Qafqaz Albaniyasına aid olan tarixi abidələr, kilsələr Azərbaycanın tarixi-mədəni sərvətidir
Tarixin təhrif olunması, başqa xalqların maddi-mədəni irsinin mənimsənilməsi və qondarma iddialarla torpaq iddialarının əsaslandırılması əsrlər boyu erməni ideologiyasının ana xəttini təşkil edib. Ermənilərin Qafqaz Alban irsinə saxta iddiaları da bu qəbildəndir.
Lakin Vətən müharibəsində qazanılan möhtəşəm Zəfərdən sonra Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən diplomatiya və dövlət strategiyası bu uydurma iddiaları darmadağın edərək erməni yalanlarını beynəlxalq səviyyədə tamamilə ifşa edir.
Bu strategiyanın və aparılan fundamental elmi-siyasi işlərin başlıca məqsədi milli sərvətimiz olan Qafqaz Albaniyasının zəngin irsini qorumaq və onu dünya ictimaiyyətinə ilkin mənbələr əsasında obyektiv şəkildə təqdim etməkdir.
Tarix olduğu kimi
Hələ işğal dövründən çox-çox əvvəl Qafqaz Albaniyasının və Alban kilsəsinin irsinə göz dikən ermənilər bölgədəki varlıqlarını əsaslandırmaq və Azərbaycan torpaqlarına iddialarını gücləndirmək üçün çoxsaylı saxtakarlığa əl atıblar.
Təkcə Qarabağ və Şərqi Zəngəzurda 200-ə qədər Alban məbədi, monastr, Alban xristian kilsəsi ilə bağlı tarixi yerlər mövcuddur. Qafqaza gəlmə xalq olduqlarını ört-basdır etmək üçün hiyləgər ermənilər bu zəngin irsə sahib çıxmaq istəyirdilər. Buna görə də həm işğal dövründə, həm də ondan əvvəl bu irsi özlərininki kimi təqdim etmək üçün Qafqaz Albaniyasının və Alban kilsəsinin irsinə aid olan bir çox şeyi mənimsəyib və beynəlxalq səviyyədə bunu erməni irsi kimi tanıtmağa çalışıblar.
Tarixi faktlar isə təkzibedilməzdir. Kəlbəcərin işğaldan azad edilməsi ilə əlaqədar xalqa müraciətində Prezident İlham Əliyev də məlumat verdi ki, Qafqaz Albaniyasına aid olan tarixi abidələr, kilsələr bizim tarixi-mədəni sərvətimizdir: "Tarixə baxmaq kifayətdir, hər kəs görsün ki, 1830-cu illərdə çar Rusiyası alban kilsəsini ləğv etdi, alban kilsəsinin bütün mülkiyyətini erməni Qriqorian kilsəsinə verdi və erməni keşişləri, onların havadarları bu kilsələri mənimsəməyə başladılar. Qafqaz Albaniyasının tarixini silmək, unutdurmaq onların başlıca vəzifəsi idi. Amma biz imkan vermədik".
Qafqaz Alban irsi ermənilərin saxta iddialarının qarşısında sözün əsl mənasında keçilməz səddir. Erməni təbliğatını dəlillərlə və təkzibedilməz faktlarla çürüdən əsas canlı mənbə Qafqaz albanlarının birbaşa dini və soy-kök varisləri olan Udi xalqıdır. XIX əsrdən başlayan təzyiqlərə baxmayaraq, öz ana dilini, adət-ənənələrini və dini kimliyini qoruyub saxlayan udilər Azərbaycanın köklü aborigen xalqı kimi bu torpaqlara bağlıdırlar.
Bir müddət əvvəl "Azərbaycan" qəzetinə müsahibəsində Alban-Udi dini icmasının rəhbəri Robert Mobili də Kəlbəcərdə Xudavəng məbədini ziyarəti zamanı xeyli erməni saxtakarlığı ilə üzləşdiyini demişdi: "Baxdım ki, ermənilər məbədi "bərpa" etmək adı ilə memarlıq üslubunu dəyişiblər, tamamilə saxtalaşdırıblar. Monastırın girişində sağ və solda təzə daşlar qoyub üzərinə erməni xaçı yapışdırıblar. Amma dünya tarixində belə bir fakt yoxdur ki, kilsənin girişində hər daşın üzərində xaç olsun. Buna vandalizmdən başqa ad vermək olmaz".
Bu irsin müdafiəsi, araşdırılması akademik və diplomatik prioritetdir
Azərbaycan dövləti hər zaman Qafqaz Alban irsinin qorunmasına xüsusi diqqət yetirib. 2003-cü ildə Qafqazın ən qədim kilsələrindən olan Şəki rayonundakı Kiş məbədi, 2006-cı ildə isə Qəbələ rayonunun Nic qəsəbəsində yerləşən Müqəddəs Yelisey adına Çotari kilsəsi bərpa edilib və Alban Udi dini icmasının istifadəsinə verilib. Nicdə yerləşən Müqəddəs Məryəm Ana Alban kilsəsinin bərpa işləri isə 2020-ci ildə pandemiyaya, 44 günlük müharibənin başlamasına baxmayaraq davam etdirilib, açılışı da elə həmin il noyabrın 7-də olub.
