17 oktyabr
İlham ƏLİYEV: "Füzuli şəhəri işğalçılardan azad edilib"
Oktyabrın 17-nə keçən gecə cəbhənin Ağdərə-Ağdam və Füzuli-Hadrut-Cəbrayıl istiqamətlərində əməliyyat şəraiti gərgin olaraq qalıb.
Qoşunlarımız düşmənin əvvəlcədən hazırlanmış müdafiə hədlərini müxtəlif istiqamətlərdə yarmağa, onu tutduğu mövqelərdən sıxışdıraraq çıxarmağa, qaçmağa məcbur etməyə və irəliləməyə nail olub.
Aparılan uğurlu hərbi əməliyyatlar nəticəsində döyüş təcrübəsi qazanan şəxsi heyətimiz əhəmiyyətli istiqamətlərdə əlverişli hədd, yüksəklik və mövqeləri tutub.
Humanitar atəşkəs rejimini kobudcasına pozan Ermənistan silahlı qüvvələri Gəncə və Mingəçevir şəhərlərini, Tərtər, Ağdam, Bərdə və Ağcabədi rayonlarının ərazilərini atəşə tutub.
İlham ƏLİYEV: "Dövlətimizin ən parlaq səhifəsini yazırıq"
Prezident İlham Əliyev xalqa müraciət edərək müjdəli xəbər verib:
"Şanlı Azərbaycan Ordusu öz xilaskarlıq missiyasını uğurla davam etdirir. Son günlər ərzində mən xalqıma xəbər verərək yeni azad edilmiş kəndlərin adlarını açıqlamışdım. Bu gün də böyük məmnunluq hissi ilə, böyük sevinc hissi ilə azad edilmiş növbəti yaşayış məntəqələrinin adlarını əziz xalqıma çatdırmaq istəyirəm. Bu gün Füzuli rayonunun aşağıdakı yaşayış məntəqələri işğalçılardan azad edilib - Qoçəhmədli kəndi, Çimən kəndi, Cuvarlı kəndi, Pirəhmədli kəndi, Musabəyli kəndi, İşıqlı kəndi, Dədəli kəndi və Füzuli şəhəri. Füzuli şəhəri işğalçılardan azad edilib, Füzuli bizimdir, Qarabağ Azərbaycandır!"
Prezident həmçinin vurğulayıb ki, 17 oktyabr təkcə füzulililərin xatirəsində deyil, Azərbaycan dövlətinin tarixində əbədi qalacaq: "Bu gün biz hamımız, bütün Azərbaycan xalqı xalqımızın, dövlətimizin ən parlaq səhifəsini yazırıq, birlikdə yazırıq. Biz bu gün həmrəylik, qarşılıqlı dəstək, birlik göstərərək bu şanlı tarixi yazırıq. Biz xoşbəxtik ki, bu anları yaşayırıq. Ancaq bu anları səbirsizliklə gözləyən, həyatdan gedən on minlərlə bizim qaçqın, köçkünümüz əfsuslar olsun ki, bu günləri görməyib. Ancaq bu gün əminəm ki, onların ruhu şaddır. Çünki onların doğma dədə-baba torpaqları işğalçılardan azad edilib".
Ali Baş Komandan Ermənistanın baş nazirinə də yeni ismarışlarını göndərib: "Qarabağ Ermənistandır" deyən Ermənistanın baş naziri, nə oldu, indi demirsən "Qarabağ Ermənistandır". Gəl Füzuliyə, sən orada bizim torpağımızı istismar edirdin. Gəl Cəbrayıla, gəl Hadruta, gəl azad edilmiş başqa yerlərə, de ki, "Qarabağ Ermənistandır". Oturmusan orada - İrəvanda, oradan bəyanatlar verirsən, dünya liderlərinin zəhləsini tökürsən, adam qalmayıb ki, telefonla zəng etməyəsən".
