Bu obyektlər UNESCO-nun Dünya İrs Siyahısına daxil edilib
Yunanıstan hakimiyyəti illərdir ki, buna nail olmaq istəyirdi: nəhayət, UNESCO Olimp dağını dünyanın ən ikonik abidələrindən biri kimi tanıyıb. Dünya İrs Siyahısına həmçinin müttəfiqlərin Normandiyada desant atdığı çimərliklər və İtaliyadakı "xalq" teatrları da daxil edilib.
Yunanıstanın Mədəniyyət, Ətraf Mühit və Enerji nazirliklərinin birgə bəyanatına görə, Olimp dağının Dünya İrs Siyahısına daxil edilməsi "mədəni və təbii irsin qorunmasında ən əhəmiyyətli beynəlxalq nailiyyətlərdən biridir, çünki bu, geniş Olimpiya ərazisinin görkəmli universal dəyərini tanıyır və onu ən ikonik abidələr sırasına daxil edir". Baş nazir Kiriakos Mitsotakis öz bəyanatında vurğulayıb ki, bu gündən etibarən mifik Olimp bəşəriyyətə məxsusdur və qorunmalıdır. UNESCO-nun onu Dünya İrs Siyahısına daxil etmək barədə yekdil qərarı ən yüksək miqyaslı milli uğurdur.
Qeyd edək ki, ildırımın və şimşəyin "yaradıcısı" Zevsin başçılıq etdiyi 12 olimpiya Tanrısının mifik evi olan Olimpin UNESCO siyahısına daxil edilməsi Yunanıstan hökumətinin son 12 ildəki səylərinin bəhrəsidir. Ölkənin ən yüksək dağı - 2918 metr yüksəklikdə yerləşən bu dağ biomüxtəlifliyi ilə seçilən unikal təbii landşaftdır. Burada çoxsaylı nadir flora və fauna növləri yaşayır. Bundan əlavə, Olimp massivinin uzandığı bölgə din, tarix və mədəniyyətin simbiozunu təmsil edən abidələrin bolluğu ilə məşhurdur.
Cənubi Koreyanın Busan şəhərində keçirilən sessiyada onlarca namizəd nəzərdən keçirilib. Komitə həmçinin İkinci Dünya müharibəsi zamanı Qərbi Avropanı nasist işğalından azad etmək kampaniyasının bir hissəsi olan Normandiyadakı müttəfiqlərin desant atdığı 5 çimərliyi Dünya İrs Siyahısına daxil edib.
Dünya İrs Komitəsinə namizədləri qiymətləndirən Beynəlxalq Abidələr və Yerlər Şurası (ICOMOS) ərazidə geniş alman istehkamlarının xarabalıqları, bombardman basqınlarının görünən izləri və gəmi qəzalarının olduğu qənaətinə gəlib - bu, "Avropa qitəsində azadlığı bərpa etmiş və davamlı sülhü elan etmiş hesab olunan" tarixi bir hadisənin sübutudur.
Qədim Yaponiya paytaxtları Asuka və Fucivara, eləcə də təxminən 6 milyon antilopun hərəkətini əhatə edən, planetdə Böyük Nil Miqrasiyası kimi tanınan ən böyük quru məməlilərinin miqrasiyasına evsahibliyi edən Cənubi Sudanın Boma-Bandingilo bölgəsi də UNESCO siyahısında yer alıb. Siyahıya həmçinin İtaliyanın Marke bölgəsinin tarixi teatrları, Fransanın Langedok Kral Qalaları kompleksi (Forteresses royales), Finlandiyada Alvar Aalto tərəfindən tikilmiş 13 memarlıq obyekti (Aalto Works), Berlinin Zehlendorf Meşə Məskəni (Waldsiedlung Zehlendorf), İranın Əlamut qalası, San-Tome və Prinsipinin 19-cu əsrə aid tarixi kənd təsərrüfatı torpaqları, müstəmləkə aqrosənaye kompleksləri və plantasiyaları - rokaslar və Özbəkistanın paytaxtı Daşkənddəki müasir memarlıq ansamblı daxil edilib.