Sosial məsələlər növbəti ildə də diqqət mərkəzində saxlanılacaq
"Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikası qanununun layihəsi və büdcə zərfinə daxil olan digər məsələlər Milli Məclisdə ikinci oxunuşda qəbul edildi. Gələn ilin dövlət büdcəsinin ən böyük məziyyətlərindən biri sosialyönümlülüyün qorunub saxlanılmasıdır.
1,4 milyard manatlıq sosial islahat zərfi
Əhalinin bütün təbəqələrinə qayğı ilə yanaşılması, hər bir vətəndaşın etibarlı sosial təminatı Azərbaycan dövlətinin prioritetlərindən biridir. İldən-ilə iqtisadi sahədə əldə olunan artımlar, maliyyə imkanlarının yüksəlməsi həm də vətəndaşların sosial rifahında özünü göstərib. Ötən illərin mənzərəsi sübut edir ki, respublikamızda sosial islahatlar davamlıdır. Əhalinin rifah halının yaxşılaşdırılması, o cümlədən həssas qrupdan olan insanlarımıza dövlət dəstəyinin gücləndirilməsi istiqamətində çoxsaylı islahat tədbirləri reallaşdırılıb.
Bu barədə Milli Məclisin dekabrın 2-də keçirilən plenar iclasında da bəhs olundu. İclasda qeyd olunduğu kimi, son illərdə 4 milyon vətəndaşımızı əhatə edən 4 sosial islahat paketi həyata keçirilib. Bu islahatlar əhalinin sosial müdafiəsinin təmin olunmasına, gəlirlərinin artırılmasına, sosial rifahın yaxşılaşdırılmasına öz müsbət təsirini göstərib.
Bu islahatların davamı olaraq 2025-ci ilin əvvəlindən, 5-ci sosial islahat zərfinin icrasına başlanılıb. Bu çərçivədə 1,9 milyon şəxsi əhatə edən və 885 milyon manat vəsaiti özündə ehtiva edən, həmçinin pensiyaların indeksləşdirilməsi də nəzərə alınaraq 1,4 milyard manatlıq sosial islahat zərfi həyata keçirilib.
"Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsi də göstərir ki, sosial məsələlər növbəti ildə də diqqət mərkəzində saxlanılacaq. Növbəti ilin büdcəsində sosialyönlü xərclər 2025-ci illə müqayisədə 236 milyon manat çox olmaqla 17 milyard 146 milyon manat təşkil edəcək. Ümumilikdə isə sosialyönümlü xərclərin dövlət büdcəsində xüsusi çəkisi 41,1 faiz nəzərdə tutulur. Bu da onu göstərir ki, dövlətimizin prioritetlərindən biri insan amilidir. Sosialyönlü xərclərin 89,7 faizi və yaxud 15,4 milyard manatı əməyin ödənişi və sosial təminat xərclərinin payına düşür.
Hər bir maliyyə artımı ilk növbədə sosial rifahın yüksəldilməsi deməkdir
Dövlət Sosial Müdafiə Fondunun gəlir və xərclərinə nəzər salanda respublikamızda həyata keçirilən uğurlu sosial siyasətin məzmununu görmək mümkündür. DSMF-nin 2026-cı il üçün gəlirləri 8 milyard 323 milyon manat təşkil etməklə, cari ilin proqnoz göstəricisi ilə müqayisədə 705,7 milyon manat (9,3 faiz) çoxdur.
DSMF-nin 2026-cı il üçün nəzərdə tutulan xərcləri isə 8 milyard 483 milyon manat proqnozlaşdırılır ki, bu göstərici cari ilə nisbətən 807 milyon manat və ya 10,5 faiz artıqdır. Əlbəttə ki, hər bir artım ilk növbədə vətəndaşın rifahının yüksəldilməsi deməkdir. Fondun gələn ilə proqnozlaşdırılan ümumi xərclərinin 96,6 faizini əhaliyə ödənişlər təşkil edəcək.
