Yaradıcı adamların hər birinin öz yeri var, öz dəst-xəti var. Onlar yazır-yaradır, əsərləri ilə insanların sevgisini qazanır və bir gün dünyadan köçəndə bu insanların yerini heç kəs əvəz edə bilmir. Belə bir həqiqət qarşısında ən böyük təsəllimiz isə odur ki, həmin şəxslərin köçünün yaratdığı boşluğu doldurmaqdan ötrü başqa birisini axtarmaq ehtiyacını da hiss etmirsən. Onlar yaratdıqları əsərlərdə yenə yaşayır, yazdıqlarını hər dəfə oxuduqca, dinlədikcə, seyr etdikcə həmin ədəbi simalarla ünsiyyət qurduğunu, bu şəxsiyyətlərin varlığını hiss edirsən.
Belə ədəbi şəxsiyyətlərdən biri də ədəbiyyatımızın görkəmli siması, böyük şair və dramaturq, bu il anadan olmasının 100-cü ildönümü tamamlanan Bəxtiyar Vahabzadədir. Yaradıcı şəxsiyyətlərimizə daim böyük dəyər verən Prezident İlham Əliyev şairin 100 illik yubileyinin qeyd edilməsi haqqında 2025-ci il fevralın 21-də xüsusi sərəncam imzalamışdır. Sərəncamda Bəxtiyar Vahabzadə yaradıcılığına ən yüksək qiymət verilərək bildirilmişdir ki, o, mübariz şəxsiyyəti və çoxşaxəli fəaliyyəti ilə XX əsrin ikinci yarısından etibarən Azərbaycan bədii-ictimai fikir tarixinə parlaq səhifələr yazmış qüdrətli simalardandır: "Onun Vətənə, millətə və doğma ana dilinə sonsuz məhəbbət ifadə edən, dərin poetik-fəlsəfi düşüncələrlə zəngin irsi daim mədəni-mənəvi dəyərlərə ehtiram, milli azadlıq ideallarına bağlılıq və istiqlal məfkurəsinə sədaqət hissi aşılamışdır. Sənətkar ədəbi və elmi yaradıcılığını uzun illər pedaqoji fəaliyyəti ilə uğurla əlaqələndirərək, bir neçə nəslin milli təfəkkürünün formalaşmasında müstəsna rol oynamışdır. Bəxtiyar Vahabzadə ictimai xadim kimi xalqın taleyüklü məsələlərinə münasibətdə həmişə əsl ziyalı mövqeyi nümayiş etdirmişdir".
Böyük şair 1925-ci il avqustun 16-da Şəki şəhərində anadan olmuşdur. 1934-cü ildə ailəsi ilə birlikdə Bakıya köçərək orta məktəbi burada bitirmişdir. 1942-1947-ci illərdə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Filologiya fakültəsində oxumuş, 1947-1950-ci illərdə təhsilini aspiranturada davam etdirmiş, elə əmək fəaliyyətinə də universitetdə müəllim kimi başlamışdır.
Bəxtiyar Vahabzadə Səməd Vurğun poeziya məktəbinə daxil olan şairdir. Ədəbiyyat nəzəriyyəçiləri yazırlar ki, onun tədqiqatçı kimi ilk növbədə S.Vurğun poeziyasını öyrənməsi daha çox məhz bu yaradıclıq amili ilə izah olunur. B.Vahabzadə böyük müasirindən yalnız söz açmaqla kifayətlənməmiş, yaradıcılığını tədqiq etmiş, şair haqqında bir sıra monoqrafik əsərlər yazmışdır. Səməd Vurğunun poeziyasının sehrinə düşən tədqiqatçı yazırdı: "Mən bu ustad şairi hər dəfə oxuyanda elə bir tilsimə düşürəm ki, bu tilsimin nə adını, nə ünvanını, nə ilkini, nə də sonunu tapa bilirəm. Öz qaynağını xalq yaradıcılığı çeşməsindən götürmüş bu sənət xalqın dühası kimi zəngin və zənginliyi qədər də sadədir. Bizi çaşdıran da bu sehrli sadəlikdir. Bu sənət bizi sadəliyi, büllurluğu və sadəliyi içindəki müdrikliyi ilə sehrləyir. Əsl və böyük sənətin sirri də izaha çətin gələn bu sadəlikdə və bu sadəlik içindəki qeyri-adilikdədir".
