06 Noyabr 2022 03:02
1862
SİYASƏT
A- A+
Zəfər yürüşünün bayraq zirvəsi

Zəfər yürüşünün bayraq zirvəsi

 

Vətən savaşının 44-cü günündə düşmənin belini qıran qəhrəman oğullarımız üçrəngli bayrağımızı Qarabağda əbədi dalğalandırdılar 

 

Uludan ulu, cəng meydanlarının yaraşığı, Zəfər qürurlu bayrağım!
Mavin ənginliyi andırır, al rəngin qəlblərdə atəş yandırır, ölməyən ümidimizdir zümrüdün.
Sən göylərdə qartaltək süzəndə, coşqun sular kimi çalxalananda, dəli rüzgar olub əsəndə ay-ulduzun kainata meydan oxuyur.
Sən ey uca Azərbaycan bayrağı!..
Vətənimin ən hündür zirvələrində məğrur-məğrur dalğalandıqca, sabahlarımızı Qarabağın baş tacı Şuşadan salamladıqca qürurdan, fəxarətdən, xoşbəxtlikdən ürəyimiz dağa dönür...

 

Gün o böyük gün oldu

 

Bu, İlahi ədalət idi ki, 2020-ci ilin 9 Noyabr - Dövlət Bayrağı Gününü Vətən qibləmiz Şuşanın azadlığının təsvirəgəlməz qürur hissi ilə qeyd etdik. 
Bu, haqqın nahaqqa qalib gəlməsinin təntənəsi idi. 27 sentyabr 2020-ci ildə çıxdığımız haqq savaşının məhz 9 noyabra təsadüf edən 44-cü günündə düşmənin belini birdəfəlik qırdıq.
Rəşadətli ordumuz həmin gün daha 72 yaşayış məntəqəsini işğalçılardan azad edərək xalqımızın Bayraq Gününə misilsiz töhfə verdi, bayram bayrama qarışdı. Çox keçmədən düşməni kapitulyasiya aktını imzalamağa məcbur etdi.  
İgid oğullarımız xalqımızın 30 illik arzularını reallığa çevirdilər, müqəddəs bayrağımızı canları, qanları ilə azad etdikləri Vətən torpaqlarına sancdılar.  
2018-ci il iyunun 26-da Prezident İlham Əliyev Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi münasibətilə keçirilən təntənəli hərbi paraddakı nitqini bu fikirlərlə yekunlaşdırmışdı: "2016-cı ilin Aprel döyüşlərində, 2018-ci ilin Naxçıvan əməliyyatında işğalçılardan azad edilmiş torpaqlarda Azərbaycan bayrağı qaldırıldı. Bunun çox böyük mənəvi əhəmiyyəti var. Həmin o bayraqlar bu gün bu paradda, Azadlıq meydanında nümayiş etdiriləcək. Bu bayraqlar hərbçilərimizi qabağa aparırdı. Bu bayraqlar döyüşdə olan bayraqlardır. Bu gün bu bayraqlar Azərbaycanın işğaldan azad edilmiş torpaqlarında dalğalanır və bu parad üçün buraya gətirilib. Gün gələcək və bu gün işğal altındakı torpaqlar azad olunandan sonra orada qaldırılacaq Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və hərbi paradda göstəriləcək".
Ali Baş Komandanın həmin nitqindən cəmi iki il yarım keçəndən sonra, 2020-ci il dekabrın 10-da Azadlıq meydanında baş tutan Zəfər paradında o böyük hadisəyə, Vətən andının yerinə yetməsinə şahidlik etdik. Silahlı Qüvvələrimizin şəxsi heyəti dövlət bayrağımız və şanlı hərb tariximizə qızıl hərflərlə yazılmış 44 günlük Vətən müharibəsinin zəfər bayrağı altında fəxrlə ötüb keçdi. Şanlı Qələbənin qazanılmasında müstəsna xidmətləri olan hərbi hissələrin döyüş bayraqları Azadlıq meydanında vüqarla dalğalandırıldı.

