03 İyul 2026 08:30
210
CƏMİYYƏT
A- A+
Onun həyat missiyası - cəmiyyətə xidmət

Onun həyat missiyası - cəmiyyətə xidmət


Müasir dövrdə ictimai fəaliyyətin əhatə dairəsi daha da genişlənmişdir. Sosial bərabərliyin təmin olunması, humanitar yardım, ətraf mühitin mühafizəsi, mədəniyyətlərarası dialoqun inkişafı, gənclərin fəallığının artırılması və könüllülük hərəkatının genişləndirilməsi artıq dövlətlərin dayanıqlı inkişaf strategiyasının mühüm istiqamətlərindən birinə çevrilmişdir. Bu baxımdan ictimai xadimlərin fəaliyyəti yalnız sosial problemlərin həllinə deyil, həm də cəmiyyətin mənəvi inkişafına, vətəndaş məsuliyyətinin güclənməsinə və milli həmrəyliyin möhkəmlənməsinə xidmət edir.

Bu gün Azərbaycanın ictimai-siyasi və mədəni həyatına nəzər saldıqda, fəaliyyətində humanizmi, ekoloji məsuliyyəti və milli dəyərləri birləşdirən fərqli bir imza diqqəti cəlb edir. Bu imza Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevaya məxsusdur. O, həm milli mədəniyyətin beynəlxalq arenada fəal təbliğatçısı, həm də humanist layihələrin rəhbəri kimi tanınmış simalardandır. Leyla Əliyeva genişmiqyaslı fəaliyyəti ilə təkcə ölkə daxilində deyil, qlobal miqyasda Azərbaycanın mədəniyyət, ekologiya, humanitar diplomatiya sahələrində missiyasını uğurla yerinə yetirir. Çox gənc yaşlarından Leyla xanım müxtəlif ictimai vəzifələr yerinə yetirməkdədir. O, Heydər Əliyev Fondunun vitse-prezidenti, Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq ictimai birliyinin (IDEA) təsisçisi və sədri, "Baku" jurnalının təsisçisi və baş redaktoru, İslam Əməkdaşlıq Təşkilatı Gənclər forumunun mədəniyyətlərarası dialoqunun baş koordinatorudur. 

Bu vəzifələrdən də göründüyü kimi, Leyla xanım Əliyeva humanitar layihələrin, sosial təşəbbüslərin, ekoloji proqramların və beynəlxalq mədəni dialoq platformalarının həyata keçirilməsində fəal iştirak edərək Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi inkişaf siyasətinə mühüm töhfələr verir. Onun fəaliyyəti təkcə bir istiqamətlə məhdudlaşmayaraq müxtəlif sahələri birləşdirən, insan amilini ön plana çıxaran, sosial məsuliyyət anlayışını praktik fəaliyyətə çevirən geniş bir missiyanı əhatə edir. Belə bir fəaliyyətin əsas xüsusiyyətlərindən mühümü isə onun məhz davamlı xarakter daşımasındadır. Tək-tək aksiyalar və ya kampaniyalar deyil, uzunmüddətli sosial layihələr, cəmiyyətə sistemli təsir göstərən təşəbbüslər Leyla Əliyevanın fəaliyyət xəttinin əsası kimi diqqəti çəkir. 


