dəhlizin işə salınması, onun bütün seqmentlərinin dövrün tələblərinə uyğun qurulması və yaxın gələcəkdə TRIPP (Zəngəzur) dəhlizinin reallaşması ilə daha səmərəli və cəlbedici olması isə bütün tərəfləri qane edən mühüm məqamdır!
Orta dəhlizin açılmasına Rusiyanın əngəl törədə bilməməsi, ABŞ-nin iştirakı ilə Azərbaycanla Ermənistan arasında sülh və əməkdaşlığın yaranması, Çindən və Hindistandan başlayaraq, Avropaya uzanan yola Vaşinqtonun TRIPP layihəsi ilə nəzarət etmə imkanı layihədə marağı olan əsas tərəfləri tam qane edir.
Artıq Cənubi Qafqazda yeni dövran - sülh və əməkdaşlıq çağı başlayıb!
İlham Əliyevin müdrikliyi və uzaqgörənliyi ilə yaranan yeni situasiya burada daimi əməkdaşlığa, bütün tərəflərə fayda gətirən əlaqələrin əsrlər boyu davam edəcəyinə zərrə qədər də şübhə doğurmur.
Bəxtiyar SADIQOV