Bu günlər Tərtərin pambıq tarlalarındakı sükutu kombaynların səsi pozur. İndi zəhmətlə dolu günlərin bəhrəsini görmək üçün məhsul yığımını mütəşəkkil təşkil etmək, pambığın qısa müddətdə və itkisiz toplanmasına nail olmaq lazımdır.
Prezident İlham Əliyevin sədrliyi ilə 2026-cı il mayın 25-də keçirilən müşavirədə kənd təsərrüfatının inkişafının, o cümlədən məhsuldarlığın artırılmasının, müasir texnologiyaların tətbiqinin və fermerlərə dövlət dəstəyinin gücləndirilməsinin vacibliyi xüsusi vurğulanıb. Dövlət başçısının səsləndirdiyi həmin tövsiyələrə uyğun olaraq, Tərtərdə pambıqçılıqla məşğul olan fermerlər və torpaq mülkiyyətçiləri tərəfindən 2132,4 hektar sahədə pambbıq əkilib. Bunun 1014,6 hektarı “Prime Cotton”, 774 hektarı “Azərpambıq” MMC-lər və 343,8 hektarı “Elakotton” şirkəti ilə bağlanmış müqavilələr əsasında həyata keçirilib.
Rayonun Poladlı kəndindən olan fermer Vəliyəddin Əliyevin pambıqçılıqda təcrübəsi çoxdur. Bu günlər rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov mütəxəssislərlə birlikdə onun təsərrüfatında olub. Fermerə lazımi tövsiyələr və məsləhətlər verilib. V.Əliyev qeyd edib ki, yığım prosesində heç bir çətinlik yoxdur, məhsul müasir texnika ilə toplanır, operativlik təmin edilir.
Vəliyyəddin Əliyev kənd təsər-rüfatının inkişafı ilə bağlı yeni dövlət proqramından irəli gələn vəzifələrdən də danışıb: “Pambıqçılıq rayonumuz üçün ənənəvi sahədir. İldən-ilə bu sahədə yüksək göstəricilərə nail oluruq. Lakin indi qarşımıza yeni vəzifələr qoyulub. Bu isə o deməkdir ki, əkin sahələrini artırmadan elmi nailiyyətlərdən bacarıqla istifadə etməklə məhsuldarlığı yüksəltməliyik. Xüsusən də suvarmada, becərmədə mütərəqqi texnologiyalar tətbiq olunmalıdır. Hədəf hər hektardan 50 sentner məhsul götürməkdir”.
“Azərpambıq” MMC ilə müqavilə əsasında fəaliyyət göstərən fermer Hökmdar Quliyev ötən il 2 hektar sahədən 40 sentner məhsul götürüb. Cari il mövsümün əvvəlində hava şəraiti xeyli çətinlik törətsə də, o, səpini vaxtında apara bilib. Tələb olunan aqrotexniki tədbirləri, xüsusən suvarma, dərmanlama işlərini məsuliyyətlə yerinə yetirib və yığımın gedişi göstərir ki, nəticə ötənildəkindən də yüksək – hektardan 50 sentner olacaq.
Tərtər Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Mehman Babayev bildirir ki, ötən mövsüm rayon üzrə məhsuldarlıq 37,65 sentner olub: “Cari mövsüm səpin vaxtı intensiv yağışlar yağdığı üçün bəzi yerlərdə təkrar səpin aparıldı. Mütəxəssislərimiz bütün becərmə dövrü yerlərdə baxış keçirərək, fermerlərə və kiçik ailə təsərrüfatı üzvlərinə məsləhət və tövsiyələr verdilər, nöqsan və problemlərin dərhal aradan götürülməsinə kömək etdilər. Nəticə göz önündədir. Hazırda pambıq yığımı mütəşəkkil qaydada gedir. Mütəxəssislər və pambıqçılar əmindirlər ki, “ağ qızıl” yenə də onların üzünü ağ edəcək”.
Lazım QULİYEV,
“Azərbaycan”