"Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi köklərə malikdir. Şəxsən mən öz ana dilimi çox sevir və bu dildə danışmağımla fəxr edirəm..." Bu müdrik sözlər Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevə məxsusdur. Bütün həyatını doğma xalqının, Vətəninin inkişafına, intibahına həsr edən, bu yolda misilsiz tarixi uğurlar qazanan Heydər Əliyev Azərbaycan dilinə həmişə layiqincə diqqət yetirib, tükənməz övlad məhəbbəti, xüsusi qayğı göstərib.
Mübaliğəsiz deyə bilərik ki, Azərbaycan dilinin son əsrin
30 ildəki inkişafı, öncə, Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bu illərin, təxminən, üçdəiki hissəsi Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrə düşür. Ulu Öndərin Azərbaycan dili və ümumiyyətlə, dil siyasəti, əsasən üç prinsip üzərində qurulmuşdur: demokratiklik, dəqiqlik və uzaqgörənlik, obyektivlik. Bundan başqa, Ulu Öndərin dil siyasəti iki istiqamətdə özünü qabarıq şəkildə göstərir. Birincisi, milli dil sahəsindəki siyasət ilk gündən ana dilinin inkişafı, dövlət dili səviyyəsinə yüksəlməsi, dünya meridianlarına çıxması ideyaları ilə bağlı olmuşdur. İkincisi, Heydər Əliyevin başqa dillərə münasibətdə yürütdüyü dil siyasəti öz demokratikliyi, uzaqgörənliyi və obyektivliyi ilə fərqlənir.
Ümummilli Lider dilimizin saflığını, zənginliyini qorumağın vacibliyini çıxışlarında hər zaman vurğulayır, cəmiyyətin bütün imkanlarını ana dilinin inkişafını təmin etməyə səfərbər edirdi.
Azərbaycan dilinə tarixi xidmət bu gün, müstəqillik dövründə daha böyük miqyasda davam etdirilir. Bunu hakimiyyətə gəldiyi ilk günlərdən Azərbaycan Prezidenti, Ali Baş Komandan
İlham Əliyevin müxtəlif tədbirlərdə söylədiyi çıxışlarında daha parlaq əks olunduğunu görürük. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29 sentyabr 2023-cü il sərəncamı ilə ölkəmizdə "Heydər Əliyev İli" elan edilməsi əlamətdar hadisələrdən biridir. Bu sərəncam ölkəmizin rəhbərinin dövlətçiliyimizin inkişafına verdiyi yüksək dəyərin göstəricisidir. 2023-cü ilin "Heydər Əliyev İli" elan olunması həm də Ulu Öndərin dil siyasətinin öyrənilməsi baxımından da çox vacibdir. Bu məsələdə Heydər Əliyevin mövqeyi aydındır və qətidir: "Öz dilini sevməyən adam, öz tarixini yaxşı bilə bilməz".
Təsadüfü deyildir ki, bu il noyabrın 3-də Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyi münasibətilə keçirilən tədbirdə Prezident İlham Əliyevin çıxışı, mahiyyətcə, dövlətin gələcək inkişaf fəlsəfəsi haqqında strateji manifest idi. Prezidentin səsləndirdiyi fikirlər bugünkü dəyişkən mühitdə Azərbaycanın yeni siyasi və iqtisadi modelinin ideoloji əsaslarını formalaşdırır. Çıxışda açıq şəkildə görünür ki, Azərbaycanın gələcəyi elm, bilik və milli ruh üzərində qurulmalıdır. Prioritet sahələrdən biri isə Azərbaycan dilinə qayğı, onun yad ünsürlərdən qorunması, milli kimliyimizə hörmət edilməsidir.
Dövlət başçısı İlham Əliyevin məruzəsindən irəli gələn vəzifələrə uyğun olaraq, AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli və Nəsimi adına Dilçilik İnstitutunun baş direktoru, professor Nadir Məmmədlinin başçılığı altında müvafiq strukturlarda operativ tədbirlər keçirildi. İnstitutda təşkil edilən "Milli dilçilik elmi və Azərbaycan dövlətinin dil siyasəti" adlı toplantı isə daha böyük maraq doğurdu. Toplantıda, əsasən, dövlətimizin başçısının məruzəsindən irəli gələn vəzifələrə cavab olaraq müxtəlif təkliflər irəli sürüldü. Bu təkliflərin bəzilərinin qeyd edilməsini məqsədəuyğun sayırıq.
