Azərbaycanın təşəbbüsü ilə başlanan proses öz hədəfinə uğurla çatacaq
Vətən müharibəsinin başa çatmasından sonra Azərbaycanın qarşıya qoyduğu vəzifələrdən biri regionda sülhün təmin olunmasıdır. Sülh təşəbbüsü də ilk olaraq rəsmi Bakıdan gəlib, bu məsələdə əsas prinsipləri savaşdan sonra Azərbaycan təqdim edib. Olduqca çətin keçən, Ermənistanın çoxsaylı təxribat və sabotajı ilə üzləşən sülh və münasibətlərin normallaşması prosesi nəticə etibarilə Azərbaycanın müəyyən etdiyi hədəfə yaxınlaşmaqdadır.
Azərbaycanın müəllifi olduğu sülh gündəliyi
Bu ilin mart ayında "Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş" layihəsinin mətni razılaşdırılıb. Bununla da layihə ətrafında danışıqlar prosesi yekunlaşıb. BMT Nizamnaməsini, Helsinki Yekun Aktını və Almatı Bəyannaməsini rəhbər tutan 17 maddədən ibarət layihədə Azərbaycanla Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin təsis edilməsi ilə bağlı məsələlər öz əksini tapıb.
Prezident İlham Əliyevin bu ilin avqust ayında Vaşinqtona işgüzar səfəri isə Azərbaycanla Ermənistan arasındakı sülh gündəliyinin hüquqi müstəvidə daha da möhkəmləndirilməsi, sülh sazişinin imzalanması istiqamətində əsas maneələrin aradan qaldırılması baxımından mühüm razılaşmaların əldə edilməsi ilə əlamətdar oldu. Belə ki, bu səfər zamanı Azərbaycan və Ermənistanın xarici işlər nazirləri tərəfindən sülh sazişi layihəsi paraflandı. Həmçinin ATƏT-in Minsk prosesinin, ATƏT-in fəaliyyətdə olan sədrinin Minsk konfransının müzakirəsində olan münaqişə üzrə şəxsi nümayəndəsi və Yüksək Səviyyəli Planlaşdırma Qrupunun bağlanması barədə ATƏT-in fəaliyyətdə olan sədrinə birgə müraciət imzalandı. İrəvan uzun müddət Minsk qrupunun hüquqi ləğvinə qarşı dirəniş göstərsə də, Azərbaycanın prinsipial mövqeyi qarşısında geri çəkilməli oldu və ATƏT-in fəaliyyətdə olan sədrinə birgə müraciəti imzaladı.
Azərbaycan Prezidenti və Ermənistan Baş nazirinin Vaşinqton görüşünün nəticələrinə dair imzalanmış Birgə Bəyannamədə də Minsk qrupunun bağlanmasına dair məsələ öz əksini tapdı. Ümumilikdə isə Birgə Bəyannamədə sülh sazişi ilə bağlı əldə olunan bütün razılaşmalar hüquqi baxımdan təsbit olundu. Bu sənədin məzmunu bütövlükdə Azərbaycanın irəli sürdüyü sülh gündəliyini özündə tam ehtiva edir. "Ağ Evdə Azərbaycanla Ermənistan arasında sülh sazişinin paraflanması Cənubi Qafqazı sülh məkanına çevirəcək. Vaşinqton Zirvəsi çərçivəsində, eyni zamanda ATƏT-in Minsk qrupunun və əlaqədar strukturların bağlanması üçün edilmiş birgə müraciətə uyğun olaraq, sentyabrın 1-də ATƏT tərəfindən qəbul edilmiş qərarla keçmiş münaqişənin bu qalıqları da aradan qaldırıldı. Beləliklə, atdığımız addımlar Azərbaycanın irəli sürdüyü sülh gündəliyini bir daha təsdiq etdi", - deyə Prezident İlham Əliyev bildirib.
