28 Noyabr 2025 08:00
894
SİYASƏT
A- A+
SINAQ

SINAQ


Ümumxalq məhəbbəti daim bütün xain niyyətlərdən yüksəkdə dayanıb


Həyat göstərir ki, süni şəkildə, müxtəlif üsul və vasitələrlə xalqın məhəbbətini qazanmaq mümkün  olmur!

Xalq hər şeyi görür, bilir və müdrikcəsinə qiymətləndirir!

Məhz buna görə də  "elin gözü  mizan-tərəzidir" deyirlər.

Bəli, xalq öz övladlarını, liderlərini, rəhbərlərini gördükləri işlərə görə dəyərləndirib sevir.

Yaxın keçmişimizdə dəfələrlə bunun şahidinə çevrilmişik.

***

Sovet dövründə küçə nümayişlərinə yalnız dövlətin müəyyən etdiyi günlərdə, həm də dövlətin gördüyü işləri, ən əsası  Sov.İKP-ni tərif və təbliğ etmək üçün  çıxmaq olardı.

Məsələn:

Böyük  oktyabr  sosialist inqilabının  ildönümləri günlərində - hər ilin  7 noyabrında.

Yaxud, "dünya zəhmətkeşlərinin beynəlxalq  həmrəyliyi günü" sayılan 1 mayda.

Sovet "demokratiya"sı  yalnız buna icazə verirdi.

Özbaşına küçələrə çıxıb nəyəsə etiraz etmək istəyənlər çox ciddi cəzalandırılırdı.

Yalnız SSRİ-nin birinci və sonuncu prezidenti olan M.Qorbaçovun  "yenidənqurma" adlı oyunu başlayanda, "sovet demokratiyasının təntənəsini göstərməkdən ötrü" mitinq və piketlərə icazə verildi.

Bu "demokratiya və aşkarlıq" isə qırmızı imperiyanın dağılması ilə nəticələndi.

***

Yenidənqurmanın yaratdığı "demokratik imkan"dan istifadə edən Azərbaycan xalqı Qarabağda baş verənlərə kəskin və açıq etirazını bildirmək üçün meydana çıxırdı.

Artıq Moskva qırmızı imperiyanın laxladığını, SSRİ-nin dağılmağa başladığını hiss edirdi.

"Böyük qardaş" öz rolunu və imkanlarını saxlamaq üçün müxtəlif üsul və vasitələrə əl atırdı.

"Müstəqil Dövlətlər  Birliyi"nin (MDB) yaradılması  belə formalardan biri idi.

Lakin onun vasitəsilə müttəfiq respublikalara əvvəlki qaydada təsir etmək mümkün olmadı.

Xüsusən Azərbaycan kimi  zəngin təbii  ehtiyatlara malik bir ölkədə!

Odur ki, Azərbaycana qarşı ənənəvi təzyiq üsulundan, "Qarabağ münaqişəsi"ndən istifadəyə start verildi.

"Gecpartlayan bomba" kimi  Azərbaycanın ərazisində yaradılan keçmiş  DQMV-dəki erməni separatçıları fəallaşdırıldı, onlara təkcə mənəvi deyil, hərbi-maliyyə və ideoloji dəstək də verilməyə başladı.

* Guya  onların iqtisadi  durumu pisdir.

* Guya onların  milli azlıq olaraq  hüquqları pozulur.

* Guya onların  başqa dövlət daxilində özlərinə yeni dövlət qurmaq  "hüquqlar"ı var və s.

Ancaq bütün bunlar reallıqda Azərbaycana təzyiq göstərmək, onu itaətdə saxlamaq,  öz iradəsini daim  qəbul etdirmək niyyətinə  xidmət edirdi.

"Ac toyuq yuxusunda darı görər" demişlər.

Özündən və xalqın ona münasibətindən xəbərsiz olanlar  hərdən  xam xəyallara düşə bilərlər.

Azərbaycan xalqı heç zaman öz müstəqilliyini kiminsə qoltuğuna qısılmağa dəyişməz!