Bu gün Qafqaz Albaniyasının dini varisləri olan udilər öz müqəddəs bayramlarını və ibadətlərini işğaldan azad edilmiş torpaqlarda, müqəddəs məbədlərində edirlər. Bu gerçəklik Alban irsinin ermənilərlə heç bir aidiyyətinin olmadığını bir daha sübut edir.
Qafqaz Albaniyası irsinin müdafiəsi və araşdırılması artıq həm akademik, həm də diplomatik prioritetə çevrilib. Qərbi Azərbaycan İcmasında indiki Ermənistan ərazisində, tarixi Zəngəzur, Dərələyəz və Göyçə gölü hövzəsində yerləşən alban xristian irsinin öyrənilməsi məqsədilə İşçi Qrupu yaradılıb. İcmadan bildirilib ki, qrup kilsə, sövmə, xaçdaş və monastırların tarixini, memarlıq və epiqrafik xüsusiyyətlərini, mənsubiyyətini arxiv sənədləri və digər ilkin mənbələr əsasında elmi metodlarla araşdırmaq məqsədilə yaradılıb.
Azərbaycan elmi mühitində XVI-XIX əsrlər Alban katolikosluğu sənədlərinin tamamilə məhv olduğu fikri yayılıb. İtkilər şübhəsizdir, lakin bir sıra ölkələrin arxiv və əlyazma fondlarında həm Alban katolikoslarına, həm də dövrün dini-ictimai tarixinə dair çoxsaylı sənədlər, mənbələr saxlanılır, bir hissəsi isə artıq nəşr olunub. Bu materiallar müxtəlif fondlara səpələnib. Onların sistemli axtarışla aşkarlanıb vahid elmi bazada toplanması İşçi Qrupunun əsas missiyasıdır: "Tədqiqat həm də deportasiya olunmuş əhalinin təhlükəsiz və ləyaqətli qayıdışının tarixi-mədəni əsaslarının sənədləşdirilməsinə xidmət edəcək".
Sentyabrın 21-də Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin təşkilatçılığı ilə "Azərbaycanın dövlətçilik tarixində Qafqaz Albaniyası irsi" mövzusunda tədbir keçirilib. BMTMM-nin İdarə Heyətinin sədri Fərid Şəfiyev Qafqaz Albaniyası irsinin qorunmasının siyasi məqamlarının da xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. O qeyd edib ki, ölkəmizin ərazisində tarix boyu müxtəlif dövlətlər mövcud olub və onların hər biri Azərbaycan xalqına zəngin tarixi və mədəni irs qoyub. Bu irsi geniş şəkildə araşdıraraq ictimaiyyətə təqdim etməsək, müəyyən boşluqlar yaranır və həmin boşluqlardan öz məqsədləri üçün istifadə etməyə çalışan qüvvələr meydana çıxır. "Qafqaz Albaniyası tarixinin araşdırılması istiqamətində elmi fəaliyyət daha da genişləndirilməlidir. Bu baxımdan erməni və gürcü dillərinin öyrənilməsi, eləcə də Qafqaz tarixinin ilkin mənbələr əsasında araşdırılması xüsusi əhəmiyyət daşıyır.
Bəzi erməni radikalları Qarabağda mövcud olan kilsələrin Azərbaycan tərəfindən "albanlaşdırıldığını" iddia edirlər. Lakin bu yanaşma reallığı əks etdirmir. Azərbaycanın ərazisində müxtəlif xalqlara və dini icmalara məxsus tarixi ibadət məkanları mövcuddur və ölkəmiz bu abidələrin qorunmasına diqqət yetirir", - deyə İdarə Heyətinin sədri vurğulayıb.
İşğaldan azad edilmiş ərazilərdəki Xudavəng, Gəncəsər və Ağoğlan kimi kilsə kompleksləri təkcə region üçün deyil, bütöv xristian dünyası üçün böyük dəyərə malik tarixi abidələrdir.
Sentyabrın 12-də Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Qarabağ və Şərqi Zəngəzura səfər çərçivəsində Ağdərə rayonunun Vəngli kəndində yerləşən Gəncəsər monastırını ziyarət ediblər.
Bu ziyarətin özü Alban mədəni irsinin artıq beynəlxalq diplomatik gündəmə daxil olduğunu göstərir. Ümumiyyətlə, diplomatik korpus nümayəndələrinin bu ərazilərə səfərlərdə iştirakı ölkəmizin ərazi bütövlüyünün birmənalı qəbul olunması deməkdir. Ermənistan cəmiyyətinin bu ziyarətlərə göstərdiyi təşviş dolu reaksiya isə illərdir qurduqları yalan dünyasının gözləri qarşısında dağılmasından doğan narahatlıqdır.
Qafqaz Albaniyasına aid olan abidələr Azərbaycan xalqının tarixi və mədəni mülkiyyətidir. Dövlətimiz tərəfindən bu istiqamətdə atılan hər bir elmi və diplomatik addım erməni uydurmalarının qarşısına keçilməz sədd çəkir və tarixi həqiqətləri bütün dünyaya nümayiş etdirir.
Yasəmən MUSAYEVA,
"Azərbaycan"