 

Bayrağımın izi ilə

 

Azərbaycan bayrağının qədim tarixi var. Qurd başı, ağ, qara qoç, şir, günəş təsvir edilən qədim bayraqlarımız tarixdə şanlı qələbələr zamanı qürurla dalğalandırılıb. Tarixin müxtəlif dövrlərində Azərbaycan ərazisində mövcud olan Şirvanşahlar, Qaraqoyunlu, Ağqoyunlu, Səfəvilər kimi güclü dövlətlərimizin hər birinin müstəqillik rəmzi olan bayraqları olub. Eləcə də Qarabağ, Şəki, Bakı, İrəvan xanlıqlarının özlərinə məxsus bayraqları olub. Həmin bayraqların nümunələri bu gün də muzeylərdə qorunub saxlanır. 
Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli dövlət bayrağı ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, hökumətin iclasında qəbul edilib və iclasın keçirildiyi Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının binası üzərində qaldırılıb. 1920-ci il aprelin 27-nə - Azərbaycan Xalq Cümhuriyyətinin süqutuna qədər dövlət statusuna malik olan bu bayraq sovet Rusiyasının qoşunlarının Azərbaycanı işğal etməsi nəticəsində 1920-ci il mayın 3-də Azərbaycan parlamentinin binası üzərindən endirilib.
Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan həmin bayraq 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi təsdiq edilib. Eyni zamanda Naxçıvan Muxtar Respublikası Ali Məclisi bu bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması barədə Azərbaycan SSR Ali Soveti qarşısında vəsatət qaldırıb. 1991-ci il fevralın 5-də Azərbaycan Respublikası Ali Soveti həmin vəsatətə baxıb və bu bayrağın yenidən Azərbaycanın dövlət bayrağı kimi qəbul edilməsi haqqında qərar qəbul edib.
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı sərəncamla hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir.
2010-cu il sentyabrın 1-də Prezidentin iştirakı ilə Dövlət Bayrağı meydanının - Bakı şəhərinin Bayıl sahəsində yerləşən memorial abidə-istirahət parkının təntənəli açılışı olub. Meydanda Dövlət Bayrağı Muzeyi də yaradılıb.
Azərbaycan bayrağı  2016-cı ildə işğaldan azad edilən Lələtəpə yüksəkliyinə sancılaraq çox tezliklə bütün işğal altında olan torpaqlarımızın da azad ediləcəyinin müjdəçisinə çevrilib.

 

Ürəklərinin üstündə üçrəngli bayrağımızı daşıyan ərənlərimiz


Xalqımızın bayraq sevgisi həmişə böyük olub, bu gün də üçrəngli, ay-ulduzlu müqəddəs bayrağımız uğrunda canını qurban verməyə milyonlar hazırdır. 
Bizim üçün bayraq sadəcə ölkəmizin rəsmi atributu yox, millətimizin qüruru, dövlətimizin gücü, vətənimizin azadlıq rəmzidir. 
Buna görədir ki, düşmən tapdağı altında inləyən torpaqlarımızı azad etmək üçün 2020-ci ilin 27 sentyabrında haqq yürüşünə çıxan ərənlərimizin hər biri ürəyinin üstündə üçrəngli bayrağımızı daşıyırdı. Həmin bayrağı "azad yurdlarımızda dalğalandırmadan çıxdığımız bu yolda öldü var, döndü yox", - deyirdilər.   
Azman oğullarımız irəli şığıyaraq mənfur düşməni məhv edir, Azərbaycan bayrağını əzəli yurd yerlərimizdə əbədi dalğalandırırdılar.
Vətən uğrunda gözlərini qırpmadan canlarından keçəndə Azərbaycan bayrağına bükülərək son mənzilə yola salınmağı özlərinə şərəf bilirdilər.  
Bayrağa bükülü tabutları qəbul edən şəhid valideynləri də o anlarda gözyaşlarını ürəklərinə axıdıb, başlarını dik tutaraq "təki bayrağımız ucalarda dalğalansın, təki Vətən sağ olsun" deyirdilər. 

 

Torpaqlarımızın azadlığa qovuşması Müzəffər Komandana bayrağımızın möhtəşəm fonunda məruzə edilirdi

 

