Alimlər bildirirlər ki, əgər fiziki fəallıq zamanı yaş amilini nəzərə almasaq, bəzi hallarda sağlamlığımıza ciddi zərər yetirə bilərik.
“The Conversation” tibb jurnalında hansı fiziki fəallığın hansı yaşda sağlamlığa faydası ilə bağlı alimlərin tövsiyələri dərc olunub. Alimlər göstəriblər ki, fiziki məşq uşaqlara inkişaf etməyə, əzələləri möhkəmləndirməyə, özünə və gücünə inamı inkişaf etdirməyə, yuxunun sağlam rejimini qorumağa və gümrah olmağa kömək edir. Kiçik yaşlardan uşağın müxtəlif bacarıqlarını inkişaf etdirməsi üçün idmanın bütün növləri ilə məşğul olmağı sınaqdan keçirmək vacibdir. Bunun üçün uşaqları üzgüçülükdən tutmuş güləşə qədər bütün növlər üzrə idmana cəlb etmək məqsədəuyğundur. Həmçinin uşağın “sərbəst” fiziki fəallığına - parkda və ya uşaq meydançasında oynamasına vaxt ayrılması da əhəmiyyətlidir.
Bəzən yeniyetmələrin idmana olan marağı azalmağa başlayır, bu, qızlar üçün xüsusilə səciyyəvidir. Lakin bu yaşda idmanla məşğul olmaq təkcə yaxşı fiziki formada qalmağa deyil, yeniyetmələr üçün səciyyəvi olan stressin səviyyəsini azaltmağa və qorxulardan xilas olmağa da kömək edir. Bu yaşda idmanın komanda oyunlarına üstünlük verilir. Bu idman növü ilə məşğul olmaq motivasiyanı qoruyub saxlamağa, yeniyetmənin ünsiyyət dairəsini genişləndirməyə və intizama riayət etməyə kömək edir.
20 yaş: həyatımızın bu on illiyində idmanda daha yaxşı nəticələr göstərə bilərik. Bu yaşda reaksiyanın sürəti zirvəyə yüksəlir, gücün bərpa olunması üçün minimal vaxt tələb olunur. İdmanın müxtəlif növlərini - reqbi, avarçəkmə, ağır və yüngül atletikanı sınaqdan keçirin. Məşqlərinizi müxtəlif formada edin. Aerobika məşqlərini qeyri-aerobika və güc məşqləri ilə növbələşdirin.
30 yaş: bu dövrdə güc əzələlərini qorumaq, ürək-damar sistemini sağlam saxlamaq vacibdir. Bir qayda olaraq bu yaşda işimiz oturaq həyatla və çoxlu ailə qayğıları ilə bol olur. Ona görə də idmanla məşğul olmaq üçün vaxt tapmaq çətin olur. Amma vaxt azlığına görə məşqlərdən imtina etmək yox, qısa, amma intensiv məşqlə məşğul olmaq lazımdır. Bunu velosiped sürməklə, qaçışla, xizək sürməklə və üzgüçülüyə getməklə etmək olar.
40 yaş: insanlar adətən bu yaşda artıq çəki yığmağa başlayır. Ekspertlərin sözlərinə görə, bu vaxt güc məşqləri vacibdir. Güc məşqləri nəinki artıq çəki yığmağa mane olur, həm də əzələ kütləsinin itirilməsini ləngidir. Əgər heç vaxt güc tələb edən məşqlər etməmisinizsə, o zaman qantellərlə başlayın və sonradan güc trenajorlarına keçin. Qaçış da faydalı ola bilər.
50 yaş: insanın fiziki bacarıqları bu yaşda nəzərəçarpacaq dərəcədə zəifləyir. Tez-tez ağrıyla, narahatlıqla qarşılaşır və müxtəlif xroniki xəstəliklər özünü büruzə verməyə başlayır. Bu yaşda adətən 2-ci tip diabet özünü göstərir. Qadınlar hormonal fonda dəyişikliklər, əsasən estrogenin səviyyəsinin aşağı düşməsi səbəbindən xüsusilə ürək-damar xəstəliklərinə tutulurlar. Əzələ kütləsini qoruyub saxlamaq üçün həftədə minimum iki dəfə güc məşqi edilməlidir. Həmçinin həftədə iki dəfə məşqi kardio-məşqlərə həsr etmək lazımdır. Bu, sürətli yerimək və ya yüngül qaçış ola bilər.
60 yaş: bu yaşdan sonra xroniki xəstəliklərin yaranması və artması riski artır. Mütəxəssislərin qeyd etdiyinə görə, fiziki fəallıq bu riskləri azalda bilər. Gücü inkişaf etdirmək və rahatlıq üçün həftədə iki dəfə yüngül məşqlər etmək tövsiyə olunur. İdeal seçim su gimnastikasıdır. Çünki suda məşqlər zamanı əzələləri yaxşı möhkəmləndirmək və bununla da oynaqlar üzərindəki yükü minimuma endirmək olar.
70 yaş və daha yuxarı: bu yaşda fəallığı dəstəkləmək və pozuntulara yol verməmək vacibdir. Bundan əlavə, fiziki məşqlər sizin koqnitiv qabiliyyətinizin əvvəlki səviyyədə qalmasına kömək edər. Həftə ərzində gəzməyə və yüngül güc məşqləri etməyə çalışın. Lakin bundan əvvəl mütləq həkiminizlə məsləhətləşin.
Yasəmən MUSAYEVA,
“Azərbaycan”