28 İyul 2026 09:15
104
Mədəniyyət
A- A+
Ürəyi ilə yaradan rəssam

Ürəyi ilə yaradan rəssam


Azərbaycan rəssamlıq sənətinin görkəmli nümayəndəsi, kino rəssamlığı, rəngkarlıq və qrafika sahələrinin özəlliklərini və  incəliklərini xüsusi məharətlə birləşdirməyi və kamil sənət nümunələri yaratmağı bacaran Xalq rəssamı  Elbəy Mirzə Həsən oğlu Rzaquliyevin bu il 100 yaşı tamam olur.  

Bu yaxınlarda Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Milli İncəsənət Muzeyinin təşkilatçılığı ilə Azərbaycan Milli İncəsənət Muzeyində incəsənət xadiminin 100 illik yubileyinə həsr olunmuş "Elbəy Rzaquliyev: Ürəyi ilə yaradan rəssam" adlı fərdi yubiley sərgisi açılmışdır. Sərgidə muzeyin fonduna, Azərbaycan Dövlət Rəsm Qalereyasının və rəssamın ailəsinin kolleksiyasına məxsus 100-ə yaxın əsəri nümayiş olunur. Sərgi avqust ayının sonunadək ziyarətçilərin ixtiyarında olacaq. 

Elbəy Rzaquliyev 1926-cı ildə Bakı şəhərində anadan olub. Atasının dövrünün sənət adamları ilə tanışlığı və münasibətləri balaca Elbəydə lap kiçik yaşlarından sənətə xüsusı maraq oyadıb. E.Rzaquliyev 1946-cı ildə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Texnikumunu bitirdikdən sonra, təhsilini Moskva Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda davam etdirmişdir. Orada rəssam dövrünün tanınmış incəsənət xadimləri və pedaqoqları olan Q.Şeqal, F.Pimenov, M.Boqdanov və A.Dixtiyardan kino rəssamlığı sənətinin  incəliklərini öyrənmişdir. Təhsilini başa vurub vətənə dönən gənc rəssam 1953-cü ildən başlayaraq C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında fəaliyyət göstərmişdir. Rəssam həmçinin ictimai vəzifədə də çalışmışdır. O, Azərbaycan Rəssamlar İttifaqının İdarə Heyətinin katibi seçilmiş, on ildən artıq (1977-1987-ci illər) bu vəzifədə işləmişdir. 

E.Rzaquliyevin çoxşaxəli yaradıcılıq fəaliyyəti dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. Belə ki, o, Əməkdar incəsənət xadimi (1964) və Xalq rəssamı (1977) fəxri adlarına, eləcə də SSRİ Rəssamlıq Akademiyasının diplomuna (1974), Dövlət mükafatı (1986) və müstəqillik illərində Ulu Öndər Heydər Əliyevin sərəncamı ilə "Şöhrət" ordeninə (1998) layiq görülmüşdür.

E.Rzaquliyevin yaratmış olduğu sənət tabloları bir çox muzey, qalereya və şəxsi kollekiyada saxlanılır. Onun 1960-cı ildə "Meksikada", 1965-ci ildə "Şərq ölkələrində" adlı sərgiləri Bakıda və Moskvada keçirilmişdir. 1967-ci ildə Moskvada və Kaunasda, 1989-cu ildə Moskvada, 2006-cı ildə isə Bakıda əsərlərindən ibarət fərdi sərgiləri təşkil olunmuşdur. Rəssam dəfələrlə xarici ölkələrdə yaradıcılıq ezamiyyətlərində olmuşdur. Bunların sırasında Meksika, Rumıniya, İtaliya, Hindistan, Tailand, Yaponiya, ABŞ, Türkiyə, Suriya, Yəmən, Küveyt, İordaniya, Hindistan, İsveçrə, Nepal, Lüksemburq, Almaniya və digər ölkələr var.