Düşmənin 7 tank, 11 artilleriya qurğusu, 17 ədəd avtomobil texnikası məhv edilib
Azərbaycan Ordusu tərəfindən sutka ərzində həyata keçirilən fəaliyyətlər nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, 7 ədəd T-72 tankı, 2 ədəd BM-21 "Qrad" YARS, 8 ədəd D-30 və 1 ədəd D-20 haubitsa topları, döyüş sursatı ilə yüklənmiş 10 ədəd yük maşını və 7 ədəd digər avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb.
Əldə olunan məlumata əsasən, döyüş əməliyyatları nəticəsində Ermənistan silahlı qüvvələrinin 5-ci dağatıcı alayının 1-ci taboru öz mövqelərini ataraq geri çəkilib, xeyli sayda ölən və yaralanan olub.
Mehriban ƏLİYEVA: "Dinc vətəndaşların məqsədyönlü şəkildə hədəfə alınması insanlığa qarşı cinayətdir"
Birinci vitse-prezident Mehriban Əliyeva Ermənistanın Gəncəyə növbəti raket hücumu ilə bağlı rəsmi "İnstaqram" səhifəsində paylaşım edib:
"Nə dərəcədə insanlıqdan uzaq, yırtıcı olmalısan ki, şəhərin heç bir hərbi infrastrukturun olmadığı yaşayış məhəllələrinə gecə vaxtı, sakinlər yatarkən raket zərbələri endirilməsi barədə növbəti dəfə əmr verəsən.
Bu gecə Gəncəyə xaincəsinə edilən hücum təkcə Ermənistan hakimiyyətinin faşist mahiyyətinə və onun prinsipsizliyinə dəlalət etmir, həm də təcavüzkarın Azərbaycan Ordusu qarşısında total acizliyinin təzahürüdür.
Dinc vətəndaşların məqsədyönlü şəkildə hədəfə alınması insanlığa qarşı cinayətdir. Bu cinayətə laqeyd qalmaq isə onun iştirakçısına çevrilmək deməkdir!
Bu faciə nəticəsində həlak olanların ailələrinə və doğmalarına dərin hüznlə başsağlığı verirəm və bütün yaralıların tezliklə sağalmasını arzulayıram.
Ulu Tanrı xalqımızı, Vətənimizi və Prezidentimizi qorusun! Qarabağ Azərbaycandır!"
Mehriban ƏLİYEVA: "Təcavüzkar heç vaxt öz çirkin məqsədlərinə nail olmayacaq"
Birinci vitse-prezident Mehriban Əliyeva Ermənistanın Gəncədə törətdiyi terror aktı ilə bağlı rəsmi "İnstaqram" səhifəsində daha bir paylaşım edib. Paylaşımda deyilib:
"Bu gecə erməni təcavüzkarları Gəncəyə xaincəsinə hücum ediblər. Niyyət sadə və eyni zamanda dəhşətlidir - mümkün qədər çoxsaylı dinc sakinləri məhv etmək, panika yaratmaq, Azərbaycan xalqını qorxutmaq. Lakin təcavüzkar heç vaxt öz çirkin məqsədlərinə nail olmayacaq. Bu şanlı şəhərin sakinləri ruhən çox güclüdürlər! Gəncə - Nizamidir, Məhsətidir, Vazehdir! Lakin Gəncə təkcə Azərbaycanın mədəni irsi deyil.
Gəncə - qədim dövlətçiliyimizin beşiyidir.
Bu, sarsılmaz dözüm, mərdlik və igidlik rəmzidir!
Gəncə Cavadxanın yurdudur. Bu şəhər Şərqdə ilk demokratik cümhuriyyətin müstəqilliyi uğrunda sona qədər vuruşmuş şəhərdir.
Gəncə Azərbaycanın döyünən ürəyidir və heç kəs heç vaxt onun sakinlərinin məğrur ruhunu sındıra bilməz!"