Humanitar dəyərlərin təbliği


Azərbaycan tarixən mərhəmət, xeyirxahlıq, köməyə ehtiyac duyanlara təmənnasız dəstək kimi dəyərləri yüksək tutan cəmiyyət olub. Son illər bu ənənələrin müasir çağırışlara uyğun şəkildə davam etdirilərək daha da möhkəmləndirilməsində Heydər Əliyev Fondunun rolu misilsizdir. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə fondun həyata keçirdiyi çoxsaylı layihələr sırasında təhsil, səhiyyə, sosial müdafiə və mədəniyyət sahələrini əhatə edən proqramlar mühüm yer tutur. Leyla Əliyeva isə Heydər Əliyev Fondunun vitse-prezidenti kimi bu fəaliyyətin ön sıralarında irəliləyərək sosial həssas qruplara, uşaqlara, ahıllara, xüsusi qayğıya ehtiyacı olan insanlara kömək göstərir. Fondun fəaliyyəti çərçivəsində uşaq evləri, əlilliyi olan şəxslər, şəhid ailələri, aztəminatlı ailələrlə bağlı layihələrdə iştirak edir. Leyla xanımın vaxtaşırı olaraq sosial xidmət müəssisələrinə səfərləri, müxtəlif reabilitasiya və sosial inteqrasiyaya yönəlmiş təşəbbüsləri bu fəaliyyətin tərkib hissəsidir.

İnklüziv cəmiyyətin təşviqinə yönələrək Leyla xanım əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyasını dəstəkləyən layihələrdə fəal iştirak edir, onların yaradıcılıq və peşə bacarıqlarının inkişafına yönəlmiş proqramlara diqqət yetirir. Uşaqların sosial-emosional inkişafı da onun diqqət mərkəzindədir. Heydər Əliyev Fondunun vitse-prezidentinin təşəbbüsü ilə uşaq evlərində həyata keçirilən proqramlar uşaqların ünsiyyət, əməkdaşlıq, özünüifadə və emosional bacarıqlarının inkişafını hədəfləyir. Bu cür proqramlar sosial inteqrasiyanın gücləndirilməsi baxımından qiymətləndirilir.

Müxtəlif sosial layihələrdə könüllülərin iştirakının təşviqi də Leyla xanımın ən böyük xidmətlərindəndir. Onun iştirak etdiyi hər bir layihənin əsas məqsədi yalnız maddi yardım göstərmək deyil, insanlara diqqət və qayğı duyğusunu çatdırmaq, onlara tək olmadıqlarını, ətrafdakıların şəfqəti, xeyirxahlıqları ilə əhatə olunduqlarını hiss etdirməkdir. Məhz buna görə də Leyla xanımın fəaliyyəti çox vaxt xeyriyyəçilik anlayışının klassik çərçivələrini aşaraq sosial həmrəyliyin təşviqinə xidmət göstərən  missiya kimi qiymətləndirilir.


Ekoloji düşüncənin formalaşdırılması


Leyla Əliyevanın ictimai fəaliyyətində xüsusi yer tutan istiqamətlərdən biri də ekoloji düşüncənin formalaşdırılması və ətraf mühitin mühafizəsinə yönəlmiş təşəbbüslərdir. XXI əsrdə dünyamız bir sıra qlobal çağırışlarla üz-üzədir və onların sırasında iqlim dəyişiklikləri, biomüxtəlifliyin azalması, su ehtiyatlarının tükənməsi, torpaqların deqradasiyası, meşələrin azalması, plastik tullantıların artması və şəhərləşmənin sürətlənməsi xüsusi yer tutur. Bu problemlər artıq yalnız ekoloqların və alimlərin müzakirə etdiyi məsələlər olmaqdan çıxaraq, dövlətlərin iqtisadi inkişafına, insanların sağlamlığına, ərzaq təhlükəsizliyinə, enerji siyasətinə və sosial rifahına birbaşa təsir göstərən strateji amillərə çevrilib.

Məhz belə bir dövrdə ekoloji məsuliyyət anlayışının cəmiyyətin bütün təbəqələrində formalaşdırılması xüsusi əhəmiyyət kəsb edir. Ətraf mühitin qorunması yalnız dövlət proqramları və qanunvericilik mexanizmləri ilə deyil, hər bir vətəndaşın gündəlik davranışında, həyat tərzində və dəyərlər sistemində əks olunmalıdır. Bu baxımdan Leyla Əliyevanın həyata keçirdiyi təşəbbüslər ekoloji problemlərin praktiki həlli ilə yanaşı, yeni ictimai şüurun formalaşdırılmasına da xidmət edir.

