Ulu Öndər Heydər Əliyev gənclər siyasətini dövlətin prioritet istiqamətlərindən birinə çevirmişdir
Xalqa xidmətləri, milli dövlət quruculuğu, habelə Azərbaycan gəncliyinin sağlam, savadlı, geniş dünyagörüşə malik formalaşmasında misilsiz fəaliyyətləri ilə əbədiyaşarlıq qazanmış Ulu Öndər Heydər Əliyev demişdir: "Hər bir xalq özünün xoşbəxt gələcəyə olan ümidlərini ilk növbədə gənc nəslə bağlayır". Bu mənada Ulu Öndər ölkəmizdə siyasi hakimiyyətdə olduğu bütün dövrlərdə Azərbaycan gənclərinin təhsilli olması üçün əlindən gələni etmişdir.
Məhz bu məqsədlə Ulu Öndərin təşəbbüsü ilə 1970-ci ildən etibarən hər il 800-900 nəfər azərbaycanlı gənc SSRİ-nin nüfuzlu ali təhsil məktəblərində oxumağa göndərilirdi. Beləliklə, ötən əsrin 70-80-ci illərində 15 mindən çox azərbaycanlı keçmiş SSRİ-nin institut və universitetlərində təhsil almışdır. Bu da müstəqilliyini bərpa edən zaman Azərbaycana güclü milli kadr potensialına malik olmağa imkan verdi.
Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan gənclərin xaricdə təhsil alması siyasəti Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirilir. Ölkəmizin dayanıqlı inkişafını təmin etmək məqsədilə insan kapitalının formalaşdırılması və ondan səmərəli istifadə prioritet istiqamətlərdən biri kimi daim dövlətin diqqətindədir. Dövlət başçısının fərman və sərəncamlarına uyğun olaraq, "qara qızıl"ın insan kapitalına çevrilməsi strategiyası təhsillə əhatənin və ona əlçatanlığın artmasına, gənclərin xaricdə təhsilə cəlbinin müxtəlif proqramlarla dəstəklənməsinə mühüm imkanlar yaradır.
Gənc nəslin milli dəyərlər və vətənpərvərlik ruhunda tərbiyə edilməsi onun mənsub olduğu xalqın yüksək rifahı, eyni zamanda ölkənin inkişafının rəhnidir. Ümummilli Lider Heydər Əliyev çıxışlarında həmişə vurğulayırdı ki, "Gənclərimiz milli ruhda tərbiyə olunmalıdır, milli-mənəvi dəyərlərimizin əsasında tərbiyələnməlidir. Gənclərimiz bizim tariximizə yaxşı bələd olmalı, dilimizi yaxşı bilməlidir. Hər bir gənc vətənpərvər olmalıdır, vətənpərvərlik böyük məfhumdur. Bu, sadəcə orduda xidmət etmək deyil, vətənə sadiq olmaq, vətəni sevmək, torpağa bağlı olmaq - budur vətənpərvərlik".
Ulu Öndər hesab edirdi ki, gənclər hər bir xalqın gələcəyini və inkişaf yolunu müəyyənləşdirən, cəmiyyətin ictimai-siyasi həyatında yaxından iştirak edən aparıcı təbəqədir. Təsadüfi deyil ki, müasir dövrdə gənclər və idman sahəsində qazanılan uğurlar dövlətlərin ümumi inkişaf səviyyəsini, iqtisadi-siyasi potensialını müəyyənləşdirən vacib meyarlardan sayılır. Dünyanın bütün sivil cəmiyyətlərində gənc nəslin mənəvi-ideoloji tərbiyəsi, onların sağlamlığının qorunması baxımından bu strateji sahələrə xüsusi qayğı ilə yanaşılır.
Gəncləri ölkəmizin gələcəyi, müasir Azərbaycanın qurucuları kimi dəyərləndirən Ulu Öndərin 1997-ci il 2 fevral fərmanına əsasən, ölkəmizdə Gənclər Gününün dövlət səviyyəsində qeyd edilməsi yeniyetmə oğlan və qızlarımıza əlavə güc verib. Gənclərin ən sevimli məşğuliyyəti olan idmanla yanaşı, ictimai-siyasi işlərə geniş cəlb olunması bu strategiyanın təməl prinsiplərinə çevrilib.
