Son 40 ildə Cənubi Qafqazda şovinizm meyillərinin güclənməsi və əsassız ərazi iddiaları Ermənistanı Azərbaycan Respublikasına qarşı etnik zəmində iki dəfə müharibəyə sövq etmişdir. Nəticədə təkcə erməni din xadimləri tərəfindən uydurulmuş "Böyük Ermənistan" ideologiyası iflasa uğramaqla qalmamış, həmçinin Ermənistanın bəzi xarici havadarlarının Qafqaz regionu ilə bağlı geostrateji planları alt-üst olmuşdur. Qədim dövrlərdən bu günədək Qafqazın tarixində dərin iz qoymuş Azərbaycan xalqı döyüş meydanında cəmi 44 gün ərzində haqlı mövqeyini sübut etmişdir. Qarabağ həm də qətiyyət nümayiş olunan döyüş meydanı olmuşdur.
Müharibə başa çatsa da, qarşı tərəfin təxribat əməlləri hələ də davam etməkdədir. Bu təxribatların ən mühüm istiqamətlərindən biri Azərbaycanın qədim tarixi torpağı olan Qarabağdakı Alban irsi ilə bağlıdır. Əslində, bu məsələ ilk baxışdan göründüyü kimi, yalnız tarixi keçmişin müzakirəsi ilə məhdudlaşmır. Ermənistanın şovinist dairələri Qarabağ müharibəsində məğlub olduqdan sonra yeni bir strategiyaya əl atmış, Qafqaz Albaniyasının xristian irsinə sahib çıxmaqla saxta tarix yazmağı yenidən aktivləşdirmişlər.
Lakin bu cəhdlər Ermənistanı nəinki Qarabağda, həmçinin Qərbi Azərbaycan ərazisində törətdiyi kultursid siyasətinə görə beynəlxalq məsuliyyətdən azad etmir. Alban irsinin konfessional və etnik identikliyinin dəyişdirilməsinə yönələn təşəbbüslər də məhz bu məkrli siyasətin tərkib hissəsidir.
Qərbi Azərbaycanın və Qarabağın tarixi keçmişi Qafqaz Albaniyası ilə sıx bağlıdır. Bu bağlılıq arxeoloqların, qədim dillər və qədim dövr tarixi ilə məşğul olan tədqiqatçıların araşdırmaları ilə bir daha sübut olunur. Amma burada ən vacib məsələ tədqiqatçının etibarlı, ciddi və təkzibolunmaz dəlillərə əsaslanmasıdır. Qafqaz Albaniyasının tədqiq edilməsində ən mühüm yanlışlıq bu dövlətin qədim tarixinin və mədəniyyətinin müasir sərhədlər kontekstində araşdırılmasıdır. Bu yanaşma SSRİ dövründə erməniəsilli tədqiqatçıların albanşünaslığa vurduğu ən böyük zərbədir. Qədim tarixi müasir sərhədlər daxilində öyrənmək, əslində, onu təhrif etmək və saxtalaşdırmaq deməkdir. Halbuki həm arxeoloji qazıntılar nəticəsində aşkar edilmiş artefaktlar, yerüstü tarixi-mədəni və dini abidələr, həm də yazılı mənbələrdə əks olunmuş məlumatlar bu saxtakarlığı ifşa edir. Digər mühüm bir fakt isə 1920-ci ildə Qərbi Azərbaycan ərazisində Ermənistan SSR yaradıldıqdan sonra erməni şovinistlərinin saxtakarlıq əməllərinin geniş vüsət almasıdır. Bundan sonra Qərbi Azərbaycan ərazisinin uydurma "Böyük Ermənistan"ın tərkibində olduğunu sübut etmək cəhdləri daha da artmışdır.
Təəssüf ki, Cənubi Qafqaz regionunda ən qədim və ən uzunömürlü dövlət olan Qafqaz Albaniyasının tarixi ilə bağlı bir çox mühüm məsələ hələ də ciddi tədqiqat mövzusu olmayıb. Bunun başlıca səbəbləri Alban abidələrinin bir çoxunun müasir Ermənistan ərazisində yerləşməsi ilə yanaşı, onların əksəriyyətinin məhv edilməsi, qalan az hissəsinin isə hazırda erməni abidələri kimi təqdim edilməsidir.
