2020-ci il sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsi Azərbaycanın tarixində yeni bir səhifə açdı. Bu müharibə xalqımızın həmrəyliyini, ordumuzun gücünü və dövlətimizin qətiyyətini nümayiş etdirməklə yanaşı, uzun illər həsrətində olduğumuz torpaqlara qovuşmaq arzusunu reallığa çevirdi. Bu baxımdan 27 Sentyabr həm şəhidlərimizin xatirəsinə ehtiram, həm də Zəfərimizin başlanğıcını xatırladan mühüm tarixdir.
Milli Məclisin deputatı Kamran Bayramov qəzetimizə açıqlamasında bildirib ki, Azərbaycan uzun illər ərzində münaqişənin sülh yolu ilə həllinə üstünlük verib və bunun üçün beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanıb. Ermənistanın Azərbaycan torpaqlarına qarşı ərazi iddiaları, işğalçıya xarici dəstək və beynəlxalq müstəvidə tətbiq olunan ikili standartlar regionda uzunmüddətli qeyri-sabitliyin yaranmasına gətirib çıxarıb. "Bu proses nəticəsində yüz minlərlə insan öz doğma torpaqlarından didərgin düşüb, Azərbaycan əraziləri uzun illər işğal altında qalıb. Bu ikili standartlara baxmayaraq, xalqımız torpaqlarının işğal altında qalması ilə heç vaxt barışmayıb. Münaqişənin sülh yolu ilə həllinə ümid edərək, illərlə təmkin nümayiş etdirən xalqımız Ermənistan tərəfindən həyata keçirilən ardıcıl hərbi təxribatlarla üzləşib. 2020-ci il sentyabrın 27-də baş vermiş növbəti genişmiqyaslı təxribat isə Azərbaycanın özünümüdafiə hüququndan istifadə etməsini zəruri edib. Başlayan müharibə xalqımızın öz torpaqlarını müdafiə və tarixi ədaləti bərpa etmək iradəsinin göstəricisinə çevrildi. 44 gün davam edən Vətən müharibəsi Azərbaycanın hərbi gücü ilə yanaşı, siyasi iradəsini və xalq-iqtidar birliyini də nümayiş etdirdi", - deyə o bildirib.
Deputat dedi ki, Azərbaycan Ordusu yüksək peşəkarlıq göstərərək və müasir döyüş taktikalarından istifadə edərək işğal altında olan əraziləri azad etdi. Qələbənin əldə olunmasında hərbi imkanlarla yanaşı, ölkənin diplomatik fəaliyyəti də mühüm rol oynadı. Prezident İlham Əliyevin rəhbərliyi, Silahlı Qüvvələrin hazırlığı və Azərbaycan xalqının möhkəm iradəsi nəticəsində ölkənin ərazi bütövlüyü bərpa edildi.
K.Bayramov müharibə günlərində cəmiyyətin bütün təbəqələrinin vahid məqsəd ətrafında birləşdiyini xatırladaraq əlavə edib ki, xalqın orduya və dövlətə göstərdiyi mənəvi dəstək, əsgər və zabitlərimizin döyüş əzmi Zəfərin qazanılmasında mühüm amillərdən biri olub: "Həmin dövr Azərbaycan tarixində milli həmrəyliyin ən parlaq nümunələrindən biri kimi yadda qaldı. Müharibədən sonra da dövlət tərəfindən şəhid ailələrinin və qazilərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində müxtəlif tədbirlər həyata keçirildi. Şəhid ailələrinə və müharibə iştirakçılarına göstərilən sosial dəstək, təltiflər, eləcə də Bakıda yaradılmış Zəfər parkı və digər layihələr Vətən müharibəsinin tariximizdəki əhəmiyyətini yaşadan nümunələr sırasındadır. Azərbaycanın əldə etdiyi Zəfərin beynəlxalq müstəvidə tanıdılması və ölkəmizin mövqeyinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində də mühüm fəaliyyət aparılıb. Prezident İlham Əliyevin müxtəlif beynəlxalq platformalarda, o cümlədən BMT Baş Assambleyası və Qoşulmama Hərəkatının tədbirlərində çıxışları zamanı Azərbaycanın mövqeyi və beynəlxalq hüquqa əsaslanan yanaşması diqqətə çatdırılıb. Bu çıxışlarda Ermənistanın uzun illər davam edən işğal siyasətinin nəticələri barədə beynəlxalq ictimaiyyətə məlumat verilib".
