17 Oktyabr – Füzuli şəhəri günü xalqımızın
tarixi yaddaşında xüsusi yeri olan, qəhrəmanlıq salnaməmizin parlaq səhifələrindən
birini təşkil edən əlamətdar gündür. Bu gün Azərbaycan xalqının Vətən
sevgisinin, sarsılmaz iradəsinin, Müzəffər Ordumuzun gücünün və dövlətimizin qətiyyətli
siyasətinin təntənəsidir.
1993-cü ildə Füzuli şəhərinin və rayonun böyük
hissəsinin Ermənistanın silahlı qüvvələri tərəfindən işğal edilməsi minlərlə
soydaşımızın doğma yurdlarından didərgin düşməsinə, tarixi və mədəni irsimizin
dağıdılmasına səbəb oldu. İşğal illərində Füzulinin yaşayış məntəqələri, tarixi
abidələri və infrastrukturu ciddi dağıntılara məruz qaldı.
Bununla belə, xalqımız doğma torpaqlarına
qayıdacağına olan inamını heç vaxt itirmədi. Azərbaycan dövləti ərazi
bütövlüyümüzün və suverenliyimizin bərpasını əsas məqsəd kimi müəyyənləşdirdi.
Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata
keçirilən məqsədyönlü siyasət, güclü iqtisadiyyatın və müasir ordunun
formalaşdırılması bu tarixi Zəfərin əsasını qoydu.
2020-ci il sentyabrın 27-də başlayan Vətən
müharibəsi Azərbaycan xalqının milli birliyini, ordumuzun yüksək döyüş qabiliyyətini
və əsgər-zabitlərimizin misilsiz qəhrəmanlığını bütün dünyaya nümayiş etdirdi.
Füzuli uğrunda gedən döyüşlər müharibənin ən ağır və strateji baxımdan mühüm mərhələlərindən
biri oldu. Düşmənin illərlə qurduğu istehkamların yarılması, mürəkkəb müdafiə xətlərinin
aşılması Azərbaycan Ordusunun gücünü və peşəkarlığını bir daha təsdiqlədi.
Bu gün Füzuli şəhəri işğaldan azad edilmiş ərazilərimizin
bərpası və yenidən qurulması istiqamətində həyata keçirilən genişmiqyaslı işlərin
mühüm mərkəzlərindən biridir. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə şəhərin
müasir şəhərsalma prinsipləri əsasında yenidən qurulması, yol-nəqliyyat, enerji
və digər infrastruktur layihələrinin həyata keçirilməsi Füzulinin gələcək
inkişafı üçün möhkəm zəmin yaradır.
Bu gün Füzulidə aparılan quruculuq işlərinin ən
mühüm məqsədi doğma yurdlarından didərgin düşmüş soydaşlarımızın təhlükəsiz və
layiqli yaşayış şəraitində öz evlərinə qayıtmasını təmin etməkdir. 2023-cü ilin
avqustundan etibarən şəhərə keçmiş məcburi köçkünlərin qayıdışına başlanılması
Böyük Qayıdış Proqramının mühüm mərhələlərindən biridir. Hər bir ailənin doğma
torpağına qayıtması, hər bir evdə yenidən həyatın canlanması dövlətimizin həyata
keçirdiyi siyasətin humanist mahiyyətini nümayiş etdirir.
Füzulinin dirçəlişi, eyni zamanda, Azərbaycanın
beynəlxalq əməkdaşlıq əlaqələrinin və dostluq münasibətlərinin təzahürüdür.
Qardaş Özbəkistanın təşəbbüsü ilə şəhərdə Mirzə Uluqbəy adına orta məktəbin,
Qazaxıstanın dəstəyi ilə Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin inşa
edilməsi türk dünyasının həmrəyliyinin, ortaq tarixi köklərimizin və sarsılmaz
qardaşlığımızın parlaq nümunəsidir. Bu layihələr azad edilmiş torpaqlarımızın gələcəyinə,
təhsilə, mədəniyyətə və gənc nəslin inkişafına verilən töhfələrdir.
Bununla yanaşı, işğaldan azad edilmiş ərazilərdə
mina təhlükəsi insanların təhlükəsizliyinə və bərpa prosesinə ciddi maneə
olaraq qalır. Füzulinin minalardan təmizlənməsi, infrastrukturun tam bərpası və
keçmiş məcburi köçkünlərin təhlükəsiz yaşayışının təmin olunması dövlətimizin
qarşısında duran prioritet vəzifələrdəndir. Ermənistanın işğal dövründə törətdiyi
dağıntıların və vurduğu ziyanın beynəlxalq hüquq çərçivəsində qiymətləndirilməsi,
məsuliyyət məsələsinin diqqətdə saxlanılması da mühüm əhəmiyyət daşıyır.
Füzuli bu gün dirçəlişin, doğma yurda
qayıdışın, azadlığın rəmzidir. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata
keçirilən Böyük Qayıdış Proqramı nəticəsində şəhərimiz yenidən canlanır, müasir
infrastruktur qurulur, insanların öz doğma torpaqlarında təhlükəsiz və firavan
yaşaması üçün hər cür şərait yaradılır.
17 Oktyabr – Füzuli şəhəri günü münasibətilə
bütün füzulililəri, eləcə də bu əlamətdar günü qürurla qeyd edən hər bir həmvətənimizi
ürəkdən təbrik edirəm. Füzulinin azadlığı uğrunda canından keçən şəhidlərimizin
əziz xatirəsini ehtiramla yad edir, qazilərimizə möhkəm cansağlığı arzulayıram.
Fatma Yıldırım,
Milli Məclisin deputatı