İnstitutun elmi işlər üzrə direktor müavini, dosent Baba Məhərrəmlinin təklifi belə oldu: "Müasir Azərbaycan dilində işlək olan ərəb, fars, rus, ingilis mənşəli sözləri klassik ədəbiyyatımızdakı Azərbaycan türkcəsi qarşılıqları ilə əvəz etmək. Məsələn, XIII əsrə aid İbn Mühənna lüğətində alcuğ, müasir Türkiyə türkcəsində alçı sözləri işlənir. Bu iki sözdən birini müasir dilimizə gətirmək olar".
Baba Məhərrəmli diqqətə çatdırdı ki, klassik ədəbiyyatda alim "bilgə", elm "bilim" , kitab "bitik", nəticə "sonuc", təcrübə "sına -sınıq", qanun "törə, yasaq" və sairə kimi sözləri seçib təkliflər planı şəklində təqdim etmək üçün 3 cildlik "Türk mənşəli arxaizmlər lüğəti"ndən istifadə oluna bilər.
Beynəlxalq əlaqələr şöbəsinin müdiri Vəfa Abdullayeva-Nəbiyeva Azərbaycan dilinin funksional potensialını beynəlxalq akademik məkanlarda tanıtmaq məqsədilə beynəlxalq qurumlarla elmi-kommunikativ əməkdaşlıq layihələri hazırlamaq və xarici dillərdə aparılan dilçilik tədqiqatlarına Azərbaycan dilinə dair modulların daxil edilməsi üçün ortaq elmi proqramlar və mübadilə mexanizmləri hazırlamaq təklifləri ilə çıxış etdi.
Azərbaycan dili tarixi şöbəsinin müdiri Xədicə Heydərovanın isə təklifləri belə oldu: "Nitq mədəniyyətinin formalaşdırılması: gənc nəslin ədəbi və düzgün danışıq bacarıqlarının inkişaf etdirilməsi, nitq mədəniyyətinə diqqətin artırılması.
Dilin saflığının qorunması, yad leksik elementlərin təsirinin elmi əsaslarla təhlili və milli söz yaradıcılığının təşviqi".
Qədim dillər və mədəniyyətlər şöbəsinin müdiri İlhami Cəfərsoy həmin şöbənin bu sahədə həyata keçiriləsi vacib planları olduğunu bildirdi: "İlk növbədə Ön Asiyanın mixi yazı mənbələrinin türkoloji leksikası elmi tədqiqat obyektinə çevrilməlidir. Bu istiqamətdə Urartu mixi yazılı mətnlərinin, şumer gil lövhələrinin dili haqqında məqalələr çap etdirilməlidir. Xatti, Assur dillərinin prototürk leksikası öyrənilməlidir".
Terminologiya şöbəsinin müdiri, professor Sayalı Sadıqov yaranan terminlər dilin qrammatik qaydalarına uyğun olmaqla bərabər, anlayışı da məntiqi cəhətdən düzgün təyin edilməli olduğuna diqqət çəkdi. O qeyd etdi ki, Terminoloji fondun yaradılması üçün müxtəlif sahələrə aid terminoloji lüğətlərin tərtibi vacibdir.
Sayalı Sadıqov vurğuladı ki, teleradio kanallarında və digər kütləvi informasiya vasitələrində materiallar digər tələblərlə yanaşı, ədəbi dil normalarına cavab verməlidir: "Müasir şəraitdə Dil Komissiyasının fəaliyyəti məhz bu tələblər nəzərə alınmaqla qurulmalı, alınma sözlərin dilimizin tələblərinə uyğunlaşdırılması prinsipləri hazırlanmalıdır.
Avropa dillərindən daxil olan terminlərin izahlı lüğətini hazırlamaq üçün Azərbaycan dilində orfoqrafiya prinsipləri təkmilləşdirilməlidir".
Elmi katib, filologiya elmləri doktoru Aynel Məşədiyeva Azərbaycan dilinin terminoloji müasirliyi və qlobal elmi diskursa inteqrasiyası üçün "Azərbaycan dili qlobal elmi kommunikasiya müstəvisində" adlı beynəlxalq konfransın təşkili; Xarici dillərdə aparılan dilçilik tədqiqatlarına Azərbaycan dilinə dair modulların daxil edilməsi üçün ortaq elmi proqramlar və mübadilə mexanizmləri hazırlamaq; Prezidentin "Azərbaycan elminin dünya elminə inteqrasiyası milli inkişafın mühüm şərtidir" fikrinə əsaslanaraq, Azərbaycan dilinin elmi dil statusunun gücləndirilməsi üçün beynəlxalq jurnallarda ikidilli nəşrlərin təşviqi; Azərbaycan Dil Mərkəzi brendi altında yeni elmi platformanın yaradılması təkliflərini irəli sürdü.
