04 Dekabr 2025 08:35
252
İQTİSADİYYAT
A- A+
Yeni təşəbbüslər, yeni marşrutlar

Yeni təşəbbüslər, yeni marşrutlar


Azərbaycanın logistik imkanları genişlənəcək


Azərbaycan bu gün hətta dünya logistikasında vacib ölkəyə çevrilib. Biz artıq Orta dəhlizdə və "Şimal-Cənub" marşrutunda iştirakçı deyil, qərarverici ölkəyik. Azərbaycan hər iki qlobal marşrutda yükdaşıma dinamikasının daha yüksək olması üçün vaxtaşırı səmərəli təkliflərlə çıxış edir.

Ölkəmizin bu istiqamətdə apardığı məqsədyönlü siyasət partnyorlarımız tərəfindən də yüksək qiymətləndirilir. O səbəbdən bir çox məsələdə koordinator kimi Azərbaycanı gördüklərini etiraf edirlər. Yeri gəlmişkən qeyd edək ki, belə qurumlardan biri olan və mənzil-qərargahı Bakıda yerləşən "Avrasiya Nəqliyyat Marşrutu" Beynəlxalq Assosiasiyasının qeydiyyata alınması üzrə hüquqi prosedurlar tamamlanıb və qurum Azərbaycan qanunvericiliyinə uyğun şəkildə rəsmən qeydiyyatdan keçib. "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) sədri Rövşən Rüstəmov bununla bağlı bildirib ki, Çin-Avropa istiqamətində yükdaşımaların artdığı bir vaxtda marşrutların şaxələndirilməsi xüsusi əhəmiyyət kəsb edir və Avrasiya Nəqliyyat Marşrutunun fəaliyyətinin tam təmin edilməsi bu baxımdan strateji əhəmiyyət daşıyır.

Orta dəhlizin cənub qanadı hesab edilən Avrasiya Nəqliyyat Marşrutu Çin, Qırğızıstan, Tacikistan, Özbəkistan, Türkmənistan, Azərbaycan, Gürcüstan və Türkiyəni birləşdirən mühüm nəqliyyat arteriyasıdır. Noyabr ayından Çinin Qaşqar şəhərindən Azərbaycana Qırğızıstan, Özbəkistan və Türkmənistandan keçməklə multimodal daşımalara başlanılıb. Onu da nəzərə çatdıraq ki, yeni Özbəkistan-Qırğızıstan-Çin dəmir yolunun tikintisi marşrutun əhəmiyyətini daha da artıracaq. Bununla yanaşı, Avrasiya Nəqliyyat Marşrutu Orta dəhlizlə Trans-Əfqan dəhlizi arasında bağlantı yaradaraq Əfqanıstan və Pakistan üçün yeni logistik imkanlar açacaq. Bunlardan əlavə, Orta dəhlizin cənub qanadının inkişafı Azərbaycanın Mərkəzi Asiya ilə Avropa arasında əsas nəqliyyat körpüsü kimi rolunu da gücləndirəcək, tranzit həcmlərinin artmasına imkan verəcək, həmçinin Bakı limanı və Bakı-Tbilisi-Qars dəmir yolu kimi mühüm infrastrukturun səmərəli istifadəsini təmin edəcək. Zəngəzur dəhlizinin (TRIPP) gələcəkdə fəaliyyətə başlaması isə bu imkanları daha da genişləndirəcək.

Bu günlər assosiasiyanın üzvləri olan Azərbaycan, Özbəkistan, Qırğızıstan və Tacikistan dəmir yolu administrasiyalarının rəhbər heyətləri bu qurumun fəaliyyətə başlaması üçün zəruri tədbirləri müzakirə edib və korporativ struktur, katiblik, işçi orqanların formalaşdırılması, eləcə də fəaliyyət planı təsdiq ediblər. Həmçinin Avrasiya Nəqliyyat Marşrutunun inkişafı üçün komitə və dispetçerləşdirmə, infrastruktur, kommersiya, rəqəmsallaşma, marketinq, kommunikasiya və hüquqi məsələlər üzrə işçi qruplarının əsasnamələrinin, eləcə də 2026-cı il üçün marketinq planlarının hazırlanması qərara alınıb. Razılaşdırılıb ki, assosiasiyanın fəaliyyətinin təşkili çərçivəsində marşrut üzrə intermodal daşımaların mövcud vəziyyəti təhlil olunmalı, darboğazlar müəyyən edilməli, İT həllər və rəqəmsal platformalar tətbiq olunmalı, məhdudiyyətlərin aradan qaldırılması üçün plan-qrafik hazırlanmalı və marşrutun davamlı inkişafı təmin edilməlidir. Bununla yanaşı, assosiasiyanın Avrasiya regionunda maraqlı tərəflərlə, o cümlədən Mərkəzi Avropa ölkələri, Çin və Pakistanla əməkdaşlıq əlaqələrinin qurulması, marşrutun beynəlxalq nəqliyyat sahəsində tanıdılması və rəqabət mövqeyinin gücləndirilməsi üçün təşviq tədbirləri zəruri hesab olunub.