Belə yolu tutan dövlətlərin aqibətinin necə olduğunu da bütün dünya görür və bilir.

Hələ bu da hamısı deyildi.

***

XX əsrin sonları və XXI əsr təkcə dünyada  yeni bir sistemə çevrilən  kommunizmin iflası, ilk  sosialist dövləti sayılan SSRİ-nin dağılması və sosializm yolunu  seçən bir sıra Avropa  dövlətlərinin bundan imtinası ilə  əlamətdar deyildi!

Bu dövr həm də ABŞ-nin milyarderi Sorosun və USAID-in (ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyi) bir sıra ölkələrdə "5-ci kolon" yaratmaqla çevrilişlər törətməsi, bəzi dövlətlərdə "rəngli inqilab"ların və "ərəb baharları"nın baş tutması ilə əlamətdar oldu.

"Demokratiya yaradılması", "insan haqlarının qorunması"adı ilə ölkələrin daxilinə  nüfuz edən, orada  antimilli  qüvvələri pulla ələ alaraq çevrilişlər törədən və nəticədə özlərinə sərf edən, idarə olunan "rəhbər"ləri  hakimiyyətə gətirərək bu yolla həmin ölkələrdən istədiklərini alaraq, istədiyini etmək bu sayaq çevrilişlərin və inqilabların əsas məqsədi idi.

Əsl azadlıq və demokratiyanın olmadığı SSRİ-də isə keçmiş müttəfiq  respublikalarda  belə  oyunlar daha asanlıqla baş tuturdu.

Xüsusən xalqın sevdiyi təcrübəli rəhbərlərin olmadığı yerlərdə!

Demək olar ki, keçmiş SSRİ-yə daxil olan bütün müttəfiq respublikalarda bu oyunlar baş tutdu, dəfələrlə "meydandan" gələnlər hakimiyyəti ələ keçirdilər.

Amma sonradan ölkə əhalisi həmin çevrilişlərin ağrı-acılarını uzun müddət yaşamalı oldu.

***

Ötən əsrin "çalxalanma" dövründə əvvəlki qaydalar əsasında mərkəzdən Azərbaycana dünyada gedən proseslərdən baş çıxarmayan, heç bir  idarəetmə təcrübəsi olmayan, milli təəssübkeşlikdən uzaq və xaraktercə maymaq Ə.Vəzirov rəhbər təyin olunmuşdu.

Qul psixologiyalı bu insan Moskvaya sözsüz tabe olaraq Qarabağdakı proseslərə  ermənilərin mövqeyindən dəstək verməyə hər an hazır idi və  verirdi də!

Odur ki, 20 yanvar 1990-cı ildə baş verən qanlı qırğınların da əsas səbəbkarlarından birinə çevrildi.

Nəticədə xalqın qəzəbindən qorxaraq hərbi təyyarəyə minib Moskvaya qaçdı.

"Uğursuz rəhbər"in davamçısı A.Mütəllibov da eyni aqibəti yaşadı.

SSRİ-nin dağıldığı bir vaxtda A.Mütəllibov Moskvanın göstərişi ilə ittifaqın qorunması barədə  respublikada "ümumxalq  referendumu" keçirdi.

Təbii ki, xalqın iradəsini ifadə etməyən referendumun nəticələri saxtalaşdırılsa da belə, uzun müddət davam gətirə bilməzdi.

Bu dövrdə Moskvanın yerlərdə uğurla  tətbiq etdiyi  "xalq cəbhəsi" layihəsi də vardı.

Yoxsa, "hər şeydən xəbərdar" "KQB"nin (Dövlət Təhlükəsizliyi Komitəsinin)  mövcudluğu şəraitində kimlərsə özbaşına təşkilat yarada, dövlət xəttinə zidd  fəaliyyət göstərə, hətta "gizli" qəzet belə çıxara bilməzdi.

Doxsanıncı illərdə Azərbaycanın digər respublikalardan əsas fərqi Qarabağ probleminin mövcudluğu və  separatizm  hərəkatının mərkəz tərəfindən  körüklənməsi sayılırdı.

