Naftalan Heydər Əliyev Mərkəzində Prezident, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı tədbir keçirilmişdir.
Şəhərin və yerli hüquq-mühafizə orqanlarının rəhbərlərinin, idarə, təşkilat, müəssisələrin və ictimaiyyətin nümayəndələrinin iştirak etdikləri tədbir Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin xatirəsinin birdəqiqəlik sükutla yad olunması ilə başlamışdır. Çıxş edən şəhər icra hakimiyyətinin başçısı Məmmədiyə Məmmədov qeyd etmişdir ki, biz bu gün 1990-cı illərin ağır sosial-iqtisadi vəziyyətindən, məcburi köçkün düşərgələrindən, müharibə və siyasi qeyri-sabitlik şəraitindən tamamilə fərqli bir Azərbaycanda yaşayırıq. Ölkəmizin iqtisadi imkanları genişlənmiş, hərbi gücü artmış, beynəlxalq nüfuzu yüksəlmiş, ərazi bütövlüyümüz və suverenliyimiz tam bərpa olunmuşdur.
Sonra söz iştirakçılara verilmişdir. Qeyd edilmişdir ki, qarşıda bizi yeni vəzifələr gözləyir. Artıq Azərbaycanın qarşısında yalnız əldə olunmuş Zəfərin nəticələrini qorumaq deyil, həm də güclü iqtisadiyyat, yüksək texnologiyalar, müasir təhsil, informasiya təhlükəsizliyi və milli-mənəvi dəyərlərə əsaslanan cəmiyyət qurmaq kimi mühüm hədəflər dayanır.
Sabir ƏLİYEV,
“Azərbaycan”
***
Biləsuvar Gənclər Evində keçirilən müşavirədə rayon rəhbərliyi hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların əməkdaşları, rayon Ağsaqqallar Şurasının üzvləri, şəhid ailələri, qazilər, təhsil sektorunun və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Prezident İlham Əliyevin YAP-ın VIII qurultayındakı nitqindən irəli gələn vəzifələrə həsr olunan müşavirədə məruzə ilə çıxış edən RİH-in başçısı Faiq Qürbətov bildirib ki, dövlət başçısının proqram xarakterli çıxışı ölkənin gələcək inkişafı və milli təhlükəsizliyi üçün əsas hədəfləri müəyyənləşdirir: “Heydər Əliyevin əsasını qoyduğu dövlətçilik xətti və Prezident İlham Əliyevin uzaqgörən siyasəti sayəsində ərazi bütövlüyünü bərpa edən Azərbaycan bu gün güclü hərbi potensialı və 90 milyard dollarlıq valyuta ehtiyatları ilə dünyada sabitlik məkanı kimi tanınır”.
Məruzədə ideoloji təhlükəsizlik məsələlərinə xüsusi yer ayıran RİH başçısı vurğulayıb ki, milli təhlükəsizliyin təmin edilməsində ideoloji mühitin yad təsirlərdən qorunması fiziki təhlükəsizlik qədər mühümdür: “Xarici mərkəzlərin sosial media vasitəsilə gəncləri və uşaqları hədəf alan ziyanlı dini-ideoloji təxribatlarına və xurafata qarşı qətiyyətli mübarizə aparılmalı, azyaşlıların dünyəvi təhsil hüququ ilə sağlam dünyagörüşü mütləq qorunmalıdır”. Bu istiqamətdə təhsil işçilərinə tövsiyələr verən Faiq Qürbətov məktəblərdə nizam-intizamın gücləndirilməsinin, şagirdlərin dərslərə qanunvericiliklə müəyyən olunmuş vahid və nümunəvi geyim formasında gəlmələrinin təmin edilməsinin vacibliyini diqqətə çatdırıb. O, müəllimləri kənar təsirlərə qarşı daim ayıq-sayıq olmağa, valideynlərlə maarifləndirmə işlərini və məktəb-ailə əməkdaşlığını ən yüksək səviyyəyə çatdırmağa çağırıb.
Məruzəçi çıxışının sonunda formal tədbirlərdən uzaq durmağa, birbaşa insan amilinə və vətəndaşların real qayğılarına yönəlməyin vacibliyini qeyd edib, hər bir qurum rəhbərini öz sahəsində daha məsuliyyətli çalışmağa dəvət edib. Sonda o, dövlət başçısının “öz taleyimiz öz əlimizdədir” fikrini xatırladaraq güclü dövlətçilik dayaqlarını qorumağın hər birimizin vəzifəsi olduğunu bildirib.
Çıxış edənlər xüsusilə gənclərin yad ideoloji təsirlərdən qorunması, onların milli-mənəvi dəyərlər, dövlətçilik prinsipləri və vətənpərvərlik ruhunda tərbiyə olunmaları, həmçinin gənc nəslin ölkənin sosial-iqtisadi və ictimai-siyasi həyatında daha aktiv rol oynamasının vacibliyini qeyd ediblər.
S.QUBADOĞLU,
“Azərbaycan”