Havalar mülayim keçsə də, mütəxəssislər bu il qışın sərt keçəcəyi barədə xəbərdarlıq edirlər. Deməli, havaların qəfil dəyişməsi ehtimalı çoxdur.
Elə əhalinin şikayətləri də bu zaman başlayır. Uzun illərin təcrübəsindən bilirik ki, bir çox dövlət qurumu qışa tam hazır olduqlarını bəyan etsələr də, qar yağanda, şaxta düşəndə bunun əksini görürük və məlum olur ki, verilən sözlə reallıq üst-üstə düşmür. "Azəristiliktəchizat" Açıq Səhmdar Cəmiyyətindən verilən məlumatda da bildirilir ki, qurum qışa tam hazırdır və narahatlığa əsas yoxdur. Amma bunun nə qədər doğru olub-olmadığını, necə deyərlər, qışın oğlan çağında görəcəyik.
İndi isə "Azəristiliktəchizat"ın bu barədə məlumatına nəzər salaq. Məlumata görə, 3800 yaşayış binası, o cümlədən təxminən 185 min mənzil, eləcə də 449 təhsil müəssisəsi, 152 səhiyyə obyekti, 2500 sosial və təsərrüfat obyekti mərkəzləşdirilmiş qaydada istiliklə təmin edilmişdir. Bu obyektlərə ASC-nin balansında olan 550 qazanxana xidmət göstərir.
Qurumun mütəxəssisləri tərəfindən 1000 kilometrdən artıq magistral və məhəllədaxili xətlər payız-qış mövsümünə hazırlıq çərçivəsində hidravlik tezliklə dəfələrlə yoxlanılıb, aşkarlanan problemlər, axıntı, qəza riskləri müəyyən edilərək aradan qaldırılıb, bütün qazanxanalar tam işlək vəziyyətə gətirilib.
Ancaq müxtəlif ərazilərdə bir neçə bina var ki, orada ödəniş haqqı aşağı səviyyədədir. Hətta kütləvi şəkildə abunə haqqını ödəməmə halı var ki, bu səbəbdən də həmin ərazilərdə mərkəzləşdirilmiş qaydada istiliklə təminat müvəqqəti olaraq məhdudlaşdırılıb.
R.MÜTƏLLİBOV,
"Azərbaycan"