Müasir Ermənistan ərazisinin avtoxton sakinləri
Müasir Ermənistan ərazisində ən qədim xristian abidələr Qafqaz Albaniyasının maddi mirasına aiddir. İrəvan şəhərində isə "ən qədim" erməni kilsəsi 1842-ci ildə inşa edilmiş Surb Sarkis kilsəsidir. Erməni din xadimləri tərəfindən bu kilsənin IV əsrdə tikildiyi haqqında rəvayətlər uydurulmuşdur. Digər bir rəvayətə görə, bu kilsə 1679-cu il zəlzələsindən sonra dağılmış, daha sonra erməni-qriqoriyan kilsəsinin rəhbəri I Naapet Edessalının göstərişi ilə yenidən inşa edilmişdir. Lakin gerçək odur ki, 1842-ci ildə inşa edilmiş Surb Sarkis kilsəsi hazırda İrəvanın Kentron rayonunda yerləşir və 1972-ci ildə I Vazgenin tapşırığı ilə bu kilsənin genişmiqyaslı təmiri adı ilə, əslində, "qədim" daş, qum və digər inşaat materialları gətirmək üçün Ani xarabalıqlarından istifadə edilmişdir. Əvvəlcə erməni memarı Rafayel İsraelyan, 1973-cü ildə o öləndən sonra isə Arsrun Qalikyan bu kilsənin bərpası üçün yeni saxtakarlıq planı hazırladılar. Beləliklə, cəmi 53 il öncə Anidən gətirilmiş qədim kilsə daşları (qırmızı tuf daşı) ilə İrəvanda ilk erməni kilsəsi olan Surb Sarkis kilsəsi inşa edilmişdir.
Maraqlıdır ki, İrəvanda erməni kilsəsinin iki əsrə çatmayan tarixi olduğu halda Göyçə, Şörəyel, Ağbaba, Dərələyəz, Vedi, Dərəçiçək və Zəngəzurda Alban irsinin tarixi keçmişi iki minillik dövrü əhatə edir. Bu gün Ermənistanda Qarabağdakı qədim Alban irsinin taleyindən "narahat" olan qüvvələrin yeganə mirası öz xələflərindən qalan vandalizm əməlləridir. Şörəyeldə VII əsrdə inşa edilmiş qədim Qıpçaq kilsəsinin "Arçivəng", Zəngəzurda Ərəfsə və Comərdli kəndləri arasında V əsrdə tikilmiş Qızılkilsə məbədinin bütpərəstlik dövrünün məşhur tanrıçalarından biri olan Anahitin şərəfinə "Tanahat" kimi qondarma adlarla təqdim edilməsi erməni saxtakarlığının bariz nümunəsidir.
Müasir dövrdə Ermənistan adlandırılan Azərbaycanın əzəli qərb torpaqlarında Alban kilsələrinin tarixi xristianlıq dininin meydana gəldiyi ilk əsrdən başlayır. Əslində, Göyçə gölü hövzəsinin Qafqaz Albaniyasının tərkibində olmasını III-V əsrlərə aid Zod qalasında 2011-2015-ci illərdə aparılmış arxeoloji qazıntılar nəticəsində aşkar edilmiş artefaktlar da sübut edir. Buradakı qəbir abidələrindən götürülmüş insan qalıqlarının nümunələri ilə Qarabağ ərazisindən eyni dövrə aid qəbir abidələrindən aşkar edilən nümunələrin əsasən H, K, mitoxondrial DNT (mtDNA) göstəricilərinin analizi ana xətti ilə qohum tayfalara mənsub olduqları sübut olunmuşdur. Burada qədim Qafqaz xalqlarının etnogenezi məsələsinin gələcəkdə daha dərin, kompleks arxeoloji və multidissiplinar tədqiqatlara cəlb olunmasının bir çox sualı cavablandırmasını da qeyd etmək lazımdır. Qarabağı, Kəlbəcəri, eləcə də digər tarixi Arran vilayətlərini Göyçə gölü hövzəsi ilə əlaqələndirən qədim ticarət yolu bir çox mənbədə də qeyd edildiyi kimi, Qafqaz Albaniyasının paytaxtı Bərdə şəhərindən keçirdi.
Göyçə mahalı Qafqaz Albaniyasının tərkibində
Alban ölkəsindən ilk dəfə e.ə. VIII əsrin 40-cı illərinin sonlarında Göyçə gölü ətrafına hücum etmiş Urartu hökmdarı II Sardurinin mixi yazılı kitabəsində "Ku-Alban" kimi bəhs edilir. "Analıkız" və ya "Xəzinə qapısı" adlı bu kitabə hazırda Van gölü sahilində hündür qayalıq ərazidə yerləşir. Həmin kitabədə verilən məlumatdan aydın olur ki, Alban ölkəsi Göyçə gölünün cənubunu əhatə edirdi. Urartu dövləti e.ə.IX əsrin I yarısında Şərqi Anadoluda Van gölü hövzəsində əsasən Qafqaz əsilli Hurri aşirət birliklərinin konfederasiyası şəklində meydana gəlmişdir. Urartulular öz dövlətlərini Biainili adlandırırdılar. Onların cənub qonşusu və ən güclü rəqibi olan aşşurlar isə bu dövləti əvvəlcə Uruadri, daha sonra Urartu adlandırmışlar. Urartu mixi yazılı kitabələrində Cənubi Qafqaz ərazisində onlarca tayfa, dağ, çay və müxtəlif yer-yurd adları çəkilsə də, indiyədək məlum olan heç bir Urartu dilində olan mətndə nə hay, nə də erməni adlı toplumdan bəhs edilib.
