Noyabrın 13-də Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatında YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov ilə Çin Xalq Respublikasının ölkəmizdəki səfiri Lu Mey arasında görüş keçirilib.
YAP-dan AZƏRTAC-a bildirilib ki, görüşdə müasir beynəlxalq münasibətlər sisteminin mühüm reallığı olan Azərbaycan-Çin münasibətlərinin tarixi ənənələrə, qarşılıqlı etimada və möhkəm dostluğa əsaslandığı qeyd olunub.
Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev ilə Çin Xalq Respublikasının Sədri, Çin Kommunist Partiyasının (ÇKP) Baş katibi Si Cinpinin məqsədyönlü siyasəti nəticəsində hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş dövlətlərarası əlaqələrin bütün sahələrdə yüksələn xətt üzrə inkişafının məmnunluq doğurduğu vurğulanıb.
Beynəlxalq hüququn normalarına əsaslanan müstəqil siyasət həyata keçirən hər iki ölkənin bir-birinin müstəqilliyinə, ərazi bütövlüyünə və suverenliyinə qətiyyətli dəstəyi bir daha ifadə edilib.
İqtisadi-ticari, nəqliyyat-logistika, təhsil, turizm, mədəniyyət, humanitar, rəqəmsal texnologiyalar, yaşıl enerji və gənclərlə iş sahələrində əməkdaşlığın dərinləşdirilməsinin əhəmiyyəti vurğulanıb. Tərəflər arasında konstruktiv siyasi dialoqun Qlobal Cənubda əməkdaşlığın təşviqinə mühüm töhfələr verdiyi bildirilib.
Hər iki ölkənin liderlərinin dövlətlərarası münasibətlərin mühüm tərkib hissəsi kimi Yeni Azərbaycan Partiyası ilə Çin Kommunist Partiyası arasında həm ikitərəfli, həm də müxtəlif beynəlxalq platformalar çərçivəsində əlaqələrin inkişafını xüsusi diqqət mərkəzində saxladıqları qeyd olunaraq partiyalar arasında Əməkdaşlıq memorandumundan irəli gələn vəzifələrin yerinə yetirilməsinin müştərək maraqların təmininə xidmət etdiyi bildirilib.
Mayın 11-15-də YAP nümayəndələrinin Çinə, sentyabrın 8-də isə ÇKP Mərkəzi Komitəsinin üzvü, Beynəlxalq əlaqələr şöbəsinin müdiri, nazir Lyu Haysinin rəhbərlik etdiyi heyətin Azərbaycana səfərləri məmnunluqla xatırlanaraq qarşılıqlı fikir və təcrübə mübadiləsinin partiyalar arasında əlaqələrin mövcud vəziyyətinin dəyərləndirilməsi və gələcək əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi baxımından əhəmiyyəti qeyd olunub.
Gənclərin ictimai-siyasi həyatda, həmçinin dövlət idarəçiliyində və partiya fəaliyyətində aktiv iştirakının önəminə toxunularaq bu sahədə ixtisaslaşmış təhsil müəssisələri arasında əməkdaşlığın əhəmiyyəti vurğulanıb.
Səfir Lu Mey oktyabrda Pekində keçirilmiş ÇKP Mərkəzi Komitəsinin Beşinci Plenumunun nəticələri barədə ətraflı məlumat verib.
Görüşdə qarşılıqlı maraq doğuran digər bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.