04 Dekabr 2025 09:00
3816
Səhiyyə
A- A+
Yeni virus dalğası

Yeni virus dalğası


Mutasiyaya uğramış qrip ştamı dünyanı narahat edir


Dünyanın müxtəlif regionlarında artan respirator xəstəliklər fonunda H3N2 qrip virusunun sürətlə yayılması qlobal səviyyədə ciddi narahatlıq yaradıb. Mövsümi qrip virusları hər il milyonlarla insana təsir etsə də, bu il ortaya çıxan H3N2-nin mutasiyaya uğramış subvariantı epidemioloqların diqqətini daha çox çəkir. Onları narahat edən əsas məsələ virusun yaratdığı simptomların şiddəti deyil, yoluxuculuq qabiliyyətinin kəskin artmasıdır. 

Avstraliyada toplanmış nümunələrin analizi virusun bir neçə mutasiyaya uğradığını göstərib. Mutasiyalar virusun insan orqanizmində tanınmasını çətinləşdirərək xəstəliyin daha davamlı və ağır keçməsinə şərait yaradır. Mütəxəssislər bu dəyişikliklərin virusun yayılma sürətini artırdığını, immun sisteminin onu tanıma qabiliyyətini zəiflədə biləcəyini və nəticədə infeksiyanın daha geniş əhali qruplarına yayılmasına şərait yaratdığını bildirirlər.

Mövsümi qrip virusları adətən gözlənilən zamanlarda və müəyyən intensivlikdə yayılır. Lakin bu il Cənub yarımkürəsində qeydə alınan hadisələr göstərir ki, H3N2-nin yeni forması klassik mövsümi modeldən kənara çıxaraq daha erkən və daha sürətli yayılmağa başlayıb. Avstraliyada xəstəlik halları kəskin artdıqdan sonra virus qısa müddətdə digər ölkələrdə də rast gəlinməyə başlayıb. Xüsusilə Yaponiya, Böyük Britaniya və bəzi Avropa dövlətləri virusun yayılma dövrünün əvvəlki illərlə müqayisədə daha tez başladığını təsdiqləyiblər. Tədqiqatçılar bu dalğanın adi qripdən fərqli olaraq daha aqressiv yayılma xarakteri nümayiş etdirdiyini vurğulayıblar. Buna baxmayaraq, virusun ölümcüllük səviyyəsinin artdığına dair elmi sübut hələ ki, yoxdur.

Həkimlər bildirirlər ki, 5 yaşdan kiçik uşaqlar, 50 yaşdan yuxarı insanlar, eləcə də xroniki xəstəlikləri olan pasiyentlər virusun ağır formasını keçirmə riski ilə üzləşə bilərlər. Bu qrupa daxil olan şəxslərdə immun sistemi zəif olduğuna görə, infeksiya daha intensiv simptomlarla müşayiət edilir. Məhz bu səbəbdən mütəxəssislər bu əhali qruplarının xüsusi nəzarət altında saxlanmasını, onların peyvənd olunmasını tövsiyə edirlər. Uşaqlar və yaşlılar üçün qrip virusu yalnız bir infeksiya deyil, həm də potensial həyati təhlükə yaradan bir xəstəlikdir. Peyvəndin qoruyucu təsirinin müəyyən qədər zəiflədiyi bildirilsə də, vaksinlənmiş şəxslərdə xəstəliyin daha yüngül keçdiyi araşdırmalarla təsdiqlənir. Əslində, vaksin immun sistemini virusun tam qarşısını almaqdan ötrü deyil, onun yaratdığı ağırlaşmalardan qorunmaq üçün hazırlayır.

Virusun simptomları əvvəlki illərdə rast gəlinən respirator infeksiyalarla böyük oxşarlıq təşkil edir. Xəstələr adətən yüksək qızdırma, burun axması, boğaz ağrısı, asqırma, öskürək, güclü halsızlıq və baş ağrıları kimi əlamətlərdən şikayət edirlər. Simptomların koronavirusa bənzəməsi insanlarda fərqləndirmə çətinliyi yarada bilər. Bu səbəbdən mütəxəssislərin fikrincə, hər iki virusla bağlı profilaktik tədbirlərin eyni olduğunu, yəni maska taxmaq, sosial məsafəni qorumaq, əl gigiyenasına riayət etmək və xəstəlik simptomları müşahidə olunduqda evdə qalmaq hələ də ən effektiv qorunma üsuludur. Xəstəliyin yüngül keçdiyi hallarda ev şəraitində istirahət və maye qəbulu kifayət edir. Lakin yüksək risk qruplarında olanların gecikmədən həkimə müraciət etməsi vacib sayılır.

Mütəxəssislərin sözlərinə görə, virus Avropada normadan xeyli sürətlə yayılır və yeni dalğanın yaxın zamanlarda digər regionlarda da geniş müşahidə ediləcəyi istisna olunmur. Bu narahatlıq yalnız mutasiyaların sayı ilə bağlı deyil, həm də qlobal miqyasda insanların qış mövsümündə qapalı məkanlarda daha çox vaxt keçirməsi ilə əlaqədardır. İctimai nəqliyyat, məktəblər, alış-veriş mərkəzləri və digər izdihamlı məkanlar virusun yayılması üçün əlverişli şərait yaradır. Mütəxəssislər bildirirlər ki, virusun ölkələr arasında sürətli yayılması artıq təkcə bir regionun problemi deyil, qlobal səhiyyə təhlükəsi kimi qiymətləndirilməlidir.