K.Bayramov vurğulayıb ki, Vətən müharibəsində əldə edilən Zəfərdən sonra qarşıda duran əsas vəzifələrdən biri işğaldan azad edilmiş ərazilərin yenidən qurulması və insanların öz doğma torpaqlarına qayıdışının təmin edilməsidir. Bu məqsədlə Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı infrastruktur layihələri həyata keçirilir. Yeni avtomobil yollarının və hava limanlarının inşası, dəmir yolu xətlərinin tikintisi, müasir yaşayış məntəqələrinin salınması, eləcə də "ağıllı şəhər" və "ağıllı kənd" layihələrinin reallaşdırılması bu istiqamətdə görülən işlərin əsas nümunələrindəndir. Qarabağ və Şərqi Zəngəzurun "yaşıl enerji" zonası kimi inkişaf etdirilməsi də xüsusi əhəmiyyət daşıyır. Bərpaolunan enerji mənbələrindən istifadə, müasir texnologiyaların tətbiqi və ekoloji cəhətdən dayanıqlı layihələrin həyata keçirilməsi Azərbaycanın enerji siyasətinin yeni istiqamətlərini nümayiş etdirir.
"Azad edilmiş ərazilərin bərpası ölkənin iqtisadi inkişafı üçün də yeni imkanlar formalaşdırır. Burada yaradılan müasir infrastruktur sahibkarlıq fəaliyyətinin genişlənməsinə, yerli istehsalın inkişafına və investisiyaların cəlb edilməsinə şərait yaradır. Kənd təsərrüfatının müxtəlif sahələrinin yenidən qurulması, təbii ehtiyatlardan səmərəli istifadə və turizm imkanlarının genişləndirilməsi regionun iqtisadi potensialının artırılması baxımından mühüm istiqamətlərdir. Dövlət tərəfindən tətbiq olunan müxtəlif təşviq mexanizmləri, investorlara yaradılan imkanlar və biznes mühitinin formalaşdırılması Qarabağ və Şərqi Zəngəzurda iqtisadi fəallığın artmasına xidmət edir. Quruculuq prosesinin genişlənməsi ilə bu ərazilərin Azərbaycanın iqtisadi həyatında daha mühüm mövqeyə sahib olması gözlənilir"- deyə o əlavə edib.
Deputat qeyd edib ki, davamlı sülhün təmin olunması isə bütün bu imkanların tam şəkildə reallaşması üçün əsas şərtlərdən biridir. Qarşılıqlı etimadın gücləndirilməsi, kommunikasiyaların açılması, iqtisadi və humanitar əlaqələrin inkişaf etdirilməsi xalqlar arasında münasibətlərin normallaşmasına mühüm töhfə verə bilər. Uzunmüddətli perspektivdə belə əməkdaşlıq region ölkələri arasında qarşılıqlı asılılığı və maraqları artıraraq sabitliyin möhkəmlənməsinə xidmət edə bilər. Bu baxımdan Azərbaycanın Qarabağ və Şərqi Zəngəzurda apardığı quruculuq siyasəti yalnız milli inkişaf layihəsi deyil, həm də regionun gələcək iqtisadi və sosial mənzərəsinə təsir göstərə biləcək proses kimi qiymətləndirilir. Sülh, təhlükəsizlik və qarşılıqlı əməkdaşlıq mühitinin möhkəmlənməsi isə Cənubi Qafqazda sabitliyə, inkişafa və xalqların rifahının yüksəlməsinə xidmət edəcək.
Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"