10 May 2025 09:05
413
CƏMİYYƏT
A- A+
Zəfərdən Quruculuğa

Zəfərdən Quruculuğa


Heydər Əliyev Fondu Qarabağ və Şərqi Zəngəzurun bərpasına layiqli töhfələr verir


30 ilə yaxın müddət ərzində işğal altında qalmış Azərbaycanın tarixi torpaqları erməni vandalizminə məruz qalıb, müqəddəs yerlərimiz, maddi-mədəni abidələrimiz dağıdılıb. Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasəti və qüdrətli Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində 2020-ci il Vətən müharibəsində işğaldan azad edilən ərazilərimizdən hazırda düşmənin vəhşi izləri silinir. 

Azərbaycan dövlətinin səyləri ilə Qarabağ və Şərqi Zəngəzur yenidən qurulur, bu yerlərdə geniş tikinti və quruculuq işləri həyata keçirilir. Torpaqlarımızın azad olunmasından dərhal sonra dövlət qurumları ilə yanaşı, artıq yaradılmasının 21-ci ili tamam olan Heydər Əliyev Fondu da Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı fəaliyyətə başlayıb. Ulu Öndərin milli dövlətçilik ideyalarının gələcək nəsillərə çatdırılması, xalqımızın milli-mənəvi dəyərlərinin təbliği, ölkəmizin sosial-iqtisadi inkişafına töhfə vermək məqsədilə yaradılmış fond artıq iki onillikdən çoxdur ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə ölkəmizin ictimai-siyasi, mədəni və humanitar həyatında genişməzmunlu fəaliyyət həyata keçirir.

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Zəfər Günündən cəmi bir ay sonra, 2020-ci il dekabrın 8-də yeni missiya ilə bağlı paylaşım edərək, fondun qədim Qarabağ torpağında xalqımızın milli-mənəvi sərvəti olan dini abidələrin, məscidlərin bərpası üzrə layihəyə başladığını bildirdi: "Heydər Əliyev Fondu fəaliyyət göstərdiyi ilk gündən Azərbaycanda müxtəlif sahələri əhatə edən layihə və proqramlar həyata keçirir. Fondun tarixi, mədəniyyət və dini abidələrin qorunub saxlanılması və bərpası istiqamətindəki fəaliyyəti hər kəsə məlumdur. Bu gün isə qürur hissi ilə sizə Heydər Əliyev Fondunun qədim Qarabağ torpağında Azərbaycan xalqının milli sərvəti olan dini abidələrimizin, məscidlərimizin bərpası üzrə layihəyə başladığını bildirmək istəyirəm. Layihə çərçivəsində yerli və xarici mütəxəssislərin iştirakı ilə bölgədəki ziyarətgahlarımızın bərpası, konservasiyası və yenidən qurulması həyata keçiriləcəkdir. İşğal illəri ərzində Şuşa şəhərində və Ağdam rayonunda dağıntılara məruz qalmış dini ibadət yerlərinin bərpası üzrə müvafiq işlərə artıq başlanılmışdır".


Milli irsin yaşadılması 


İşğaldan azad edilmiş ərazilərdə Heydər Əliyev Fondu tərəfindən ilk bərpa olunan abidələrdən biri Molla Pənah Vaqifin məqbərəsidir. Muzey-məqbərə kompleksi 1982-ci ildə Cıdır düzünə yaxın bir ərazidə dahi şairin məzarı üstündə inşa edilmişdi. Türbənin daxilində Vaqifin heykəltaraş Albert Mustafayev tərəfindən hazırlanan büstü qoyulmuşdu. 1992-ci ildə Şuşanın Ermənistan tərəfindən işğalı nəticəsində kompleksin binası və burada sərgilənən bütün eksponatlar məhv edildi. 2020-ci il Zəfərindən sonra burada təmir-bərpa və yenidənqurma işlərinə start verilib. Qısa müddət ərzində abidənin tarixi görkəmi bərpa edilib, bütün infrastrukturu yenidən qurulub. Muzey-məqbərə kompleksinin bərpa və yenidənqurma işlərindən sonra açılış mərasimi 2021-ci il avqustun 29-da baş tutub və avqustun 30-da Şuşada Vaqif Poeziya Günlərinə yenidən start verilib. 