Hind-Avropa dilləri şöbəsinin müdiri Lalə Qurbanova nəzərə çatdırdı ki, Azərbaycan dili linqvistik təhlillə yanaşı, ekstralinqvistik təhlil edilməli, dilin mənimsənilməsi eksperimental tədqiqata cəlb olunmalıdır. Lalə Qurbanova onu da vurğuladı ki, Azərbaycan dilinə gələn yeni sözlər dil qaydalarının bütün səviyyələrindən keçərək işlədilməli, Azərbaycan dili və xarici dillər üzrə mütəxəssislər qarşılıqlı təhlillər aparmalıdırlar.
Süni intellekt və kompüter dilçiliyi şöbəsinin müdiri Məsud Mahmudov növbəti əhəmiyyətli təkliflərlə çıxış etdi: "Sosial şəbəkələrdə, müxtəlif saytlarda dilimizin qaydalarının pozulması hallarına yol verməmək, bununla bağlı sayt rəhbərlərinə məktublarla müraciət etmək; Kütləvi informasiya vasitələrində Azərbaycan dilinin saflığının qorunması ilə bağlı müzakirələrdə fəal iştirak etmək; Elmi-tədqiqat planlarının və məqalələrin yazılışı prosesində lüzumsuz olaraq xarici terminlərin istifadəsini məhdudlaşdırmaq və ana dilimizin daxili imkanları hesabına yaradılmış terminlərdən istifadəyə nail olmaq".
Qərbi Azərbaycan toponimlərinin izahlı lüğətinin 2-ci cildinin, işğaldan azad olunmuş rayonların toponimlərinin izahlı lüğətinin, Azərbaycan coğrafiyasının və türk dünyasının areal toponimlərinin izahlı lüğətinin hazırlanmalı olduğunu qeyd edən Toponimika şöbəsinin müdiri Elçin İsmayılovun digər təklifi isə Azərbaycan toponimlərinin qorunması və yer adlarının düzgün işlədilməsi məqsədilə mətbuatda, saytlarda və televiziya proqramlarında maarifləndirici çıxışların təşkili oldu.
Tətbiqi dilçilik şöbəsinin müdiri İsmayıl Məmmədli "Dilimizdə yanlış işlənən sözlərin siyahısını hazırlayıb təkmilləşdirmə işləri apararaq Azərbaycan dilinin Orfoqrafiya Lüğətini tərtib etmək; Təhsil ocaqlarında və ictimai yerlərdə düzgün danışıq mövzusunda seminarlar, vebinarlar keçirmək, lüğətlərin əhəmiyyətini izah etmək; Azərbaycan dilinin Böyük İzahlı Lüğətini hazırlamaq" təkliflərini səsləndirdi.
Müasir Azərbaycan dili şöbəsinin müdiri Nərgiz Hacıyeva yad kəlmələri dilimizdən uzaqlaşdıraraq bir çox sözü xalq dilindən, dialektlərdən alıb lüğət tərkibinə salmağı əhəmiyyətli hesab etdi. Onu da qeyd etdi ki, müstəqillik dövründə uşaq yazıçılarının əsərlərində yeni, uydurma, fantastik alınma adlarla yanaşı, milli adlara çox üstünlük verilməlidir.
Prezident İlham Əliyevin alimlərimizin qarşısında qoyduğu məsələlər, problemlər cəmiyyətin və elmi mühitin yeni inkişaf meyarlarını müəyyənləşdirmək baxımından olduqca əhəmiyyətlidir. Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dilinin taleyi barədə təməl düşüncələrini şərtləndirən dil quruculuğu haqqında ideya istiqaməti bu gün də dövlət siyasətinin tərkib hissəsi kimi müasir siyasi baxışlara uyğun səviyyədə aparılır. "Hər bir millət, hər bir xalq üçün onun ana dili onun milli mənsubiyyətinin əsas amilidir və bu istiqamətdə bütün ictimai fəallar, bütün ictimaiyyət bir nöqtəyə vurmalıdır" çağırışı dövlətin dil siyasətinin manifestidir. Cənab Prezidentin ana dilinin geniş, maneəsiz işləkliyi üçün göstərdiyi siyasi qətiyyət, milli iradə, gördüyü məqsədyönlü işlər Azərbaycan dilinin nüfuzunun yüksəlməsinə xidmət edir.
Fizuli MUSTAFAYEV,
filologiya elmləri doktoru