Vaşinqton razılaşmaları göstərdi ki, Azərbaycanın regionda sülhün və sabitliyin gücləndirilməsi istiqamətində beynəlxalq hüquqa əsaslanan prinsipial və ardıcıl mövqeyi beynəlxalq səviyyədə təqdir olunur.
Minsk prosesinə və onun əlaqədar strukturlarının fəaliyyətinə son qoyuldu
Qeyd edək ki, ATƏT Nazirlər Şurası tərəfindən bu il sentyabrın 1-də qəbul edilən Minsk prosesi və əlaqəli strukturlarının bağlanmasına dair qərara əsasən, sözügedən strukturların bağlanmasından irəli gələn təşkilati və texniki məsələlərin 1 dekabr 2025-ci il tarixindən gec olmayaraq yekunlaşdırılması ATƏT katibliyinə tapşırılmışdı. Dekabrın 1-də isə bununla bağlı ATƏT tərəfindən açıqlama yayılıb. Açıqlamada qeyd edilir ki, Ermənistan və Azərbaycanın ATƏT-in Finlandiya sədrliyinə birgə müraciətindən sonra ATƏT Nazirlər Şurasının 1 sentyabr 2025-ci il tarixində qəbul edilmiş MC.DEC/1/25 saylı qərarına uyğun olaraq, 30 noyabr 2025-ci il tarixində saat 23:59-da Minsk prosesinin və onun əlaqədar strukturlarının bağlanmasını yekunlaşdırdı. "Bütün zəruri inzibati prosedurların başa çatdırılması bağlanma prosesinin başa çatması deməkdir. Bu proses 2025-ci il avqustun 8-də Vaşinqtonda Ermənistanın Baş naziri Nikol Paşinyan və Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı və ABŞ Prezidenti Donald Trampın da şahidi olduğu tarixi Birgə Bəyannamənin ardınca ATƏT-in bütün 57 iştirakçı dövlətinin 1 sentyabr tarixli konsensus qərarını həyata keçirdi" - deyə açıqlamada bildirilir.
Azərbaycanın öz torpaqlarını güc yolu ilə azad etməsinin fonunda baş verən proseslər isə təsdiq etdi ki, əslində Minsk qrupunun məqsədi münaqişəni yoluna qoymaq olmayıb. Bu format Ermənistanın işğal siyasətinə dəstək verib, Qarabağda ikinci erməni dövlətinin yaradılmasına çalışıb. Beləliklə, Azərbaycanın Vətən müharibəsindəki zəfərinin nəticəsi olaraq 2020-ci ildən fəaliyyətini faktiki olaraq dayandırmış Minsk qrupunun mövcudluğuna hüquqi müstəvidə də tamamilə son qoyuldu. Artıq Minsk qrupu deyilən format yoxdur. ATƏT-in Minsk prosesinin və əlaqədar strukturların bağlanması ilə Azərbaycanın fundamental şərtlərindən biri tam yerinə yetirildi.
Hazırda Ermənistanın qarşısında duran əsas tələb Azərbaycana qarşı olan ərazi iddialarını konstitusiyasından çıxarmasıdır. Vaşintonda paraflanan və mətni razılaşdırılan sülh sazişi Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları aradan qaldırıldıqdan sonra istənilən vaxt imzalana bilər.
Ermənistan rəhbərliyi tərəfindən gələn konstitusiya islahatlarının həyata keçiriləcəyinə, yeni konstitusiyanın qəbulunun zəruriliyinə dair fikirlər eşidilməkdədir. Ölkədə buna qarşı çıxan isə revanşist kəsimdir. Keçmiş hərbi xunta və erməni kilsəsi hər vəchlə sülh prosesinə kölgə salınmasına və erməni ictimai rəyində yanlış təəssüratların formalaşdırılmasına çalışırlar. Lakin görünən odur ki, onların bu cəhdləri erməni ictimai rəyində dəstək qazana bilmir.
Rəşad CƏFƏRLİ,
"Azərbaycan"