Qlobal geosiyasi və geoiqtisadi proseslərin sürətlə dəyişdiyi indiki mərhələdə Orta dəhliz, Zəngəzur dəhlizi və Qarabağın yenidən qurulması bir-birini tamamlayan strateji istiqamətlər kimi çıxış edir. Bu layihələr artıq ayrı-ayrılıqda deyil, Avrasiyanın yeni geosiyasi arxitekturasının tərkib hissəsi kimi qiymətləndirilməlidir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında türk siyasi şərhçi Emre Diner səsləndirib.
Onun sözlərinə görə, Orta dəhliz artıq təkcə ticarət marşrutu deyil, qlobal təchizat zəncirlərinin yenidən formalaşdığı şəraitdə strateji alternativə çevrilib. Rusiya-Ukrayna müharibəsindən sonra şimal marşrutunda risklərin artması, eləcə də Qırmızı dənizdə təhlükəsizlik problemlərinin yaranması Avropa ilə Asiya arasında yükdaşımalarda Orta dəhlizin əhəmiyyətini artırıb. Bu baxımdan Azərbaycan və Türkiyə Avropanı Mərkəzi Asiya və Çinlə əlaqələndirən mühüm logistika körpüsü funksiyasını yerinə yetirir.
"Zəngəzur dəhlizi də yalnız Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında fiziki bağlantını təmin edən layihə kimi qiymətləndirilməməlidir. Dəhlizin reallaşması türk dünyası arasında quru əlaqələrinin daha da möhkəmlənməsinə, Orta dəhlizin səmərəliliyinin artırılmasına və Cənubi Qafqazın iqtisadi inteqrasiyasına yeni dinamika qazandıracaq. Bu səbəbdən söhbət təkcə nəqliyyatdan deyil, həm də enerji təhlükəsizliyi, logistika sahəsində rəqabət və regional sabitlikdən gedir. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən yenidənqurma prosesi də xüsusi əhəmiyyət daşıyır. Azərbaycan burada təkcə dağıdılmış şəhərləri bərpa etmir, eyni zamanda "ağıllı şəhər" konsepsiyası, müasir nəqliyyat şəbəkələri, enerji infrastrukturu və dayanıqlı iqtisadi inkişaf modelini formalaşdırır. Türkiyənin bu prosesdə fəal iştirakı isə iki ölkə arasında strateji tərəfdaşlığın gəlib çatdığı yüksək səviyyənin göstəricisidir.
Siyasi şərhçi vurğulayıb ki, bütün bu müsbət proseslərə baxmayaraq, bölgədə həllini gözləyən ən ciddi problemlərdən biri mina təhlükəsidir.
"İşğal dövründə basdırılmış minalar mülki əhalinin təhlükəsiz şəkildə doğma yurdlarına qayıdışını ləngidir, yenidənqurma işlərinin sürətini azaldır və insan tələfatına səbəb olur. Bu baxımdan minatəmizləmə yalnız texniki məsələ deyil, eyni zamanda mühüm humanitar məsuliyyətdir. Minalar müharibə başa çatdıqdan sonra da insan həyatı üçün təhlükə yaratmaqda davam edən silahlardır. Buna görə də minatəmizləmə prosesi yalnız təhlükəsizlik məsələsi kimi deyil, insan hüquqlarının qorunması, davamlı inkişaf və uzunmüddətli sülhün təmin edilməsinin əsas şərtlərindən biri kimi qiymətləndirilməlidir. Qarabağ və Şərqi Zəngəzurda yenidənqurma işlərinin, eləcə də "Böyük qayıdış" proqramının uğurla həyata keçirilməsi mina təhlükəsinin beynəlxalq əməkdaşlıq çərçivəsində mümkün qədər qısa müddətdə aradan qaldırılmasından birbaşa asılıdır. Beynəlxalq təşkilatlar bu istiqamətdə daha görünən və konkret dəstək nümayiş etdirməlidirlər. Bölgənin minalardan təmizlənməsi yalnız humanitar məsələ deyil, həm də regional inteqrasiyanın möhkəmləndirilməsinə xidmət edən strateji addım kimi dəyərləndirilməlidir. Qarabağ və Şərqi Zəngəzurun gələcək inkişafı baxımından minatəmizləmə yenidənqurma və davamlı inkişafın əvəzolunmaz şərtidir".
Emre Diner bildirib ki, Azərbaycan üçün minatəmizləmə yalnız partlayıcıların zərərsizləşdirilməsi demək deyil. Bu proses insanların təhlükəsiz şəkildə öz evlərinə qayıtmasına, Qarabağ və Şərqi Zəngəzurun bərpasının sürətlənməsinə, iqtisadi investisiyalar üçün əlverişli şəraitin formalaşmasına və Cənubi Qafqazda davamlı sabitliyin təmin edilməsinə xidmət edən strateji istiqamətdir. Türkiyə və Azərbaycan da minatəmizləmə məsələsinə həm humanitar, həm inkişaf, həm də regional təhlükəsizlik baxımından yanaşırlar.
Sonda ekspert əlavə edib ki, hazırkı geosiyasi şəraitdə Qarabağın yenidən qurulmasını, Zəngəzur dəhlizini və Orta dəhlizi bir-birindən ayrı qiymətləndirmək mümkün deyil. Bu istiqamətlər birlikdə Cənubi Qafqazın gələcəyini, Avrasiya ticarətinin yeni marşrutlarını və regionda güc balansını müəyyənləşdirəcək strateji transformasiyanın əsas elementlərini təşkil edir. Buna görə də yaxın illərdə bu layihələrin təkcə iqtisadi deyil, geosiyasi təsirlərinin də daha aydın şəkildə hiss olunacağı gözlənilir.