Dördüncü Sənaye İnqilabı (4Sİ) müasir dövrdə texnologiyanın, iqtisadiyyatın və cəmiyyətin inkişafını köklü şəkildə dəyişdirən qlobal proseslərdəndir. Süni intellekt, robototexnika, bulud texnologiyaları və digər texnoloji yeniliklərin sürətlə inkişaf etməsi ölkələrin rəqabət qabiliyyətinə və sosial-iqtisadi inkişafına birbaşa təsir göstərir. Bunlara uyğunlaşmaq və yeni imkanlardan səmərəli istifadə etmək dövlətlər qarşısında bir sıra vəzifələr qoyur.
Texnologiyanın sərhədləri sürətlə dəyişdirdiyi, rəqəmsal dünyanın həyatın demək olar ki, bütün sahələrinə nüfuz etdiyi bir dövrdə gələcəyin sınaqlarına hazır olmaq indi seçim deyil, daha çox zərurətdir. Süni intellekt, yeni nəsil rəqəmsal infrastruktur dünyanı görünməmiş sürətlə dəyişir. Dəyişimin mərkəzində isə innovasiya, çeviklik və yeni imkanları zamanında dəyərləndirmək bacarığı dayanır. Bu baxımdan Azərbaycan da həmin qlobal dəyişimin ritmini yaxından izləyən və yeni texnoloji reallıqlara uyğunlaşmaqla yanaşı, onun formalaşmasında fəal iştirak etməyə çalışan ölkələr sırasındadır.
Həmin istiqamətdə həyata keçirilən mühüm addımlardan biri 2021-ci il yanvarın 6-da Prezident İlham Əliyevin imzaladığı fərmanla Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) yaradılmasıdır. 4SİM-in fəaliyyətinin əsasını yeni texnologiyaların izlənilməsi, onların yaratdığı imkanların müəyyənləşdirilməsi və ondan səmərəli istifadə təşkil edir. Mərkəz Azərbaycanın Dördüncü Sənaye İnqilabı sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatlarla əməkdaşlığını və əlaqələndirməni həyata keçirir, rəqəmsal iqtisadiyyatın qarşısında dayanan problemləri, yeni təşəbbüsləri, strategiyaları və layihələri təhlil edir. Bununla da 4SİM ölkəmizin qlobal texnoloji transformasiya proseslərində daha fəal iştirakına, qabaqcıl təcrübələrin öyrənilməsinə və yeni imkanların ölkə daxilində tətbiqinə zəmin yaradır.
Əslində, bu hekayənin başlanğıcı 2020-ci il yanvarın 21-də İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumuna (DİF) gedib çıxır. Həmin gün Prezident İlham Əliyev və DİF prezidenti Borge Brende arasında forumun Dördüncü Sənaye İnqilabı Mərkəzləri Şəbəkəsinin Azərbaycan Mərkəzinin yaradılması ilə bağlı niyyət protokolu imzalandı. Bu sənəd Azərbaycanın qlobal texnoloji gündəlikdə daha fəal yer tutması istiqamətində atılan vacib addımlardan biri oldu.
Ardınca DİF-in 4SİM şəbəkəsinin Azərbaycan Mərkəzi fəaliyyətə başladı. MDB məkanında bu şəbəkənin ilk mərkəzinin məhz Azərbaycanda yaradılması ölkəmizin innovasiya və texnoloji inkişaf sahəsində beynəlxalq əməkdaşlığa verdiyi əhəmiyyətin göstəricisi kimi diqqət çəkdi. 2021-ci il aprelin 1-dən etibarən 4SİM artıq Azərbaycan Mərkəzinin fəaliyyətini də koordinasiya etməyə başladı. Bu addım Azərbaycanın texnoloji inkişaf və innovasiyalar sahəsində fəaliyyətini daha çox genişləndirməsinə imkan yaratdı. Bu, dəyişən dünyanın imkanlarını vaxtında görmək, onları milli inkişaf məqsədləri ilə uzlaşdırmaq və gələcəyin texnologiyalarında bu gündən söz sahibi olmaq cəhdidir.