Milli-mənəvi dəyərlərimizin qorunmasında gənclərin rolunu artırmaq, onların vətənpərvərlik ruhunda böyüməsini təmin etmək gənclərin elmi intellektual potensialının artması üçün təhsildə və mədəniyyət sahəsində islahatlar keçirmək, həmçinin gənclərin təşkilatlanmasını təmin etməklə onları müstəqilliyimizin keşiyində vahid qüvvə kimi birləşməyə səfərbər etmək, nəhayət, gənclərin dövlət idarəçiliyində rolunu əhəmiyyətli dərəcədə artırmaq və onların məsuliyyət hissini yüksəltmək, habelə Azərbaycan dövlətinin beynəlxalq aləmə inteqrasiyasının yaratdığı imkanlardan gənclərin maksimum səviyyədə yararlanmasına möhkəm əsaslar yaratmaq Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Ölkəmizdə əhalinin 60 faizdən çoxunu gənclər təşkil edir. Gənclərə diqqət və qayğının dövlət siyasətinin əsas tərkib hissəsinə çevrilməsi onlara olan etimaddan irəli gəlir. Bu uğurlu siyasətin bariz nümunəsi, dövlətin gənclərə, gənclərin isə dövlət başçısına olan inamı 2020-ci il İkinci Qarabağ savaşında özünü daha qabarıq büruzə verdi. Zəfəri əzəmətli edən milli dövlətçiliyə sədaqətli, Prezidentinə güvənli vətənpərvər gənclərin şücaəti hamını heyran etdi. 30 ilə yaxın erməni əsarəti altında olan Azərbaycan torpaqlarının işğaldan azad edilməsində vətənpərvər gənclər birliyinin şahidi olduq. Azərbaycan gəncləri 2020-ci il sentyabrın 27-də başlanan və 44 gün çəkən Vətən müharibəsindən zəfərlə çıxdılar.
Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu gənclər siyasətinin Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir dövrün tələblərinə uyğun davam etdirilməsi gənclərin hərtərəfli fəaliyyətinə geniş imkanlar yaradıb. Ötən ilin sonlarında Azərbaycan gənclərindən ibarət ekofəalların Qarabağda təbii sərvətlərimizin ermənilər tərəfindən istismar edilməsinin qarşısının alınmasına qarşı üç aydan çox davam edən aksiyası bütün dünya azərbaycanlılarını ayağa qaldırdı.
Xalqın və milli dövlətçiliyin təəssübkeşi olmaqla, beynəlxalq qanunlar çərçivəsində fəaliyyət göstərmək, haqqın-ədalətin müdafiəsində olmaq, əlbəttə ki, məmnunluq doğurur. Cari il iyul ayının son günlərində Şuşada keçirilən Qoşulmama Hərəkatının Gənclər Təşkilatının yaradılması buna bariz nümunədir. 2023-cü il 25-29 iyul tarixdə keçirilən Qoşulmama Hərəkatının Gənclər Sammiti çərçivəsində Hərəkatın 61 illik tarixində ilk dəfə olaraq bu təşkilata üzv olan ölkələrin gənclərini bir araya gətirən Gənclər Təşkilatı yaradılıb.
Görünən odur ki, ölkəmizdə gənclərin ictimai-siyasi fəaliyyəti, sağlam böyüməsi, yüksək təhsil alması, hər hansı bir sənət və ya peşə sahibi olması istiqamətində uğurlu dövlət gənclər siyasəti həyata keçirilir.
Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafında dərin izlər buraxıb. Nəinki ölkəmizdə, uzaq və yaxın xarici ölkələrdə Azərbaycan gəncliyinin səsi ən mötəbər kürsülərdən eşidilir. Ümummilli Lider Heydər Əliyev gənclər sahəsində dövlət siyasətinin uğurla həyata keçirilməsi məqsədilə bütün dünyaya nümunə olacaq daha bir addım atıb - bu sahənin zəruri qanunvericilik bazasının formalaşdırılmasını təmin edib. Qanunlar, fərman, sərəncam və dövlət proqramları gənc nəslin mütəşəkkil qüvvə kimi formalaşmasına, onların mənəvi-ideoloji cəhətdən tam yetkinləşməsinə, sosial problemlərinin həllinə, faydalı məşğulluğunun təmin olunmasına son dərəcə müsbət təsir göstərib.
Müasir dövrdə elmin və texnologiyanın sürətli inkişafı, postneft dövrünün başlanması Azərbaycan dövlətinin də gənclərlə bağlı zamanın tələblərinə uyğun siyasət yürütməsini zəruri edib. Bu zərurəti nəzərə alan dövlət başçısı gənclərin intellektual, fiziki və mənəvi inkişafını, ölkənin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında fəal iştirakını təmin etmək məqsədilə 2015-ci il yanvarın 26-da "2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası"nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.
Əminliklə demək olar ki, ölkəmizdə gənc nəslin problemlərinin həlli, onların cəmiyyət həyatında layiqli təbəqə kimi iştirakının təmin olunması üçün həyata keçirilən bütün zəruri tədbirlər Azərbaycan gəncliyini daha işıqlı sabaha aparır. Bu yolda gənclərimizin ən böyük himayəçisi və dəstəkçisi məhz Azərbaycan Prezidenti İlham Əliyevdir. Dövlət başçısının "Mənim gənclərə xüsusi münasibətim var, mənim ürəyim sizinlədir. Siz bütün işlərdə mənə arxalana bilərsiniz. Mən də sizə arxalanıram" sözləri Azərbaycan dövlətinin gənclərə etimadının, gənclərin isə Prezidentə məhəbbətinin və dəstəyinin bariz nümunəsidir.
Görünən odur ki, dövlət səviyyəsində göstərilən diqqət və qayğıya rəğmən ölkəmizin gəncləri savadlı, sağlam və vətənpərvər ruhda böyüyür, onlara göstərilən etimadı layiqincə doğruldurlar.
Rəhman SALMANLI,
"Azərbaycan"