Xalq bu mənfur niyyətlərə və haqsızlıqlara qarşı etiraz səsini  ucaldaraq  Bakının və bəzən digər  rayonların baş meydanlarına  toplaşır, etiraz səsini ucaldırdı.

Azərbaycan Xalq Cəbhəsi də xalq hərəkatının etiraz dalğaları üzərində  meydana çıxdı.

Uzun müddət Bakının baş meydanına toplaşaraq etiraz mitinqləri keçirməklə  "meydan qəhrəmanı"na  çevrildi.

Bir qədər sonra xalqın Qarabağdakı hadisələrə "etirazının ifadəçisi" olan  "cəbhəçi"lər hakimiyyəti ələ keçirmək imkanının mövcudluğunu hiss edərək  hədəflərini bu yönə  dəyişdilər.

Onlar televiziya vasitəsilə bütün ölkəyə  translyasiya  olunan mitinqlərdə özlərini  "Qarabağın müdafiəçiləri" qismində təqdim edərək  müəyyən müsbət reytinq də toplaya bildilər.

Bir qədər keçəndən sonra isə meydan hərəkatının dalğalarında hakimiyyətə gəlmək istəklərinin reallaşdırılmasına  girişdilər.

Bununla da əsl faciələri başladı...

***

Xalq arasında nüfuzu və dəstəyi olmayan, qorxaq və yanlış siyasət yürüdən, Moskvaya açıq tabeçilik göstərən A.Mütəllibov AXC tərəfindən parlament çevrilişi yolu ilə devrildikdən sonra Moskvaya qaçdı.

Bu,  AXC-nin birinci və sonuncu qələbəsi oldu.

İqtidarda olduqları müddətdə "bəylər" özlərini naşı və səriştəsiz apardılar, yalnız şəxsi maraqlarını güddülər, xarici siyasətdə çoxsaylı kobud səhvlərə yol verdilər, ölkə iqtisadiyyatını dağıdaraq bərbad günə qoydular,  döşlərinə döysələr də,  Qarabağla bağlı heç bir  müsbət iş görə  bilmədilər,  əksinə, atdıqları yanlış addımlar  sayəsində torpaqların işğalına şərait yaratdılar.

Xalqın etimad və etibarı  limitini  çox qısa müddətdə  xərcləyərək  gözdən düşdülər, ən fərsiz iqtidara çevrilərək ölkədə özbaşınalıq, anarxiya və qanunsuzluq mühitinin yaranmasına səbəb oldular.

Öz yetirmələri, "qiyamçı polkovnik" Surət Hüseynov dəstəsi ilə Bakıya üz tutaraq onları Azadlıq meydanında asacağı ilə hədələyəndə isə "vəzifələrini donduraraq"  hərəsi bir tərəfə qaçıb gizləndilər.

Xalqın dəstəyini itirənlər, təbii ki,  daha xalqa güvənməklə iqtidarda duruş gətirə bilməzdilər!

Beləliklə, xalqdan ayrı düşərək onun iradəsini  ifadə edə bilməyənlərin sonu biabırçılıqla qurtardı.

İlk sınaq uğursuzluqla nəticələndi.

***

Tarixinin ən  ağır dövrlərindən birini yaşayan Azərbaycan xalqı  bu dəfə üzünü  sınanmış övladına, görkəmli dövlət xadimi və dünya səviyyəli siyasətçi Heydər Əliyevə tutdu,  onu yenidən ölkə rəhbərliyinə dəvət etdi.

Xalqın bu çağırışına biganə qalmayan Ulu Öndər Heydər Əliyev ölkə rəhbərliyinə qayıtdı.

Tarixən qısa bir müddətdə Ümummilli Lider Heydər Əliyev müharibə bölgəsində atəşkəsə nail oldu, xaos, anarxiya və özbaşınalıqlara  son qoydu, ölkədə möhkəm və dönməz sabitlik yaradaraq Azərbaycanın müstəqilliyini əbədiliyə çevirdi.

Lakin özgələrinin əlində  alətə çevrilənlər yenə sakit dayanmadılar.