Onun təşəbbüsü ilə yaradılmış IDEA (International Dialogue for Environmental Action) İctimai Birliyi qısa müddət ərzində Azərbaycanda ətraf mühitin mühafizəsi sahəsində ən fəal və ən genişmiqyaslı ictimai platformalardan birinə çevrilmişdir. Təşkilat fəaliyyətini yalnız ayrı-ayrı ekoloji aksiyalarla məhdudlaşdırmayaraq, uzunmüddətli ekoloji strategiyanın mühüm tərkib hissəsi olan maarifləndirmə, ictimai iştirakçılıq və beynəlxalq əməkdaşlıq prinsipləri üzərində qurmuşdur. 

Leyla Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə IDEA-nın mütəmadi olaraq həyata keçirdiyi ağacəkmə kampaniyaları, yaşıllıq sahələrinin genişləndirilməsi, biomüxtəlifliyin qorunmasına yönəlmiş layihələr, nadir və nəsli kəsilmək təhlükəsi altında olan canlı yaşıllıq  növlərinin mühafizəsi, dəniz və çimərliklərin tullantılardan təmizlənməsi aksiyaları, su hövzələrinin qorunması, tullantıların çeşidlənməsi və təkrar emal mədəniyyətinin təşviqi istiqamətində görülən işlər, yaradılan ictimai çimərliklər, yaşayış binalarının həyətlərinin abadlaşdırılması cəmiyyətin ekoloji məsuliyyət hissinin güclənməsinə mühüm töhfə verir. Bu layihələr yalnız konkret ekoloji problemlərin aradan qaldırılmasına deyil, həm də insanların təbiətə münasibətinin dəyişməsinə xidmət edir.

Xüsusilə gənclərin ekoloji təşəbbüslərə cəlb olunması belə bir fəaliyyətin ən mühüm istiqamətlərindəndir. Məktəblərdə, universitetlərdə və müxtəlif ictimai platformalarda keçirilən maarifləndirici tədbirlər, ekoloji forumlar, könüllülük proqramları və kampaniyalar nəticəsində minlərlə gənc ətraf mühitin mühafizəsini şəxsi məsuliyyət məsələsi kimi qəbul etməyə başlayıb. Beləliklə, ekologiya yalnız nəzəri bilik olmayıb, gündəlik davranış modelinə çevrilən sosial dəyər kimi formalaşır.

Bu fəaliyyətin əsas üstünlüklərindən biri ekoloji problemlərə texniki deyil, mədəni yanaşmanın tətbiq edilməsidir. Çünki ətraf mühitin qorunması ilk növbədə insanın düşüncə tərzindən başlayır. Ağac əkmək, suya qənaət etmək, tullantıları düzgün idarə etmək, təbiətə qayğı ilə yanaşmaq və "yaşıl həyat" tərzini seçmək həm də yüksək vətəndaş məsuliyyətinin göstəricisidir. Leyla Əliyevanın təşəbbüsləri məhz bu yanaşmanı təşviq etməklə ekologiyanı cəmiyyətin gündəlik həyatının ayrılmaz hissəsinə çevirməyə çalışır.

Son illər Azərbaycanın beynəlxalq ekoloji gündəmdə fəallığının yüksəlməsi bu istiqamətdə aparılan fəaliyyətin aktuallığını daha da artırmışdır. Dünyada "yaşıl inkişaf", bərpaolunan enerji, karbon emissiyalarının azaldılması və dayanıqlı inkişaf prinsipləri ön plana çıxdıqca, ölkə daxilində ekoloji maarifləndirmənin genişlənməsi strateji əhəmiyyət daşıyır. Leyla Əliyevanın təşəbbüsləri bu baxımdan Azərbaycanın "yaşıl inkişaf" prioritetləri ilə vəhdət təşkil edərək cəmiyyətin yeni qlobal çağırışlara hazırlanmasına xidmət edir.