Vaqifin Şuşa şəhərində yerləşən büstü də Heydər Əliyev Fondunun dəstəyi ilə yenidən qurulub. Qeyd edək ki, şairin 1957-ci ildə tuncdan hazırlanan büstü 1958-ci ildə Cıdır düzünə yaxın ərazidə qəbirüstü abidə kimi yerləşdirilmiş, daha sonra 1976-cı ildə şairin Şuşadakı evinin yaxınlığına köçürülmüşdü. Büst 1992-ci ildə şəhərin işğalı zamanı erməni vandalizminə məruz qalaraq dağıdılmışdı. Abidə 2021-ci ildə onun müəllifi, Əməkdar incəsənət xadimi Həyat Abdullayevanın ilkin eskiz layihəsi əsasında yenidən qurulub. Bürüncdən hazırlanan büst əvvəlki yerinə qaytarılaraq Molla Pənah Vaqifin Şuşadakı evinin yaxınlığında quraşdırılıb.

Cıdır düzündə yerləşən Mir Möhsün Nəvvab Qarabağinin məzarı və qəbirüstü abidəsi də fond tərəfindən bərpa olunub. Şuşa şəhəri işğal altında olduğu illərdə Mir Möhsün Nəvvab Qarabağinin Cıdır düzündə yerləşən məzarı ermənilər tərəfindən tamamilə dağıdılmışdı. 2023-cü ilin  mart ayından ərazidə müvafiq işlərə başlanılıb və qəbirüstü abidə bərpa olunub.

Milli Xalça Muzeyinin Şuşa filialı da Heydər Əliyev Fondu tərəfindən yenidən qurulub. Şəhərin yuxarı məhəlləsində yerləşən bina XIX əsrin ikinci yarısında inşa edilib. İşğal dövründə bina yararsız hala düşdüyündən və tarixi görkəminə müdaxilələr edildiyindən 2021-ci ildə burada bərpa işlərinə başlanılıb. Hazırda filialda yeni xalça ekspozisiyası təqdim olunur. 

Şuşada bərpa edilən tikililərdən biri də məşhur tarzən, bəstəkar  Sadıqcanın vaxtilə yaşadığı evdir. Şuşa şəhərinin mərkəzində, Mərdinli məhəlləsində yerləşən, XIX əsrdə tikilmiş bina bərpadan öncə ilkin görkəmini 80 faizə qədər itirmişdi. 

Ötən ilin mayında Heydər Əliyev Fondunun Qarabağ layihəsi əsasında bərpa olunaraq istifadəyə verilən işlərdən biri də Şuşa Yaradıcılıq Mərkəzidir. Mərkəzin hazırkı binası ölkə əhəmiyyətli memarlıq abidələri siyahısındadır. 2022-ci ildən aparılan bərpa işləri zamanı bina ilkin vəziyyətinə qaytarılıb. Ekspozisiya salonunda Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində açılan "Heydər Əliyev və Qarabağ" sərgisi nümayiş olunur.


Mədəniyyətin dirçəldilməsi


Azərbaycan musiqisinin tacı və milli operamızın banisi, dahi bəstəkar Üzeyir bəy Hacıbəylinin Şuşada yerləşən heykəli də Heydər Əliyev Fondunun dəstəyi ilə hazırlanıb. 1985-ci ildə Üzeyir bəyin 100 illik yubileyi münasibətilə heykəltaraş Əhməd Salikov tərəfindən hazırlanan abidə erməni vandalizminə məruz qalaraq tamamilə məhv edilmişdi. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq hazırlanan yeni heykəl o dövrün mətbuatında dərc olunan və arxivdə saxlanılan fotolar əsasında yaradılıb.

Bürüncdən hazırlanan heykəl Şuşa şəhərində əvvəlki yerində ucaldılıb. Abidə heykəltaraşlar Aslan Rüstəmov, Teymur Rüstəmov, Mahmud Rüstəmov tərəfindən hazırlanıb. Heydər Əliyev Fondunun dəstəyi ilə hazırlanan heykəl 2021-ci ilin avqustunda Şuşada ucaldılıb. 