Tarixi pandemiyalarla müqayisə aparıldıqda virusun yayılma və mutasiya qabiliyyətinin ciddi nəticələrə səbəb ola biləcəyi unudulmamalıdır. 1968-ci il Honqkonq qripi məhz H3N2 virusu tərəfindən yaranmış və dünya üzrə milyonlarla insanın yoluxmasına səbəb olmuşdu. Bu virus həmin dövrdən bəri mövsümi qrip ştamlarının əsas genetik xətlərindən biri olaraq qalır. Hətta bu gün qarşılaşdığımız H3N2 mutasiyaları onun təkamülünün davam etdiyini göstərir. 1957-ci ildəki Asiya qripi isə H2N2 ştamı ilə əlaqəli idi və qısa müddətdə bütün dünyaya yayılaraq yüz minlərlə insanın həyatına son qoymuşdu. 1918-ci ilin məşhur İspan qripi isə gənc və sağlam insanların belə həyatına təhlükə yaradan yüksək ölüm nisbətinə malik idi və qlobal miqyasda insanlar arasında böyük itkilərə səbəb olmuşdu. Bu tarixi hadisələr virusların mutasiya qabiliyyətinin necə böyükmiqyaslı fəsadlara yol aça biləcəyini xatırladır.

Mütəxəssislər bildirirlər ki, pandemiyanın yaranması üçün əsas şərtlərdən biri yüksək yoluxuculuq indeksidir. Hər hansı respirator virus - istər qrip, istər koronavirus, istərsə də digər hava-damcı yolu ilə ötürülən infeksiyalar sürətlə yayıldıqda qlobal təhlükəyə çevrilə bilər. Quş qripi, H5N1 kimi ştamlar keçmiş illərdə Azərbaycanın da daxil olduğu bəzi regionlarda narahatlıq yaratmışdı. O zaman ölkəmizdə infeksiya lokallaşdırılmış və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) dəstəyilə geniş yayılmasının qarşısı alınmışdı. Lakin virusoloqlar qeyd edirlər ki, gələcəkdə hansı virusun necə mutasiyaya uğrayacağını dəqiq proqnozlaşdırmaq mümkün deyil. H3N2-nin bu yeni forması da belə bir narahatlığın nümunəsidir. Çünki ÜST-nin məlumatına görə, insanlıq qarşıda yeni qrip pandemiyası risklərindən biri ilə üz-üzədir və bu riskin başvermə ehtimalı virusların mutasiya sürəti ilə sıx bağlıdır.

Mütəxəssislərin fikrincə, panikaya ehtiyac yoxdur, lakin laqeydlik daha böyük problemlərə gətirib çıxara bilər. Hər bir fərdin məsuliyyətli davranışı bu dalğanın təsirlərini azaltmağa kömək edə bilər. Dünyanın müxtəlif ölkələrində artan yoluxma hallarından dərs çıxararaq, mövsümi qripə qarşı hazırlığımızı artırmaq və sadə gigiyenik qaydalara əməl etmək olduqca vacibdir.

 

Ülkər XASPOLADOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Zelenski: Ukrayna 2026-2027-ci illər üçün Rusiyanın planlarını ehtiva edən sənədləri əldə edib  

01:28
03 Mart

"Tibbi sığorta haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

00:49
03 Mart

Gəncə şəhərində yerləşən Cümə məscidində təmir-bərpa işlərinin həyata keçirilməsi üçün vəsait ayrılması haqqında

00:49
03 Mart

"Büdcə sistemi haqqında", "Mühasibat uçotu haqqında" və "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

00:48
03 Mart

"Minatəmizləmə fəaliyyəti haqqında" Azərbaycan Respublikasının 2024-cü il 13 dekabr tarixli 90-VIIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi barədə

00:47
03 Mart

"Büdcə sistemi haqqında", "Mühasibat uçotu haqqında" və "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 20 fevral tarixli 359-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

00:46
03 Mart

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 10 yanvar tarixli 5 nömrəli Qərarı ilə təsdiq edilmiş “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”ndə dəyişiklik edilməsi haqqında

00:45
03 Mart

“Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin vahid elektron informasiya sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə 

00:43
03 Mart

Azərbaycan qazaxıstanlıların İrandan evakuasiyasına kömək edir

23:44
02 Mart

Avropa çempionatı: Azərbaycan seçmə mərhələdə Şimali Makedoniyaya uduzub  

22:41
02 Mart

Ramin Məmmədov: Türkiyə-Azərbaycan birliyi dünyada strateji güc kimi tanınır

22:23
02 Mart

Türkiyənin hakim partiyası: İrana zərbələr beynəlxalq hüququn normalarına ziddir  

21:01
02 Mart

Azərbaycan və İordaniya XİN başçılarının telefon danışığında Yaxın Şərqdə artan gərginlik əsas mövzu olub  

20:49
02 Mart

Ukrayna ordusu bir sıra yaşayış məntəqələrini azad edib  

20:41
02 Mart

Nazir: Ankara enerji bazarlarında sabitliyin qorunmasına çalışır

20:31
02 Mart

Azərbaycanın kosmik sənayesi ilk dəfə Barselonada keçirilən sərgidə təmsil olunur  

19:53
02 Mart

İrandan təxliyə: 100-dən çox xarici vətəndaş Azərbaycan sərhədindən keçib 

19:08
02 Mart

“Əmək bazarı” İşçi qrupu aktiv əmək bazarı proqramlarının genişləndirilməsini araşdırıb  

19:06
02 Mart

Pit Heqset: Hazırda İran ərazisində Amerika ordusu yoxdur

18:43
02 Mart

Zelenski: Rusiya Ukraynaya qarşı yeni hücum dalğası hazırlayır

18:37
02 Mart

Dmitri Peskov: Moskva İran ətrafındakı gərginlikdən məyusdur

18:28
02 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!