Rusiya hərbi meydanla məhdudlaşmayan, eyni anda diplomatiya, enerji, informasiya, iqtisadi və psixoloji vasitələrdən istifadə edən hibrid strategiya həyata keçirir. Bu taktika Moskvanın müxtəlif istiqamətlərdə paralel təzyiq imkanlarını artırır, Qərbin isə vahid mövqe formalaşdırmasını çətinləşdirir.
AZƏRTAC xəbər verir ki, rumıniyalı siyasi analitik və təhlükəsizlik üzrə ekspert Yulian Kifu Rusiyanın son illərdə tətbiq etdiyi çoxşaxəli “sülh və müharibə” taktikasını təhlil edərək bildirir ki, Qərb hələ də bu modelə uyğunlaşa bilmir və adekvat cavab mexanizmi formalaşdıra bilmir.
Ekspert qeyd edir ki, Rusiya “sülh danışıqları” görüntüsü altında faktiki olaraq öz mövqelərini möhkəmləndirir, işğal altında saxladığı ərazilərdə nəzarəti genişləndirir, enerji və nəqliyyat infrastrukturundan siyasi təsir vasitəsi kimi istifadə edir. Onun sözlərinə görə, Kreml eyni anda həm kompromis görüntüsü yaradır, həm də qarşı tərəfi təzyiq altında saxlayır.
Y.Kifu vurğulayır ki, Rusiyanın bu üsulu Qərbin reaksiya ritmini pozur, qərar qəbul etmə prosesini ləngidir və kollektiv müdafiə mexanizmlərini parçalayır. Onun fikrincə, Qərb dövlətləri Rusiya hibrid metodlarına təkcə siyasi bəyanatlarla cavab verə bilməz, informasiya təhlükəsizliyi, hərbi hazırlıq, diplomatiya, enerji təhlükəsizliyi və iqtisadi strategiyalar üzrə paralel və koordinasiyalı fəaliyyət tələb olunur.
Ekspertin qənaətinə görə, yalnız kompleks və sinxron cavab modeli Qərbi Rusiyanın bu çoxşaxəli taktikasından qoruyar. O bildirir ki, bu gün müasir münaqişələr təkcə silahla yox, həm də informasiya, enerji, iqtisadi və psixoloji sahələrdə aparılır və Qərb öz strategiyasını bu reallığa uyğunlaşdırmasa Moskva üstün mövqeyini qoruyacaq.
Yulian Kifunun vurğuladığı kimi, Avropa və NATO üçün bu vəziyyət sadəcə təhlükəsizlik məsələsi deyil, həm də strateji adaptasiya testidir. Qərb hibrid təhdidlərə qarşı vahid və çevik strategiya qəbul etmədikcə, Rusiya çoxşaxəli təzyiqlərindən faydalanmağa davam edəcək.