Nəticə etibarilə Heydər Əliyev Fondunun vitse-prezidentinin fəaliyyətini yalnız ətraf mühitin mühafizəsinə yönəlmiş ayrı-ayrı layihələr kimi qiymətləndirmək doğru olmazdı. Bu fəaliyyət, əslində, yeni ekoloji mədəniyyətin, məsuliyyətli vətəndaşlıq şüurunun və gələcək nəsillər qarşısında cavabdehlik hissinin formalaşdırılmasına yönəlmiş uzunmüddətli ictimai missiyadır. Təbiətin qorunmasını ümummilli dəyər kimi təqdim edən bu təşəbbüslər Azərbaycanda "yaşıl düşüncə" tərzinin genişlənməsinə, könüllülük hərəkatının güclənməsinə və cəmiyyətin dayanıqlı inkişaf ideyalarına daha fəal qoşulmasına mühüm töhfə verir.


Ədalət naminə


Qloballaşan dünyamızda müxtəlif mədəniyyətlər arasında dialoqun qurulması, qarşılıqlı anlaşmanın gücləndirilməsi xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan isə coğrafi mövqeyi və tarixi-mənəvi irsi etibarilə müxtəlif sivilizasiyaların qovşağında yerləşən ölkədir.

Leyla xanım Əliyevanın iştirak etdiyi beynəlxalq humanitar layihələr və mədəni təşəbbüslər də məhz bu ənənənin davamıdır. Müxtəlif ölkələrdə keçirilən mədəni tədbirlər, sərgilər, sosial layihələr Azərbaycan haqqında müsbət təsəvvürün formalaşmasına, ölkənin yumşaq güc imkanlarının genişlənməsinə töhfə verir. Bu fəaliyyət eyni zamanda ölkəmizin tolerantlıq, multikulturalizm və mədəni müxtəlifliyə hörmət kimi dəyərlərinin beynəlxalq miqyasda tanıdılmasına xidmət edir. Leyla xanımın təkcə 2026-cı ildəki çoxşaxəli fəaliyyətini, zəngin iş qrafikini izləsək, bunu əyani şəkildə görə bilərik. Onun İsveçrə, Efiopiya və Omana, Birləşmiş Ərəb Əmirliklərinə, bir sözlə Banqladeşdən Türkmənistana, ICESCO-dan BMT platformalarına qədər çox geniş bir sferanı əhatə edən səfərləri və fəaliyyəti Azərbaycanın beynəlxalq humanitar mövqeyinin konseptual mənzərəsini canlandırır. Heydər Əliyev Fondunun vitse-prezidentinin fəal iştirak etdiyi təşəbbüslərin təkcə bir istiqamətlər zolağı olmadığını, bir-birini tamamlayan əsas sütunlar üzərində qurulduğunu göstərir. Bunlar qlobal çevrədə humanitar əməkdaşlıq, sosial və təhsil layihələri, mədəni, ekoloji və elmi diplomatiyadır.

Müasir informasiya mühitində həqiqətlərin beynəlxalq ictimaiyyətə düzgün təqdimatı dövlətlərin qarşısında duran mühüm vəzifələrdən biridir. Xüsusilə Ermənistan-Azərbaycan münaqişəsinin nəticələri, Xocalı soyqırımı və işğal dövründə Azərbaycanın üzləşdiyi problemlər barədə obyektiv məlumatların yayılması böyük əhəmiyyət daşıyır.