İstedadlı kino rəssamı kimi E.Rzaquliyev bir çox filmə bədii quruluş vermiş, obrazların geyim eskizlərini hazırlamışdır. Nə qədər qəribə görünsə də, indi də sevə-sevə izlədiyimiz bədii filmləri seyr edən tamaşaçı nədənsə həmin filmlərin daha gözəl baxılmasına və süjet xətlərinin açılmasına xidmət edən məkanın seçilməsi və ya hazırlanması, eləcə də obrazların filmin ideya qayəsi ilə səsləşən geyim eskizləri və s. cəhətdən dolğun alınmasında gərgin yaradıcılıq əməyi sərf edən filmin quruluşçu rəssamının yaradıcılıq əməyini yada salmır və ya unudur. Filmin ərsəyə gəlməsində sadalanan xüsusiyyətləri nəzərə almasaq, rejissordan heç də az yaradıcılıq əməyi sərf olunmayan rəssamın o zaman işinin nədən ibarət olduğuna aydın təsəvvür yaranar. Təbii ki, E.Rzaquliyev kino rəssamı idi və onun əsasən bədii filimlərdəki yaradıcılıq uğurları və bir çox filmə vermiş olduğu bədii quruluş həlli rəssamın hərtərəfli elmi-bədii yaradıcılıq potensialına və güclü yaradıcılıq dünyasına malik olmasından irəli gəlirdi. 

Rəssamın üzərində çalışdığı filmlərə "Onun böyük ürəyi" (1958), "Ögey ana" (1958) (Məmməd Hüseynovla birgə), "Telefonçu qız" (1962), "Möcüzələr adası" (1963), "Arşın mal alan" (1965), "Uşaqlığın son gecəsi" (1968), "Sevil" (1970), "Fitnə" (1970), "Gün keçdi" (1971), "Skripkanın sərgüzəşti" (1972), "Sözsüz mahnı" (1972), "Dənizə çıxmaq qorxuludur" (1973), "Bakıda küləklər əsir" (1974), "Tütək səsi" (1975), "Arxadan vurulan zərbə" (1977), "Vulkana doğru" (1977), "Yarımçıq qalmış mahnı" (1979), "Onun bəlalı sevgisi" (1980), "Musiqi müəllimi" (1983) və eləcə də başqa müəlliflərlə birgə bədii quruluş verdiyi digər filmləri qeyd etmək olar. Təkcə onu söyləmək kifayətdir ki, müəllifin coşğun yaradıcılıq eşqi ilə bədii tərtibat verdiyi filmləri seyr etməklə rəssamın hansı yaradıcılıq proseslərindən keçərək və gərgin axtarışlarının hesabına ərsəyə gətirdiyi səhnələrin bədii tərtibatının əsl estetik zövq mənbəyi olduğunu görə bilərik.   

E.Rzaquliyev kino rəssamlığı ilə bərabər, gözümüzü oxşayan çoxsaylı rəngkarlıq və qrafika nümunələri yaratmışdır. Rəssamın yaradıcılığında əsərlərinin bir çoxunun, hətta seriyalarının mövzusu sovet ideoloji xəttinin təsiri ilə yaradılmasına baxmayaraq, həmin əsərlər texniki işlənilmə xüsusiyyətləri baxımından və mövzunun ustalıqla şərhinə görə bu gün də diqqəti cəlb edir. E.Rzaquliyevin Abşerona həsr etdiyi əsərləri var ki, onlar bədii təhlil və sənətkarlıq nöqteyi-nəzərindən yüksək qiymətə layiqdirlər. Sənətkarın rəngkarlıq əsərlərinə misal olaraq, "Şirvanşahlar sarayı" (1972), "Mavi eyvan" (1974), "Bakıda qədim küçə" (1974), "Abşeronda" (1974), "Abşeronda qədim hamam" (1974), "Abşeron" (1975), "Üzeyir Hacıbəylinin dünyası" (1976), "Mirzə Ələkbər Sabir" (1977), "Novruz bayramı" (1987), "Adsız" (1991) və sairə qeyd etmək olar.

E.Rzaquliyev İçərişəhərdə dünyaya göz açmış, Abşeronda böyüyüb, boya-başa çatmışdı. Onun yaddaşına hopmuş İçərişəhərin nostaljı xatirələri və Abşeron təbiətinin füsunkar mənzərələri bu insanın yaradıcılığında qırmızı xətt kimi keçir. Hətta rəssam natürmortlarında da bu incəlikləri xüsusi məhəbbətlə tərənnüm edib. Gülləri, onların rəng keçidlərini, təravətini, incəliyini və yaratdıqları auranı incə rəssam qəlbi ilə duyaraq təsvir edirdi. Onun yaradıcılığında natürmort janrı xüsusi yer tutur. "Qumlar fonunda kuzə" (1977), "Qırmızı və ağ qızılgüllər" (1978), "Ağ qızılgüllər" (1978), "Qərənfillər" (1978), "Bənövşələr və qərənfillər" (1978), "Şərq natürmortu" (1983), "Şərq silahları" (1985), "Qızılgüllər" (1986) və başqalarını buna nümunə göstərmək olar. 

