03 İyul 2026 08:45
138
CƏMİYYƏT
A- A+
Zabit kimi Qarabağa ezamiyyətə getdi, şəhid Milli Qəhrəman kimi geri döndü

Zabit kimi Qarabağa ezamiyyətə getdi, şəhid Milli Qəhrəman kimi geri döndü


Ötən əsrin 80-ci illərinin sonlarında erməni separatçılarının işğalçılıq hücumları ilə başlayan Qarabağ müharibəsi zaman keçdikcə daha da böyüməyə və qanlı xarakter almağa başladı. Xaricdəki havadarlarının köməyi ilə təpədən-dırnağadək silahlanmış ermənilər tez-tez Qarabağın azərbaycanlılar yaşayan kəndlərinə hücum edir, evləri yandırır, bu yerlərin əbədi-əzəli sakinlərini böyük amansızlıqla qətlə yetirir, doğma ocaqlarından qovurdular. 

Erməni işğalçılarının hücumları nəticəsində alovlanan müharibənin davam etdiyi günlərdə keçmiş ittifaq ordusunda xidmət edən azərbaycanlı zabitlər Qarabağ uğrunda vuruşmaq üçün geriyə, doğma vətənlərinə qayıdırdılar. Onlardan biri də Cəlil Əziz oğlu Səfərov idi. Ürəyi Vətən eşqi ilə döyünən gənc zabit xalqının köməyinə, Qarabağın xilasına gəlmişdi. 

Cəlil Səfərovun döyüş yolundan söhbət açmazdan əvvəl onun ömür yolunu vərəqlədik. Öyrəndik ki, o, 28 yanvar 1962-ci ildə Gürcüstanın Marneuli rayonunun Lejbəddin kəndində dünyaya göz açıb. Bir neçə ildən sonra ailə vəziyyətilə əlaqədar Sumqayıta köçməli olublar. Gələcək talelərini gənclər şəhərinə bağlayıblar. 

Cəlil Səfərov hələ kiçik yaşlarından hərbçi olmaq istəyirdi. O arzusuna çatmaq üçün 1977-ci ildə C.Naxçıvanski adına Hərbi Liseyə üz tutdu. Hazırlığı yüksək olduğuna görə Cəlilin ilk addımı uğurlu oldu. Hərbi liseyə qəbul edildi.  

C.Səfərov 1980-ci ildə C.Naxçıvanski adına Hərbi Liseyi yüksək göstəricilərlə başa vurdu. Ali hərbi təhsil almaq üçün Vladiqafqaz Hərbi Raket - Zenit Komandirləri Məktəbinə qəbul olundu. Dörd il burada döyüş texnikalarının və silahların taktiki-texniki xüsusiyyətlərini öyrəndi, zenit-raket qurğularının atış qaydalarını mükəmməl mənimsədi. 1984-cü ildə leytenant hərbi rütbəsi aldı. Cəlil illərdən bəri ürəyində gəzdirdiyi arzusuna çatıb, istəyinə yetişdi. Onu Qazaxıstanın Prioyorsk və Balxaş  şəhərlərində yerləşən hərbi hissələrdə xidmətə göndərdilər. Leytenant qısa müddət ərzində nümunəvi xidməti ilə həm komandir heyətinin, həm də tabeliyində olan əsgərlərin hörmətini qazandı.  

1992-ci il. Artıq 8 il idi ki, Cəlil Səfərov Qazaxıstanda xidmət edirdi. Qarabağda başlatdıqları müharibənin səs-sorağı onun xidmət etdiyi hərbi hissəyə də gəlib çatmışdı. Başqa yerlərdə olduğu kimi, Cəlilin də xidmət etdiyi hərbi hissədə vəziyyət dəyişmişdi. Əvvəllki illərdə hökm sürən ciddi nizam-intizam pozulmuşdu. Milli məsələlərin qabardılması ucbatından tez-tez hərbçilər arasında söz-söhbət, dava-dalaş düşürdü.   

Erməni hücumları nəticəsində Qarabağda başlayan müharibə Vətən övladı kimi Cəlili çox narahat edirdi. Ürəyində, qəlbində dolaşan vərənpərvərlik hissi onu doğma ocaqlara çəkirdi. O, yaxşı bilirdi ki, Azərbaycanda yenicə yaranmağa başlayan ordunun peşəkar zabitlərə ehtiyacı var. Ona görə də tezliklə Vətənə dönməyə qərar verdi. Müdafiə Nazirliyində Cəlil Səfərovun təcrübəli və peşəkar  zabit olduğunu nəzərə alaraq onu nazirlikdəki mühüm idarələrdən birinə baş zabit vəzifəsinə təyin etdilər. Milli ordumuzun sıralarında  xidmətə başlayandan bir müddət sonra C.Səfərov Qarabağa ezamiyyətə göndərildi. Cəbhə bölgələrini addım-addım gəzərək vəziyyəti yerində öyrəndi. Döyüşçülərə müvafiq tapşırıq və məsləhətlər verdi. 