Müasir Ermənistan ərazisi erməni və ya hay adlanan toplumun qədim yurd yeri deyil. 2700 il əvvəl Urartu hökmdarlarının hərbi səfərlərindən bəhs edən mixi yazılı kitabələr bu faktı bir daha təsdiq edir. Cənubi Qafqazın ən qədim toponimləri e.ə. IX-VII əsrlərə aid Urartu mixi yazılı kitabələrində cüzi dəyişikliyə uğrayaraq, Azərbaycan türkcəsində olduğu kimi qorunub saxlanmışdır. Urartu mixi yazılı kitabələrində Loru mahalının adı "Lueru", Uti ölkəsinin adı "Etiu", Alban ölkəsinin adı "Ku-Alban", Şəmşəddil mahalında Alatala qışlağının adı "Alate", Aşquz (İşquz/İskit) ölkəsinin adı "İşkiqulu", Gərni qalasının adı "Giarni(ani)", Şörəyel mahalında Yörük (Qarapapaq tərəkəmə türkləri) obası "Erekua", Göyçə gölünün şimal-qərbində qədim Yellicə kəndi və obası (Çəmbərək rayonu Ağbulaq kəndi yaxınlığında qədim yurd) "Ueliku", Qərbi Zəngəzurda Zabazadur kəndi (Qarakilsə rayonu ərazisində ermənilər tərəfindən dağıdılmış qədim yurd) "Zabahe", Urud kəndi "İrdua", İrmis kəndi "Amuşa", Cul obası "Çuluku", Göyçə gölünün qərbində Üştəpə (Üçqaya) "Uşkiya", Loru mahalında Qursalı kəndi yaxınlığında Kəmərli dağı, Qəmərli adlı kəndlər "Gamirra", Gorus qalasının adı "Guria", Zəngi çayının sol sahilində Aşağı Axta kəndi yaxınlığında qədim Ulaş (Üləşik) obası "Luşa", Dərələyəz mahalında Sallı kəndi "Şila", Zəngi çayının aşağı hövzəsində yerləşən Uluxanlı kəndinin adı "Ulua(ne)" kimi əks olunmuşdur. 1930-1950-ci illərdən etibarən Ermənistan SSR-in hakim dairələri bu qədim yer-yurd adlarını saxta adlarla əvəz etməyə başlamışdır.
Qərbi Azərbaycan ərazisində Türk-Alban xristian mirası
Qafqaz Albaniyasının xristian mirasının daha çox dağıntıya məruz qaldığı ərazi Qərbi Azərbaycan (müasir Ermənistan) ərazisidir. Azərbaycan Respublikasında isə multukultural dəyərlərin yüksək inkişafı, həmçinin tarixi və mədəni abidələrə həssas münasibətin və dövlət qayğısının göstərilməsi nəticəsində respublikamızın ərazisində yerləşən Alban xristian abidələrinin qorunması və restavrasiyası istiqamətində ciddi tədbirlər həyata keçirilmişdir. Zəngəzur, Dərələyəz, Loru, Göyçə və Şörəyeldə Alban dini abidələrinin həm memarlıq üslubu, həm də epiqrafik mətnləri ciddi dağıntılara məruz qalmışdır. Erməni vandalizminin başlıca hədəfi yerli türk boylarına aid olan tarixi və mədəni abidələri məhv etmək olmuşdur. Burada Qıpçaq boylarının adına "arçi, arçu (aruç), hartes və harteş" şəklində bir sıra yer-yurd adlarında, tarixi və mədəni abidələrin adlarında rast gəlmək olar.
Hamamlıda (Əştərək) və Şörəyeldə Qıpçaq kilsələri erkən Orta əsrlər dövründən başlayaraq geniş yayılmışdır. Şörəyeldə əsrlər boyu Kıpçakavəng (Qıpçaq kilsəsi) adı ilə tanınan monastır kompleksi XIX əsrdə ermənilərin bu ərazidə məskunlaşdırılmasından sonra ermənicə saxta Ariçavəng adı ilə əvəz edilmişdir. Əslində, bu söz də türkcə qardaş sözünün ermənicə "xartiç/artiç" şəklində tələffüzündən qaynaqlanır. Hamamlıda da Aruç kilsəsinin adı məhz Qıpçaq boyunun adı ilə izah olunur.
(Ardı var)
Ramin ƏLİZADƏ,
AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun böyük elmi işçisi