Üzeyir bəy Hacıbəylinin ev-muzeyi də Şuşada yerləşir. 1959-cu ildə qapılarını ziyarətçilərə açan ev-muzeyində Hacıbəylilər ailəsinə məxsus ev əşyaları, həmçinin bəstəkarın şəxsi əşyaları, fotomateriallar, kitablar - ümumilikdə 1700 eksponat qorunub saxlanılırdı. Şuşa şəhəri ermənilər tərəfindən işğal edildikdən sonra muzey fəaliyyətini dayandırmış, eksponatları talanmış, binası isə dağıdılmışdı. Muzeyin mövcud 1700 eksponatından yalnız 136-sını qorumaq mümkün olmuşdu. 2022-ci ilin aprel ayında Heydər Əliyev Fondu tərəfindən başlanılan bərpa işlərinin yekununda yeni ekspozisiya yaradılıb. Hazırda burada xilas edilən eksponatlar, Üzeyir bəy Hacıbəylinin ailəsi, uşaqlıq illəri, təhsili haqqında sənədlər, pedaqoji fəaliyyəti, müəllifi olduğu əsərlər və fotolar nümayiş olunur.

Heydər Əliyev Fondu tərəfindən təmir-bərpa edildikdən sonra istifadəyə verilən abidələrdən biri də Şuşada Mehmandarovların malikanə kompleksidir. 2021-ci ilin oktyabr ayından etibarən malikanə kompleksində, ərazidəki ailə məscidi və bulaqda təmir-bərpa işləri aparılıb.

Şuşada Heydər Əliyev Fondu tərəfindən bərpası başa çatan layihələrdən biri də Qarabağ memarlıq məktəbinə xas tərzdə inşa edilmiş "Yasəmən" hotelidir. Şuşa şəhərinin Köçərli küçəsində yerləşən XIX əsrin ortalarına aid üç yaşayış binası işğal zamanı dağıdılaraq istifadəyə yararsız vəziyyətə salınmışdı. 2022-ci ilin may ayında başlayan binalarının təmir-bərpa işləri zamanı mərmi düşməsi nəticəsində binanın dağılmış hissələri yenidən tikilib. Sonradan inşa olunmuş əlavə tikililər isə sökülüb. Fond tərəfindən bərpa edilən binalar hazırda hotel kimi istifadəyə verilib. Autentik üslubda bərpa edilən "Yasəmən" hotelinin xüsusi dizayn edilmiş eksteryer və interyeri buraya gələnləri Orta əsr Şuşasına qaytarır.

Şuşada bərpası başa çatmış memarlıq abidələrindən biri də "Şirin su" hamamıdır. Hamam ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısındadır və tarixi görkəmi qorunub saxlanılmaqla bərpa edilib. Xurşidbanu Natəvan bu hamamı 1878-1880-ci illərdə Qarabağın zəngin tacirlərindən olan Hacı Rzaqulu bəy Ağakişi bəy oğlu Şəmsiyev ilə birlikdə bazarın yanında, Mərdinli məhəlləsinin girişində tikdirib. Hamamın layihəsini də memar Kərbəlayi Səfixan Qarabaği verib. Hamam Xan qızı Natəvanın hələ 1873-cü ildə Şuşaya saxsı borularla çəkdirdiyi içməli su ilə işlədiyindən "Şirin su" hamamı adlandırılıb. 1992-ci ildə Şuşa şəhəri ermənilər tərəfindən işğal edilənədək təyinatı üzrə fəaliyyət göstərib. İşğal dövründə digər bütün abidələrimiz kimi, bu qədim hamam da erməni vandalizminə məruz qalmışdı.


Mənəvi dəyərlərə töhfə


Mənəvi dəyərlərimizin qorunub saxlanılmasında Heydər Əliyev Fondunun gördüyü işlər dövlətimiz, xalqımız üçün böyük töhfədir. Fond tərəfindən Qarabağ və Şərqi Zəngəzurda bərpa edilən tarixi-dini abidələr Azərbaycan xalqının mədəni irsə verdiyi önəmin nümayişidir.