1951-ci ildə Bəxtiyar Vahabzadə "Səməd Vurğunun lirikası" mövzusunda namizədlik dissertasiyası yazaraq uğurla müdafiə etmiş, 1964-cü ildə isə "Səməd Vurğunun həyatı və yaradıcılığı" mövzusunda doktorluq dissertasiyası ilə filologiya elmləri doktoru elmi dərəcəsi almışdır. O, 1980-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, 2000-ci ildə AMEA-nın həqiqi üzvü seçilmişdir.
Amalı azadlıq idi
Bədii yaradıcılığa erkən yaşlarından başlamış Bəxtiyar Vahabzadə hələ orta məktəbdə oxuduğu dövrdən ədəbi dərnəklərdə fəal iştirak edir, ədəbiyyata böyük maraq göstərirdi. Universitetin Filologiya fakültəsində təhsil aldığı illərdə Mir Cəlalın rəhbərlik etdiyi ədəbiyyat dərnəyinin fəal üzvlərindən idi.
Onun "Ana və şəkil" adlı ilk şeiri dövri mətbuatda 1943-cü ildə işıq üzü görmüşdü. "Mənim dostlarım" adlı ilk şeirlər kitabı isə 1949-cu ildə nəşr olunmuş və bu kitab ona poeziya aləmində uğur qazandırmışdır. Ötən əsrin 50-ci illərinin əvvəllərindən şairin "Bahar", "Əbədi heykəl", "Dostluq nəğməsi", "Sadə adamlar", "Ceyran", "İnsan və zaman" kitabları işıq üzü görmüş və Səməd Vurğunun vaxtsız ölümündən sonra Azərbaycan poeziyasının yeni parlayan ulduzu kimi Bəxtiyar Vahabzadə imzası artıq kifayət qədər məşhurlaşmışdı.
Şairin 1959-cu ildə yazdığı "Gülüstan" poeması bir il sonra - 1960-cı ildə "Nuxa fəhləsi" qəzetində çap edilmişdir. Poemanın dərci ədəbiyyatımız üçün də, Bəxtiyar Vahabzadənin taleyi üçün də tarixi bir hadisəyə çevrilmişdir. Əsər həm oxucular arasında, həm dövlət orqanlarında böyük əks-səda doğurmuşdu. Şair bir tərəfdən böyük xalq sevgisi qazanmış, digər tərəfdən isə ciddi təzyiqlərlə üzləşmişdi. Çünki əsərin əsas mövzusu Azərbaycan xalqının tarixi faciələrindən birinə - 1813-cü ildə imzalanmış "Gülüstan müqaviləsi" nəticəsində Azərbaycanın iki yerə bölünməsinə, xalqımızın parçalanması və milli birliyin pozulmasına həsr olunmuşdur. Bu da həmin dövr üçün ağır mövzulardan sayılırdı.
Bir deyən olmadı, durun, ağalar!
Axı bu ölkənin öz sahibi var.
Siz nə yazırsınız bayaqdan bəri, -
Bəs hanı bu yurdun öz sahibləri?
Necə ayırdınız dırnağı ətdən-
Ürəyi bədəndən, canı cəsəddən?
Axı kim bu haqqı vermişdir sizə,
Sizi kim çağırmış Vətənimizə?
