19 Mart 2024 09:30
242
CƏMİYYƏT
A- A+

Füzuli şəhəri növbəti sakinlərinə qovuşdu

 

Füzuli şəhərinin işğaldan azad edilməsi Vətən müharibəsinin strateji əhəmiyyətinə görə ən mühüm qələbələrindən biridir. 27 ildən çox əsarət altında qalan bu şəhərin ətrafında düşmən möhkəm istehkamlar qurmuşdu. Elə bu səbəbdən də Füzuli uğrunda aparılmış döyüşlər Vətən müharibəsi zamanı ən ağır döyüşlərdən hesab edilir. 
İşğaldan azad edilmiş digər ərazilərimizdə olduğu kimi Füzulidə də genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir, keçmiş məcburi köçkünlərin yurdlarına qayıtması, ən əsası döndükdən sonra dayanıqlı məskunlaşmanı təmin etmək üçün müvafiq tədbirlər həyata keçirilir. Zəfər, Əhmədbəyli-Füzuli-Şuşa, Füzuli-Ağdam avtomobil yollarının inşası, kəndlərin bərpası, Füzuli şəhərində Rəqəmsal Yarımstansiya İdarəetmə Mərkəzinin təməlinin qoyulması, Füzuli Beynəlxalq Hava Limanının istifadəyə verilməsi qısa müddət ərzində rayonun bərpası və inkişafı üçün görülən böyükmiqyaslı işlərdən xəbər verir. Bütün bunlar həm də füzulililərin yurdlarına tezliklə qayıdacaqlarını şərtləndirən amillərdir. Hazırda Füzuli şəhərində rahat həyat şəraitinin təmin edilməsi üçün orta və azmərtəbəli yaşayış binaları, həyətyanı torpaq sahələri olan fərdi evlər inşa edilir, təhsil, səhiyyə, mədəniyyət, istehsalat müəssisələri, rekreasiya və digər təyinatlı zonalar yaradılır, müasir şəhərsalma yanaşmaları tətbiq edilir.
Füzuli şəhəri həm də ən çox qayıdış köçünün həyata keçirildiyi ərazidir. İndiyədək 596 ailə, 2245 füzulili doğma şəhərinə geri dönüb. Dünən Füzuli şəhəri  daha 123 sakininə (34 ailə) qovuşub. Yurdlarına qovuşan keçmiş məcburi köçkünlər qayıdışın məhz bu ərəfəyə təsadüf etdiyi üçün ikiqat bayram yaşayırlar. Novruz xalqımızın mədəniyyətini, milli-mənəvi dəyərlərini özündə əks etdirən el bayramıdır. Uzun illərdən sonra Novruz bayramını doğma diyarlarında qeyd etmək, tonqal qalamaq, xonçalar hazırlamağın şövqünü yaşayacaqlar.
Füzuliyə qayıdış karvanları bundan sonra da sürətlə davam edəcək. Baş plana əsasən, 2040-cı ilədək Füzuli şəhərinin inzibati ərazisinin 1943 hektara, əhalisinin 50 min nəfərə çatdırılması nəzərdə tutulur. Məşğulluğun və sosial xidmətlərin təmini üçün şəhərdə 9 ümumi və orta təhsil müəssisəsi, 13 məktəbəqədər təhsil müəssisəsi, peşə təhsili müəssisəsi, internat tipli musiqi məktəbi, xəstəxana, idman və sağlamlıq mərkəzi, mədəniyyət mərkəzi, inzibati mərkəz, idman kompleksinin inşası, Qələbə və Memorial park, 6 məhəllə parkı və şəhər meydanının, ərazisi 150 hektardan çox olan ekoparkın salınması planlaşdırılıb. 2026-cı ildə Böyük qayıdışın birinci mərhələsi bitəcək. O zamana qədər 34 min 500 ailənin əzəli torpaqlarında daimi məskunlaşması təmin ediləcək. Yurdlarından didərgin salınan, Vətən nisgili çəkən, məcburi köçkün həyatı yaşayan vətəndaşlarımızın hamısı əzəli torpaqlarına qovuşacaqlar. 
Bugünədək 175 ailə (871 nəfər) Zəngilan rayonunun Ağalı kəndinə, 20 ailə (90 nəfər) Tərtər rayonunun Talış kəndinə, 451 ailə (1705 nəfər) Laçın şəhərinə, 596 ailə (2245 nəfər) Füzuli şəhərinə, 211 ailə (808 nəfər) Laçın rayonunun Zabux kəndinə qayıdıb. Ümumilikdə isə 1453 ailə - 5719 nəfər əzəli yurdlarına qovuşub.
Otuz ildir yalnız bir arzu - əsarət altında qalmış torpaqlarımızın azad olunması məramı ilə yaşayan xalqımız Qarabağ və Şərqi Zəngəzurda əbədi xoşbəxtliyin şahidi olacaq.

Ülkər XASPOLADOVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video