Erməni hərbçilər, hətta polislər də döyüş mövqelərini tərk edərək qaçıblar
Ermənistan silahlı qüvvələrinin 1-ci motoatıcı alayının müdafiə zolağında ehtiyatdan çağırılmış 300 nəfərədək hərbi vəzifəli döyüş mövqelərini özbaşına tərk edərək geri çəkilib. Hərbi vəzifəlilərin də arasında çoxlu sayda ölən və yaralanan olub. Gücləndirmə məqsədilə alaya təhkim edilmiş xüsusi təyinatlı polis dəstəsinin üzvləri də döyüş mövqelərini tərk edərək qaçıblar. Alayın bölmələrində ərzaq və döyüş sursatının çatışmazlığı müşahidə edilib.
Düşmən bölmələrində şəxsi heyətin yorğun və ümidsiz olması səbəbindən zabitlərə tabe olmama, həmçinin qorxu və təşvişə düşərək döyüşə girməkdən imtina etmə halları qeydə alınıb.
Qoşunlarımız bütün cəbhəboyu düşmənə dəqiq atəşlə zərər vurmaqla əməliyyat üstünlüyünü saxlayıb.
Düşmənin S-300 zenit-raket kompleksinin məhv edilməsi görüntüsü yayılıb
Gün ərzində cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi və hərbi texnikası məhv edilib.
Azərbaycan Müdafiə Nazirliyi düşmənin S-300 zenit-raket kompleksinin, yanacaq-sürtkü materialları və döyüş sursatı anbarlarının, zirehli texnikalarının aviasiya zərbələri ilə darmadağın edilməsinin görüntülərini yayıb.
Ermənistana məxsus 1 ədəd Su-25 təyyarəsi məhv edilib
Cəbrayıl istiqamətində bölmələrimizin mövqelərinə hava zərbələri endirməyə cəhd edən Ermənistan silahlı qüvvələrinə məxsus 1 ədəd Su-25 təyyarəsi hava hücumundan müdafiə bölmələrimizin dəqiq atəşi ilə məhv edilib.
Ermənistan silahlı qüvvələrinin bölmələri taktiki pilotsuz uçuş aparatı (PUA) vasitəsilə Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətindəki mövqelərimiz üzərində uçuşlar keçirməyə cəhd göstərib.
Düşmənin növbəti PUA-sı hava hücumundan müdafiə bölmələrimiz tərəfindən dərhal aşkar olunaraq məhv edilib.
18 oktyabr
İlham ƏLİYEV: "Xudafərin körpüsü üzərində Azərbaycan bayrağı qaldırıldı"
Oktyabrın 18-də saat 00:00-dan yeni humanitar atəşkəs rejiminin elan olunmasına baxmayaraq, Ermənistan silahlı qüvvələri növbəti dəfə razılaşmanı kobud surətdə pozub. Düşmən Cəbrayıl şəhərinin ətraf ərazilərini, eləcə də bu rayonun Araz çayı boyu yerləşən və işğaldan azad olunmuş kəndlərini gecə ərzində minaatan və artilleriya qurğularından atəşə tutub. Şəxsi heyət arasında itki yoxdur. Bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.
Düşmənin hərbi hissəsi ələ keçirilib
Azərbaycan Ordusunun Füzuli istiqamətində uğurlu döyüş əməliyyatları zamanı Ermənistan silahlı qüvvələrinin hərbi hissəsi bölmələrimiz tərəfindən ələ keçirilib.
Düşmən döyüş texnikası, silah-sursat və digər hərbi vasitələri tərk edərək qaçmaq məcburiyyətində qalıb. Cəbhəboyu bütün istiqamətlərdə bölmələrimiz üstünlüyü əldə saxlayıb.
Prezidentdən xalqa növbəti müjdə
Prezident İlham Əliyev özünün rəsmi "X" səhifəsində daha bir paylaşım edib: "Azərbaycan Silahlı Qüvvələri qədim Xudafərin körpüsünün üzərində Azərbaycan bayrağını qaldırdılar. Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!"