E.Rzaquliyev dünyanın hansı ölkəsində olmasına baxmayaraq, ölkənin mədəniyyətini dərindən müşahidə edərək onun rəssamlıq ənənələrinə uyğun sənət inciləri yaratmağa çalışmışdır. Buna nümunə olaraq rəssamın "Meksika silsiləsindən" (1959-1960) "Meksikalı qizlar", "Meydanda", "Meksikalılar kilsə önündə", "Ərəb silsiləsindən" (1965-1966) "Məscid", "Yəmənli əsgər", "Suriyada kənd", "Ömər məscidi önündə", "Qırmızı çalmalı ərəb", "Ədəndə səhər namazı", "Yerusəlimdə məscid", "Hindistan silsiləsindən" (1977-1978) "Hindistan memarlıq abidəsi", "Dehli", "Tac-Mahal", "Yaponiya silsiləsindən" "Fudzyama dağı", "Atelyedə", "Çətirlər. Nikkedə yağış" və başqa ölkələrə həsr edilmiş rəngkarlıq və qrafika əsərlərini göstərmək olar. Sadalanan əsərlərin hər biri yüksək bədii estetik mahiyyəti, texniki işlənilmə xüsusiyyətlərinə görə və mükəmməlliyi ilə nəzər-diqqəti cəlb edir. 

E.Rzaquliyev görkəmli rəssam kimi onu tanıyan sənət adamlarının və dostlarının xatirində hörmətlə yad olunur. Düşünürük ki, rəssam özünün uğurlu yaradıcılıq dünyası ilə həmişə sənət adamlarının və sənətsevərlərin yaddaşlarında yaşayacaq. 


Əsəd QULİYEV,

sənətşünas, Azərbaycan Rəssamlar İttifaqının üzvü

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Yay mövsümündə gigiyena qaydalarına xüsusi diqqət yetirilməlidir

09:35
28 İyul

Sietl qida festivalında atışma: ölənlər və yaralananlar var

09:30
28 İyul

Parisdə insanlar hücuma məruz qalıblar

09:25
28 İyul

Olimp dağı, Normandiya çimərlikləri, İranın Əlamut qalası... 

09:20
28 İyul

Ürəyi ilə yaradan rəssam

09:15
28 İyul

Xəzərin qoruduğu Bayıl qalası

09:10
28 İyul

Qusar: yerli fermer və sahibkarların təklifləri nəzərə alınacaq

09:05
28 İyul

Göygöldə keçirilən V Milli Yaylaq Festivalı iştirakçılara xoş anlar yaşatdı

09:00
28 İyul

Hədəf bəlli, məqsəd aydındır

08:55
28 İyul

Azərbaycan dialoqu təşviq edən bir ölkə kimi mövqeyini möhkəmləndirib

08:50
28 İyul

Azərbaycan-Böyük Britaniya əlaqələri dinamik inkişaf edir

08:45
28 İyul

Ermənipərəst konqresmenlər sülhü hədəf alıb

08:40
28 İyul

Yeni regional geosiyasi reallıqlar və Qərbi Azərbaycan məsələsi

08:35
28 İyul

Tarixin hökmü və şəxsiyyətin məsuliyyəti

08:30
28 İyul

“Türkiyə və Azərbaycan yeni geosiyasi düzənin mərkəzində yer alan əsas tərəfdaş ölkələrdir”

08:25
28 İyul

Əlaqələrin inkişafı Azərbaycanı Avropanın enerji bazarına çıxarır, Almaniya isə enerji təhlükəsizliyini təmin edir 

08:20
28 İyul

“Orta dəhlizin potensialı genişləndikcə, Azərbaycanın strateji rolu daha da güclənəcək”

08:15
28 İyul

Regionun geoiqtisadi mənzərəsini dəyişən Azərbaycan-Mərkəzi Asiya formatı 

08:10
28 İyul

Orta dəhliz, Zəngəzur dəhlizi və Qarabağın bərpası Avrasiyanın yeni geosiyasi arxitekturasının ayrılmaz hissələridir

08:05
28 İyul

Azərbaycanın uğurlu diplomatiya modeli

08:00
28 İyul

15 yaşınadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalının 2026-cı ildə Azərbaycanda keçirilməsi ilə əlaqədar tədbirlər haqqında

03:17
28 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!