Surət Hüseynov yenidən  dövlət çevrilişinə cəhd etdi.

Bu dəfə daş qayaya rast gəlmişdi!

Ulu Öndər Heydər Əliyev adi rəhbərlərdən deyildi!

O, xaraktercə qorxmaz,  iradəcə möhkəm,  zəngin həyat təcrübəsinə malik  dahi siyasətçi və xalqın ən yüksək dəstəyinə güvənən dövlət xadimi idi!

"Mən ömrümün yerdə qalan hissəsini də xalqıma bağışlamışam" söyləyərək ali postunda möhkəm dayandı!

Sonra xalqına  müraciət edərək  müstəqilliyimizi  qoruyub  saxlamaq üçün  ondan  kömək istədi.

4 oktyabr 1994-cü ildə  axşam  paytaxt  Bakıda yaşına və cinsinə baxmayaraq,  çoxsaylı insan sevimli rəhbərinin çağırışına cavab olaraq Prezident Administrasiyasının qarşısına  toplaşdı.

Sonrakı günlərdə də Heydər Əliyevə ümumxalq dəstəyi kütləvi şəkildə davam etdi!

Budəfəki  sınaqdan xalqın sevimli rəhbəri  qalib çıxdı,  dövlət çevrilişi cəhdi baş tutmadı!

***

Azərbaycanı xaricdə istəməyənlər ölkə daxilindəki  dönüklərə və  xəyanətkarlara güvənərək, 13-18 mart 1995-ci ildə  "omonçu"  R.Cavadovun başçılığı ilə  daha bir dövlət  çevrilişinə cəhd göstərdilər.

Yenə Ulu Öndər Heydər Əliyev xalqına üz tutdu, onları xəyanətkarlara qarşı mübarizəyə çağırdı.

Xalq eyni məhəbbət və fəallıqla sevimli rəhbərinin ətrafına toplaşaraq  qaragüruhçulara qarşı polad iradəsini  ortaya qoydu!

Heydər Əliyevin müdrikliyi,  xalqın ona tükənməz sevgisi sayəsində dövlət çevrilişinə ikinci cəhd də  uğursuzluğa düçar oldu!

***

Bəzən insanlar öz ağıl və bacarıqları, şəxsi intellektləri ilə bağlı yanlış, şişirdilmiş fikirdə olur, imkan və  qabiliyyətlərini əsassız  şəkildə  yüksək təsəvvür edirlər.

Bu isə sonradan onlara biabırçı  məğlubiyyət, utanc və iflas gətirir.

Hərdən tanınmış ziyalıların, müxtəlif sahələrdə  müəyyən  xidməti olan  insanların kimlərəsə inanaraq və arxalanaraq  gülünc oyunlara  qurşanmaları  təəssüf  və təəccüb doğurur.

Belə oyunlardan biri  2009-cu ildə baş verdi.

Azərbaycan xalqının bir neçə tanınmış insanı "Ziyalılar forumu" adlı  bir qurum  yaratdılar.

Qurumun təşəbbüsçüsü isə, deyilənlərə inansaq, yazıçı R.İbrahimbəyov olmuşdu.

Ancaq qurum fəaliyyətə başladıqdan sonra  onun ziyalılığa dəxli olmayan  işlərə qurşandığı bəlli  oldu.

Əslində, oradakıların  bütün  xalqın  adından danışmağa səlahiyyətləri yox idi!

Qurumun üzvləri  müxtəlif  mətbu  orqanlara  müsahibələr verərək dövlətimizin  gördüyü işlərə  qara  yaxmağa başladılar.

Amma bir dəfə də Azərbaycanın  qazandığı nailiyyətlərdən danışmadılar, qarşılaşdığı problemlərdən  söz açmadılar.

Qurumun fəal üzvlərindən sayılan  Əkrəm Əylisli isə  "Daş yuxular" adlı əsər yazaraq əsl  simasını göstərdi.

2013-cü ilin prezident seçkiləri ərəfəsində isə "Ziyalılar forumu"nun əsl  sifəti  göründü: məlum oldu ki,  onlar seçkilərdə  iştirak edərək R.İbrahimbəyovu  prezident etmək  istəyirmişlər.