Mehriban ƏLİYEVA: "Dünya Azərbaycan xalqının yenilməz iradəsinin, Vətənə sadiqliyinin şahididir"
Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi "İnstaqram" hesabında Müstəqilliyin Bərpası Günü ilə bağlı paylaşım edib: "Bu günlərdə bütün dünya ictimaiyyəti Azərbaycan xalqının yenilməz iradəsinin, qətiyyətinin, əzminin, birlik və həmrəyliyinin, Vətənə sadiqliyinin şahididir. Əminəm ki, xalqımızın məhz bu xüsusiyyətləri bizə qarşımızda dayanan bütün vəzifələrin öhdəsindən uğurla gəlməyə, o cümlədən müstəqilliyimizi qoruyub saxlamağa hər zaman kömək edəcəkdir. Qoy Azərbaycanın müstəqilliyi əbədi olsun! Uca Tanrı xalqımızı, Vətənimizi qorusun!"
Düşmənin "Su-25" hücum təyyarəsi məhv edilib
Saat 12:30-da cəbhənin Cəbrayıl istiqamətində Azərbaycan Ordusunun mövqelərinə aviazərbələr endirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinin növbəti "Su-25" hücum təyyarəsi Azərbaycan Hava Hücumundan Müdafiə bölmələri tərəfindən məhv edilib.
Mehriban ƏLİYEVA: "Hər bir Azərbaycan əsgərinin və zabitinin həyatı və sağlamlığı üçün dua edirəm"
"Bu gün bizim ordumuz əzəli Azərbaycan torpaqlarını işğaldan azad etməklə milyonlarla azərbaycanlının arzularını həyata keçirir".
Bu fikirlər Birinci vitse-prezident Mehriban Əliyevanın rəsmi "İnstaqram" hesabında etdiyi növbəti paylaşımda öz əksini tapıb.
Paylaşımda həmçinin deyilirdi: "Azərbaycan Ordusunun növbəti qələbəsi! Füzuli şəhəri və Füzuli rayonunun bir sıra kəndləri işğaldan azad edilib. İllər boyu bir çox soydaşımız Vətən həsrəti ilə yaşayıb! Nə qədər həmvətənimiz doğma diyarını heç olmasa bir dəfə də olsun yenidən görmək arzusunda idi! Bu gün bizim ordumuz əzəli Azərbaycan torpaqlarını işğaldan azad etməklə milyonlarla azərbaycanlının arzularını həyata keçirir. Bu, ədalətin təntənəsidir! Ona görə ki, bu yerlər bizim doğma torpaqlarımızdır, əcdadlarımızın torpaqlarıdır. Hər bir Azərbaycan əsgərinin və zabitinin həyatı və sağlamlığı üçün dua edirəm. Uca Tanrı ordumuzu, xalqımızı, Vətənimizi və Prezidentimizi qorusun! Qarabağ Azərbaycandır!"
Erməni xüsusi təyinatlıları döyüşdən imtina edərək qaçıblar
Ermənistan silahlı qüvvələrinin son qüvvə kimi səngərlərə atdığı xüsusi təyinatlılar Azərbaycan əsgərlərinin həmləsinə tab gətirməyərək geri qaçmağa məcbur edilib.
Nümayiş olunan videoda Azərbaycan Ordusunun zirehli texnika və əsgərlərinin erməni xüsusi təyinatlılarını necə qovduğu müşahidə olunub.
Videonun son kadrlarında düşmən səngərləri tərk etdikdən sonra həmin mövqelərə doğru Azərbaycan əsgərlərinin irəliləməsi aydın görünür.
Horadiz istiqamətində düşmənin PUA-sı məhv edilib
Horadiz istiqamətində uçuşlar keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus taktiki pilotsuz uçuş aparatı (PUA) Azərbaycan Hava Hücumundan Müdafiə bölmələri tərəfindən aşkar olunaraq məhv edilib.