2020-ci il sentyabrın 27-dən noyabrın 9-dək olan 44 günün hər birində igid döyüşçülərimiz qarış-qarış işğaldan azad etdikləri yurdlarımızda bayrağımızı qürurla dalğalandırdılar. Cəsur oğullarımız Müzəffər Ali Baş Komandana torpaqlarımızın azadlığını üçrəngli bayrağımızın möhtəşəm fonunda fəxarətlə məruzə edirdilər. 
Vətən müharibəsinin o 44 günündə Baş sərkərdəmizin ön cəbhədəki qələbə müjdələrini Azərbaycan xalqına çatdırması arxa cəbhədə bir başqa coşqu, ovqat, təntənə yaradırdı... 
Bir andaca Azərbaycan başdan-başa bayraqlarımızla bəzəndi. Əlləri üçrəngli bayraqlı, ürəyi vətən sevdalı insanlar küçələrdə selə döndü, ölkəmizdə sevinc, şadlıq coşqusu yaşandı. Yurdumuzun dörd bir yanında Şəhidlər xiyabanlarına axışan insanlarımız bayraqlarla bəzənmiş məzarların başında qələbə gözyaşları tökdülər.
O anlarda ürəklərimiz tarixi yurdlarımızda qələbə əhvalı ilə dalğalanmağa başlayan bayraqlarımıza qoşularaq azad quş kimi sevinclə çırpınmağa, Qarabağın, Şuşanın səmalarında süzməyə başladı. Şərqilər səsləndirdi, Zəfər nəğmələri oxudu, "Qarabağ Azərbaycandır" haqq nidasını hayqırdı dünyaya...
Müzəffər Ali Baş Komandan İlham Əliyevin 10 dekabr 2020-ci ildə Azadlıq meydanında keçirilən təntənəli Zəfər paradında bəyan etdiyi kimi: "Paradların birində mən demişdim ki, parada 2016-cı ildə Lələtəpə yüksəkliyində qaldırılmış bayraq gətiriləcək. Demişdim ki, gün gələcək və bu gün işğaldan azad edilən torpaqlarda qaldırılan Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və bu gün gəldi. Bu tarixi günün şahidi bizik, Azərbaycan xalqıdır. Biz bundan sonra ancaq və ancaq irəli gedəcəyik".

 

Şah zirvələrimizin bəzəyi 

 

Könüllərimizin sevgisi, Vətənimizin azadlıq rəmzi...
Şah zirvələrimizə bəzək, parlaq qələbəmizə yaraşıq...
Uca Azərbaycan bayrağım!..
Əbədiyyətə qədər var ol, daim məğrur-məğrur dalğalan...
Dalğalan ki, uğrunda canını qurban verərək qanları ilə al rəngini boyayan şəhidlərimizin də ruhu şad olsun!..

Yasəmən MUSAYEVA, 
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Şuşa Bəyannaməsi inteqrasiyanı təşviq edən strateji baxış sənədidir  

15:36
13 İyun

Şuşa Bəyannaməsinin strateji əhəmiyyəti hər il daha da artır   

15:22
13 İyun

TDT Ölkələrinin Rəqabət Qurumları Rəhbərlərinin 3-cü İclasında birgə kommünike qəbul olunub

15:21
13 İyun

Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri Ünal Üstelin iştirakı ilə mətbuat konfransı təşkil olunub  

15:20
13 İyun

Müstəqil və qüdrətli Azərbaycan Heydər Əliyev siyasətinin ən parlaq təcəssümüdür

14:56
13 İyun

Sahibə Qafarova Kamboca Krallığı Senatının sədr müavini ilə görüşüb

14:36
13 İyun

Vəkillər Kollegiyasının təşkilatçılığı ilə hüquq qurumları arasında ilk dəfə “Hüquq Liqası 2026” şahmat turniri keçirilib  

14:25
13 İyun

Xankəndi, Xocalı və Ağdərə məktəblərində 60 məzun üçün “Son zəng” çalınıb

13:58
13 İyun

Baş nazir Əli Əsədov Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri ilə görüşüb

13:18
13 İyun

Sabah Bakıda və Abşeron yarımadasında qısamüddətli yağış yağacaq  

12:59
13 İyun

Ağdam şəhərində 33 il sonra “Son zəng” çalınıb

12:49
13 İyun

Birol Küle: Türk dövlətləri son illərdə iqtisadi inkişaf nümayiş etdirirlər

12:23
13 İyun

Türkiyə millisi dünya çempionatında mübarizəyə başlayır

12:10
13 İyun

Böyük Britaniya və Şimali İrlandiyanın Kralı Əlahəzrət III Çarlza

12:08
13 İyun

TDT-yə üzv dövlətlərlə qarşılıqlı investisiyaların həcmi 40 milyard dollara yaxındır

11:58
13 İyun

Füzuli şəhər məktəbində “Son zəng” sevinci

11:53
13 İyun

Şuşada Türk Dövlətləri Rəqabət Forumu: Regional inteqrasiyada yeni mərhələ - YENİLƏNİB  

11:13
13 İyun

TDT-yə üzv ölkələrin rəqabət orqanları arasında qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsi strateji əhəmiyyət kəsb edir  

11:10
13 İyun

Milli Qurtuluşla başlanan şərəfli tarix: güclü və qalib Azərbaycan

11:08
13 İyun

Elnur Bağırov: TDT-yə üzv ölkələrin əməkdaşlıq təşəbbüsləri Qarabağın və Şərqi Zəngəzurun dirçəlişinə töhfə verir  

11:07
13 İyun

AZAL Naxçıvana uçuşları bərpa edib

11:06
13 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!