Keçmiş SSRİ imperiyasının qan daman qılıncının azad düşüncəli başları kəsməyə hər an hazır olduğu əyyamda bu misraları yazmaq, həqiqətən, böyük hünər istəyirdi. Bəxtiyar Vahabzadə bu cəsarəti göstərmişdi. O, "Gülüstan müqaviləsi" ilə Azərbaycanın ikiyə bölünməsini təkcə tarixi fakt kimi deyil, həm də milli dərd, mənəvi faciə kimi canlandırırdı. O, əsərdə Azərbaycan torpaqlarının bölünməsini poetik dildə təsvir edir, birliyin vacibliyini, milli həmrəyliyi, vətən sevgisini önə çəkir, oxucunu milli yaddaşı unutmamağa, torpaq və millət sevgisini qorumağa səsləyirdi.
"Gülüstan" çap olunduqdan az sonra əsərin yayılmasına məhdudiyyət qoyulmuş, Bəxtiyar Vahabzadə ADU-dan kənarlaşdırılmış, ona "millətçi şair" damğası vurulmuş, uzun müddət mətbuatda sərt tənqidlər edilmişdi. Amma qadağa və təzyiqlərə baxmayaraq, "Gülüstan" poeması xalq arasında gizli şəkildə geniş yayılaraq milli oyanış ideyalarının formalaşmasında, Bəxtiyar Vahabzadənin həm xalqın şairi, həm də milli düşüncənin carçısı kimi tanınmasında mühüm rol oynamışdı.
Bu baxımdan Bəxtiyar Vahabzadənin "Gülüstan" poeması haqlı olaraq Azərbaycan ədəbiyyatında milli oyanışın, azadlıq düşüncəsinin ideya bünövrələrindən biri kimi qəbul olunur.
"Yaşamaq yanmaqdır..."
Ümummilli Lider Heydər Əliyevin 1969-cu ildə ölkə rəhbərliyinə gəlişindən sonra bir çox azad ruhlu yaradıcı ziyalılarımız kimi, Bəxtiyar Vahabzadənin önündə də geniş üfüqlər açıldı. Ulu Öndər onu yeni təzyiq və təqiblərdən qorudu, ona layiq olduğu qiyməti verdi. 1974-cü ildə Bəxtiyar Vahabzadəyə "Azərbaycanın əməkdar incəsənət xadimi" fəxri adı verildi. 1976-cı ildə iki poeması Azərbaycanın Dövlət mükafatına layiq görüldü. Bəxtiyar Vahabzadə 1981-ci ildə SSRİ Yazıçılar İttifaqının VII Qurultayında ittifaqın İdarə Heyətinin üzvü seçildi. 1984-cü ildə SSRİ Dövlət mükafatı alan şair həmin il "Xalq şairi" fəxri adına layiq görüldü. 1988-ci ildə isə "Mirzə Fətəli Axundzadə" adına ədəbi mükafat və "Qırmızı əmək bayrağı" ordeni ilə təltif olundu.
1988-ci ildə Ermənistan ölkəmizə qarşı işğalçılıq müharibəsinə başlayanda, ermənilər havadarlarının əli ilə Qarabağda separatizm ocağını alovlandıranda Bəxiyar Vahabzadə bu əməllərə qarşı haqq səsini ilk ucaldan görkəmli ziyalılarımızdan oldu. O, Azərbaycan xalq hərəkatının rəhbərlərindən biri kimi xalqımızın istiqlal mübarizəsinə səfərbər edilməsində böyük rol oynadı.
B.Vahabzadə 1991-ci ildə Azərbaycan Yazıçılar Birliyi Ağsaqqallar Şurasının üzvü seçilmiş, 1995-ci ildə "İstiqlal" ordeni ilə təltif edilmişdir. Böyük ziyalı 1991-ci ildə təşkil edilən Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının tərkibinə daxil olmuş və 1995-2005-ci illərdə Azərbaycan parlamentinə deputatı seçilmişdir.