Leyla Əliyevanın təşəbbüsü ilə uzun illərdir həyata keçirilən "Xocalıya ədalət!" kampaniyası bu istiqamətdə ən genişmiqyaslı beynəlxalq təşəbbüslərdən biri hesab olunur. Müxtəlif ölkələrdə təşkil edilmiş tədbirlər, konfranslar, sərgilər və maarifləndirici aksiyalar vasitəsilə dünyanın hər yerində milyonlarla insan Xocalı faciəsi haqqında məlumatlar əldə edib, ayrı-ayrı ölkələrin parlamentləri bu faciəni soyqırımı kimi tanıyıb. Bir məqamı xüsusi qeyd etmək lazımdır ki, bu kampaniyada Leyla xanımın əsas məqsədi tarixi həqiqətlərin tanıdılması, Xocalı canilərinin gec-tez beynəlxalq ədalət mühakiməsi qarşısında duraraq öz layiqli cəzalarına çatması ilə yanaşı, həm də beynəlxalq səviyyədə humanitar ədalət ideyasının təşviqi, dünyamızda bir daha belə dəhşətli cinayətlərin təkrarlanmaması üçün güclü mexanizmlərin formalaşmasıdır. Haqqın, ədalətin tarixin bütün dövrlərində onu qoruyan şəxsiyyətlərə ehtiyacı olub. Leyla xanım Əliyeva da müasir dünyamızda ədaələti qoruyan və xüsusilə yeni nəslə də bunu aşılayan şəxsiyyətlərdəndir. 

Leyla Əliyevanın fəaliyyətində gənclərlə iş xüsusi yer tutur. Müxtəlif sosial, mədəni və ekoloji layihələr vasitəsilə minlərlə gəncin ictimai proseslərə cəlb olunması, onların könüllülük fəaliyyətində fəal iştirakı, liderlik bacarıqlarının inkişaf etdirilməsi istiqamətində mühüm addımlar atılır.

Bu layihələrin əsas məqsədi sosial məsuliyyət hissinə malik, fəal və təşəbbüskar vətəndaşların yetişməsinə töhfə verməkdir. Müasir dövrdə ölkələrin rəqabət qabiliyyəti insan resurslarının keyfiyyəti ilə müəyyən olunduğundan Leyla xanımın bu istiqamətdə gördüyü işlər strateji əhəmiyyət daşıyır.


Fəaliyyətinin əsas fəlsəfəsi


İctimai xadim, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın çoxşaxəli fəaliyyətinə nəzər saldıqda onu birləşdirən əsas ideyanı görmək mümkündür. Bu ideya insan amilinin ön plana çıxarılmasıdır. İstər humanitar layihələrdə, istər ekoloji təşəbbüslərdə, istərsə də beynəlxalq kampaniyalarda əsas məqsəd insan həyatının keyfiyyətinin yüksəldilməsi, cəmiyyətin inkişafına töhfə verilməsi və sosial məsuliyyət hissinin gücləndirilməsidir. Məhz buna görə də onun fəaliyyəti ayrı-ayrı layihələrin toplusundan çox, müəyyən dəyərlər sistemi üzərində qurulmuş ictimai missiya kimi görünür. Bu missiyanın mərkəzində isə xeyirxahlıq, mərhəmət, sosial həmrəylik, təbiətə qayğı və insanlara xidmət prinsipləri dayanır.

Onun şəxsiyyətinin mühüm özünəməxsusluqlarından biri də incəsənətə, ədəbiyyata olan dərin bağlılığıdır. Leyla xanım yaradıcı insan kimi rəssamlıq və poeziya sahələrində də özünü ifadə edir. Çəkdiyi bir-birindən maraqlı rəsm əsərlərində insanın daxili aləmi, həyata həssas münasibət, sevgi, mərhəmət və harmoniya kimi mövzular ön plana çıxır. Bu əsərlər müəllifin dünyaya baxışını əks etdirən estetik düşüncənin təzahürü kimi maraq doğurur. Onun yaradıcılığında rənglər və obrazlar, sadəcə, bədii ifadə vasitəsi olmaqdan daha çox duyğuların, düşüncələrin dilinə çevrilir.