Azərbaycan xalqı  hərəni çalışdığı sahəyə  görə tanıyır, yazıçı, şair, bəstəkar və digərlərini siyasətçi, dövlət başçısı  kimi  qəbul  etmir.

Çünki AXC-Müsavat cütlüyünün iqtidarı dövründə belələrinin necə  "işləyərək" xalqa  "nə verdiklərinin" şahidi olub!

Beləliklə, anti-Azərbaycan dairələrinin  maraqlarına  xidmət edən bu  qondarma qurum  da 2013-cü ildən etibarən tarixin qara  arxivinə verildi.

***

Tarixə ötəri ekskursumuzda bir daha aydın şəkildə  gördük ki, Azərbaycan  xalqı, adətən, iki halda  meydana çıxıb:

* Qarabağla, ərazi bütövlüyümüzlə bağlı;

* Bir də sevimli rəhbəri çağırış edəndə!

Müzəffər Ali Baş Komandan İlham Əliyev Qarabağ problemini  zəfərlə  həll edərək  artıq düşmənlərimizin  əlindən "Qarabağ  kartı"nı çıxarıb!

Xalqın ona sevgi və məhəbbəti, etibarı və tükənməz dəstəyi isə indiyədək  görünməmiş bir səviyyəyə  çatıb.

Başı daşdan-daşa  dəyən, dəfələrlə etibar edərək  aldadılan Azərbaycan xalqı  isə  artıq ancaq sınadıqlarına, tarixin imtahanlarından  şərəflə  çıxanlara inanır!

Şübhəsiz, ən çox inandığı, dəfələrlə sınadığı və hər dəfə daha çox dəyər verdiyi dövlət rəhbəri və siyasi lideri isə Müzəffər Ali Baş Komandan İlham Əliyevdir.

Cənab İlham Əliyevin  Azərbaycana rəhbərliyi dövründə dövləti və xalqı üçün etdiklərini  qısa şəkildə sadalasaq,  səbəbi hamıya bəlli olar.

Azərbaycana 22 illik rəhbərliyi dövründə  Prezident İlham Əliyev:

* Tarixinin ən qüdrətli Azərbaycanını yaratdı.

* Azərbaycanı dünya birliyinin nüfuzlu üzvlərindən birinə çevirdi.

* Azərbaycanı dünyada həm də idman ölkəsi kimi tanıtdı.

* İkiəsrlik tarixi olan  Qarabağ problemini əbədilik həll etdi.

Belə ki: 

* 30 illik işğala son qoyaraq  erməni qəsbkarlarını  torpaqlarımızdan qovdu, düşməni darmadağın edərək  ona kapitulyasiya aktını imzalatdı.

* Ərazi bütövlüyümüzü bərpa etdi.

* Dövlət  Suverenliyinin və Konstitusiya əsaslarının təmininə nail oldu!

* Xalqımızın milli birliyini təmin etdi.

* "Böyük qayıdış" proqramını qəbul edərək Qarabağı və Şərqi Zəngəzuru sürətlə yenidən tikib qurur.

* Müasirtipli yaşayış məntəqələri inşa etdirərək keçmiş məcburi köçkünləri doğma yurd-yuvalarına qaytarmaqla,  xoşbəxt həyatlarını təmin edir.

* Azərbaycanı Cənubi Qafqazın söz sahibinə çevirərək burada sülh və əməkdaşlıq yaradır.

* Türk dünyasının möhkəm birliyinin yaranmasına  dəyərli töhfələr verir.

* Azərbaycanı Avropa İttifaqının etibarlı tərəfdaşlarından  birinə çevirir.

Bütün bu işlərə layiqincə qiymət verən beynəlxalq aləm  Azərbaycan Prezidentini  dünyanın ən nüfuzlu və qlobal liderlərindən biri kimi tanıyır.

Məhz İlham Əliyevin fəaliyyəti sayəsində ABŞ-Azərbaycan əlaqələri  yeni yüksəliş və inkişaf dövrünə qədəm qoyub.