Şuşada bərpaolunan dini abidələrimizdən biri Yuxarı Gövhər ağa məscididir. Şuşa şəhəri tarixən yuxarı və aşağı olmaqla 17 məhəllədən ibarət olub. Yuxarı Gövhər ağa məscidi şəhərin yuxarı hissəsində yerləşdiyinə görə belə adlandırılıb. Bərpa işləri 2021-ci ilin sonlarında başlanılan məsciddə konservasiya işləri ilkin memarlıq üslubuna uyğun aparılıb, ermənilər tərəfindən edilmiş müdaxilələr aradan qaldırılıb. Ölkə əhəmiyyətli tarixi-mədəniyyət abidələri siyahısında olan abidənin müəllifi məşhur memar Kərbalayi Səfixan Qarabağidir. Məscidin minarələrinin ornamentləri və otaqların divar rəsmləri Şuşa şəhərində yaşayıb-yaratmış şair, rəssam və xəttat Mir Möhsün Nəvvab Qarabaği tərəfindən işlənib. Yuxarı Gövhər ağa və ya Şuşa Cümə məscidi Şuşa şəhərinin mərkəzi meydanında yerləşən və şəhər ərazisində tikilmiş ən qədim məsciddir.

Şuşa şəhərinin işğalı dönəmində erməni vandalizminə məruz qalmış Aşağı Gövhər ağa məscidində aparılan bərpa işləri ötən il başa çatıb. XIX əsrdə Kərbəlayi Səfixan Qarabağinin memarlığı ilə ərsəyə gələn Aşağı Gövhər ağa məscidi İbrahim xanın qızı Gövhər ağa tərəfindən Şuşada inşa etdirilmiş məscidlərdən birincisi sayılır. 

Heydər Əliyev Fondunun yenidən həyat verdiyi ibadət yerlərindən biri də 1883-cü ildə inşa olunmuş Saatlı məscididir. Şuşanın işğalından sonra məscid xarabalığa çevrilib, onun zəngin interyerləri tamamilə, minarəsi isə qismən dağıdılıb. Saatlı məscidi Kərbəlayı Səfixanın Qarabağda tikdiyi minarəli məscidlərin sonuncusu hesab olunur. 

Ötən ilin mayında açılışında Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirak etdiyi Şuşadakı Mamayı məscidi XIX əsrin sonlarında tikilib. Məscidin bərpası zamanı bütün işlər tarixi görkəm nəzərə alınmaqla aparılıb. Burada da məscid, bulaq, kiçik meydan, hamam olub. Erməni işğalçıları şəhərdəki bir çox abidələr kimi, ərazidəki Mamayı bulağını da erməniləşdirməyə çalışıblar. Bulağın üzərindəki yazılar silinib və yerinə xaç işarəsi həkk olunub. Bundan başqa, ermənilər saxtakarlıq edərək bulağın daşlarının üzərinə erməni və rus dilində yazılmış lövhə də həkk ediblər. 

Heydər Əliyev Fondu tərəfindən restavrasiyası aparılan dini abidələrdən biri də Çöl Qala məscididir. XIX əsrə aid məscid minarəsiz formada inşa edilib. İbadət ocağının interyeri tamamilə islam memarlığına uyğundur. 

Heydər Əliyev Fondunun həyata keçirdiyi bərpa və yenidənqurma işləri yalnız Şuşa şəhəri ilə məhdudlaşmır. İşğaldan azad olunan ərazilərdə tarixi-mədəni və dini abidələrin bərpası layihələri çərçivəsində Ağdam Cümə məscidindəki işlər ötən ilin aprelində yekunlaşıb, məscid əvvəlki görkəminə qaytarılıb.

İşğal altında olan ərazilərimiz azad edildikdən sonra Zəngilan məscidində də Heydər Əliyev Fondu bərpa-tikinti işləri həyata keçirib. Açılışı ötən ilin mayında keçirilən məscidin XVII-XVIII əsrlərdə, Səfəvilər imperiyası dövründə tikildiyi təxmin edilir. Dini abidənin ərazisində isə açıq səma altında sərgi yaradılıb. İşğalın ən ağır fəsadlarından biri kimi bəşəri əhəmiyyətə malik mədəni irsimizin, o cümlədən islam dininə aid abidələrin qəsdən dağıdılması və məhv edilməsinə dair faktlar yer alıb.

