Strateji tərəfdaşlıq haqqında sənəd iki ölkə arasındakı qarşılıqlı etimada əsaslanır
“Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə” ölkəmizin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünə hörmət prinsiplərinin qətiyyətlə təsdiq olunması, Azərbaycanın milli maraqlarının beynəlxalq müstəvidə qorunması baxımından müstəsna əhəmiyyət daşıyır. Birləşmiş Krallıq kimi BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan qlobal gücün BMT Nizamnaməsinə, beynəlxalq hüququn norma və prinsiplərinə, xüsusən də beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığına sadiqliyini rəsmi sənəddə bəyan etməsi Azərbaycanın haqlı mövqeyinin qlobal miqyasda legitimliyini daha da möhkəmləndirir. Bu, eyni zamanda, beynəlxalq münasibətlərdə ikili standartlara qarşı hüququn aliliyinin müdafiəsi baxımından mühüm siyasi mesajdır.
Milli Məclisin deputatı Kamran BAYRAMOV qəzetimizə açıqlamasında xatırlatdı ki, Ulu Öndər Heydər Əliyevin 1994-cü ildə Böyük Britaniyaya etdiyi tarixi səfər, Baş nazir Con Meycor ilə keçirdiyi görüş və imzalanan mühüm sənədlər Azərbaycan-Britaniya münasibətlərində uzunmüddətli və qarşılıqlı faydalı əməkdaşlığın möhkəm təməlini qoyub: “Həmin dövrdən etibarən iki ölkə arasında müxtəlif istiqamətlərdə əlaqələr ardıcıl şəkildə genişlənərək, dərin siyasi dialoq və mühüm iqtisadi nailiyyətlərlə müşayiət olunub. Bununla yanaşı, humanitar sahədə həyata keçirilən intensiv mübadilələr xalqlarımız arasındakı bağları daha da gücləndirib və ikitərəfli münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəldib. Bütün bu uğurlu inkişaf yolunun məntiqi nəticəsi olaraq, bu gün Azərbaycan Cənubi Qafqaz regionunda və daha geniş Xəzər dənizi hövzəsində Böyük Britaniyanın ən etibarlı strateji tərəfdaşı kimi çıxış edir. İki ölkə arasında 1994-cü və 1998-ci illərdə imzalanmış sənədlərə söykənən uzunmüddətli və dinamik əlaqələr hazırda qarşılıqlı hörmət və ortaq maraqlar əsasında strateji tərəfdaşlıq səviyyəsinə yüksəlir. Tərəflər BMT Nizamnaməsinə və beynəlxalq hüququn əsas prinsiplərinə, xüsusilə də suverenlik, müstəqillik, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığına sadiqliklərini bir daha nümayiş etdirirlər. Eyni zamanda, Birləşmiş Krallıq 2025-ci il 8 avqust tarixli Vaşinqton Sülh Zirvəsi Bəyannaməsinin önəmini xüsusi vurğulayaraq, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində atılan addımları alqışlayır. London ikitərəfli dialoq yolu ilə regionda davamlı sülhün təmin olunmasına yönəlmiş səylərə öz qətiyyətli və davamlı dəstəyini təsdiqləyir”.
Deputat qeyd etdi ki, Azərbaycan və Böyük Britaniya arasında yüksəksəviyyəli siyasi dialoq iqtisadi münasibətlərin dinamik inkişafına da güclü təkan verib və bu gün Birləşmiş Krallıq ölkəmizin iqtisadiyyatına ən çox sərmayə yatıran dövlətdir. Dərin tarixi köklərə malik bu tərəfdaşlıq hələ XIX əsrin sonu - XX əsrin əvvəllərində ingilis şirkətlərinin Bakı neft sənayesinə yatırdığı böyük kapitalla başlayıb. Təsadüfi deyil ki, 1904-cü ildə Britaniya ağ neftə olan tələbatının 47 faizini məhz Bakı nefti hesabına qarşılayırdı. Müasir dövrdə bu əlaqələrin institusional əsasları daha da möhkəmlənib. Belə ki, 2016-cı ildə Baronessa Emma Nikolsonun Baş nazirin ticarət elçisi təyin olunması və 2022-ci ildə Britaniya-Azərbaycan Ticarət və Sənaye Palatasının fəaliyyətə başlaması qarşılıqlı biznes mübadilələrini yeni mərhələyə daşıyıb.
K.Bayramov bildirdi ki, ikitərəfli iqtisadi əlaqələrin lokomotivini isə neft-qaz sektoru və ölkəmizin ən böyük xarici investoru olan BP şirkəti təşkil edir: “1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanması ilə SOCAR və BP arasında qurulan uğurlu əməkdaşlıq “Azəri-Çıraq-Günəşli”, “Şahdəniz”, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və “Cənub qaz dəhlizi” kimi qlobal əhəmiyyətli enerji layihələrinin reallaşmasına imkan yaradıb. Bu strateji xəttin davamı olaraq 2017-ci ildə “Azəri-Çıraq-Günəşli” yataqlarının 2050-ci ilədək işlənilməsi, 2018-ci ildə isə Şimali Abşeron hövzəsindəki D230 blokunun birgə kəşfiyyatı üzrə imzalanan tarixi sazişlər tərəflər arasındakı yüksək etimadın bariz nümunəsidir. Bununla yanaşı, son illər əməkdaşlıq ənənəvi enerji sektorunun hüdudlarını aşaraq şəhərsalma, ərazi planlaşdırılması və memarlıq sahələrini də əhatə etməyə başlayıb. Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə Britaniyanın müvafiq qurumları arasında “ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyaları və müasir şəhər inkişafının planlaşdırılması istiqamətində əməkdaşlığın genişləndirilməsi ikitərəfli iqtisadi tərəfdaşlığın şaxələndirilməsinə mühüm töhfə verir”.
Deputat əlavə etdi ki, cari il noyabrın 12-də Dublin şəhərində imzalanan Birgə Bəyannamə Azərbaycan və Böyük Britaniya münasibətlərini keyfiyyətcə yeni strateji tərəfdaşlıq səviyyəsinə yüksəldərək, iki ölkə arasında qarşılıqlı etimadın yüksək göstəricisinə çevrilir. Sənəd müdafiə və təhlükəsizlik, ticarət, investisiya, təmiz enerji keçidi, Orta Dəhlizin inkişafı, eləcə də təhsil və innovasiya kimi həyati əhəmiyyətli sahələrdə uzunmüddətli və sistemli əməkdaşlığın yol xəritəsini müəyyən edir. Eyni zamanda, beynəlxalq hüququn prinsiplərinə, ərazi bütövlüyünə və Cənubi Qafqazda sülh gündəliyinə verilən qətiyyətli dəstək Azərbaycanın regional və qlobal mövqelərini daha da möhkəmləndirir. İllik Strateji Tərəfdaşlıq görüşlərinin keçirilməsi barədə razılaşma isə nəzərdə tutulan bütün təşəbbüslərin praktik icrasına və tərəfdaşlığın davamlı inkişafına etibarlı zəmanət yaradır.
Əsmər QARDAŞXANOVA,
“Azərbaycan”