Hərbçilərimiz Füzuli şəhərində bayrağımızı qaldırıblar
Müdafiə Nazirliyi işğaldan azad olunan Füzuli şəhərinin mərkəzində Azərbaycan bayrağının qaldırılması, eləcə də Füzuli istiqamətində gedən döyüşlərdə xeyli sayda canlı qüvvə və texnika baxımından itkilərə məruz qalan düşmənin döyüş meydanında atıb qaçdığı hərbi texnikası və silah-sursatının foto və videogörüntülərini yayıb.
19 oktyabr
Gecə saatlarında bütün cəbhəboyu döyüşlər davam edib. Gecə cəbhənin Ağdərə-Ağdam, Füzuli-Hadrut-Cəbrayıl istiqamətlərində, eləcə də Araz çayı boyu müqavimət göstərməyə cəhd edən düşmənə qarşı döyüş əməliyyatları aparılıb. Düşmən tərəfindən bölmələrimizin müdafiə mövqeləri atıcı silahlar, minaatanlar və toplardan atəşə tutulub. Azərbaycan Ordusunun fəaliyyətləri nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin canlı qüvvəsi, 2 ədəd T-72 tankı, 2 ədəd BM-21 "Qrad" YARS, 1 ədəd D-30 və 1 ədəd D-20 haubitsa topları və 11 ədəd avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb.
Erməni hərbi birləşmələri geri çəkiliblər
Bir çox istiqamətdə döyüş mövqelərini itirən Ermənistan silahlı qüvvələrinin 1-ci motoatıcı alayının müdafiə zolağında döyüş tapşırığı icra edən taborun komandiri şəxsi heyətlə birlikdə geri çəkilib. Alayın müdafiə sahəsində yerləşən 63-cü tank taborunun qərargah rəisi məhv edilib, 1-ci taborun komandiri və onun müavini Gevorq Makaryan isə yaralanıblar.
5-ci dağatıcı alayın müdafiə sahəsindəki taborun şəxsi heyətinin bir qismi məhv edilib, digərləri isə döyüş mövqelərini özbaşına tərk edərək qaçıblar. Ölənlər arasında tabor komandirinin müavini mayor Hayk Stepanyan da olub. Alayın bölmələrində ərzaq, yanacaq və döyüş sursatlarının çatışmazlığı barədə məlumat əldə edilib.
Prezidentdən növbəti müjdəli xəbər
Prezident İlham Əliyev xalqa müjdəli xəbər verib. Ali Baş Komandan rəsmi "X" səhifəsində yazıb: "Cəbrayıl rayonunun Soltanlı, Əmirvarlı, Maşanlı, Həsənli, Əlikeyxanlı, Qumlaq, Hacılı, Göyərçinveysəlli, Niyazqullar, Keçəl Məmmədli, Şahvəlli, Hacı İsmayıllı, İsaqlı kəndləri azad edilmişdir. Qarabağ Azərbaycandır!"
Ali Baş Komandan DSX-nin hərbi qulluqçularını təbrik edib
Prezident İlham Əliyev Dövlət Sərhəd Xidmətinin rəisi (DSX) general-polkovnik Elçin Quliyevi Xudafərin körpüsündə Azərbaycan bayrağının qaldırılması və DSX-nin iştirakı ilə bir neçə yaşayış məntəqəsinin azad edilməsi münasibətilə təbrik edib və təbriklərinin bütün şəxsi heyətə çatdırılmasını tapşırıb. General-polkovnik E.Quliyev DSX-nin şəxsi heyətinin Ali Baş Komandanın bütün tapşırıqlarını bundan sonra da layiqincə yerinə yetirəcəyini məruzə edib.
Tovuz və Daşkəsən rayonları atəşə tutulub
Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycanla dövlət sərhədində növbəti dəfə vəziyyəti gərginləşdirməyə cəhd göstərib. Saat 11:10-dan başlayaraq, Berd rayonu istiqamətindən Tovuz rayonu, Vardenis rayonu istiqamətindən isə Daşkəsən rayonu ərazisindəki Azərbaycan Ordusunun döyüş mövqeləri iriçaplı silahlardan atəşə tutulub.