Bəxtiyar Vahabzadə ziyalı vicdanı daim oyaq olan vətəndaş şair idi və onun poeziyası da əsasən milli azadlıq, vətən sevgisi, dil, milli kimlik, ədalət, insan ləyaqəti və s. mövzular üzərində qurulmuşdu. Nədən yazır-yazsın, Çingiz Aytmatovun təbirincə desək, Bəxtiyar Vahabzadənin şeirlərində zaman yaşayır - bizim qayğı "yükümüzə" tab gətirən, dərd-sərimizə şərik olan, qoynunda yaşadığımız zaman! Onun şeirlərinin qüdrəti də məhz bundan irəli gəlir:
Yaşamaq yanmaqdır, yanasan gərək,
Həyatın mənası yalnız ondadır.
Şam əgər yanmırsa, yaşamır demək,
Onun da həyatı yanmağındadır!
Bəxtiyar Vahabzadə ana dilimizin saflığının qorunması və inkişafı uğrunda fəal mübarizə aparmış, xalqımızın milli varlığının ifadəsi kimi ana dilimizə daim sahib çıxmış sənətkarlardandır.
Bütün söz ustaları kimi, Bəxtiyar Vahabzadə də işlətdiyi dili şeir vasitəsi olmaqdan əvvəl birinci ana dili kimi sevir: özü onunla dil açıb, dünyanın ilk mükəmməl melodiyası - mahnısı olan laylanı onda eşidib, insanlığı onunla tanıyıb.
Daha sonra Bəxtiyar Vahabzadə bu dili ona görə sevir ki, o, ulu babalarımızın yadigarıdır. Əcdadlarımızdan qalan və bütün başqa mənəvi zənginlikləri də yaşadan ən böyük mənəvi sərvətimizdir. Nəhayət, şair ana dilini bir də öz sənət cəbhəsinin silahı kimi sevib əziz tutur.
Bəxtiyar Vahabzadənin bir şair kimi özünəməxsusluğu dövrdən-dövrə, şeirdən-şeirə təkmilləşərək inkişaf etməsidir. O, yaxşı bilirdi ki, hər nəslin şeir zövqü fərqlidir. Əgər bütün oxucu nəsillərinin qəlbinə, ruhuna hakim olmaq istəyirsənsə, gərək onların istəklərini nəzərə alasan. Ona görə də görkəmli şairin gözü də, sözü də həmişə oxucunun nəbzində idi, şeirlərində solğunluqdan, qəliblərdən qaçır, həmişə təzə sözə, orijinal deyim tərzinə can atır, təzə sözə qəlbin ehtiyacı, ruhun yenilənməsi vasitəsi kimi baxırdı:
Təzə söz, təzə ruh bir ehtiyacdır,
Xəyala, duyğuya, ürəyə, gözə...
Bəxtiyar Vahabzadə sözünün qüdrəti həm də onun məhz özü kimi yazmağındadır. Bu, bəlkə də çoxlarına asan gələ bilər, amma real nümunələrdə özü kimi yazmağa müvəffəq olan az sayda yaradıcı adama təsadüf edirik. Bəxtiyar Vahabzadə isə məhz özü kimi yazır, gördüklərini qələmə alır, bədii fikrə yaşadığı, ömür sürdüyü həyatdan gəlir.
Bəxtiyar Vahabzadənin şeirləri qızğın bir ürəkdən gələn səsdir, bu şeirlərdə soyuqluğa, biganəliyə nifrət var, şair ağlayanda da "hönkür-hönkür" ağlayır, güləndə də "qəhqəhə ilə" gülür.
Şair və zaman münasibətlərində hər zaman maraqlı çalarlar diqqəti çəkir. Zamanda öndə olan, zamanın ardınca irəliləyən, zamanla uzlaşan şairlər var, Bəxtiyar Vahabzadə isə zamanla çarpışan söz adamlarındandır. O, bütün yaradıcılığı boyu zamanla üz-üzə durur, dünyanın gərdişinə etiraz səslərini ucaldır, insanlığın taleyüklü dərdlərinə çarə aramağa çalışır. Bəxtiyar Vahabzadə yaradıcılığı üçün tərif xarakterik deyil, o yalnız ruhunun ülviləşdirdiyi duyğulardan, Üzeyir bəy, Sabir, Nizami, Füzuli, Mirzə Cəlil, Dədə Qorqud dühasından danışanda şeirlərinin dilini təriflə bəzəyir.