Kapitan Cəlil Səfərovun Qarabağa növbəti ezamiyyəti Şuşanın işğalı ərəfəsində oldu. Həmin günlər vəziyyət çox gərgin idi, qanlı döyüşlər səngimək bilmirdi. Şuşanı ələ keçirən ermənilər hücumlarını üzü Laçına tərəf davam etdirirdilər.  Artıq döyüşlər Şuşanın Turşsu və Zarıslı kəndləri istiqamətində gedirdi. Ezamiyyət müddəti başa çatsa da, o geri qayıtmadı. Döyüşçüləri çətin vəziyyətdə qoyub geri dönməyi zabit şərəfinə sıxışdırmadı. Qəsbkarlara qarşı cəsarətlə döyüşdü. Hücuma keçən düşmənin döyüş texnikalarının və canlı qüvvəsinin artilleriya atəşləri ilə vurulmasına başçılıq etdi. Erməni işğalçılarının hücumları nəticəsində doğma ocaqlarından didərgin düşmüş dinc sakinlərin təhlükəsiz yerlərə köçürülməsinə şərait yaratdı. Çox təəssüflər olsun ki, cəsur zabit növbəti döyüşlərdə düşmən atəşinin hədəfinə tuş gəldi. Müdafiəsinə atıldığı Qarabağ torpaqları uğrunda son nəfəsinədək vuruşaraq şəhid oldu. Doğmalarının, yaxınlarının iştirakı ilə Şəhidlər xiyabanında dəfn edildi.

Gənc zabitin Qarabağ  müharibəsində erməni işğalçılarına qarşı göstərdiyi qəhrəmanlığı layiqincə qiymətləndirilib. Cəlil Əziz oğlu Səfərova ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı fəxri adı verilib.

Bir zamanlar oxuduğu Sumqayıtdakı 10 nömrəli tam orta məktəb indi Azərbaycanın Milli Qəhrəmanı Cəlil Səfərovun adını daşıyır. Təhsil ocağının həyətində  qəhrəmanın büstü qoyulub. Büstün qarşısından gül dəstələri heç vaxt əskik olmur. Həm pedaqoji kollektiv, həm də şagirdlər qəhrəmanın  xatirəsini həmişə əziz tuturlar. Qəhrəmanın doğulduğu Lejbəddin kəndində də xatirəsini əbədiləşdirmək üçün abidəsi ucaldılıb.


V.MƏMMƏDQULUOĞLU,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ABŞ Prezidenti: İran danışıqlar zamanı bizə lazım olan hər şeyə razılıq verib

09:12
03 İyul

Piyada keçidlərində istismar müddətini başa vurmuş eskalator və liftlər yenilənəcək

08:55
03 İyul

Oğullar Vətəni qorumaq üçün doğulur

08:50
03 İyul

Zabit kimi Qarabağa ezamiyyətə getdi, şəhid Milli Qəhrəman kimi geri döndü

08:45
03 İyul

Müharibənin 41-ci günü yaralandı

08:40
03 İyul

“Rəqəmsal inkişaf Azərbaycan üçün kompleks strateji prioritetdir”

08:35
03 İyul

Onun həyat missiyası - cəmiyyətə xidmət

08:30
03 İyul

Rəqəmsallaşma gələcəyin layihəsi yox, günün reallığıdır

08:25
03 İyul

Ursula fon der Lyayenin Azərbaycana səfəri: Bakı ilə Aİ arasında münasibətlərin yeni arxitekturası 

08:20
03 İyul

Azərbaycan-Aİ iqtisadi münasibətləri qarşılıqlı strateji maraqların təminatına hesablanıb

08:17
03 İyul

Rəqəmsal əsrdə sağlam nəsli necə yetişdirməli

08:15
03 İyul

19 il əvvəl "Şahdəniz" qazı Türkiyəyə çatdırıldı

08:10
03 İyul

"Made in Azerbaijan" - coğrafiyası genişlənən brend

08:05
03 İyul

Bakı-Brüssel tərəfdaşlığında yeni dövr

08:00
03 İyul

Mərkəzi Afrika Respublikasında üsyançıların şəhərə hücumu nəticəsində 28 nəfər həlak olub

07:30
03 İyul

Dünya çempionatı: 1/8 finalın 6 cütlüyü müəyyənləşib

06:51
03 İyul

DÇ-2026: Xorvatiya üzərində əzmkar qələbə qazanan Portuqaliya 1/8 finalda

06:01
03 İyul

Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 may tarixli 413 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə

01:22
03 İyul

İspaniya millisi dünya çempionatının 1/8 final mərhələsinə yüksəlib

01:02
03 İyul

Gürcüstan və Özbəkistan prezidentləri Cənubi Qafqazla Mərkəzi Asiya arasında əməkdaşlığı müzakirə ediblər  

23:36
02 İyul

Türkiyə Xarici İşlər Nazirliyi: Suriya xalqı ölkədəki sabitliyi pozmaq cəhdlərinə layiqli cavab verəcək  

22:29
02 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!