Azərbaycan xalqı  bütün bunları görür, bilir, öz rəhbəri ətrafında daim sıx birləşir.

İlham Əliyevin Qarabağa  hər səfərində, keçmiş məcburi köçkünlərlə  hər görüşündə  biz xalqın  sınanmış  rəhbərinə  sonsuz sevgi və ehtiramının şahidi oluruq!

Artıq bütün dünya  qüdrətli Azərbaycanın  qüdrətli rəhbəri İlham Əliyevlə hesablaşır, xalqının ona sevgi və dəstəyini  birmənalı şəkildə qiymətləndirir.

Bu birliyi, bu sevgini kimsə pozmaq, ona xələl gətirmək iqtidarında deyil!

Odur ki,  heç kəs  çaşaraq xam xəyallara düşməsin!

  


Bəxtiyar SADIQOV

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 22 fevral tarixli 2515 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə

01:19
05 Dekabr

ABŞ-də nümayiş zamanı qırıcı təyyarə qəzaya uğrayıb  

22:35
04 Dekabr

Qazaxıstanla əmək və sosial müdafiə sahəsində gələcək əməkdaşlıq müzakirə olunub  

22:34
04 Dekabr

Maka Boçorişvili: Vaşinqtonda imzalanmış saziş Cənubi Qafqazda davamlı sülhün təmin edilməsi üçün mühüm təməl daşıdır  

22:30
04 Dekabr

Keniya parlamenti britaniyalı hərbçiləri müxtəlif cinayətlərdə ittiham edir  

22:29
04 Dekabr

“Caviar” bu smartfonları zərgərlik əsərinə çevirir  

22:26
04 Dekabr

Ekstremal hadisələr daha dağıdıcı olacaq  

22:25
04 Dekabr

Cari ilin ən yaxşı “Google Chrome” yeniləmələri elan edilib  

22:24
04 Dekabr

Güzəştli mənzillərin seçimi ilə bağlı kiberhücum cəhdinin qarşısı uğurla alınıb – RƏSMİ AÇIQLAMA  

21:06
04 Dekabr

ABŞ-da bayraqlar yarıya qədər endirilib  

21:05
04 Dekabr

Ermənistan vətəndaşlarının məhkəməsində təqsirləndirilən şəxslərin vəkillərinin müdafiə çıxışı yekunlaşıb  

21:03
04 Dekabr

Prezidentin Mətbuat Xidmətinin məlumatı

20:57
04 Dekabr

Elçin Şamilli: Süni intellekt rəssamın imkanlarını genişləndirir, amma yaradıcılığın təbiətini əvəz etmir  

20:56
04 Dekabr

QMİ sədri ABŞ Etnik Anlaşma Fondunun prezidenti və təsisçisi ilə görüşüb  

20:54
04 Dekabr

Rəşt-Astara dəmir yolu xətti istismara verilsə, iki qitə arasında nəqliyyat əlaqəsi təmin olunacaq 

20:53
04 Dekabr

Azərbaycan ilə Böyük Britaniya arasında müdafiə sənayesi sahəsində əməkdaşlığın inkişafı müzakirə olunub

20:51
04 Dekabr

Rumın ekspert: Rusiyanın hibrid taktikası Qərbi çətin duruma yönəldir  

20:50
04 Dekabr

Ukrayna Baş Kəşfiyyat İdarəsi Krımda Rusiyaya məxsus MiQ-29 qırıcısını məhv edib VİDEO  

20:47
04 Dekabr

Azərbaycan və Şimali Kipr arasında ailə, qadın və uşaq məsələləri üzrə əməkdaşlıq müzakirə olunub  

18:51
04 Dekabr

Xarici işlər naziri: Azərbaycan ATƏT çərçivəsində konstruktiv əməkdaşlığa sadiqdir

18:08
04 Dekabr

Kəlbəcər və Laçında yanğınla mübarizə tədbirləri davam etdirilir, əraziyə FHN-in 2 helikopteri cəlb olunub  

18:07
04 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!