Respublikada əmək pensiyalarının orta aylıq məbləğinin 2025-ci ildə 540 manat, 2026-cı ildə isə 590 manat olacağı gözlənilir. Növbəti ildə yaşa görə pensiyanın orta aylıq məbləğinin cari ildəki 576 manatdan 629 manata yüksəlməsi proqnozlaşdırılır.
2026-cı il üzrə əmək pensiyalarının maliyyələşdirilməsi üçün ayrılan vəsait 2025-ci ilin təsdiqlənmiş xərcləri ilə müqayisədə 782,4 milyon manat və ya 10,9 faiz artımla nəzərdə tutulur. Bunun 81,2 faizi və ya 635,6 milyon manatı əmək pensiyalarının indeksasiya xərclərinin, digər hissəsi isə yeni təyin olunan və yenidən hesablanan pensiyaların məbləğlərinin maliyyələşdirilməsi ilə bağlı xərclərin payına düşür.
Əvvəlki illərdə olduğu kimi, cari və növbəti illərdə də əvəzetmə əmsalı, yəni orta aylıq pensiya məbləğinin orta aylıq əməkhaqqı məbləğinə nisbəti müvafiq olaraq 49 faiz və 50,4 faiz olmaqla, Beynəlxalq Əmək Təşkilatının sosial təminatın minimum normaları haqqında müvafiq konvensiyasına cavab verir.
Gələn il üçün İşsizlikdən Sığorta Fondunun xərcləri 266,4 milyon manat həcmində proqnozlaşdırılır ki, bu da 2025-ci ilin göstəricilərinə nisbətən 5,7 milyon manat çoxdur.
Fondun xərcləri 13 istiqaməti əhatə edəcək. Gələn il işsizliyə görə sığorta ödənişlərinin həcmi 28 milyon manat olmaqla, cari ildəkindən 11 milyon manat, yaxud 65 faiz çox proqnozlaşdırılır. İSF-nin xərclərinin 77 milyon manatı, yaxud 28,9 faizi özünüməşğulluq tədbirlərinin maliyyələşməsinə yönəldiləcək. Növbəti ildə fondun hesabına 8 min nəfərin (Dünya Bankı ilə nəzərdə tutulan müqaviləyə görə isə əlavə olaraq, 7 min nəfərin) özünüməşğulluq proqramına qoşulması nəzərdə tutulur. Bununla da 2017-ci ildən 2026-cı il də daxil olmaqla, özünüməşğulluq proqramı ilə əhatə olunacaq şəxslərin sayı 110 min nəfərdən çox olacaq.
İSF-nin 2026-cı il büdcə xərclərindən 26 milyon manatı peşə hazırlığı və əlavə təhsilin təşkili xərclərinin maliyyələşməsinə yönəldiləcək. Bu vəsait 17500 nəfər işsiz və iş axtaran şəxsin peşə hazırlığına cəlb olunmasına imkan verəcək.
2026-cı il üçün müəyyən olunan ehtiyac meyarının həddi də sosial siyasətin mühüm göstəricilərindəndir. Belə ki, "Azərbaycan Respublikasında 2026-cı il üçün ehtiyac meyarının həddi haqqında" qanun layihəsinə əsasən ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə müəyyən olunan ehtiyac meyarının həddi gələn il üçün 5,3 faiz artırılaraq 300 manata çatdırılacaq.
Əhalinin sosial rifahının davamlı şəkildə yüksəldilməsini hər zaman prioritet məsələ kimi müəyyən edən Azərbaycan dövləti bu istiqamətdə dinamik və məqsədyönlü siyasət həyata keçirməkdədir. Sosial tədbirlərin reallaşdırılması həmişə böyük maliyyə vəsaitlərini tələb edir. Reallıq onu göstərir ki, yeni çağırışların meydana çıxmasına baxmayaraq, dövlətimiz vətəndaşların rifahının yüksəldilməsi və davamlı şəkildə sosial müdafiə tədbirlərinin həyata keçirilməsi üçün yetərincə vəsait ayırır. Gələn ilin dövlət və icmal büdcələrinin layihələri də bunu təsdiq edir.
Rəşad CƏFƏRLİ,
"Azərbaycan"