Şuşada təməli Prezident İlham Əliyev tərəfindən qoyulan yeni məscidin tikintisi də Heydər Əliyev Fondu tərəfindən həyata keçirilir. Yeni məscidin forması 8 rəqəmini əks etdirəcək. Bu, 2020-ci il noyabrın 8-də Şuşanın azadlıq günü ilə bağlıdır. Məscidin iki minarəsi 11 rəqəmini əks etdirməlidir. On birinci ayda Şuşa və Qarabağ tam işğaldan azad edildiyi üçün bu fikirlər əsasında ilkin işlər görülüb. Məscidin xarici səthi Şuşanın qədim məscidinin minarələrində istifadə edilən həndəsi naxışlarla bəzədiləcək. Bu memarlıq elementi Şuşanın firavan və uğurlu gələcəyinə əminliyi, keçmişlə bu gün arasındakı əlaqəni vurğulayacaq. Məscid Şuşa şəhərinin yuxarı hissəsidir və burada ucaldılacaq məscid şəhərə bir dominant kimi hakim olacaq.

Heydər Əliyev Fondunun tarixi, dini, mədəni abidələri bərpa etməsi, onları əvvəlki simalarına qaytarması həm də milli yaddaşın dirçəldilməsi kimi müstəsna əhəmiyyət daşıyır. Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə fondun 21 illik fəaliyyətinə nəzər saldıqda da görürük ki, bu illər ərzində əldə edilən uğurların təməlində Ulu Öndər Heydər Əliyevin əbədiyaşar ideyaları dayanıb. Heç şübhəsiz, bu fəaliyyətlər Azərbaycanın gələcək nəsillərinə miras qalacaq bir irsdir.


Ülkər XASPOLADOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası yekunlaşıb  

17:25
19 Dekabr

Baş nazir Əli Əsədov BMMT-nin Baş katibi ilə görüşüb  

17:23
19 Dekabr

Vladimir Putin: Prezident Tramp Ukrayna münaqişəsinə son qoymaq üçün ciddi səylər göstərir  

16:46
19 Dekabr

“Qərbi Azərbaycan folkloru” seriyasından növbəti kitab çapdan çıxıb

16:45
19 Dekabr

Kürdəmirdə özünüməşğulluq proqramı çərçivəsində yaradılan təsərrüfatlara baxış olub  

16:44
19 Dekabr

Azərbaycanla İraq arasında dini-mənəvi əlaqələrin inkişafı istiqamətində müzakirələr aparılıb  

16:42
19 Dekabr

Vladimir Putin Aİ-də Rusiya aktivlərinin ələ keçirilməsi cəhdlərini soyğunçuluq adlandırıb  

16:41
19 Dekabr

“Euronews” kanalı Şuşa ilə bağlı reportaj təqdim edib  

16:40
19 Dekabr

QMİ sədri G20 Dinlərarası Forum Assosiasiyasının prezidenti ilə görüşüb  

16:37
19 Dekabr

Vladimir Putin iqtisadi artımın yavaşlamasını düşünülmüş addım adlandırıb  

16:35
19 Dekabr

Misli Premyer Liqası: Qərb derbisini “Turan Tovuz” qazanıb

16:35
19 Dekabr

Əmək və əhalinin sosial müdafiəsi naziri Kürdəmirdə vətəndaşların müraciətlərini dinləyib  

16:34
19 Dekabr

BMT ilə DİM-lərin lokallaşdırılması istiqamətində fəaliyyətlərin davam etdirilməsi müzakirə olunub  

16:33
19 Dekabr

Anar Eyvazov: Dezinformasiyaların qarşısının alınması məqsədilə operativ informasiya fəaliyyəti yüksək peşəkarlıqla təmin olunub  

16:30
19 Dekabr

Azərbaycan və Türkiyənin ali təhsil müəssisələri arasında əməkdaşlıq imkanları müzakirə edilib  

16:29
19 Dekabr

“Konstitusiya və Suverenlik ili”nə həsr edilmiş tədbir keçirilib  

16:26
19 Dekabr

Ceyhun Əliyev: Ölkə ərazisində 600-ə qədər orta və iri həcmli balıqyetişdirmə təsərrüfatı mövcuddur  

16:24
19 Dekabr

Arayik Harutyunyan: Kəlbəcərdəki Tunel və Bəylik bağı hadisələri hərbi cinayətlərdir  

16:07
19 Dekabr

Vətəndaşların daha çox müraciət etdikləri xəstəxanaların adları açıqlanıb  

16:02
19 Dekabr

Kanadanın Vankuver şəhərində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Tamella Severcandan  

15:52
19 Dekabr

Donald Tramp Venesuela ilə müharibə ehtimalını istisna etməyib  

15:51
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!