Müdafiə Nazirliyi sosial şəbəkə istifadəçilərinə müraciət edib
Müdafiə Nazirliyi sosial şəbəkə istifadəçilərinə müraciət edib. Müraciətdə qeyd edilib ki, son günlər bəzi sosial şəbəkə istifadəçiləri əməliyyatların aparıldığı istiqamətlə və cari vəziyyətlə bağlı müxtəlif şəxsi fikirlər paylaşaraq hadisələri qabaqlamağa çalışırlar.
Nazirlik bildirib ki, bu cür addımlar həm məxfilik rejiminin pozulmasına, həm də hərbi qulluqçularımızın həyatının təhlükəyə atılmasına səbəb ola bilər: "Bütün bunları nəzərə alaraq sosial şəbəkə istifadəçilərini və KİV nümayəndələrini rəsmi surətdə öz təsdiqini tapmamış məlumatları yaymamağa və yalnız Müdafiə Nazirliyinin rəsmi məlumatlarına istinad etməyə çağırırıq".
Ermənistan razılaşdırılmış müvəqqəti humanitar atəşkəs rejimini pozub
"Ermənistan silahlı qüvvələri razılaşdırılmış müvəqqəti humanitar atəşkəs rejimini kobudcasına pozaraq oktyabrın 18-də saat 00:02-dən sonra Azərbaycanın yaşayış məntəqələrini və döyüş mövqelərini ağır artilleriyadan atəşə tutub".
Bu barədə Prezident İlham Əliyev özünün rəsmi "X" hesabında bildirir.
Dövlət başçısı qeyd edir ki, bu çirkin əməllər nəticəsində ölən və yaralananlar var: "Azərbaycan Ordusu düşmənə layiqli cavab verərək bir neçə yaşayış məntəqəsini işğaldan azad edib".
Müzəffər Ali Baş Komandandan Ermənistana növbəti dərs
Prezident İlham Əliyev Rusiyanın TASS İnformasiya Agentliyinə videomüsahibə verərək Ermənistanın elan olunan atəşkəsi növbəti dəfə pozmasını faktlara əsasən izah edib.
İlham Əliyev deyib ki, Moskva danışıqlarından sonra Azərbaycan üzərinə götürdüyü öhdəliklərə əsaslanıb, həmin öhdəlikləri yerinə yetirməyə çalışıb. Lakin təəssüf ki, Ermənistan atəşkəs rejimini kobud şəkildə pozub: "Danışıqlardan sonra heç 24 saat keçməmiş Gəncə şəhərinə hücum edildi. Gecə vaxtı - yatmış Gəncə şəhərinin yaşayış məhəllələrinə məqsədyönlü şəkildə zərbə endirildi. Birinci hücumdan sonra, - iki hücum olub, - həlak olanlar və yaralananlar hədsiz çox idi. Yəni Ermənistan atəşkəsi nümayişkaranə şəkildə pozdu. Beləliklə, o, vasitəçilərə hörmətsizlik, Moskvada belə uzun danışıqlardan sonra öz üzərinə götürdüyü öhdəliklərə hörmətsizlik göstərdi".
Prezident bir daha Ermənistan rəhbərliyinə sərt xəbərdarlıq edib: "Əgər ağıllarını başlarına yığmasalar, onların sonu çox acınacaqlı olacaq. Biz baza prinsiplərinə tərəfdarıq, hesab edirəm ki, nizamlama mümkündür. Lakin bunun üçün erməni tərəfi elə indi, nə qədər ki gec deyil, nə qədər ki qarşımızda diz çöküb, bu prinsipləri qəbul etmək və münaqişəni qaynar fazadan siyasi nizamlama mərhələsinə keçirmək üçün onun hələ vaxtı var".
"Azərbaycan"