Xatırladaq ki, "Avrasiya Nəqliyyat Marşrutu" Beynəlxalq Assosiasiyası 20 sentyabr 2024-cü ildə Bakıda ADY, Özbəkistan Dəmir Yolları, Qırğızıstan Dəmir Yolları Milli Şirkəti və Tacikistan Dəmir Yollarının iştirakı ilə yaradılıb. Təşkilatın məqsədi tranzit yüklərin cəlbi, inteqrasiya olunmuş logistika xidmətlərinin inkişafı, vahid texnologiya əsasında daşıma proseslərinin koordinasiyası və səmərəli tarif siyasətinin formalaşdırılmasıdır.

Assosiasiyanın Azərbaycana həvalə olunmuş sədrliyi ADY-nin regionda aparıcı operator kimi mövqeyini daha da gücləndirir və Azərbaycanı Orta dəhlizin cənub qolunun bütün marşrutu üzrə tranzitin idarə olunduğu strateji dispetçer mərkəzinə çevirir. Bu isə tarif siyasətinin formalaşdırılması, logistika prosedurlarının standartlaşdırılması, rəqəmsal platformaların inkişafı və beynəlxalq sərmayələrin cəlb olunmasına geniş imkan yaradır.

Regionumuzla bağlı digər mühüm informasiya ölkəmizin təşəbbüsçüsü olduğu Gürcüstan, Azərbaycan, Türkmənistan və Rumıniya beynəlxalq nəqliyyat marşrutu (Xəzər-Qara dəniz dəhlizi) yaratmaq üçün bu ay müqavilə imzalanmasının gözlənilməsidir. Sənədin imzalanması Xəzər və Qara dənizləri birləşdirən yeni beynəlxalq nəqliyyat marşrutunda mühüm irəliləyişə səbəb olacaq. Yeni marşrut Xəzər regionundan Avropa İttifaqına multimodal dəhliz yaradacaq, nəqliyyat əlaqəsini yaxşılaşdıracaq, marşrutları şaxələndirəcək və regional nəqliyyatın dayanıqlığını daha da yaxşılaşdıracaq. Bunun üçün Gürcüstan gələn il Anakliya dərin su limanının tikintisini başa çatdırmaq, lokomotiv və yük donanmasını modernləşdirmək, Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun təkmilləşdirilməsini yekunlaşdırmaqla yanaşı, dövlət və özəl sektorlar üçün vahid rəqəmsal xidmətlərin tətbiqi üçün lazımi tədbirlər görəcək. 

Onu da vurğulayaq ki, Xəzər dənizi-Qara dəniz beynəlxalq nəqliyyat marşrutu son 15 ildə Asiyadan Avropaya yükdaşımalardan pay almağa çalışan ölkələrin birgə yaratdığı növbəti marşrut layihələrindən biridir. Bu istiqamətdə fəaliyyətə başlamaq üçün qərar 2018-ci ilin oktyabrında ekspertlərin Aşqabadda keçirilmiş görüşündə Azərbaycan, Türkmənistan, Gürcüstan və Rumıniya nümayəndələrinin iştirakı ilə qəbul edilib. Marşrut Xəzər dənizinin Türkmənistan sahilindəki Türkmənbaşı limanından Ələt limanına və buradan dəmir yolu ilə Gürcüstanın Qara dəniz limanlarına, oradan isə yenidən dəniz yolu ilə Rumıniyaya gedir.

Azərbaycanın təşəbbüsü ilə "Şimal-Cənub" marşrutunda dinamikanı artırmaq üçün də mühüm danışıqlar aparılır. Bunun nəticəsidir ki, İran artıq Naxçıvandan keçən dəmir yolu ilə yüklərin daşınmasına başlamağa hazırlaşır. Həmin istiqamətdə İranın dəmir yolları şəbəkəsinin Naxçıvan Muxtar Respublikası ilə əlaqələndirilməsi üzrə müəyyən işlər görülür. 