Leyla Əliyevanın poeziyası da özünəməxsusdur. Qələmə aldığı şeirlərdə mənəvi dünyamız, sevgi, həyatın fəlsəfi məqamları öz əksini tapır. Bu yaradıcılıq nümunələri göstərir ki, yaradıcı ziyalının ictimai fəaliyyəti ilə bədii təfəkkürü arasında təbii bir bağlılıq mövcuddur. Yerinə yetirdiyi sosial-humanitar layihələrdə insanlara diqqət və qayğı dolu münasibəti necə əsas xətt təşkil edirsə, şeirlərində və rəsm əsərlərində də insan duyğularına həssaslıq eyni şəkildə hiss olunur. Məhz bu xüsusiyyət Leyla Əliyevanın ictimai xadim və yaradıcı şəxsiyyət obrazını bir-birini tamamlayan bütöv bir portret kimi təqdim edir.

Hər bir insanın ömür yolu onun gördüyü işlərdə, cəmiyyətə verdiyi töhfələrdə və insanların qəlbində buraxdığı izlərdə əks olunur. Leyla xanım Əliyevanın fəaliyyəti illər ərzində müxtəlif istiqamətlərdə həyata keçirilən təşəbbüslərlə zənginləşərək bir missiyaya çevrilib. Bu missiyanın mərkəzində gələcəyə inam dayanır. Məhz buna görə onun fəaliyyəti ayrı-ayrı layihələrin hüdudlarını aşaraq cəmiyyətə xidmət fəlsəfəsinin ifadəsi kimi qəbul edilir. 


İradə ƏLİYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ABŞ Prezidenti: İran danışıqlar zamanı bizə lazım olan hər şeyə razılıq verib

09:12
03 İyul

Piyada keçidlərində istismar müddətini başa vurmuş eskalator və liftlər yenilənəcək

08:55
03 İyul

Oğullar Vətəni qorumaq üçün doğulur

08:50
03 İyul

Zabit kimi Qarabağa ezamiyyətə getdi, şəhid Milli Qəhrəman kimi geri döndü

08:45
03 İyul

Müharibənin 41-ci günü yaralandı

08:40
03 İyul

“Rəqəmsal inkişaf Azərbaycan üçün kompleks strateji prioritetdir”

08:35
03 İyul

Onun həyat missiyası - cəmiyyətə xidmət

08:30
03 İyul

Rəqəmsallaşma gələcəyin layihəsi yox, günün reallığıdır

08:25
03 İyul

Ursula fon der Lyayenin Azərbaycana səfəri: Bakı ilə Aİ arasında münasibətlərin yeni arxitekturası 

08:20
03 İyul

Azərbaycan-Aİ iqtisadi münasibətləri qarşılıqlı strateji maraqların təminatına hesablanıb

08:17
03 İyul

Rəqəmsal əsrdə sağlam nəsli necə yetişdirməli

08:15
03 İyul

19 il əvvəl "Şahdəniz" qazı Türkiyəyə çatdırıldı

08:10
03 İyul

"Made in Azerbaijan" - coğrafiyası genişlənən brend

08:05
03 İyul

Bakı-Brüssel tərəfdaşlığında yeni dövr

08:00
03 İyul

Mərkəzi Afrika Respublikasında üsyançıların şəhərə hücumu nəticəsində 28 nəfər həlak olub

07:30
03 İyul

Dünya çempionatı: 1/8 finalın 6 cütlüyü müəyyənləşib

06:51
03 İyul

DÇ-2026: Xorvatiya üzərində əzmkar qələbə qazanan Portuqaliya 1/8 finalda

06:01
03 İyul

Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 may tarixli 413 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə

01:22
03 İyul

İspaniya millisi dünya çempionatının 1/8 final mərhələsinə yüksəlib

01:02
03 İyul

Gürcüstan və Özbəkistan prezidentləri Cənubi Qafqazla Mərkəzi Asiya arasında əməkdaşlığı müzakirə ediblər  

23:36
02 İyul

Türkiyə Xarici İşlər Nazirliyi: Suriya xalqı ölkədəki sabitliyi pozmaq cəhdlərinə layiqli cavab verəcək  

22:29
02 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!