Unutmaq olmaz ki, texnoloji transformasiyanın uğuru həmin texnologiyalardan istifadə edə biləcək bilikli, çevik və daim yenilənən insan kapitalının formalaşdırılmasından keçir. Çünki rəqəmsal dünyanın ən böyük sərvəti yalnız məlumat və texnologiya deyil, onları dəyərə çevirə bilən insan potensialıdır. Məhz buna görə də 4SİM-in fəaliyyətində insan kapitalının inkişafı, müasir bilik və bacarıqların təşviqi, ömürboyu öyrənmə imkanlarının genişləndirilməsi xüsusi əhəmiyyət daşıyır.
Müasir əmək bazarının dəyişən tələblərinə cavab verən bacarıqların formalaşdırılması və yeni nəsil mütəxəssislərin yetişdirilməsi istiqamətində həyata keçirilən təşəbbüslər 4SİM-in texnoloji transformasiya gündəliyinin mühüm istiqamətlərindən birini təşkil edir. Belə təşəbbüslər arasında "4Sİ Akademiyası - Milli Proqram" xüsusi yer tutur. Proqram rəqəmsal iqtisadiyyatın inkişafı ilə insan kapitalının inkişafını eyni müstəvidə birləşdirir, vətəndaşlara müasir biliklərə çıxış və öz bacarıqlarını yeni tələblərə uyğun inkişaf etdirmək imkanı yaradır.
Bir neçə gün əvvəl "Baku ID 2026" innovasiya festivalı çərçivəsində "4Sİ Akademiyası - Milli Proqram"ın nəticələrinə həsr olunan mükafatlandırma mərasiminin keçirilməsi real göstəricidir. İqtisadiyyat Nazirliyinin tabeliyində 4SİM-in strateji tərəfdaş olduğu festival çərçivəsində proqramın birinci mərhələsinin nəticələri təqdim olunub.
Tədbirdə "Milli Proqram" üzrə 12 nominasiyada fərqlənən iştirakçı "Üstün nailiyyət" sertifikatı və hədiyyələrlə təltif olunub. Nominasiyalar ömürboyu öyrənmə və özünüinkişaf, karyerada yüksəliş, regionlarda istedadların dəstəklənməsi, sahibkarlıq və startap fəaliyyəti, innovasiyada qadınların iştirakı və biliklərin paylaşılması kimi istiqamətləri əhatə edib.
Qeyd edək ki, "4Sİ Akademiyası - Milli Proqram" 4SİM, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və ABŞ-nin "Coursera" şirkəti ilə birgə həyata keçirilir. Proqramın məqsədi rəqəmsal iqtisadiyyatın inkişafına töhfə vermək, rəqabətli insan kapitalının formalaşdırılmasını dəstəkləmək və əmək bazarının müasir tələblərinə uyğun bacarıqların inkişafına imkan yaratmaqdır. Bu çərçivədə vətəndaşlara "Coursera" platformasında 21 mindən çox təlimdən ödənişsiz yararlanmaq imkanı təqdim olunur.
Proqram dövlət və özəl sektor tərəfdaşlığı əsasında həyata keçirilir. "PASHA Holding", SOCAR, BP, "Azerconnect Group", "TotalEnergies", XRG, ÆOCAP, "Norm Sement", "Smart Solutions Group" və "B2B Group" proqramın əsas mərhələsinin tərəfdaşları sırasında yer alır. Çünki gələcəyi həmin texnologiyalara yol göstərən insanlar qurur. Bu gün formalaşan bilik və bacarıqlar sabahın ideyalarına, ideyalar isə Azərbaycanın daha innovativ, rəqəmsal və güclü gələcəyinə çevrilir.
Züleyxa ƏLİYEVA,
"Azərbaycan"