Xəbər verildiyi kimi, Bakıda keçirilən MDB Dəmir Yolu Nəqliyyatı Şurasının 83-cü iclası çərçivəsində Azərbaycan, İran və Rusiya dəmir yolu operatorları arasında üçtərəfli Anlaşma Memorandumu imzalanıb. Sənədin imzalanması uzunmüddətli üçtərəfli əməkdaşlığın inkişafında və "Şimal-Cənub" marşrutunun qərb istiqamətinin effektivliyinin artırılmasında mühüm addımdır. Memorandumda tarif yanaşmalarının uzlaşdırılması, vahid kompleks tarifin formalaşdırılması, müntəzəm blok-qatarların buraxılması və daşımalar üzrə prosedurların təkmilləşdirilməsi nəzərdə tutulur. Bu mexanizmlərin həyata keçirilməsi Rusiya, Azərbaycan və İran arasında proqnozlaşdırıla bilən sürətli və iqtisadi cəhətdən səmərəli logistika zənciri qurmağa imkan verəcək. Ümumilikdə razılaşma tərəflərin beynəlxalq nəqliyyat dəhlizlərində etibarlı iştirakçı kimi mövqelərini gücləndirəcək və regionda tranzit axınlarının davamlı artması üçün əlverişli imkanlar yaradacaq.


Rüstəm KAMAL,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Milli Məclisin Sədri Sahibə Qafarova seçicilərin növbəti qəbulunu keçirib

08:05
05 Dekabr

Azərbaycanın “yaşıl enerji" gündəliyi

08:00
05 Dekabr

"AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 22 fevral tarixli 2515 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə

01:19
05 Dekabr

ABŞ-də nümayiş zamanı qırıcı təyyarə qəzaya uğrayıb  

22:35
04 Dekabr

Qazaxıstanla əmək və sosial müdafiə sahəsində gələcək əməkdaşlıq müzakirə olunub  

22:34
04 Dekabr

Maka Boçorişvili: Vaşinqtonda imzalanmış saziş Cənubi Qafqazda davamlı sülhün təmin edilməsi üçün mühüm təməl daşıdır  

22:30
04 Dekabr

Keniya parlamenti britaniyalı hərbçiləri müxtəlif cinayətlərdə ittiham edir  

22:29
04 Dekabr

“Caviar” bu smartfonları zərgərlik əsərinə çevirir  

22:26
04 Dekabr

Ekstremal hadisələr daha dağıdıcı olacaq  

22:25
04 Dekabr

Cari ilin ən yaxşı “Google Chrome” yeniləmələri elan edilib  

22:24
04 Dekabr

Güzəştli mənzillərin seçimi ilə bağlı kiberhücum cəhdinin qarşısı uğurla alınıb – RƏSMİ AÇIQLAMA  

21:06
04 Dekabr

ABŞ-da bayraqlar yarıya qədər endirilib  

21:05
04 Dekabr

Ermənistan vətəndaşlarının məhkəməsində təqsirləndirilən şəxslərin vəkillərinin müdafiə çıxışı yekunlaşıb  

21:03
04 Dekabr

Prezidentin Mətbuat Xidmətinin məlumatı

20:57
04 Dekabr

Elçin Şamilli: Süni intellekt rəssamın imkanlarını genişləndirir, amma yaradıcılığın təbiətini əvəz etmir  

20:56
04 Dekabr

QMİ sədri ABŞ Etnik Anlaşma Fondunun prezidenti və təsisçisi ilə görüşüb  

20:54
04 Dekabr

Rəşt-Astara dəmir yolu xətti istismara verilsə, iki qitə arasında nəqliyyat əlaqəsi təmin olunacaq 

20:53
04 Dekabr

Azərbaycan ilə Böyük Britaniya arasında müdafiə sənayesi sahəsində əməkdaşlığın inkişafı müzakirə olunub

20:51
04 Dekabr

Rumın ekspert: Rusiyanın hibrid taktikası Qərbi çətin duruma yönəldir  

20:50
04 Dekabr

Ukrayna Baş Kəşfiyyat İdarəsi Krımda Rusiyaya məxsus MiQ-29 qırıcısını məhv edib VİDEO  

20:47
04 Dekabr

Azərbaycan və Şimali Kipr arasında ailə, qadın və uşaq məsələləri üzrə əməkdaşlıq müzakirə olunub  

18:51
04 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!