Narahat vicdanın sədası
Bəxtiyar Vahabzadə poeziyası narahat vicdanın sədasıdır, şeirlərində şairin qəlbi daim müstəqilliyə, azadlığa, insan mənəviyyatının üst zirvələrinə can atır, təşvişi heç vaxt tükənmir, ən çox da özünə qarşı tələbkar olur, olub-keçənləri haqqın dəyirmanında üyüdüb misralara çevirir.
Mən haqq-hesab istəyirəm
Gecələr gündüzümdən.
Narahatam, narazıyam
Ömrüm boyu özümdən.
Bizim sənət dünyasının
Qırıq telli sazıyam.
Bircə ondan razıyam ki,
Özümdən narazıyam.
Bəxtiyar Vahabzadə əqidəli bir insan və şair idi. Özünün tərzində ifadə etsək, o, həyat yollarından əqidəsi ilə keçmişdi və ən böyük arzularından biri də ömrün əvvəlindən sonuna doğru irəlilədiyi bu yolda özünü başqalarının nəzəri ilə görmək idi...
Ədəbiyyatımızın Bəxtiyar zirvəsi
Bəxtiyar Vahabzadə üçün insan həyatının mənası yaxşı əməllərdədir, ömrü özü qədər başqaları üçün də faydalı yaşamaqdadır, dünyada yaxşı bir iz qoymaqdan, naqisliklərdən uzaq durmaqdadır. Onda insan ona əta olunmuş ömrü həqiqətən yaşamış olacaq.
Bir ev tikmisənsə, kərpiclərində...
Yaşar əllərinin istisi sənsiz.
Bir arx çəkmisənsə bu dünyada sən,
Suyun nəğməsində səslənəcəksən.
Şairin poeziyası klassiklərimizin, folklorumuzun hikmətləri kimi müdrik aforizmlərlə zəngindir və bu da Bəxtiyar Vahabzadə poeziyasının daha bir özünəməxsusluğudur.
O, dramaturgiya fəaliyyəti ilə də ədəbiyyat tariximizə gözəl incilər bəxş edib. Onun "İkinci səs", "Vicdan", "Özümüzü kəsən qılınc" kimi pyesləri Azərbaycan teatrında mühüm hadisələrdən sayılır. Ayrı-ayrı şeirlərində olduğu kimi, dram əsərlərində də insanın mənəvi dünyasını, sosial ədalətsizlikləri, milli problemləri bədii şəkildə təqdim edir.
Bəxtiyar Vahabzadə ədəbiyyatşünas alim kimi də klassik ədəbiyyat və müasir poeziya ilə bağlı çoxsaylı elmi məqalələrin, monoqrafiyaların müəllifidir.
Görkəmli şairin, azadlıq mübarizinin 100 illik yubileyinə ən böyük töhfə onun varlığını sızladan, nisgilli misralarında oxucunu göynədən dərdimizin - Azərbaycanın ərazi bütövlüyü, suverenliyi məsələsinin şükürlər ki, artıq öz həllini tapmasıdır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun torpaqlarımızı düşmən tapdağından azad etməsidir, Qarabağda, Şərqi Zəngəzurda möhtəşəm quruculuq işlərinin davam etməsi, doğma yurdlara böyük köçün başlanmasıdır.
Bütün bunlar Azərbaycanın indiki günlərini görə bilmədən dünyadan köçmüş başqa böyük şəxsiyyətlərimiz kimi, Bəxtiyar Vahabzadənin də gerçəkləşən arzularıdır.
İradə ƏLİYEVA,
"Azərbaycan"